Xatirə Xatun - Bu dərdi

Ey dil, demədin bəs niyə cananə bu dərdi?
Ol çeşmi-siyəh, zülfü pərişanə bu dərdi?
 
Ey şəm'i cəmalım, dolanım başuva, rəhm et,
Mən ki çəkirəm, çəkmədi pərvanə bu dərdi.
 
Ol qədri günah işləmişəm məscidə sığmaz,
Çəksə çəkəcəkdir genə meyxanə bu dərdi.
 
Sərməst gözün, saqi, verər ömrümü badə,
Nə badə çəkər bunca, nə peymanə bu dərdi.
 
Hicran yükünü, ey könül, aqil çəkə bilməz,
Ver çəksin ürəkdən başa divanə bu dərdi!
 
Al şanə ələ, zülfünü tök gül üzə tel-tel,
Mən seyr eliyim, çəksin əcəb şanə bu dərdi.
 
Qurbanın olum, sirrimi əğyarə danışma,
Hər nə deyisən de, demə bir danə bu dərdi.
 
Eşq əhli gərək eşqdə sabitqədəm olsun,
Mən tək çəkə bilməz axı biganə bu dərdi!
 
Xatun, belə tutmuş görürəm ta nəfəsün var,
Çəkdin, çəkəcəksən elə mərdanə bu dərdi.
01-06-2017 21:37 Baxılıb: 4330    
Şərh bildir