NATO-nun ölkəmizdəki propaqandaçısı Elçin Alıoğluya cavab

Çox hörmətli propaqandist (jurnalist yox ha), irqçiliyi, milli ədavəti təbliğ edən, qonşu dövlətlərlə münasibətlərin korlanması üçün əlində olan resurslardan hər gün istifadə edib savadsız kütlənin beynini dolduran Elçin Alıoğlu müəllim özünün facebook səhifəsində və telegram kanalında Şuşa Bəyannaməsi ilə bağlı fikirlərini paylaşıb. Həmişə özünün ədəbiyyatdan öyrəndiyi 1-2 arxaik-bədii sözlərlə və ermənicə 3-5 söyüş söyməklə kütləni orqazma çatdıran “Gebbelsin davamçısı” bu dəfə həmin əndrabadi sözlərindən və ermənicə söyüşlərindən istifadə etməyərək özünü dərin siyasi təhlillər apara bilən ANALitik kimi aparıb.
Deməli, cənab propaqandist yazır:

“Şuşa Bəyannaməsi Cənubi Qafqazı dəyişəcək.
44 günlük İkinci Qarabağ Müharibəsində MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) NATO-ya birmənalı uduzdu.
Cənubi Qafqazda Rusiya artıq əvvəlki təki hakimi-mütləq deyil. Rusiyanın qarşısında Türkiyə təki çox güclü orduya malik regional supergüc var.
Rusiyalı sülhməramlıların 4,5 ildən sonra Azərbaycan ərazisini tərk etmələri şübhə doğurmur.
Ermənistanın onu dəfələrlə aldatmış və sui-istifadəyə davam edən Rusiyaya inanmaqla Türkiyə və Azərbayanla münasibətləri normallaşdırmaq arasında seçimi var. İkinci variant Ermənistan üçün daha məqbuldur.
Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında hərbi-siyasi ittifaqı, müttəfiqliyi ehtiva etdiyindən Ermənistanın hər hansı formada yeni müharibəyə başlaması onun məhvi olacaq. Rusiya heç bir halda prosesə qatıla bilməyəcək. Çünki bu gündən etibarən Azərbaycana edilən təhdid və təzyiq Ankaraya təzyiq sayılır. Moskva isə ermənilərə görə Ankara ilə münasibətilərini əsla gərginləşdirməyəcək.
Şuşa Bəyannaməsi ABŞ və NATO-nun bölgədə Türkiyəyə tam fəaliyyət kart-blanşı verməsidir. Vaşinqtonla Brüssel Cənubi Qafqazda Rusiyanın önünü kəsən güc qismində məhz Türkiyəni görürlər və Ankaraya bütün istiqamətlərdə dəstək verəcəklər.
Yaxın illərdə, daha dəqiq olsam, 4-6 ildə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı və təminat səviyyəsi İtaliya, Yunanıstan, İsveç səviyyəsinə çatdırılacaq. Ordumuz NATO standartlarına keçidi sürətləndirəcək”.

Necə deyərlər, elə danışırsız belə lap gülməli, cənab Alıoğlu! Yazdığınız maddələri bir-bir puça çıxarmamışdan əvvəl dünənki bəyannaməyə yanaşma məntiqinizə bir balaca toxunmaq istərdim. Ağren alem, dünən imzalanan sənədin adı BƏYANNAMƏ idi və mahiyyət etibarilə Niyyət Bəyannaməsi (memorandumu) olmaqla Qafqaz xalqları üçün gələcəkdə yaxşı vədlər verir. Bu Bəyannamə heç bir öhdəlik müəyyən etmir, heç bir alyansın digərinə üstün gəlməsindən, sizin də qeyd etdiyiniz kimi Cənubi Qafqazda Türkiyənin Rusiyaya qalib gəlməsindən xəbər vermir. Bu bir əməkdaşlıq-partnyorluq Bəyannaməsidir ki, ölkələrimiz (Azərbaycan və Türkiyə) bu Bəyannnaməyə qədər də strateji partnyor idilər (bəzi məsələləri çıxmaq şərtilə). Yəni Qafqazda rus demişkən “povorot”a səbəb olacaq bir sənəd olmadı. İndi isə gələk sizin möhtəşən ANALiziniz nəticəsində gəldiyiniz nəticələrə.
