Rus agentinin canlı portreti – Sergey Narışkin


“Financial Times” iddia edirdi ki, Putin Medvedyev prezident olanda onu güdməyi, nəzarətdə saxlamağı Narışkinə tapşırmışdı

Dünyada indi elə sanballı qələm sahibi yoxdur ki, “rus agentləri”, “Rusiyanın 5-ci kolonu” mövzusunda yazmasın. Çox götür-qoydan sonra qərara gəldim ki, mən də bu mövzudan kənarda qalmayım. Düşündüm kimdir indi dünyadakı rus agentura zəncirinin başçısı? Kimdə, hansı şəxsin simasında rus agentinin bütün ştrix-kodları birləşib? Gördüm ki, bu tələblərə cavab verən yalnız bircə şəxs var dünyada - RF Xarici Kəşfiyyat Xidməti sədri Sergey Narışkinin şəxsən özü.
***
DOSYE: Sergey Narışkin. Doğum tarixi: 27 oktyabr 1954. İndiki Sankt-Peterburq. O vaxtkı Leninqrad. Gözə girməyi hələ uşaqlıq dövründən sevməyib. Sinif rəhbərindən xahiş edib ki, onu oturduğu birinci sıradan ikinciyə keçirsin. Ənənələrə, dostluğa sadiqlik Narışkin üçün boşboğazlıq deyil, həqiqətdir. Məktəbli eyni partanı yalnız bircə nəfərlə-sinif əlaçısı Aleksey Pastuxov ilə bölüşüb. İndi kirvədirlər. Nəvələri ilə gəzişməyi sevirlər.
BOYU: 178 cm. Bu təbii cəhətindən idmanda, agentura işində gen-bol istifadə edib həmişə. Kənarda sakitcə durub. Başqalarının başı üzərindən öz hədəflərini uzun-uzadı güdüb.
ÇƏKİSİ: Uzun illərdi sabitdir. Gör neçə ildir bir qram belə nə artır, nə əskilir - düz 76 kq.
ULDUZ BÜRCÜ: Əqrəb. Çox təhlükəlidir. Qurbanlarını uzun-uzadı güdüb qəfildən mütləq sancacaq.
VƏZİFƏSİ: RF Xarici Kəşfiyyat Xidmətinin sədri (2016-cı ildən üzü bəri).
HOBBİSİ: Üzgüçülük. Üzməyi hələ lap uşaqkən Peterburqun Fontanka çayında öyrənib. Səhər ertədən, hələ tam ayılmamış özünü atır mərmər hovuza. 300-500 metr məsafəni birnəfəsə üzür. Putin, Medvedyevlə iş gününü beləcə açır.
2004-cü ildən Putinin İcra Aparatında birinci şəxsdir. 2007-də hakimiyyət Medvedyevə keçən vaxt yenə də öz vəzifəsində qalıb. «Financial Times» qəzetinin jurnalisti Çarlz Klover iddia edir: “Putin sadəlövh Medvedyevi güdməyi, nəzarətdə saxlamağı Narışkinə tapşırmışdı. Putindən sonra əvvəlki vəzifəsində qalmağının əsas səbəbi məhz budur”.
***
NARIŞKİNİN QIZILLARI: O əsli-nəcabəti rus tarixinin dərinliklərinə gedən qədim zadəgan nəslindəndir. Rəsmi bioqrafiyasının 1978-82-ci illərə aid hissəsinə məsləhət görərdim inanmayasız. Mətbuatın bu barədə yazdıqlarının hamısı yumşaq dillə desək, yağlı yalandı. Tam həqiqət isə hətta bu gün belə sadə qulaqlar üçün deyil. Həmin illərdə o mərhum Heydər Əliyevin vaxti ilə bitirdiyi 101 saylı Ümumittifaq Kəşfiyyat Məktəbini qurtarıb. Vladimir Putinlə ilk tanışlığı da məhz bu ünvanda baş tutub. Mükəmməl fransızcası, ingiliscəsi o unudulmaz günlərinin yadigarıdır.
İnqilabdan əvvəlki var-dövlətdən Narışkinlərin qismətinə düşən darısqal üç otaqlı kasıb mənzildir. Ünvan, Sankt-Peterburqun düz göbəyində, Fontanka çayının qranit sahillərində yerləşirdi. Sergey Narışkin uzun illər bu darısqal mənzili öz qardaşı, valideynləri, babası ilə bölüşüb. Çox kasıb həyat tərzi sürüb o vaxt. Ağlına belə gətirə bilməyib ki, babalarının möhtəşəm sərvəti bu ünvandan çox da uzaqlarda deyil, elə qonşu Çaykovski küçəsindəki məxfi bir hücrədə gizlədilib. 2012-ci ildə qara fəhlələr bu ünvanda təmir işləri apararkən qapısı kərpiclə hörülmüş çox məxfi bir hücrə aşkarlayırlar. İçəri keçib görürlər aman Allah... bu nədir belə? Fəhlələr, gözlərinə inanmayıblar əvvəlcə. Sonra görüblər yox eeeyyy... gördükləri misilsiz sərvət ilğım-filan deyil. Ağ həqiqətdir. Aşkarlanmış xəzinədəki qır-qızılın, xalis gümüşün ümumi çəkisi ağlasığmazdı. Xəzinə, dünyada aşkarlanmış ən zəngin dəfinələr siyahısına daxildir indi.
