İmam Xomeyni və dini təfəkkürün dirçəlişi dünya şərqşünaslarının nəzərində

Dini təfəkkür insanın düşüncə və əməlinin «dini sabitlər»ə tabe şəkildə davrandığı bir düşüncədir. «Dini sabitlər» insan zehnindən xaricdə vəhy edilən kimi mövcud olan əbədi həqiqətlərdir. Bu sabitlər heç vaxt azalmır və ya artmır, sadəcə insanın zehin və düşüncəsi onların dərki və qavrayışında, eləcə də əməl etməkdə güclü və ya zəif görünür. Və dini sosiologiyada səhv də olsa dini təfəkkürün gücü və qüdrəti barədə «dinin diri olması», zəifliyinə isə «dini həyatın məhvi və sonu» ifadələri işlədilir.
Qeyri-dini təfəkkürlərin əks cəhətində dayanan dini təfəkkür bütün dinlərin həyatında müxtəlif eniş-yoxuşları və onun nəticələrini təcrübədən keçirmişdir. Dəyişikliklərin sürətinin, maddi tələskənliklə hərəkət edən mədəniyyətin mənfi nəticələrinin və ondan doğan qeyri-dini təfəkkürlərin dalana dirənməsinin bəşəriyyəti həqiqi sağlamlıq və qurtuluş əldə etmək səhrasında sərgərdan qoyduğu indiki əsrdə qurtuluşun əsas yolu olaraq dini təfəkkürə qayıdış bütün dünyada artmaqdadır.

Dini təfəkkürün dirçəlişi

Deyilənlərdən məlum olduğu kimi, dini təfəkkürün dirçəlişi insanın zehin və əməl planetinin dini sabitlər orbiti ətrafında fırlanmasıdır. Son 20 il ərzində dünyada, xüsusilə qərb elmi dairələrində və kütləvi informasiya vasitələrində tədqiqatçı və sosioloqların diqqətini özünə cəlb etmiş və yüzlərlə seminar, konfrans, dəyirmi masa və kitabın, minlərlə məqalə və tədqiqatın araşdırma mövzusu olmuş bu hadisənin Ayətullahül-üzma İmam Xomeyni şəxsində böyük və yorulmaz banisi, islamçı və inqilabçı İran adlı coğrafi məkanı vardır.
Yazımızın əsas mövzusu İmam Xomeyninin (r) inkaredilməz, qətiyyətli və tam aşkar rolunun, eləcə də İslam inqilabının islami bölgələrə və dünyanın digər yerlərinə dərin və geniş təsirinin təhlilinə bir qapı açmaqdır. Əsaslandığımız dəlillər bəzi şərqşünasların, sosioloqların, yazıçıların, dini rəhbərlərin aşkar və ya üstüörtülü etirafları, həmçinin statistik rəqəmlər və bu barədə yayılan həqiqətlərdir. Onlardan biri də Almaniyanın Hannover şəhərində Fəlsəfi Araşdırmalar İnstitunun direktoru, professor, doktor Reinhardın kitabıdır. Professor Reinhard otuza yaxın İslam mütəxəssisi, xristian ilahiyyatçısı və filosofun «Avropada İslam və xristianlıq» (1992) seminarındakı çıxışlarının mətninin xülasəsini toplayıb çap etdirdiyi kitabda etiraf edir ki, ötən əsrin son iyirmi ilində İslam sıçrayışa və mühüm, eyni zamanda heyrətləndirici tərəqqiyə nail olmuşdur. O sonra İslam inqilabından qaynaqlanan dini təfəkkürün dirçəlişinin dünyanın şərq və qərbinə, hətta qərb mədəniyyətinə təsirindən danışır və xristianlara İslamı daha yaxşı öyrənməyi və müsəlmanlarla dialoq qapılarını açmağı tövsiyə edir.

