Hər zaman yanımızdakı İran

Qurban Cəbrayıl

Təkcə coğrafi deyil, həm də siyasi, iqtisadi, hərbi, mədəni, mənəvi cəhətdən...

İslam Respublikası Azərbaycanın Qarabağ haqqını erməni təcavüzünün ilk günlərindən tanıyıb və dəstəkləyib

44 günlük Vətən Müharibəsi tarixi qələbəmizlə yekunlaşdı. Əslində bu, illərlə əsrarəngiz Qarabağı işğal edib təbii sərvətlərini talayan, bərəkətli torpaqlarımızın məhsulunu “Made in Artsax“ yamağı ilə dünya bazarına soxuşduran, təkəri altda yatdığı arabanın kölgəsini özününkü bilən köpək ədası, “parlament” yığnağını qeyrət rəmzimiz Şuşaya köçürəcəyi hədəsi, Cıdır düzündə şıllaq atmağı ilə torpağın əsil sahiblərinə acıq verən xain düşmənin qırx mərasimi deməkdir.
Allahın köməyi, dövlət-xalq birliyi, Ali Baş Komandanın qətiyyəti və müzəffər ordumuzun rəşadəti sayəsində 28 ildir düşmən tapdağında qalan müqəddəs torpaqlarımız azadlığa qovuşdu, “məğlub”, “qaçqın”, “köçkün” kimi ləkəli, xəcalətli adlar üstümüzdən götürüldü. Sentyabrın 27-dən başlanan zəfər yürüşümüz Ermənistanın terrorçu hərbi-siyasi hakimiyyətini və Qarabağ separatçılarını öz yerində oturtmaqla yanaşı, beynəlxalq aləmdə kimliyimizi təsdiqləyir, milyonlarla soydaşımızı dədə-baba yurdlarına Böyük Qayıdışa hazırlayır, nəinki özümüzü özümüzə, hətta dost-düşməni də bizlərə tanıtdırır.
Bəli, bu müddət ərzində çox sular axdı, duruldu, dəryaçanı bulandırıb balıq tutmağa çalışanların kütümü, sazanı özü yeyib, millətin menyüsünə suilanı ötürdüyü üzə çıxdı... İndi ATƏT-in Minsk Qrupunu, digər beynəlxalq qurumları və Qərb dövlətlərini söyməyə, onların münaqişənin həllinə yönəlik siyasətini tənqid atəşinə tutmağa nə var ki?.. Effektli iş həmin mövqeyi 20 il öncə nümayiş etdirmək, ermənipərəstlərin maskasını yırtıb real sifətlərini aşkarlamaq, düşmən dəyirmanına necə su tökdüklərinin konkret faktlarla təqdimatı ola bilərdi. Hansı ki, aydın səmada göy gurultusuna bənzəyir və bədəli də xeyli ağır cəzalarla ödənilir... Görünən dağa nə bələdçi?.. İndi ekran-efirdə, sosial şəbəkələrdə, qəzet səhifələrində meydan sulayan siyasi və mətbu çevrələrə xas bəzi dostların o zaman da həqiqəti dərkinə, təhlil qabiliyyəti və cəsarətə malikliyinə heç bir şübhəmiz yoxdur. Fəqət əqidə və nəfs kəskin problemlər yaradırdı, müxtəlif fondlardan alıb yedikləri qarşılarını kəsirdi. “Ərazi bütövlüyümüzü tanımayanlar ərazi ilə bağlı müşküllərimizi həll etməyəcəklər!” deyənlərə şübhəli nəzərlərlə baxır, hansısa “pərəst”likdə suçlayırdılar. Və zaman, prosseslər nəticənin proqnozlardan elə də ciddi fərqlənmədiyini göstərdi, sübuta yetirildi ki, Qərb illərlə ancaq təcavüzkarı – Ermənistanı bəsləyib, işğala məruz qalan tərəfi – Azərbaycanı isə diplomatik cavablar, protokol qaydaları ilə sakitləşdirib. Məhz belə zəmində BMT-nin erməni hərbi birləşmələrinin qəsbi ərazilərdən çıxarılmasını nəzərdə tutan 4 qətnaməsi əhəmiyyətsiz kağız parçasına çevrilib.
Qarabağ məsələsinin dünya gücləri tərəfindən yalnız dondurulması, daşnak separatçılarının gizli-aşkar dəstəklənməsi deyil, əcaib şəkildə monopoliyaya alınması da artıq hamıya aydındır. Yəni Cənubi Qafqazı təsir altına salmağa çalışanlar sözügedən münaqişəni başqasının həll edəcəyi və bununla da regionda nüfuz qazanacağına daim qısqanclıqla yanaşıblar. Ət-tövbə, birdən belə xeyirxah və sülhməramlı işə Türkiyə, İran, digərləri qarışar, bunu heç istəməyiblər. Onunçün Şərq-İslam dünyasının problemə yaxşı mənada müdaxilə imkanları xeyli azaldılıb, bölgənin müsəlman ölkələri oyundan kənarda saxlanılıb. Ankara və İslamabad məlum baryeri aşsa da, Vətən uğrunda cihadımızın ilk həftəsində Tehranın bir qədər gözləmə mövqeyi sərgiləməsi qətiyyən haqq işimizə dəstəkdən çəkilməsi mənasında anlaşılmamalıdır.