***
Bax buna deyərlər tale. Qismət.
Halal payın həmişə burnunun ucunda gizlənsin. Sən isə onu görməyəsən. Kasıbçılıq içində yaşayıb batasan. Həsrət dolu baxışlarla baxasan Piterdəki köhnə dədə-baba mülklərinə....
Zadəgan mənşəyi, itirilmiş ailə sərvətləri barədə şirin xatirələr görünür həmişə Sergey Narışkini təqib edib. Valideynləri görünür bu mövzuya üstüörtülü toxunublar bəzən. Sergeyə bu barədə nəsə danışıblar. Bəlkə ipucu, gizli bir xəritə də ötürüblər Sergeyə. O da tənbəllik eləməyib.
Girişib xəzinə axtarışına...
Bu zaman da...
Bu zaman da düşüb KQB nəzarətinə.
İlk görüş məhz o zaman - Leninqradda xəzinə axtarışı zamanı baş verib bəlkə də.
***
Beləliklə, Sergey Narışkin hələ məktəbli günlərindən üzü bəri düşüb nəzarətə. Əməliyyat-axtarış işindəki anadangəlmə istedadı vaxtında qiymətləndirilib. Marina Orlova adlı bir qız o günləri belə xatırlayır: “Sergeyə sinfimizin günəşi desəm yanılmaram. Qızlarımızın hamısı ona vurulmuşdu. Gitarada gözəl romanslar ifa edərdi. İkinci sırada əyləşsə də, əli həmişə öndədir. Hazırcavabdır. Çətin ev tapşırıqları üzərində uzun zaman başını sallayardı. Bizlərdən ”canlı piramida" qurmağı sevərdi. Çıxardıq bir-birimizin kürəkləri üstə. Beləcənə qonşu sinif üzərinə hücuma keçərdik. Sergey bir əlaçı kimi bütün məktəblərarası yarışmaların qalibidir. Son buraxılış imtahanlarını verincə özünü paltarlı-paltarlı atdı Fontanka çayına. Gördük başı görsənmir. Həyəcanlandıq bir an. Sonra gördük yox ey... Sergey qarşı sahildədir. Ordan bizə əl edir".
***
Rusiya hakim elitasını Vladimir Putin müxtəlif idman oyunlarına cəlb edərək bu yolla tam nəzarətdə saxlayır. Nazirlərindən tutmuş sıravi işçilərədək hamını bax bu cür dişinə vurur bir-bir. Sergey Lavrov raftinq üzgüçülüyünü körükləyir öz idarəsində. Putin ambidekstriyanı.
Sergey Narışkinə gəldikdə o oxşar ssenarini üzgüçülük hovuzlarında həyata keçirir. 2007-ci ildən üzü bəri bütün nazirlər heyətini yığır üzgüçülük zallarına. Allah, ağzındakı fitin bircə səsi ilə hamını finiş xəttinə səsləyir. Qalibləri özü seçir adətən. Məğlubları öz aktivindən birdəfəlik pozub silir.
Misal üçün, 2014-cü ilin su yarışmalarında Rusiyanın 11 nazirliyi təmsil olunub. Qələbə çələngini Sergey Narışkin götürüb taxıb Denis Manturovun - Rusiya sənaye və ticarət nazirinin yoğun boynuna. Ona uzun ömür və can sağlığı arzulayıb.
Vaxtilə o özü də oxşar imtahanlardan keçib axı. Dəfinə ovçusu kimi bir cür yadda qalıb KQB kuratorları arasında. Mahir üzgüçü kimi bir başqa cür.
***
Leninqraddakı 101 saylı Kəşfiyyat Məktəbini bitirənə qədər anandan əmdiyin süd burnundan gələr. Gərək aylarla öz yaddaşını itiləyəsən. Müxtəlif soyuq-isti silah növlərindən anında istifadə etməyi bacarasan. Aylarla, illərlə qapalı ərazilərdə qalasan təkbaşına. Sonra ordan qaçmağı bacarasan. İtmiş əşyaları tapmaq istedadı gərək mütləq... mütləq olsun səndə. Gözəgörünməz olasan hətta. Bağlı seyflərə maneəsiz sızasan.