Yazırsınız ki: “44 günlük İkinci Qarabağ Müharibəsində MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) NATO-ya birmənalı uduzdu”.
Cənab Alıoğlu, 44 günlük müharibədə hansısa hərbi alyans iştirak etmədi. Əgər KTMT və NATO-nun iştirakı olsa idi, müharibə Dünya Müharibəsi səviyyəsinə qalxardı - faciələrin nəticələrini təsəvvür etmək belə çətin olardı. Görünən odur ki, Vətən Müharibəsi adlandırdığımız 44 günlük müharibə məhz başda Rusiya olmaqla Türkiyə, İran kimi regional güclərin “dobrosu” ilə başladı və Rusiyanın qoyduğu dedlaynda, qırmızı xətdə də bitdi. Bu müharibə Rusiyaya ona görə lazım idi ki, Azərbaycanı, ümumilikdə regionu atlantizmin çəngindən qurtara bilsin. Sadə dildə desək Rusiyaya Azərbaycan, Azərbaycana isə Qarabağ lazım idi. Məhz ona görə də Rusiyanın söz sahibi ölduğu KTMT işə qarışmadı. NATO ölkələri isə əsasən bizim - Azərbaycanın əleyhinə açıq-aşkar getməkdən belə çəkinmədilər. Rusiya region ölkələri ilə - əsasən Ərdoğan Türkiyəsi ilə kombinasiyasını qurub istəyinə çatdı. Ərdoğan da Rusiya ilə kombinasiyasını düzgün quraraq Türkiyə üçün xeyirli müqavilələr əldə etdi. Burda qeyri-adi, hərbi alyanslara aid heç nə yoxdur. 
Yazırsınız ki: “Cənubi Qafqazda Rusiya artıq əvvəlki təki hakimi-mütləq deyil. Rusiyanın qarşısında Türkiyə təki çox güclü orduya malik regional supergüc var”.
Səhv edirsiniz, cənab propaqandist, səhv edirsiniz! Rusiya 30 ildən bəri heç vaxt olmadığı qədər Cənubi Qafqazda hakimi-mütləqdir. Çünki rəsmi surətdə ordusunu yeridib bura. Türkiyəni Cənubi Qafqazda Rusiyaya qarşı qoymağınız da çayxana söhbətləri silsiləsindəndir. Çünki Türkiyə Cənubi Qafqazda Rusiya ilə daha çox partnyordur, nəinki rəqib. Ordu məsələsinin də bura heeeç dəxli yoxdur. Çünki türk ordusunun bura və ya başqa bir yerə müdaxilə etməsinə qədər rus ordusu Cənubi  Qafqazı türklər demiş, yuta bilər. 
Yazırsınız ki: “Rusiyalı sülhməramlıların 4,5 ildən sonra Azərbaycan ərazisini tərk etmələri şübhə doğurmur”.
