Etibar Cavad - Hicranın önündə

Yenə havalanıb, xofdadı könlüm,
Götürüb buz kimi soyuq tər məni.
Sönür gözlərimdə arzu, diləyim,
Xeyir uzaq düşüb, yıxır şər məni?
 
Üfüqdə qüruba əyilir günəş,
Sanki öləziyir gözümdə atəş.
Cismim çiyinlərdə daşınacaq nəş,
Ürəyim eyləyib dərdəsər məni.
 
Nə ölü, nə də ki, diri kimiyəm,
Nə xırda, nə böyük, iri kimiyəm.
Elə bil uzaylı biri kimiyəm,
Ruhsuzmu, anlamır bu bəşər məni.
 
Ələnmir düzünə, ələnmir ələk,
Əsir başım üstdə qara bir külək.
Bilməm nə istəyir qarğanmış fələk,
Hicranın önündə sanır nər məni.
 
İlahi, əzminlə söz hakimiyəm,
Bu dəli könlümün öz hakimiyəm,
Bir cüt canlar alan göz hakimiyəm,
Getdiyi yollara gültək sər məni.
21-05-2017 20:14 Baxılıb: 3480    
Şərh bildir