Mehriban Sadıqova: Ermənilərlə azərbaycanlılar dostdur

"AzərRos”un prezidenti ermənilərlə bağlı şok açıqlamlarla Rusiya televiziyasına müsahibə verib.
Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Mehriban Sadıqova ermənilərlə azərbaycanlıların hər zaman dost olduğunu bildirib.
Manevr.az xəbər verir ki, diaspor.az-ın əldə etdiyi özəl məlumata görə, Rusiya televiziyalarından birinin efirində qonaq olan M.Sadıqova bu barədə fikir səsləndirib. Verilişdə Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan-Ermənistan münasibətlərinə toxunulub. Canlı efirdə çıxış edən "AzərRos” prezidenti Dağlıq Qarabağ münaqişəsinin Rusiyada yaşayan azərbaycanlı və ermənilərlə heç bir bağlılığı olmadığını iddia edib.
O deyib ki, Azərbaycan xalqının Rusiyada yaşayan ermənilərlə heç bir problemi yoxdur: "Rusiyada yaşayan ermənilər bizim dostlarımızdır. Onlarla bizim aramızda heç bir problemimiz olmayıb və olmayacaq da. Biz onlarla hətta qohumluq əlaqələri də qurmağı bacarmalıyıq. Buna görə də, Rusiyada yaşayan azərbaycanlılar və ermənilər arasında dostluq münasibətləri qurulmalıdır. İki xalq arasında birgə əməkdaşlıq fəaliyyəti gücləndirilməlidir. Birlikdə layihələr həyata keçirməli və iki xalq arasında dostluq münasibətlərini inkişaf etdirməlidirlər”.
M.Sadıqova canlı efirdə Qarabağ münaqişəsi zamanı övladlarını itirən analara və valideynlərini itirən övladlara da səslənib. Sadıqova onların bu məsələ ilə gec barışacağını dilə gətirib: "Müharibə heç vaxt bu qədər uzun davam edə bilməz. Xalqlar arasında barışıq olmalıdır, dostluq münasibətləri qurulmalıdır. Biz sübut etməliyik ki, düşmənçiliklə heç bir nailiyyəti əldə edə bilmərik. Biz gənc nəsilə bunu izah etməliyik ki, bizim ermənilərlə heç bir problemimiz yoxdur. Uşaqlara başa salmalıyıq ki, biz ermənilərlə dost olmalıyıq. Ermənilər pis insanlar deyil, onlar ürəyi təmiz, saf insanlardır. Bizim Bakıda onlarsız bir günümüz olmazdı. Biz onlarla bir süfrə arxasında oturub duz-çörək kəsmişik”.
Qeyd edək ki, bir müddət əvvəl Mehriban Sadıqova qızını erməniyə ərə verən Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimovu dəstəklədiyini də bildirmişdi. M.Sadıqova Kərimovun erməni ilə quda olmasına görə heç bir cinayət xarakaterli davranış nümayiş etdirmədiyini qeyd edərək erməni qudaya da xeyir-dua diləyib.

01-06-2018 16:06 Baxılıb: 990    
Şərh bildir