Əvvəla, həmin günlərin neçəsi yuxarıda vurğulandığı kimi, İslam Respublikasının xoşməramlı Qarabağ missiyasını gözü götürməyənlərin böhtan kampaniyasına – ölkə ərazisindən dığalara silah-sursat keçirilməsi, yaxud PKK yaraqlıları göndərilməsi mövzusunda sərsəm dezinformasiyalara müqavimətə sərf edildi. Xatırladım ki, hələ 5-6 ay əvvəl bulandırıcılar KİV-də guya Araz çayı üzərində Ermənistanla kommunikasiyanı gücləndirəcək hansısa tikintini ortaya atmışdılar. İran səfirliyi operativ şəkildə işlərin 2016-cı ilin fevralında Tehranda imzalanmış və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş Sazişə - “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının inşası sənədinə uyğun aparıldığını açıqladı. Həmin razılaşmanın mahiyyət və strateji əhəmiyyətini anlamayanlar az qala, “düşmənlə əməkdaşlıq” kimi qələmə verir, çeşidli ittihamlar irəli sürürdülər (bu mövzuya başqa məqalədə yenidən qayıdacağıq).
İkincisi, iranlı həmkarlarım – otaylı jurnalistlərlə məsələni telefonda çözəndə söyləyirdilər ki, baba, hökumətimiz elə bildi sıradan əks-hücumdur, öncəkilər kimi, ABŞ, Fransa, İsrailin müraciəti ilə 3-4 günə dayandırılacaq, necə deyərlər, yüngülsaqqal olmaq istəmədik...
Üçüncüsü, cənub qonşumuz illərlə dünya jandarmının amansız təzyiqlərinə məruz qalan və boyun əyməyən yeganə məmləkətdir. Qeyri-insani sanksiyalar məişət şəraitini xeyli çətinləşdirib, daxili istehsala baxmayaraq, ən zəruri qida, dərman, yanacaq məmulatlarının qiyməti qalxıb, xaricdən alınan texnoloji avadanlıqlar, təyyarə hissələri qıtlaşıb, bahalaşıb, ən başlıcası əmtəələrini, istehsallarını satmaq hüquqları məhdudlaşdırılıb, onunla ticarət əlaqəsinə girmək istəyənlər belə, cəzalandırılır. Rəqibləri burada daxili müxalifəti fəallaşdıraraq qarşıdurma yaradacaqlarını, qeyri-qanuni çevrilişlə iyrənc məqsədlərinə çatacaqlarını açıq şəkildə bəyan etməkdən çəkinmirlər. Qəhrəman əsgərlərimiz qarşısında duruş gətirə bilməyən erməni xuntasının üçüncü ölkələri müharibəyə cəlb etmək niyyəti də ortadadır. Məhz belə şəraitdə müxtəlif  təxribatlardan ehtiyatlanan İranın neytral mövqeyini başa düşmək olar.
Dördüncüsü, Tehran vaxtilə təklif etdiyi köməkdən Elçibəy hakimiyyətinin imtinasına görə incik görünür: “Münaqişənin başlanğıcında yeni formalaşan ordunuzla birlikdə idik, hərbi mütəxəssislər, könüllülər gəlmişdi, silah-sursat gətirmiş, maliyyə yardımı göstərmiş, şəhid vermişdik... O zaman problem hələ belə düyünlənməmiş, qəlizləşməmişdi. Amma mütəəssifanə, rəhbərliyiniz taleyüklü məsələyə etinasız yanaşdı...” Özü də qonşu ölkənin siyasiləri bu addımın Qərbin diqtəsi ilə atıldığı qənaətindədirlər və qatıldığımız bütün müştərək tədbirlərdə yorulmaq bilmədən təkrarlayırlar.