Hörmətli Alıoğlu, elə danışırsınız ki, elə bil Putinin və ya Baydenin şəxsi siyasi müşavirisiniz. Axı belə bir iddiada bulunmaq üçün gərək onlardan birinin siyasi müşaviri olasan. Ya da geopolitika dahisi. Geopolitikadan az da olsa xəbəriniz olsaydı, bilərdiniz ki, Azərbaycanda hərbi mövcudluq Rusiya üçün ölüm-dirim məsələsi olan İran vasitəsilə Hind okeanına çıxış əldə etmək baxımından nəfəslik rolunu oynayır. Əgər Azərbaycan “Rusiyanın olmasa” Rusiya da olmaz. Bugünki dünya xəritəsinə nəzər yetirsək, aydın şəkildə görərik ki, ABŞ-ın yarandığı gündən qəbul edilmiş, İkinci Dünya Müharibəsindən sonra Avrasiyaya qarşı aktiv şəkildə tətbiq olunan “Anakonda” strategiyasının həyata keçirilməsi başa çatmaq üzrədir. ABŞ-ın “Anakonda” strategiyası cənubda sanitar kordonu tikib qurtarandan sonra onu materikin perimetri boyu düzdüyü amerikan hərbi bazaları ilə möhkəmlətməklə Avrasiya materikini “boğmağa” cəhd göstərir. İran bu cənub sanitar kordonunun tikilib-qurtarmasına mane olan yeganə ölkədir. İran həm də indiki vəziyyətdə Rusiyanın Hind okeanına daha rahat çıxa biləcəyi yeganə ölkədir. ABŞ Cənubi Qafqazda zərif bir kəmərlə Rusiyanın İrana birbaşa çıxışını bağlamışdı. O Rusiyanın Azərbaycan və Gürcüstan vasitəsilə İrana çıxışının qarşısını kəsmişdi. Azərbaycandan İrana çıxmaq daha rahatdır, nəinki ABŞ-ın birbaşa nəzarətində olan Əfqanıstan və Pakistan vasitəsilə Hindistana çıxmaq. Ona görə də Rusiyanın isti dənizlərə çıxmağı üçün daha əlverişli ölkə İrandır. Məhz buna görə də İran və Cənubi Qafqazda və onun ətrafında baş verən hadisələr dəqiq, aydın geopolitik çalarlara malikdir. Rusiya 44 günlük müharibə ssenarisini qurub ona rejissorluq etməklə istəyinə nail oldu, sonda quruluşçu rejissor kimi özü də səhnəyə çıxıb tamaşaçılarla salamlaşdı (atəşkəs bəyanatını imzalamaq və sülhəramlıları yerləşdirməklə). Uzun sözün qısası, dünya dağılsa da Rusiya hərbi qüvvələri bir də Cənubi Qafqazdan çıxan deyil.
Yazırsınız ki: “Ermənistanın onu dəfələrlə aldatmış və sui-istifadəyə davam edən Rusiyaya inanmaqla Türkiyə və Azərbayanla münasibətləri normallaşdırmaq arasında seçimi var. İkinci variant Ermənistan üçün daha məqbuldur”.
Rusiya Ermənistanı heç vaxt aldatmayıb, cənab propaqandist! Ermənistan bir hərbi müttəfiq kimi Rusiyanın milli maraqlarına və ümumilikdə üzvü olduğu hərbi alyansın ümumi maraqlarına ciddi təhlükə törədərkən cəzalanacağını bilməli idi. Hərbi müttəfiqlik sevgililik deyil ki, gəz-toz, sonra de ki, başqasından xoşum gəlir, onunla gəzmək istəyirəm. Belə şeylərin bədəli olur və bunu Ermənistan rəhbərliyi bilməmiş deyil. Qaldı ki, seçim məsələsinə, Ermənistanın belə bir seçimi yoxdur. Ümumiyyətlə belə bir seçim özü-özlüyündə mövcud deyil. Bu sizin propaqandist təxəyyülünüzün uydurmasıdır. Ermənistanın da, Azərbaycanın da, Gürcüstanın da, Türkiyənin də bir seçimi var: Avrasiyaçı siyasət yürüdərək əhalisinin firavan gələcəyini birlikdə təmin etmək.
Yazırsınız ki: “Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında hərbi-siyasi ittifaqı, müttəfiqliyi ehtiva etdiyindən Ermənistanın hər hansı formada yeni müharibəyə başlaması onun məhvi olacaq. Rusiya heç bir halda prosesə qatıla bilməyəcək. Çünki bu gündən etibarən Azərbaycana edilən təhdid və təzyiq Ankaraya təzyiq sayılır. Moskva isə ermənilərə görə Ankara ilə münasibətilərini əsla gərginləşdirməyəcək”.