Dini təfəkkürün mövcud vəziyyəti

İslam dünyasında və dünyanın digər bölgələrində dini təfəkkürün artması və yayılması göstəricisi sürətli artımdan xəbər verir. Qərb tədqiqat mərkəzləri və statistika idarələri İslam dünyası, eləcə də İslam dünyasından kənarda yaşayan müsəlmanlar barədə belə bir yekdil nəzərdədirlər ki, son illərdə:

A - İslam dünyasında

- İslami özünüdərk və dini təfəkkür insanlar, xüsusilə gənclər arasında çox güclənmişdir;
- Müsəlmanlar dini meyarlardan istifadədə və etiqadi dəyərlərə bağlılıqda daha ciddiləşiblər;
- İslam dünyasında islami hərəkatlar genişlənib;
- Müsəlmanlar güclü və kütləvi şəkildə Quranın və İslam hökmlərinin öyrənilməsinə üz tutublar;
- İslam dünya müsəlmanları üçün, xüsusilə Şərqi Avropada əsas milli və etiqadi ünsürə çevrilmişdir;
- Qeyri-dini ideologiya və təfəkkürlərin islami cəmiyyətlərdə nüfuzu kəskin azalmışdır;
- Digər din və ideologiya davamçılarının İslama üz tutmaları dünya səviyyəsində artmaqdadır. Məsələn, Fransanın ən məşhur təhlilçilərindən olan Jan Lin Kabil xəbərdarlıq xarakterli etirafında hər il Fransada 50 000 nəfərin İslamı qəbul etməsini deyir;
- Müstəqil müsəlman ölkələrin sayı 1979-cu ildəki 46 ölkədən, 1997-ci ildə 56 ölkəyə çatmışdır. Onlar BMT-nin üzvü olan ölkələrin üçdə birini təşkil edirlər və dünyanın yaşayış məntəqələrinin 25 faizindən çoxu müsəlmanların ixtiyarındadır. Həmçinin İslam dünyası ölkələrindən xaricdə yaşayan 400 milyon müsəlmanı da nəzərə alanda dünya əhalisinin 25 faizini müsəlmanlar təşkil edirlər.

B - İslam dünyasından kənarda

- Dini təfəkkürə qayıdış, Yaradana və axirətə etiqad;
- Dini və əxlaqi dəyərlər həyati dəyərlər siyahısında əvvəldə yer alır;
- Dünyanın bir çox ölkələrində, Qərbdə, xüsusilə Şərqi Avropa ölkələrində ateizm və dinsizlik  təfəkkürünün azalması. Onun ən bariz nümunələrindən biri dinə zidd təbliğatların, eləcə də xalq kütləsi arasında dinsizliyin yayılmasının azalmasıdır;
- Dinlərin düzgün həyat tərzinə malik olmasına etiqadın daim amma tədricən yayılması;
- İslahatların aparılması və yeni yolların seçilməsi üçün proqramlaşdırılmış və müntəzəm hərəkətlər.

Bunlar dini təfəkkürün dirçəlişi barədə hazırlanmış siyahıdan seçilmiş bəndlər idi. Bunların bəzisi bütün dinlər arasında müştərəkdir və «Dini fundamentalizm» kitabının müəllifi professor Klaus Kienzler onları dini meyilli yeni hərəkatların hamısının müştərək ünsürü hesab edir.
Dini təfəkkürün islami və qeyri-islami cəmiyyətlərdə son vaxtlar bu cür geniş və fərqli dirçəlişinə hansı amillərin səbəb olması barədə suala müxtəlif, amma qeyri-qənaətbəxş cavablar verilmişdir. Bəzi Qərb sosioloqları naşıcasına Sovet İttifaqının dağılmasını, iki Almaniyanın birləşməsini, soyuq müharibənin sona çatmasını və Avropa İttifaqını bu barədə müəssir amillər hesab edirlər. Lakin onların bu barədəki dəlilləri tamamilə puç və süstdür. Ona görə ki, böyük dirçəlişin mənəvi amil və səbəblərini öz pozitivist alətləri ilə müşahidə və təcrübə edə bilmirlər. Çünki belə olmasaydı, aşkarcasına görərdilər ki, bu dəyişikliklər dünya xalqlarının kütləvi şəkildə dini təfəkkürə üz tutmalarından doğur və onlar amil və səbəbdən çox, nəticədirlər. Biz bunu sosioloq və şərqşünasların  açıq-aydın və ya üstüörtülü etiraflarında da müəyyən qədər təsdiqlədiklərini və İmam Xomeynini (r) həmin dirçəlişin böyük banisi saymalarını görəcəyik.

