Zombiləşmiş cəmiyyət

Coşqun Eldaroğlu

Xoşqədəm və Zaur xalqın böyük əksərinin dəyəridir. Məzəmmət eləmirəm, ciddi sözümdür. Onlar bu ölkədə söz sahibidirlər. Xalq onlara möhkəm inanır. Xoşqədəmə müqəddəs Məryəm kimi yanaşırlar, Zaurun üstünə məsləhətə gəlirlər. Bir dəfə gedin Zaurun canlı verilişindən sonra ATV-nin qabağına, görün nə qədər qadın yığışıb gəlib ora. Hamı məsləhətə gəlir. Soruşurlar ki, qızı kimə verim, oğluma kimi alım. Kimin evinə gedirsənsə, onların verilişinə baxırlar. Xeyli qadın yığışır televizorun qabağına, başlayırlar kütləvi şəkildə ağlaşmağa. Evdə həyat dayanır. Yemək bişmir, çay qaynamır. Hətta kişilər də arvadlara qoşulur. Bu ölkədə bunca rəzalət, bunca haqsızlıq onları kövrəltmir, amma Xoşqədəmin melanxolik türk musiqisi fonunda dediyi üç-dörd saxta söz hamını qəhərə boğur. Bu ölkənin, bu məmləkətin dərdinə ağlamırlar, amma narahatdılar ki, görəsən Əlövsət Rusyətdən gələn qızını qəbul edəcəkmi. Bir sürü zombiləşmiş insan!
Bir dəfə bu haqda yazmışam: bu ölkəni bizdən alıb Xoşqədəmə, Zaura verdilər. İnsan hisləri üzərindən şou düzəldirlər. Cəmiyyətin böyük hissəsini də tamaşaçıya çeviriblər. Keçən dəfə qohumgildə eşitdim, biri dedi ki, Zaurun verilişinə ölkənin 40 faizi baxır, xətrinə dəydi. Zaur tez düzəliş elədi: "51 faiz". Bax, budur vəziyyətimiz.
Ölkə əhalisini böyük bir şounun tamaşaçısına çeviriblər. Gedin Cim Kerrinin karyerasının ən mükəmməl filmi saydığım "Trumenin şousu"na baxın. Elə bil bizim ölkə haqda çəkilib. Şəhərdə minlərlə kamera qoyub bir adamın həyatını çəkirlər və bütün şəhər buna tamaşa eləyir. Bir adamın həyatından şou düzəldirlər. Azərbaycanda da belədir. Sıravi adamların həyatından şou düzəldirlər, zombiləşmiş cəmiyyət də bunun tamaşasına dayanıb.

30-10-2018 15:52 Baxılıb: 640    
Şərh bildir