Beşincisi və ən əsası, axı İran bütün umu-küsülərə, ziddiyyətlərə, ləngimələrə rəğmən daim bizim yanımızdadır, arxamızdadır. İlk günlərdən, səhv eləmirəmsə, sayca üçüncü olaraq müstəqilliyimizi tanıyıb, dövlət səviyyəsində və nüfuzlu beynəlxalq qurumların tribunalarından haqq savaşımızı dəstəkləyərək işğalçı qoşunların torpaqlarımızdan dərhal kənarlaşmasını min dəfələrlə tələb edib. Qaçqın-köçkünlərimizə, əhalimizin sosial cəhətdən zəif hissəsinə kömək məqsədilə Bakıda və iri şəhərlərdə İmam Xomeyni adına “İmdad” Komitəsinin şöbələrini yaradıb və sair. Bizlər Arazın sahilinə toplaşıb sərhədboyu gedən zəfər savaşımızı izləyən, mənfur dığaların postları, obyektləri vurulduqca fərəhlənib bir-birini qucaqlayan, sevinc gözyaşları axıdan soydaşlarımızı necə unuda bilərik?!
Oktyabrın 20-də hərbçilərimiz Zəngilanın azadlığa qovuşması barədə Ali Baş Komandana raport verdilər. Həmin ərəfədə televiziyalar vasitəsilə, 27 il əvvəl ev-eşiyini tərk edən zəngilanlıların Arazı adlayıb o tayda 45-50 gün qalmaları barədə müsahibələr yayımlandı. Təkcə bir faktı vurğulamaq yetərlidir ki, əgər 1993-cü ilin 27-28 oktyabrında rəsmi Tehran birtərəfli qaydada sərhədi açmasaydı, mühasirəyə alınmış Zəngilanda ikinci Xocalı soyqırımı yaşanacaqdı...
Doğrudur, necə ki bizim mətbuatda onlara, eləcə də İran KİV-də Azərbaycana münasibət birmənalı deyil, müxtəlif qurumlara yaxınlığı ilə seçilən qəzetlərdə ziddiyyətli məqamlar yer alır. Burada Ermənistanla iqtisadi əlaqələrin müsəlman həmrəyliyinə vurduğu zərbədən gileyləndiyimiz zaman, orada da İsraillə əlaqələrimizdən şikayətlənirlər. Bu həm də daxili demokratiyanın, fikir plüralizminin təzahürüdür. Sadalananlar iki qardaş arasında xırda əndişələrdir və dövlət siyasətinə əsla təsir göstərmir.
Hələ neçə müddət öncə cənab Prezident İlham Əliyev İrana qarşı Azərbaycan ərazilərindən plasdarm kimi istifadənin mümkünsüzlüyü haqda çox cəsarətli bəyanat səsləndirmişdi.
Vətən müharibəsinin ikinci həftəsindən etibarən İran prezidenti Həsən Ruhani, Ali Rəhbərin beynəlxalq əlaqələr üz rə müşaviri doktor Əli Əkbər Vilayəti, xarici işlər naziri Məhəmməd Cavad Zərif, Prezident Aparatının rəhbəri Mahmud Vaezi, XİN müavini Seyid Abbas Əraqçı, Mədəniyyət və İslami əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən, general Möhsin Rezayi başda olmaqla İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) yüksək rütbəli əməkdaşları, Seyid Kazim Musəvi, Salman Xudadadi və digər parlamentarilər, XİN sözçüsü Səid Xətibzadə, Mirzə Rəsul İsmayılzadəni timsalında siyasi ekspertlər, səfir Seyid Abbas Musəvi cəbhə xəttindəki gərginlikdən narahatlıqlarını bidirməklə, bölgədə sülhün təmininin vacibliyini vurğulayıb, gərginliyin azaldılması üçün lazımı addımların əhəmiyyətinə toxunub, ölkələrinin hər zaman köməyə hazırlığını, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd ediblər.
İranlı həkimlər fədakarlıqla cəbhə bölgəsinə, ön xəttə gedib yaralılarımıza təmənnasız yardım göstərmək barədə müraciət ünvanlayıblar. 
İslam Respublikası döyüş meydanında ordumuzla bacarmayan yağı düşmənin xəyanətkarlıqla hərbi əməliyyatların keçirildiyi məntəqələrdən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtərə raket atması nəticəsində yaşanan faciələrlə həmdərd olub, əliyalın mülki əhalinin – uşaqların, qadınların, qocaların yatdığı yerdə məhvini şiddətlə qınayıb.  
Görkəmli din alimləri Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani, Ayətullah Əlirza Ərafi, Beynəlxalq Əl-Mustafa Universiteti, hətta bundan ruhlanan İraq dini liderlərindən Ayətullah Uzma Seyid Məhəmməd Səid əl-Təbatəbai əl-Həkimi işğalçılarla qarşıdurmada azərbaycanlı əsgərlərin şəhidliyi ilə əlaqədar müsəlman xalqımiza başsağlığı verməklə yanaşı, ordumuzun şücaətli müqaviməti sayəsində Qarabağın tezliklə azad olunacağını söyləyiblər: “Azərbaycan Respublikasının cənub-qərb hissəsində baş verən xoşagəlməz vəziyyəti böyük narahatlıqla izləyir və xüsusilə də mülki vətəndaşlar arasında yaranan itkilər və qurbanlara görə dərin kədərimizi ifadə edirik. Baş verənlər böhranın tezliklə həllinin vacibliyini təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsinə, ərazilərin zorla işğalına son qoyulmasına və bütün məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmasına şərait yaradılmasına çağırırıq. Dünyada və regionda sülhün, əmin-amanlığın və ədalətin bərqərarını Uca Allahdan diləyirik”.