Şərşünasların İmam Xomeyninin (r) rolu barədəki nəzərləri

Şərqşünasların təfəkkür tərzi, hədəfləri və iş üslubları barədə əlimizdə meyarlar olduğu üçün onların İmam Xomeyninin (r) böyük şəxsiyyəti barədəki nəzərlərinin kökündə nəyin durmasını müəyyənləşdirmək elə də çətin deyil. Həmin nəzərlər sükutdan, həqiqətin gizlədilməsindən, qərəzli və uydurma rəylərdən, ehtiyatlı və üstüörtülü etiraflardan ibarətdir. Əlbəttə öz elmi sədaqətlərinə bağlı olan bəzi agah şərqşünaslar bu böyük kütlədən ayrıdırlar və onların özü də sözügedən düşüncə əyriliyindən fəryad qoparırlar. İslama münasibətdə ən çox həmrəylik və sədaqət nümayiş etdirən şəxslərdən biri də məşhur alman alim və şərqşünası, professor Anna Mari Şimeldir ki, narahatlığını belə bildirir: «Məni çox narahat edən və incidən şey İslamın əziz Peyğəmbərinin (s) qərbdə çox tanınmamasıdır. Avropada çox az adam bilir ki, o milyonlarla müsəlmanın məhəbbət simvoludur». (Sitat professor Şimelin Londonda nəşr edilən «İttilaat» qəzetinin 18 fevral 1997-ci il sayına müsahibəsindəndir).
Həmçinin məşhur fransız şərqşünası Maksim Rodinson «İslamın cazibələri» kitabında şərqşünasların təfəkkür tərzləri və səhv davranış üslublarını tənqid edərək yazır: «...Əlbəttə şərqşünasların İslam barədə tədqiqat aparmalarının əsas məqsədi İslamla mübarizə aparmaq olub».
Avropada islamşünaslıq tədqiqatları orta əsrlərdən indiyə kimi – yəni İspaniyada katolik missionerlərə xidmət məqsədi ilə başlanan zamandan ensiklopediya əhli və Hegelin dövrünə, nəhayət bizim dövrə qədər davam etmişdir. Lakin avropayönümlü, ziddiyyətli, tədqiqat üslublarına uyğun olmayan şəraitdə aparılmış, səhv fərziyyələr irəli sürülmüş və müvəqqəti üsullardan istifadə edilmişdir. Buna görə də həmin istiqamətdə «tətbiqi dinşünaslıq», «dinlərin tarixi» və «dini elmlər» adı altında yaradılan dırnaqarası elmi fakültələr indiyə kimi avropalılara İslamı olduğu kimi tanıtdıra bilməmişdir. Çünki onlar İslamda dini təfəkkürün araşdırılması meyarlarını xristianlıq təfəkkürü tarixi səviyyəsinə endirmişlər. Qərb islamşünaslarının əsas problemi onların İslamın hərtərəfli, kamil din və İbrahimi dinlərin sonuncusu olmaqla yanaşı həm də köklü, geniş və digər mədəniyyətlərdən müstəqil bir mədəniyyət olmasını bilməmələridir. Buna görə də Quranın gözəl «onlar hər bir vadidə (xəyallar aləmində) dərbədərdirlər» (Şuəra surəsi, ayə 225) ifadəsinin nümunəsi olan Qərb islamşünasları İslamı bir din səviyyəsində olduğu kimi araşdırmırlar. Əvvəlcədən zehnlərində formalaşdırdıqları təfəkkürlə, ürəkləri istəyən bəzək-düzəklə dünən durduqları yerdə mövqe tuturlar. Buna görə də təbii şəkildə onun həqiqi mənasının, təlimlərinin, hökmlərinin və inkişafının dərk edilməsində aciz qalırlar.
Bütün deyilənlərdən sonra şərqşünasların İslam və təbii olaraq İslam inqilabı, xüsusilə imam Xomeyninin (r) parlaq xüsusiyyətləri barədəki mövqeləri bəllidir. Lakin onun dini təfəkkürün dirçəlişinə təsiri o qədər dərin, geniş, əsaslı və aydındır ki, bunları yarım cümlə ilə, üstüörtülü və ya aşkar şəkildə olsa belə, etiraf etməkdən başqa çıxış yolları yoxdur. Mənim fikrimcə heç şübhəsiz ki, zaman İmam Xomyeninin düşüncələrinin həqiqətlərinin üzə çıxmasına ən yaxşı şahiddir və o etirafları daha güclü və əhatəli edəcəkdir.

