Daş reallıqlar

Taleh Məmmədov

 
İndi elə vaxtdır ki, dili olan danışır, klaviaturası və internetə çıxışı olan hər kəs isə yazır. Mövzu boldur. Bu günlərin ən qaynar mözvusu isə təbii ki,  Əkrəm Əylislidir. Düzü artıq bezdirici olmağa başlayıb bu mövzu. Ona görə də  çox dərinə getmək istəmirəm. Mənə görə ədəbiyyat azad olmalıdır. Kimsə kimsəni ittiham edə bilməz ki, niyə belə yazmısan, niyə belə əsər çıxarmısan ortalığa və sair.
Ədəbi əsərə belə yanaşma bədəndəki adi şişi qaşıyıb onu bədxassəli şişə çevirməyə bənzəyir. Kim nəyi hansı məqsədlə yazır, bu onun vicdanından aslıdır.
Kim Nobel almaq istəyir, kim hansısa beynəlxalq mükafat, özü bilər. Əkrəm Əylislinin üstünə getməklə onun üçün Nobel yolunu məhz siz açmış olursunuz, bunu da xatırladım. Əkrəmin üstünə getməklə, onun yeni Salman Rüsdi, Orhan Pamuk olmağına rəvac verirsiniz bunu da bilin.
Əkrəmin bilmirəm belə niyyəti var idi ya yox, amma ona qarşı hücumlarla bu məqsədinə çatmağında bir vasitə olursunuz, bunu da bilin. Ədəbi əsəri ədəbi yöndən tənqid edin. Yazarın cinsini, irqini, milliyətini qabartmaqla demokrat maskasınızın düşdüyünü də bilin.
Əkrəm erməni ola bilər. Kimsə dünyaya gəlməzdən öncə doğulacağı yeri, mənsub olacağı milləti, irqi, dini sifariş vermə gücündə deyil. Necə olur ki, hakimiyyətdəki  məmurlar erməni ilə qohum olurlar, qaynanalarının yasına Ermənistana gedirlər, onlara bir söz deməyə "yumşaq yeriniz" çatmır, amma Elçibəyin sözü olmasın bir fağır yazıçı tapmısınız, sağdan da döşəyirsiniz ona, soldan da.
Bəlkə 20 yaşlı, evin tək övladı olan əsgərin ölümündənsə bu əsər daha "ağır basır?" Niyə unudursunuz ki,  o əsgər ölümünə etiraz edənlərə arxadan təpik atan "bicbalalar",  yazıçının evinin önünə hücum etdilər.
Nədənsə bu hay-küy yadıma yenə rejissor Filip Kaufmanın çəkdiyi "Markiz de Sadın qələmi" filmini salır. Yazdığı şeirlər qadağan olunduğundan ona maraq o qədər artır ki, axırda məcbur olub Markizi zindana salırlar. Amma bu şeirlərə maraq o qədər güclənir ki, yazdığı şerləri zindanın işçiləri ən ağıla gəlməz üsullarla əldə edir, çoxaldıb paylayırlar. Ədəbiyyata qadağa istisnasız olaraq ona marağı artıracaqdır.
Ən maraqlısı isə odur ki, bir çoxları əsəri oxumayıb konteksdən çıxarışlara göz atmaqla coşurlar. Konteksdən çıxarış çox axmaq şeydir, inanın. Bu zaman mətndəki əsl məna itir.
Konteksdən çıxarışla bağlı mənim də bir əhvalat başıma gəlib. Deməli millətçi vaxtlarımdır. İnternetdə "Tı vor, tı trus, tı armenin" sözünü şüar edib dolaşıram. Kimdənsə öyrənmişdim ki, sən demə bu sözü Puşkin ermənilər haqqında deyib. Nə başınızı ağrıdım. Bir gün bir erməni yazdı mənə ki, o yazdığının mənasını bilirsən. Məndə başladım ki, Puşkin belə dedi, elə dedi. Erməni halını pozmadan dinlədi, sonra mənə izah etdi ki, bu sözü Puşkin ermənilər haqqında deməyib. Sən demə bu onun   "Tazit" əsərindəndir. O əsərdə oğurluq edən oğluna çeçen ata deyir ki: "Sən oğrusan, sən ermənisən". Çeçenlər həmişə ermənilərə nifrət ediblər. Necə ki, biz xoşumuz gəlməyən adama "sən ermənisən" deyirik haa, bax bu  çeçen ata da elə. Şair də bunu bildiyindən öz əsərində çeçen atanın dilindən məhz  bu sözləri yazıb. Ondan sonra daha Puşkindən sitat gətirmədim.
