Qərb sivilizasiyasının qlobal layihəsi baş tutmadı

Valeri Korovin

Pentaqon Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasının başa çatdığını elan etdi. Qarşıda duran əsas sual budur: Bundan sonra necə olacaq və Rusiya nə etməlidir? Və buada vacib olan odur ki, SSRİ-nin Əfqanıstan kampaniyası zamanı buraxdığımız səhvlərdən buraxmayaq, heç olmasa  o zaman buraxdığımız səhvləri təkrarlamayaq.
Əlbəttə ki hamını həyati vacib məsələlər maraqlandırır. Məsələn, Özbəkistan Əfqanıstan sərhədində, Termezdə xeyli sayda əfqan qaçqınlar toplaşıb. Onların sayı artdıqca problemlər də artacaq.
Əfqanıstandan Orta Asiyaya nəzarət edilməyən miqrant kütləsinin axını bu regionda olan nisbi stabilliyi pozacaq ki, bu bizim cənubdakı həmsərhədd ölkələrimizə, hətta Rusiyanın özünə də təsir edəcək. Orta Asiyanın indiki şəkildə bizim imperiyanın tərkibində ruslar tərəfindən qurulmasını nəzərə alaraq onun stabilliyindən cavabdeh olan tərəf kimi deməliyik ki, bu zona bizim birbaşa strateji maraqlarımızın olduğu bir zonadır və orda baş verənlərə biganə qala bilmərik.
İstisna etmək olmaz ki, amerikanlar Əfqanıstandan gedərkən bunu nəzərə almışdılar. Onların hesablamalarına görə Talibanın proqnozlaşdırılmayan fəaliyyəti, idarə edilməyən və nəzarət edilməyən proseslər, əfqan cəmiyyətinin spontanlığı, bir sözlə problemlərin artması gec-tez ABŞ-ın əsas geopolitik rəqiblərinə - Rusiya və Çinə zərbə vuracaq.
Artıq bu barədə - Rusiya və Çinin destabilizasiyası - Qərb siyasətçiləri bu və ya digər formada danışırlar. Britaniyanın Müdafiə naziri Ben Uolles isə ümumiyyətlə açıq şəkildə əfqan qaçqınların üzü şimala doğru quru yolla hərəkət etməsi üçün qızışdırıcı çıxışlar edir. O çox gözəl başa düşür ki, bu nə ilə nəticələnəcək – humanitar faciə ilə. Axı humanitar faciələr üzrə mütəxəssis qismində həmişə britaniyalılar və onların gənc davamçıları olan amerikanlar çox uğurla çıxış edir!
Bu, Qərbin sistemli yanaşmasıdır – inkişafa mane olmaq, qızışdırmaq, destabilizasiya, geri salma, opponentlərini dağıdıb məhv etmək. Bunu yadların əli ilə etmək arzuolunandır. Opponentlərini bir-birinin əli ilə dağıtmaq isə ən ideal variantdır. Gizli sazişlər, siyasi liderlərin öldürülməsi, qiyamlar, çevrilişlər, inqilablar, diversiya və humanitar faciələr – bütün bunlar yüzillər boyu anqlosaksların öz rəqibləri ilə haqq-hesab çəkməsində istifadə edilən instrumentlərdir. Rəqiblərin siyahısında 1 nömrə Rusiyadır. Ona görə də onların sistemli hücum fəaliyyətinə sistemli tədbirlərlə cavab vermək lazımdır.
Əfqanıstana Qərb tərəfindən regionun baş destabilizatoru və Rusiya və Çin üçün sistemli problemlər yaratmaq rolu müəyyən edilmişdir. Bayden də belə deyir: “Bu gün ən başlıca vəzifəmiz Rusiya və Çinin inkişafına mane olmaqdır”. Amerikanlar Əfqanıstanda mövcud ola-ola bu işin öhdəsindən gələ bilmədilər. Çünki bu, iki nüvə triadasına malik böyük dövlətə qarşı aqressiya aktı olardı. Lakin altdan-altdan, kənardan qızışdırmaqla, istiqamət verməklə, sövq etməklə bunu edəcəklər. Nəsə olsa deyəcəklər: “Biz orda yoxuq, bizlik deyil, bu biz deyilik”.
