Lənət olsun belə demokratiyaya da, belə azadlığa da!

Cəlal İsmayıloğlu
 
Bu da demokratiya, bu da azadlıq... İnanın Allaha, ömrüm boyu bu dəyərlərin peşində olmuş bir adam kimi sizlərə bunu deyirəm. Bu gün Avropada oturub həqiqətən də avropalılara içdən yazığım gəlir. Demokratiya, liberalizm, azad söz, insan hüquq və azadlıqları, daha nə bilim hansı göyə üfürdükləri cəfəngiyyatlarla insanları sözün əsil mənasında illərlə necə köləyə çevirdikllərinin canlı şahidiyəm.
Uzun illərdir ki Polşada yaşayıram. Bir otaqlıq 36 kvadratlıq şəxsi mənzilimə görə ayda 100 avro yalnız sadəcə blok təmizlənməsi, zibilllərin toplanıb daşınmasına görə pul ödəyirəm. Bundan əlavə işıq, qaz və su, bundan da əlavə ildə 50 avro torpaq haqqı və əlavə mənzil vergisi ödəyirəm.
Bunlar azmış kimi bu gün torpaq haqqı ödəmək üçün kassaya yaxınlaşdığımda həqiqi şok yaşadım. İllik 50 avroya yaxın məbləğ ödəyəcəkdim, bunun əvəzində kassir mənə 1000 dollara yaxın borcumun olduğunu dedi. Dedim xanım, bu bir yanlışlıqdır, dedi yox, yalnışlıq filan deyil, sizin 2013-cü ildən borclarınız yığılıb qalıb.
Deyirəm, xanım, nə 2013, mən hər il vaxtı vaxtında torpaq haqqı ödəyirəm. Bu torpaq haqqı da bilirsinizmi nədir? Demək sənin mənzilin bir binada yerləşir, o bina da bir torpaq üstündə tikilib. Bax bu torpaq dövlətindir, sadəcə mənzil sənindir. Demək bu torpaq dövlətin olduğu üçün sən onu bir növ dövlətdən kirayələmiş olursan. Bu gözünə döndüyüm demokratik dövlət də bu yaxınlarda belə qərar çıxarıb ki, artıq mənə 50 avroya deyil, ildə 180 avroya o torpağı kirayələyəcək və bu məsələ 2013-cü ildə qaldırıldığından, 5 il müddətində məhkəmələrdə uzandığından, sonunda məhkəmədə dövlət vətəndaşlara qalib gəldiyindən, indi dövlət sənin borcunu 2013-dən hesablayacaq.
Məsələnin ağır tərəflərindən biri də hər ay ödənilməyən məbləğin üstünə faizlərin gəlinməsidir. Əslində mənim həqiqi yeni tariflə borcum 2 900 olduğu halda indi üstündən 2 ay yarım keçdiyindən ödəyəcəym məbləğ 3400 zlotu olmuşdur.
Demək insanları yeni, əvvəlkindən 3 dəfə çox tariflərə yükləməkləri azmış kimi, hələ ödənilməyən məbləğin üstünə faizlərin də gəlinməsini unutmamışlar. Yəni tam bir allahsızlıq, imansızlıq, insaf-mürvətin olmadığı bir ortam!
Gəldim qonşularla danışdım, dedilər ki, mənasız məsələdir, heç nə edə bilməyəcəksən, artıq çoxu yeni tariflə borc məbləğini ödəmiş, ödəməyən azlığın işi isə məhkəməyə göndərilmişdir
Bax belə. Bu da azadlıq, bu da Avropa dəyərləri, bu da nə bilim nələr...
Dəhşətdir! Bura hələ Polşadır, Qərbə getdikcə mənzərə daha əcaibdir. Fransada qazancdan alınan vergi 85 faizdir, praktiki hamını, yəni bizneslə məşğul olanları yalana öyrədiblər.
İnsanların vergilərlə evlərini yıxırlar. Adını da qoyublar demokratiya. Açıq-aşkar quldurluqla məşğuldurlar.
Polislər mənə və bir qadına yaxınlaşıb avtobus dayanacağına yaxın yerdə siqaret çəkdiyimizə görə cəzalandırmağa çalışdı. İkimiz də donub qalmışıq. Burda adətən siqaret çəkmək külqabılı zibil qutularının yanında olur, biz də orda durmuşduq. Polislər də başdan ayaga silahlı, avtomat birində, tapança da o birində, nə bilim bronejiletli zadlı! Çox çək-çevirdən sonra nəhayət hər ikimizin pasport göstəricilərini harasa yazdılar, sonra öz vebləri ilə indiyə kimi polislə əlaqəli məqamları yoxladılar, hətta qadının bir zaman pasport dəyişdiyini də dedilər, bu ərəfədə gözlədiyimiz avtobuslar da gəldi keçdi. Sonda bu dəfə bizə sadəcə xəbərdarlıq elan etdilər, pasportlarımızı minnətlə bizə qaytarıb yellənə-yellənə getdilər. Demək bu avtomatlı tapançalı bronejiletlililərin dərdi-səri dayanacağa bir qədər yaxın durmuş adamların siqaret çəkməsiymiş, gülünc bir vəziyyət idi...