Sergey Narışkin 1978-82-ci illərdə bütün bu əməliyyat-axtarış tədbirlərinin zərgər incəliklərinə yiyələnir. Dönür olur həmkarı Vladimir Putin kimi xüsusi təyinatlı agent. Sonra öz texniki savadını Leninqrad Politexnik İnstitutunda bir xeyli cilalayır. Axır öz təyinatını gör hara alır - Brüsselə!
NATO ali qurumlarının toplandığı bu ünvanda Narışkin öz köhnə qohumları - ağqvardiyaçılarla əlaqə qurmağı bacarır. Bu xətti əsas tutaraq qalxır texniki şpionajın Olimp zirvələrinə.
***
ONUN QARA KÖLGƏSİ: SSRİ-nin süqutundan sonra tale Sergey Narışkini yenidən Vladimir Putin ilə görüşdürür. Hər ikisi Peterburq meriyasında eyni işlə - xarici investisiyalarla məşğul olurlar. Narışkin bir ara özəl bank sektorunda da çalışıb. “Filipp Morriss”, “Ford”, “Katarpiller” kimi nəhəngləri Peterburqa gətirib yerləşdirən qara kölgə də məhz ona məxsusdur. Başqa heç bir köpəkoğlu bu ağırçəkili şirkətləri dartıb Rusiya bataqlıqlarına gətirə bilməzdi axı...
Avropa Yenidənqurma və İnkişaf Bankından milyon dollarla ölçülən investisiya çantasını da məhz o özü şəxsən gətirib Leninqrad vilayətinə. 2007-ci ildəki “Rusiya iqtisadiyyatına xaricdən 90 milyard yatırım gözlənilir” proqnozu az sonra özünü tam doğruldub.
***
VURAN ƏL: Sabiq Moskva meri Yuriy Lujkova qarşı uzun zaman kimsə gözün üstə qaşın var deyə bilməyib. Lujkov kəsən başa zaval yoxmuş bir vaxt Moskvada. Ancaq bir gün Moskva Olimpində Lujkovun öhdəsindən gələcək qəhrəmanı axır tapırlar. Jurnalist kameralarının iti gözü qarşısında Narışkin üzünü tutur Lujkova: “Moskvadakı talançılıq bütün hədləri vurub aşıb. Özünüzə təzə iş yeri axtarın”.
Lakin Narışkinin özünü də bəzi maliyyə qalmaqallarında ittiham edənlər var. Mətbuat iddia edir - "2010-cu ildə “Sizin gizli müşavir” qəzetində Narışkinə, arvadı Tatyana Yakubçikə qarşı silsilə məqalələr işıq üzü görür. İddia edilir guya Narışkinlər Leninqrad vilayətindəki spirt istehsalına nəzarət edirlər. Rəqiblərini qanunsuzcasına sıradan çıxarırlar. Qurbanlardan biri yerli biznesmen Aleksandr Tabaçnikovdu guya".
***
Narışkin barədə bildiklərimiz bu qədər. Ancaq bizə bu da bəsdir. Rus agentinin canlı portreti artıq hazırdır. Tanış olun bu uzun plaş və iti xəncər cəngavəri ilə. Uşaqkən o dəfinə tapmaq qızdırmasını yaşayıb. Bəlkə tapıb da bu xəzinəni. Ən azı izinə düşüb bəlkə də. O vaxt da məxfi qurumların diqqətini özünə çəkib. Əla idmançı, üzgüçüdür. Arvadı ilə təhsil aldığı ocaqda tanış olub. Gözə soxulmağı əsla sevməz. Ənənələrə, köhnə dostlara sadiqdir. Son anda, son nəfəsində hisslərinə azadlıq verməsə bağrı çatlar. Son zəngi bu cür yaşayıb o.
İmtahanlarını verincə bədənini tullayıb Fontankanın soyuq sularına. Əsilli-nəcabətli nəsildəndi. Ancaq quru bəydi bir növ. Ciblərini eşələsən bir o qədər nağd pul tapammazsan. Pulu, görünür başqa yerdə gizləyir o. Yolunu gözləyənlər var. Xaricdə güclü biznes tərəfdaşları mövcuddu. Bir neçə dildə sərbəst danışır. Yazı masası öz səliqəsi ilə başqalarından həmişə seçilib. Atəş açarkən əlləri titrəmir adətən. Qurbanlarını çox tez də unudur. Vicdan əzabları çəkmir sonra.
Soyuqqanlıdır. Danışmağı da bacarır, susmağı da. Bir neçə dildə sərbəst danışır.
Yaddaşı çox möhkəmdir.
Hə... yaddan lap çıxarmışdım. O həm də Azərbaycanın böyük dostudur. 2012-ci ildə o bizim tərəfdən “Dostluq” ordeninə layiq görülüb.


Həmid Herisçi                             musavat.com
шаблоны для dle 11.2
19-10-2021 18:59 Baxılıb: 1710    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}