Məhz cavab da bu formaya uyğun olmalıdır. Cavab tədbirləri sistemi elə olmalıdır ki, destabilizasiyaya rəvac verən amillər beşiyindəcə boğulmalı, idealda isə doğulmadan öldürülməlidir. Buna isə yalnız orda, yerində olmaqla nail ola bilərik. Başqa sözlə, biz Əfqanıstan sərhədlərini aşmalıyıq. Biz ordan gələn, qərbli “tərəfdaşlarımızın” planlaşdırdığı, onların təşəbbüsü ilə başlayan, ardı-arası kəsilməyən hücumlara sinə gərməyə məhkumuq.
Taliblər indi “Qudbay Amerika” musiqisinin sədaları altında rəqs edib yankiləri lənətləyir, Əfqanıstanın zalım Qərb dövlətlərinin əsarətindən azad olmasını qeyd edir. 
Lakin bir müddət keçəcək, Taliban liderlərinin yanında heç kəsin görmədiyi, təmkinli, nəzakətli, məkrli məsləhətçilər peyda olacaq ki, həmin məsləhətçilər onların qulaqlarına “balaca” və “qırmızı” şeytana - Rusiyaya və Çinə qarşı ardı-arası kəsilməz provokasiyaları həyata keçirməyi pıçıldayacaq.
Ola bilsin ki, onlar artıq ordadılar. Məcburi deyil ki, açıq-saçıq şəkildə damağında siqaret, əlində viski bakalı olan anqlosaks olsun. Britaniyada on illər ərzində yerli xalqların nümayəndələrindən xeyli sayda agentura şəbəkəsi yaradılıb. Həmin agentlər Qərb sivilizasiya proyektinin daşıyıcıları, Qərbə tam sadiq xidmətçilərdir.
Qərbin süni surətdə yaratdığı konfliktlər(səudların və ABŞ-ın Yaxın Şərqdəki digər müttəfiqlərinin pulu ilə) şəraitində silahlı dəstələr yaradılacaq, şimala üz tutan qaçqınların yanında və ya onların arasında gizlənməklə şimala tərəf yönəldiləcək. Ola bilsin həmin dəstələr artıq yaradılıb və silahlandırılıb. Bəs amerikanlar qaçarkən tonlarla silah-sursatı kimin üçün saxlayıb?
Bütün bunlardan ortaya çətin, amma qaçılmaz bir həll yolu çıxır: Biz Əfqanıstanın sərhədləri xaricində olsaq qərblilərin “sivilizasion” qərargahlarında “vəhşi” adlandırdıqları, yorulmadan üstümüzə göndərdikləri silahlı dəstələrin daim hücumlarına məruz qalacağıq. Onların bizim üçün yaratdıqları problemləri zərərsizləşdirmək üçün orda olmaq lazımdır. Problemlərin doğulduğu yerdə.
Əfqanıstandakı mövcudluğun formatı strateji planlamadan və qarşıda duran vəzifələrdən asılıdır. Minimum vəzifə (məsləhətçilərlə keçinmək olar) və maksuimum vəzifə. Maskimum vəzifəni yerinə yetirmək üçün tammənalı iştirak, o cümlədən hərbi mövcudluq lazımdır. Ona qədər isə özünü Suriyada, Liviyada, Mərkəzi Afrikada yaxşı cəhətdən göstərmiş hərbi müşavirlərin gizli fəaliyyəti.
Artıq Amerikanın “xarci agent” şəbəkəsində ağlaşmalar başlayıb: “Nə, yenə?”, “bizim cavanlarımız”, “yenə tabutlar gələcək” tipli ağlaşmalar yayılmaqdadır. Bu ağlaşmanın ucadan və ya asta səslə olmasından asılı olmayaraq, məlumdur ki mənbəyi Qərbdəndir. Lakin bütün bunlara baxmayaraq bizim dövlət maraqlarımız, təhlükəsizlik məsələmiz, strateji geopolitik maraqlarımız vardır, biz bu məişət əks-arqumentlərinin "komplektinə" fikir verməməliyik. Çünki bu arqumentlər toplusu həmişə bizim opponentlərimizin əlinə oynayır.
Vəziyyət hələlik bizim üçün sərfəli şərtlərlə formalaşır. Amerikanlar bölgədən silahlı qüvvələrini çıxaraq qlobal mövcudluqlarının geri dönüşü prosesini başlayıblar, Rusiya isə artıq Taliban rejimi ilə ikitərəfli münasibətlərin qurulması ilə bağlı müəyyən işləri görüb.