Günü gündən artan tariflər, vergilər və aldadılan və bütün ömrü boyu ağır zəhmətə qurşadılıb bu pulları ödəmək məcburiyyətində qalan "azad xalq", əslində quldan da betər gününə salınan xalq!
Polşa 2004-cü ildən Avropa Birliyinə girib, o illərdən hər şey durmadan bahalaşmaqdadır. Çox insanların qazancı əvvəlki kimidir, bəlkə bəzilərində ondan da aşağı düşüb, amma mənzil-kommunal xərcləri, kənd təsərrüfatı məhsulları və digər xidmətlər durmadan bahalaşmaqdadır. Bu da azmış kimi torpaq vergisi artımı da bir yandan çıxdı. Bir neçə dəfə əvvəllər də artmışdı; əvvəl 114 zlot elədilər, sonra 117, sonra 177, indi 778 zlot oldu. Digər kommunal xərclər də onun kimi durmadan artmaqadadır. Kimlər bu pullardan yararlanmaqdadır, bəlli deyil, amma sadə insan həqiqətən də əziyyət çəkir.
Əvvəllər gül kimi dövlət idi. Sosializmdən təzə çıxmışdılar, insaf-mürvət tanırdılar, kasıba, vətəndaşa hörmət vardı. Qazanc da yaxşı idi. İndi pulun yoxdu ölməlisən!. Mən ölüm sən ölüm yoxdu. Mən ticarətdəyəm, azdan çoxdan çak-çukum var, bəs bu maaşı stabil olanlar nə etsinlər?
Bəziləri işini qurub, çəmini tapıb biznelə məşğuldurlar, mən orta təbəqədən, yəni maaşla dolanan təbəqədən, kasıb təbəqədən danışıram. Hər kəs bu işi edə bilməz. Mənim yanımda bir yaraşıqlı kiçicik kafe var, sahibi polyakdır. Uzun illər İngiltərədə yaşayıb, indi gəlib vətənində bir zövqlü kafe açıb. Bir az dostlaşmışıq, hərdən gedib orda kofe içirəm. Dünən həmin kafenin yanından keçirdim, gördüm tam boşdur, bu da tək oturub dərin xəyallara dalıb. Anladım ki, vəziyyəti o qədər də yaxşı deyil, kafenin kirayəsi 12 min zlotdur. Yəni tək-tük uğur qazananla bağlı məsələ deyil, xalqın ümumi durumu başqadır.
Mənim 1-ci mərtəbədəki qonşum pensiyaçı yaşlı bir xanımdır. Onunla da danışdım. Onda iki otaqlı mənzildir, yaşlı insanlar özlərinə hər zaman gor pulu yığarlar, bu da banka qarnından kəsib gor pulu üçün yığdıqlarını aparıb verib. Amma həmin torpaq vergisinə, -özü də məndə 33 kv-dirsə, onda 53 kv olduğuna görə- ondan təxminən iki dəfə çox pul alıblar. Gülə-gülə mənə deyir soruşdum ki, bu məbləği hansı zaman kəsimində ödəmək olar, kassir dedi, təcili, elə bu saat, çünki faizlər üstünə yığılır. Bu qadın da gedib bankda gor puluna yığdıqlarını çıxarıb, təcili aparıb pulu ödəyib...
Qərb dedikləri və dünyaya yeritmək istədikləri budursa, yerə girsin özləri ilə bərabər!
Rusiyadan fərqli olaraq Qərbdə ipoteka krediti işini itirdikdə dayanıb eləmir. İşini itirdin gedib özünü asa bilərsən! Qıraqda-bucaqda qışqırdıqları sosial ədalət prinsipləri bunların gözünə girsin. Bütün ölkələri də belə sümürməklə dolanırlar.
Qərbdə gözəl yaşayış mifi məsələnin üzdə görünən tərəfidir, həqiqətdə durum çox acınacaqlıdır. Aztəminatlı ailələr ağır durumdadırlar və bu heç kimi maraqlandırmır. Əhalinin kasıb təbəqəsi köhnə əşyalar bazarına öz ev əşyalarını çıxarıb satmağa məhkumdurlar, qazandıqları pullar da saxta (geni dəyişdirilmiş) ucuz məhsullara güclə çatır. Sığortalı səhiyyənin adı pulsuzdur, uzun növbələr agır xəstələri həkimdən və ya əməliyyatdan daha tez gora aparır, pullu səhiyyə isə çox bahadır, yəni nəinki kasıb təbəqə üçün, orta təbəqə üçün də çox bahadır. Vəziyyət heç də ürəkaçan deyil.
Lənət olsun belə demokratiyaya da, belə azadlığa da!
07-12-2018 14:35 Baxılıb: 510    
Şərh bildir