Yenə də propaqandist təxəyyülünüz sizi yanıldır, cənab! Nə bu Bəyannamədə, nə də başqa bir dövlətlərarası sənəddə hərbi müttəfiqlikdən söhbət getmir. Söhbət hərbi-strateji partnyorluqdan gedir. Bu iki anlayış isə tamamilə başqa-başqa mənaları kəsb edir. İnanın ki, şərhinizi Ərdoğan və ya Əliyev görsə ya yenidən nəyə imza atdıqlarına baxmaq üçün Bəyannaməni həyəcanla vərəqləyəcəklər, ya da yazdığınız bu ANALitikanı oxuduqca qəhqəhə çəkib güləcəklər. Məncə ikincisi olacaq (əlbəttə ki sizin yazdıqlarınızı oxuyacaq qədər bekar olsalar - burda sırf fantaziya etmişəm). Çünki onların hər ikisi təcrübəli siyasətçilərdir. Nəyə imza atdıqlarını çooox yaxşı bilirlər.
Yazırsınız ki: “Şuşa Bəyannaməsi ABŞ və NATO-nun bölgədə Türkiyəyə tam fəaliyyət kart-blanşı verməsidir. Vaşinqtonla Brüssel Cənubi Qafqazda Rusiyanın önünü kəsən güc qismində məhz Türkiyəni görürlər və Ankaraya bütün istiqamətlərdə dəstək verəcəklər”.
Fantaziyanıza heyranam! Bilməyiniz vacibdir ki, NATO-da kart-blanş yalnız bir dövlətdə- ABŞ-da var. Qalanları vassaldır. Ərdoğan Türkiyəsi bu vassallıqdan çıxmağa can atan bir dövlət kimi daha çox Rusiyaya yaxınlaşmağa meyl edir və dediyiniz “kart-blanşa” əslində el dilində “tirka” deyillər ki, Ərdoğan bu tirkaya gedənə oxşamır. Çünki başına gələn başmaqçı olar deyiblər.
Yazırsınız ki: “Yaxın illərdə, daha dəqiq olsam, 4-6 ildə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı və təminat səviyyəsi İtaliya, Yunanıstan, İsveç səviyyəsinə çatdırılacaq. Ordumuz NATO standartlarına keçidi sürətləndirəcək”.
Yenə də həqiqətə yaxın yalan yazmaqla öz propaqandist missiyanızı uğurla həyata keçirirsiniz. Yaxın illərdə Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı və təminat səviyyəsinə gələcəyinə mən də inanıram. Çünki ordu quruculuğu daimi davam edən proses kimi bir reallıqdır. Amma ordumuzun NATO standartlarına keçidinin sürətlənəcəyi absurddur. Siz ordunun NATO standartları nə deməkdir ya bilmirsiniz, ya da bilib yalan sırıyırsınız. Qısaca onu bildirim ki, NATO standartı o deməkdir ki, orduda silah-sursat, texnika təminatı əsasən ABŞ istehsalı olmalıdır. Bu isə mümkünsüz görünür. Çünki ordumuzun silah-sursat və texnika təminatının 99%-i Rusiya istehsalıdır (bunu Vətən Müharibəsi zamanı Prezident Aparatının sözcüsü də dedi, həm də dezertirlərdən başqa bunu hamı bilir). Bu faizin uzaq başı 1-2 faiz azalması ola bilər. O da çox çətin. Çünki Rusiya ilə günü-gündən inkişaf edən münasibətlərin fonunda bunun olacağı real görünmür. Bundan əlavə Bəyannamə belə bir şeyi nəzərdə tutmur. Ümumiyyətlə Bəyannamə dediyimiz kimi, adından da görünür ki, heç bir öhdəlik qoymur, sadəcə niyyəti bəyan edir.
Belə... cənab propaqandist! Niyyət və reallığı təhrif etmək lazım deyil. Gələn dəfə yazanda bir az diqqətli, ən əsası da ehtiyatlı olun.

Cəmil Şirvanov
шаблоны для dle 11.2
16-06-2021 17:49 Baxılıb: 3650    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}