Ümumiyyətlə qaçqınlarla bağlı problemi yalnız Kabil ilə birlikdə, orda olmaqla, əldə olan bütün imkanlardan istifadə etməklə həll etmək mümkündür. Bunun üçün hətta hərbi kontingentimizi Tacikistan-Əfqanıstan sərhəddindən cənuba doğru çıxara da bilərik.
Hədəfimiz vəziyyəti sabitləşdirmək, yerli əhalini sakitləşdirmək, onlara təhlükəsizlikdə olduqlarını nümayiş etdirməkdir. Rusiya sülhməramlıları tamamilə bu vəzifənin öhdəsindən gələ bilər.
Baxın indi buraxıla biləcək səhvlərdən danışmağın əsl vaxtıdır. SSRİ-nin Əfqanıstanda buraxdığı ən böyük səhv... Qərbin həmişə buraxdığı səhv kimi idi. “Sivilizasion üstünlüyə” əsaslanan təkəbbürlülük. Biz ora sovet, marksist hakimiyyətini qurmağa, daha doğrusu, mahiyyətcə Qərbin modernizasiya edilmiş, materializmə, proqressizmə və pozitivizmə əsaslanan ideologiyasını hakim etməyə getmişdik.
Biz bunu özümüzün “internasional vəzifəmiz” adlandırdıq. İnternasionalizm dedikdə əsasında sinfi mübarizə duran marksizmin universal metodologiyasını nəzərdə tuturduq. O zaman bu indiki kimi hamıya bəlli idi ya yox - bilmirəm, amma bu məhz belə idi. Biz ora planet miqyasında universalizmə iddia edən və bu iddiası ilə də qlobal dominantlığa iddia edən, bizim ideologiyamız kimi materialist, proqressist və qlobalist olan digər Qərb layihələri ilə rəqabət aparan ideoloji layihəmizlə getmişdik.
Bizim ordakı Sovet layihəmiz çərçivəsində Əfqanıstan dövlətinin özü, onun əhalisi üçün infrastruktur və sənayenin inkişafı sahəsində gördüyümüz faydalı işlərimiz isə başqa məsələdir. Bu o demək idi ki, o qədər faydalı işlər gördüyümüz yerdən çıxmamalı idik. İşi məntiqi sonluğa çatdırmadan, hər şeyi orda qoyub çıxmaq lazım deyildi. Bu çıxış nəinki Əfqanıstanın amerikanlara təhvil verilməsi üçün, həm də qələbəyə – planetar dominantlığa yarım addım qalmış onun əldən verilməsi üçün başlanğıc nöqtəsi oldu. Bu gün isə Əfqanıstandan amerikanlar getdi və bu onların qlobalist layihəsinin iflası üçün başlanğıc nöqtəsi oldu.
Daha doğrusu, nəticədə həm Sovetin, həm də Qərbin qlobal layihələri iflasa uğradı. Qarşıda çoxqütblü, plüral dünya var ki, onun əsasında Sovet və ya Qərb sivilizasiyası deyil, bir neçə sivilizasiya durur. Bu cür nizamda ənənələrə, mədəniyyət, dil, din və məzhəb fərqlərinə hörmət olmalıdır. Burda özünəməxsusluq kimi bir kateqoriyanın nəzərə alınması və hörmət edilməsi olmalıdır ki, özünəməxsusluğun qorunub saxlanılması, hansısa qlobal layihənin içində biokütləyə çevrilməmək, kimliyini, özəlliyini saxlamaq uğrunda xalqlar, etnoslar, qəbilələr, sivilizasiyalar əllərində silah döyüşüblər.
Bunları nəzərə alıb əməldə tətbiq edərək biz dünyanın istənilən yerində - Əfqanıstanda da, ərəb dünyasında da, Latın Amerikasında və başqa yerlərdə “balaca şeytan”, “işğalçı”, “müstəmləkəçi” damğalarından xilas olacağıq. Belə olan təqdirdə birgə səylərlə nəinki Qərbin Əfqanıstanda süni surətdə yaratdığı humanitar faciələrin, həm də qərblilərin “sivilizasion üstünlük” təkəbbürünün yaratdığı digər problemlərin də qarşısını ala bilərik. 

Tərcümə: Cəmil Şirvanov                   Mənbə: izborsk-club.ru
шаблоны для dle 11.2
06-09-2021 07:28 Baxılıb: 640    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}