İmam Xomeyni (r) - islami təfəkkürün dirçəlişinin böyük banisi

Qərb şərqşünasları və sosioloqlarının əksəriyyəti İmam Xomeyninin (r) islami təfəkkür və dəyərlərin dirçəlişinin ən böyük banisi olması barədə yekdil fikirdədirlər. Həmçinin etiraf edirlər ki, İmam Xomeyni (r) XIX əsrdən «İmam Xomeyni hərəkatı»nın başlamasına kimi olmuş «panislamist»lərin, eləcə də islamçı islahatçıların, yenilikçilərin və oyanışçıların ideya şəklində təbliğ etdikləri məsələni əməldə gerçəkləşdirmiş və yeni islami renessans dövrünü yaratmışdır.
Auqusburq Universitetinin İlahiyyat fakultəsinin müəllimi və «Qiyamət» (1976), «Əfsanə və iman» (1985), «Din fəlsəfəsi» (1988), «Yeni fundamentalizm» (1990) və «Dini fundamentalizm» (1996) kimi mühüm əsərlərin müəllifi, professor doktor Klaus Kienzler «Dini fundamentalizm» kitabının 11-ci səhifəsində yazır: «Yetmişinci illərdə islami həyatı dirçəldən hərəkatlara «fundamentalist» adı verildi. Hamının fikri hər şeydən çox (İmam) Xomeyninin rəhbərliyi altında inqilab etmiş İrana yönəlir. Bu hərəkat İrandan sonra İslam ölkələrinin çoxunu bürüdü. Həmin islami renessans sonda hamı, xüsusilə Qərb dünyası üçün çox təəccüblü və gözlənilməz idi. Çünki həmin zamana kimi qərbdə elə bilirdilər ki, XİX əsrdə istismarçı və imperialist qüvvələrin islam və ərəb ölkələrinə həqiqətən də amansızcasına təcavüzləri nəticəsində İslam dini liberalizm və təəssübkeşliyə düçar olmuşdur».
O daha sonra yazır: «Şiə ölkəsi olan İranda (İmam) Xomeyninin rəhbərliyi altında İslam dininin siyasi qüvvəsinin fəallaşması ilə fundamentalizm kəlməsi yeni məna tapdı və onun əlaməti İslam dininin siyasiləşməsidir. Sudan, Pakistan və digər müsəlman ölkələrində sünni qrupları da həmin növ fundamentalistlərdir. Bu cür fundamentalizmin məqsədi Yer üzündə dini hökumətin (ilahi dövlətin) bərqərar edilməsidir ki, hazırda İslamın ənənəvi hüquq sisteminin, yəni İslam şəriətinin kobud şəkildə bərpası formasında üzə çıxmışdır və bu növ fundamentalizmin Quran təlimlərinə dəqiq və mütləq tabeçiliyi bir çox müsəlman ölkələrində bütün növ Qərb rasionalizmi və liberalizminin nüfuzunun birmənalı şəkildə rədd edilməsinə səbəb olmuşdur».