Qaldı Əkrəmin yazdıqlarına həqiqət var ya yox?! Var! 
Ziya Bünyadovun Allah o biri dünyasını versin, terminalogiyamıza "yeraz"  sözcüyünü gətirən yerdə.
Onları öz yerlərində qovmaqla zatən ermənilər Azərbaycana ən böyük zərbəni vurdular. Torpaqları geri almaq olar. Mütləq bir gün ora qayıdacağıq. Mədəniyyətin qayıtması isə çətin şeydir. "Qərblilərin" gəlişi ilə Bakı mədəniyyətinin çökməsini ancaq Astek mədəniyyətini ispanların məhv etməsi ilə müqayisə etmək olar.
Qərblilər deyərkən isə mən nəinki Ermənistandan, ümumiyyə ölkənin qərbindən paytaxta gələnləri nəzərdə tuturam. Düzdür, əvvəllər də bölgələrdən paytaxta gələnlər olurdu. Lakin onlar az olduğundan istər-istəməz paytaxtın bütün qayda-qanunlarına tabe olur, şəhər mədəniyyətində "əriyir", mədəni şəhər mühitində özlərini alicənab aparırdılar, əks təqdirdə ictimai qınaqla üzləşməkdən çəkinirdilər. İndi bu balans pozulub. "Gəlmələr"  daha çoxdur deyə indi onlar paytaxtın mədəni səviyyəsini "müəyyən edirlər". İctimai nəqliyyatda müasir geyimli qızlara atmacalar, sürtüşmələr, leksikondakı "rayon sözləri", bölgələrə xas ləhcələr, danışıq tərzləri və s.
Aborigen olmaq çətin şeydir artıq bu şəhərdə.
Bəzi məsələlərdə çox maraqlıdır. Məsələn, ermənilər Azərbaycandan köçüb gedən ermənilərə Ermənistan vətəndaşlığı verməyiblər. Amma bizdə tam əksi oldu. Hansısa qüvvəsə onlara tez-bazar Azərbaycan vətəndaşlığı pasportu hazırladı verdi. Nədən əcaba?! Elə bu səbəbdəndir ki, beynəlxalq müstəvidə Ermənistandan qaçqın düşənlərin olduğunu isbat edə bilmirik. Amma ermənilər... Başqa bir məsələ. Niyə Ermənistandan və Qarabağdan qaçqın düşən insanlar bölgələrdə deyil, məhz paytaxtda yerləşdirildi? Bu dünya praktikasında görünməmiş haldır. Mənim fikrimcə bu "ulu öndərin" uzaqgörən siyasətinin nəticəsində belə oldu. Təsadüfi deyil ki, məhz qaçqınlardır bu rejimin sosial dayaqları. Onlar hər zaman Əliyevlər hakimiyyətini dəstəkləyiblər və dəstəkləməkdə davam edirlər. İstisnalar var, amma çox azdır. Axı bu ölkədə hakimiyyətin naxçıvan-yeraz klanının əlində olduğunu bilməyən var?! Bizim kəndimizdə uzun illərdir bir yataqxananı qaçqınlar zəbt ediblər. Bu yaxınlarda eşitdim ki indi o yataqxananın otaqlarını yerli əhaliyə (!) kirayəyə verirlər! "Üç nöqtə" qəzeti isə Müşviqabadda qaçqınlar üçün tikilən şəhərcik haqqında bir məqalə yazmışdı. Məqalədə qeyd olunur ki, Bakının Mərkəzindəki yataqxanaların boşaldılması, ordakı qaçqınların daha yaxşı şəraitdə yaşaması üçün yaradılan bu qəsəbəyə gələn qaçqınlar çox azdır. Amma yaşayış var. Çünki qaçqınlar dövlətin onlara verdiyi evlərə "şəhərdən uzaqdır" deyə getmirlər. O evləri başqa adamlara kirayəyə verirlər. Elə buna görədə qaçqınlara bakılılar yaxşı tərif qoyublar: bir neçə evi olan azərbaycanlıya qaçqın deyilir.
Əkrəmin əsərindən fırlanıb gör haralara gəldik çıxdıq. Bu onu göstərir ki, müəllif öz əsərində bizim çoxumuzun deməyə cürət etmədiyimiz həqiqətlərə azca toxunub. Buna görə onu inkvizasiya qanunları ilə cəzalandırmağa çalışanların beyni isə güman ki, orta əsrlərdə qalıb.
 
http://www.xoshmeramli-sefil.blogspot.com/2013/02/das-reallqlar.html?m=1
23-02-2014 10:17 Baxılıb: 32120    
Şərh bildir