İran İslam respublikası Ali Rəhbərinin ölkəmizdəki nümayəndəsi höccətül-islam Seyid Əli Əkbər Ocaqnejad ağa da Qarabağdakı son hərbi toqquşmalardan danışarkən İran və Azərbaycan xalqlarının bir-birinin yanında olduğunu bildirib: “İşğalçılığı pisləyirik. Qarabağ Azərbaycan ərazisidir və bu yolda öldürülənlər şəhiddirlər”. İran rəsmisi həmçinin Azərbaycan hərbçilərini qazandıqları qələbə münasibətilə təbrik edərək, daha möhtəşəm uğurlar arzulayıb.
“Şübhəsiz ki, işğal olunmuş Qarabağ Azərbaycana məxsusdur. Bu ərazilərin Əhli-Beyt ölkəsi Azərbaycana qaytarılması zərurətdir. Azərbaycan hökuməti torpaqlarının geri alınmasında tamamilə qanuni fəaliyyət göstərir və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini həyata keçirməyə çalışır. Quran ayələri, məsumların təlimi və İslam inqilabının fəlsəfəsinə görə özümüzü məzlumların dəstəklənməsinə və müdafiəsinə borclu sayırıq. Azərbaycan xalqı yaxşı bilir ki, Dağlıq Qarabağın işğalı zamanı İslam Respublikası ən yüksək səviyyədə dəstək verib və bütün beynəlxalq forumlarda Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib. Uca Allahdan böyük Azərbaycan xalqının şəhidlərinə rəhmət diləyir, haqq-ədalətin reallaşması ilə bu faciənin ən qısa müddətdə sona çatacağına və daha çox qan tökülməsinin qarşısını alacağına ümid bəsləyirik.” Bu sətirlər Ali Rəhbərin nümayəndələri Seyid Mehdi Qureyşi (Qərbi Azərbaycan), Seyid Məhəmmədəli Ali-Haşim (Şərqi Azərbaycan), Seyid Həsən Amili (Ərdəbil) və Əli Xatəminin (Zəncan) imzaladıqları bəyannamədəndir. Qonşu ölkədə, eləcə də dünya müsəlmanlarının nəzərində bu institutun hansı məqam, nüfuz və səlahiyyətlərə sahibliyini isə yəqin ki, hörmətli oxuculara izahata ehtiyac duyulmur.
Və nəhayət bütün taleyüklü və mübahisəli məsələlərdə olduğu kimi, bu mövzuda da Ali Rəhbər son və qəti mövqeyini dəfələrlə açıqlayıb, noyabrın 3-ündə bir daha müzakirələrə möhür vurdu: “Ermənistan işğal etdiyi bütün əraziləri Azərbaycana qaytarmalıdır”. Ayətullah Seyid Əli Xamenei cənabları sözünün davamında beynəlxalq sərhədlərə riayətin zəruriliyini də vurğulayıb.
Dövlət rəsmilərimiz İranın Qarabağla bağlı mövqeyini daim yüksək qiymətləndiriblər. Həmin bəyanatdan sonra Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov səfir Seyid Abbas Musəviyə zəng vuraraq təşəkkürünü bildirib, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev və digərləri iki qonşu ölkə arasında dostluq, qardaşlıq əlaqələrinin əhəmiyyətini qeyd ediblər.
Və noyabrın 10-da düşmənin biabırçı kapitulyasiyası zəminində qələbəmizə ən çox sevinən yenə də cənub qonşumuz idi.
İranın haqq işimizə dəstəyi, daim yanımızda olması barədə hələ çox faktlar sadalamaq mümkündür, amma bu, əminəm ki, başqa kimsəni yox, uzun-uzadı yazmağımdan bezən qəzet və sayt redaktorlarını narazı sala bilər. Yəni, bir ölkə digəri üçün daha nələr etməlidir ki, dostlar siyahısında əbədi qalsın?..  Qarabağın ayrılmaz bölgəmiz olduğunu dəfələrlə bəyanlayıblar. Danışıqların fayda vermədiyini, Azərbaycanın öz ərazilərini yalnız müharibə yolu ilə qaytaracağını yaxşı bilirlər. Elə məsələnin təkcə bizim deyil, bütün regionun problemi olduğunu da... 
Bəli, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!!!
шаблоны для dle 11.2
13-11-2020 08:13 Baxılıb: 5130    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}