Putinin “sirri”: Dünya niyə onu çözə bilmir


Onun bir əsas məqsədi var: Rusiyanı yenidən fövqəldövlətə çevirmək. İdealı kimdir? Stalin. O anlayır ki, Rusiyanın keçdiyi tarixi yol onun güclü dövlət olmasını labüd edir. Bu, Rusiyanın dövlət olaraq mahiyyətinin, rus xalqının düşüncə tərzinin əsasını təşkil edir. Rus xalqı güclü çar, güclü baş katib, güclü prezidentə ikrahla yox, əksinə, hər zaman rəğbətlə yanaşıb və Putin onların əksəriyyətinin arzularının təcəssümüdür.
Konstitusiyaya görə, onun indiki prezidentlik müddəti 2024-cü ildə başa çatır. Qərbi narahat edən 2024-cü ildən sonra Rusiyada Putinin yaratdığı üsul-idarəçiliyin qalıb-qalmayacağıdır. Onları düşündürən budur ki, həmin müddətdən sonra Putinizm tarixə qovuşacaq, yoxsa, Rusiyanın dövlət siyasəti konsepsiyası kimi davam edəcək?!
Təbii ki o ölkəni təkbaşına idarə etmir, bu, fiziki cəhətdən də mümkün deyil. Prezidentin ətrafında etibarlı komandası var. Bu komandaya onun DTK dövründən tanıdığı dostları da daxildir. Putin oliqarxları sıxışdırdı, qubernatorların səlahiyyətlərini azaldıb, onları mərkəzi hakimiyyətə tabe etməyi bacardı. Onun Münhen təhlükəsizlik konfransındakı məşhur nitqi “Soyuq Müharibə”də məğlub olmuş SSRİ-nin siyasi-hüquqi varisi olan Rusiyanın bu məğlubiyyətlə barışmayaraq, revanş almaq strategiyasının dövlət başçısının dilindən parlaq, cəsarətli ifadəsi idi. Putinin özünün də qeyd etdiyi kimi, diplomatik şablonlardan uzaq həmin məşhur nitqi yeni dünya nizamınının bundan sonra yalnız Qərbin strateji planlaşmaları əsasında davam etməsinə imkan verilməyəcəyinə işarə idi. 1946-cı ildə başlayıb, 1991-ci ildə başa çatmış birinci Soyuq Müharibənin başlamasına “casus belli” Çörçillin Fulton nitqi olmuşdusa, İkinci Soyuq Müharibəyə “casus belli” Putinin 2007-ci ildəki Münhen nitqi oldu.
Rusiya fövqəldövlət olmaq iddiasını yenidən ortaya qoydu və bu iddiasını həyata keçirməyə başladı: Silah texnologiyalarının təkmilləşdirilməsi, yeni silah növlərinin hazırlanması, postsovet coğrafiyasına nəzarətin gücləndirilməsi, Ukrayna, Gürcüstan, Ermənistan, Qırğızıstan uğrunda Qərblə hibrid müharibəsi, dünyanın ayrı-ayrı bölgələrində nüfuz dairəsi uğrunda ABŞ-la və ümumən Qərblə rəqabət, birbaşa savaşlarda iştirak və Qərblə toqquşmalar, Rusiya İmperiyasının və SSRİ-nin ənənəvi rəqibləri olan Türkiyə və İranla müttəfiqlik, Avrasiyaçılığın yenidən dövlət konsepsiyası olaraq həyata keçirilməsi...
Hesab olunur ki, Putin Əfqanıstana Sovet qoşunları göndərmiş Brejnevdən sonra Rusiyanın ən aqressiv xarici siyasət yeridən dövlət başçısıdır. Qərbi narahat edən həm də odur ki, Putin uğurla Avropa İttifaqında parçalanma yaradır, ABŞ və onun NATO-dakı müttəfiqlərini bir-birinə qarşı qoya bilib.
Qərbdə Putini həm də bunda ittiham edirlər ki, o Rusiyanın qonşularında, xüsusilə Ukraynadakı demokratiyanın güclənməsində maraqlı deyil. Lakin elə Qərbin özündə bəzi siyasətçilər əmindirlər ki, Putinofobiya əsassız qorxudur, Rusiya SSRİ deyil və Putindən qorxmaq, hər problemin arxasında “Rusiya izi” axtarmaq mənasız təşvişdir.
Etiraf etmək lazımdır ki, Rusiya davranışlarında daim beynəlxalq hüquqa riayət etməyə çalışır. O hətta ən ağlasığmaz işləri belə hüquq müstəvisində çözməyə səy göstərir. Məsələn, bütün dünya Krımın qeyri-qanuni zəbt edilməsini iddia edir. Halbuki Krımın Konstitusiyası ona müstəqilliyini elan etmək və ya başqa bir dövlətə birləşmək hüququ verirdi. Rusiya Krımı ilhaq etməklə formal olaraq heç bir hüquq normasını pozmayıb. Sadəcə bunun Krımda yaşayan əhalinin iradəsi ilə olub-olmaması sual doğurur. Onlar doğurdanmı, bunu könüllü etdilər?! Sual ancaq bu ola bilər.
Putin Böyük Avrasiya strategiyasını inkişaf etdirməkdədir. Onun üçün Avropa ilə münasibətlər həlledici əhəmiyyət daşımır. Dövlət idarəçiliyində olduğu qədər qlobal siyasətdə də məharət göstərən Putin rus xalqının “güclü çar” arzularının təcəssümüdür. Qərb onu nə qədər “avtoritar”, “qeyri-demokratik” lider kimi təşbehlərlə "mükafatlandırsa" da, rus xalqı 2000-ci ildən bəri onu 4 dəfə prezident seçməyə tərəddüd etməyib. Demokratiya hər bir xalqın iradəsinin ifadəsidirsə, Qərb rus xalqının seçiminə hörmətlə yanaşmanı qəbul etməlidir.
Burda artıq məsələ Putində və onun şəxsiyyətinə deyil, rus xalqının təfəkkür tərzində, keçdiyi tarixi təkamül yolundadır. Eyni zamanda bugünkü situasiyaya nəzər salsaq, onun hakimiyyətə gəlməsindən sonra əhalinin sosial durumu yaxşılaşıb, demoqrafik artım müsbətə doğru dəyişib. Bunlar rusların Putinə rəğbətini xeyli artırıb. Yəqin ki, Putin 2024-cü ildə Kremldən getsə belə, onun strategiyasını uğurla davam etdirə biləcək varis mütləq olacaq.


Nəzakət Məmmədova
шаблоны для dle 11.2
20-10-2021 00:44 Baxılıb: 3470    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}