Azərbaycanlı ruslar

Nadiq Qocabəyli

Ta uşaq vaxtından məni Azərbaycanda yaşayan bir çox rusun dilimizdə danışmaması narahat edib. O zaman müstəqillik haqqında nəinki danışan, ağlının ucundan keçirən belə yox idi. Yəqin ona görə ki, biz özümüzü qeyri-müstəqil saymır, bunu hiss etmir və bundan narahat olmurduq.
Ancaq mənim - Bakıya qonaq gələndə küçədə-bayırda, dükanda-bazarda rusca danışmağa məcbur qalan, bundan əziyyət şəkən rayon uşağının müəyyən narahatlıqları vardı. İstər-istəməz düşünürdüm: niyə, tutaq ki, biz azərbaycanlılar öz paytaxtımızda rusca danışmalı, burada yaşayan ruslar azərbaycanca danışmamalıdırlar? Bu sual məni ciddi narahat edirdi, çünki ana dilimdə tərbiyə, təhsil və təlim görmüşdüm, anadilli mühitdə böyümüş, boya-başa çatmışdım. Bu səbəbdən də, vətənimin paytaxtı, baş şəhəri olan Bakıda sıxılaraq, rusca bilməməkdən utanaraq, lağlağı, gülüş obyekti olaraq gəzib-dolaşmaq istəmirdim.
Fəqət yaşadığım əyalət mərkəzində durum tam tərsinə idi. Oxuduğum yarırus-yarıazərbaycan məktəbində dərs deyən beş-altı rus müəllim və şagird xaric, hamı azərbaycanca danışırdı. Hətta onlar da çətinliklə də olsa, bir neçə kəlmə qırıldadırdılar, çünki başqa yolları yox idi. Əksəriyyəti rusca bilməyən və danışmayan azərbaycanlılardan ibarət əhali ilə ünsiyyətə girə bilmək üçün buna məcbur idilər. Bununla belə, rayonumuzda yaşayan bir çox rus, üç-dörd erməni, bir-iki gürcü azərbaycan dilində səlis danışırdılar. Bəzilərinin qeyri-millət olduğu belə hiss olunmurdu.
Elə rus vardı, danışanda imam haqqı, Quran haqqı, Həzrət Abbas haqqı, Nəsyətin cəddi haqqı deyirdi (Nəsihət ağa rayonumuzun övliya səviyyəsində qəbul olunan seyid xanımı idi və elə indi də məzarı inanc yeridir) .
Vasya adlı bir əyyaş rus vardı. Günlərin bir günü azərbaycanlı badə dostlarından biri buna deyir ki, gəl səni hüzür məclisinə aparım. Ölən varlı adamdır, yaxşı ehsan verirlər, necə lazımdır yeyərik, sonra da gəlib vurarıq. Vasya deyir ki, mən heç azərbaycanlı yasında olmamışam, amma eşitmişəm ki, ehsanla araq içmək haramdır. Dostu deyir ki, sən urussan deyə sənə haram sayılmır, gəl gedək... Nə isə bunu tovlayıb aparır və qovurmadan, plovdan, qalyadan (aşın qarasına deyirik) o ki var yeyib, çıxırlar. Azərbaycanlı dostu soruşur ki, necəydi, Vasya? Vasya da qayıdır ki, yaxşıydı e, amma yaman çox Fatihə verdilər.
Nə qədər ruslaşma getsə də və rusca danışmağı prestij sayan, bununla öyünüb-lovğalanan azərbaycanlılar günü-gündən çoxalsa da, Bakıda da azərbaycanca yaxşı danışan ruslar daim olub, bu gün də var və getdikcə çoxalmaqdadır. Doğrudur, illərdir burada yaşayan, ancaq dilimizi öyrənməyən, öyrənmək istəməyən ruslara nisbətdə onlar xeyli azlıq təşkil ediblər, bununla belə hər zaman yaxşı, səmimi, şirin örnək olublar.
Etiraf edək ki, başqalarının dilimizi gözəl bilməsi, onun incəliklərinə yiyələnməsi, səlis danışması hamımıza ləzzət edir. Bu bütün millətlərdə belədir və təbii olaraq milli eqo ilə bağlı məsələdir. İçərisində yaşadığın millətin dilini öyrənmək zəruri ehtiyacdan doğması ilə yanaşı, həm də yüksək mədəniyyət, xoş niyyət, tolerantlıqdır.
Bu ara bina evində yaşayarkən rus qonşularım vardı. Ata və ana azərbaycanca bir kəlmə danışmadıqları halda (ancaq başa düşürdülər) Vova adlı yeniyetmə oğulları azərbaycanca təmiz Bakı ləhcəsində danışırdı. Onu danışdırıb ləzzət alırdım. Di gəl çoxdanışan deyildi, odur ki hər kəlməni kəlbətinlə qoparırdım.
Bu yaxınlarda həyat yoldaşımla bir mağazaya girmişdik. İçəridə bir rus ailə də vardı. Ata, ana və iki azyaşlı uşaq. Öz aralarında təmiz rusca danışırdılar. Bir azdan onları avtobus dayanacağında da gördük. Rus kişi telefonda kimisə nəyəsə inandırmaq üçün ona təmiz azərbaycanca “Allaha and olsun” deyərək and içirdi.
Bir neçə gün qabaq Hövsandan 28 Maya gedərkən yanımda bir maşın saxlayıb “şəhərə” dedi. Soruşdum, neçəyə, cavab verdi ki, “manatdan”. Bu sözü qalın və şirin, ancaq qeyri-azərbaycanlı səsiylə elə gözəl söylədi ki, qeyri-ixtiyari onun üzünə baxdım. Məşədi İbad demişkən, sapsarı bir urus balasıydı. Yaşı otuz beş-qırx arası olardı. Başı və üzü tərtəmiz qırxılmışdı. Günlüklü papağının kölgə saldığı gözlərinin üstündəki qaş adına təkəmseyrək tükləri görmək üçün çox diqqətlə baxmaq lazım idi. Məsələnin ən təbii və şirin, bir az da "delovoy-işgüzar" məqamı oydu ki, o nə "bir manat", nə "bir manata" yox, məhz "manatdan" dedi.
Əgər bizim can azərbaycanlı sürücülər kimi 2 manat desəydi də oturacaqdım, çünki "manatdan” kəlməsinin şirinliyi, cazibə qüvvəsi, sehri tam qədərində idi və 5 manata da dəyərdi. "Qaz-31" markalı avtomobilin arxa oturacağı geniş və rahat idi, üç nəfər olsaq da, qətiyyən bir-birimizi sıxmır, hətta bir-birimizə toxunmurduq. Maşının yerindən tərpənişi və sürəti də normal idi, nə artıq, nə də əskik, sürücü onu çox rahat, aramla idarə edirdi. Maqnitofonda tanımadığım, ancaq xeyli xoş və səviyyəli rus estrada mahnıları oxunurdu. Rus oğlan yenə də çox şirin azərbaycan ləhcəsində soruşdu: “Musiqi sizi narahat etmir?” Cavab verdim ki, məni narahat etmir. O biri sərnişinlər dinmədilər. Yolda sərnişinlərdən biri düşdü. Sürücü arxada sağ tərəfdə oturan kişidən soruşdu: “Qabağa keçmək istəmirsüz?” Kişi düşüb, qabaq oturacaqda əyləşdi.

azvision.az
шаблоны для dle 11.2
22-07-2021 17:01 Baxılıb: 1300    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}