Əsərləri indiyə kimi dünyanın 23 dilinə tərcümə edilmiş yəhudi mənşəli ən məşhur amerikalı şərqşünas, professor doktor Bernard Levis özünün «Allahın Özü, İslam dünyası və qərb: mədəniyyətlərin müharibəsi?» kitabının 214-cü səhifəsində yazır: «İslam Respublikasının qurulduğu ilk illərdə İslam dini mənlik və vəfadarlığın elan olunmuş əsası idi. Xarici siyasətin, həmçinin ümumilikdə dövlət siyasətinin hədəfini İslam inqilabının əhatə dairəsini genişləndirməklə, etiqad və İslam hüququnu bərpa etməklə İslamın həyatının dirçəldilməsi, islami qüdrət və əzəmətin yenidən təsbiti təşkil edirdi. ABŞ şah və onun muzdurlarını himayə edən və İranın daxili işlərinə müdaxilə edən, bundan da mühüm, İranın köhnə düşməni qərbin rəhbərliyi öhdəsində olan qüdrət kimi bu proqramın ilk və ən böyük düşməni sayılırdı». 
Yazının davamında İmam Xomyeninin ABŞ-ı «böyük şeytan» adlandırmasının izahında vurğulayır: «İmam Xomeyni hegemon ABŞ dövlətinin düşmənçilik etməsindən qorxmurdu. Onun ABŞ barədəki narahatlığı amerikansayağı həyat tərzinin aldadıcılığı idi. İranda qərbpərəstlik adlandırılan Qərb sapqınlığı təhlükəsi xeyli vaxt öncədən iranlı yazıçıların ən çox diqqət yetirdikləri mövzulardandır».
Professor Bernard Levis həmin kitabının 177-ci səhifəsində müsəlman ölkələrində müasir dini təfəkkürün dirçəlişi hərəkatlarının müvəffəqiyyətlərini bir-biri ilə müqayisə edir: «Misir ifratçıları təkcə öz rəhbərlərini məhv edə bildilər, amma Misir rejimi nicat tapdı və öz siyasətini davam etdirir. Amma iranlı ifratçılar daha çox müvəffəqiyyət əldə edə bildilər. Onlar hakim rejimi devirdilər və öz ölkələrində elə geniş bir inqilab etdilər ki, şöhrəti bütün İslam dünyasını bürüdü».
Avstriya Milli Müdafiə Nazirliyinin hərbi xidmətlər birliyinin müəlliflər qrupu 1995-ci ildə çap edilmiş «Yaxın Şərqdə və Afrikanın şimalında ordu qüvvələri» adlı kitabın 282-283-cü səhifəsində yazır: «İranda şah rejiminin devrilməsi və (İmam) Xomeyni hökumətinin işə başlaması ilə geniş çərçivədə gözlənilməz yeni islami həyat başlandı və o çox qısa bir zaman ərzində bütün İslam dünyasına əsla gözlənilməyən çox mühüm siyasi və mədəni təsirlər göstərdi. Şübhəsiz, bu yeni islami həyat hərəkatı (İmam) Xomeyninin şəxsiyyəti ilə elə bağlanmışdır ki, o, islami dirçəlişin simvoluna çevrilmişdir. (İmam) Xomeyninin siyasi təvəllüdü ilə İslam dini siyasi hadisələr yaradan ən mühüm qüvvəyə çevrilmişdir».
Almaniyanın (Hamburq) Şərqşünaslar İnstitunun direktoru və «Müasir dövrdə İslam» kitabının müəlliflərindən biri, professor doktor Udo Steinbax həftəlik «Die Zeit» qəzetinə müsahibəsində deyir: «(İmam) Xomeyni ilk dəfə olaraq islami inancları İslam Respublikası formasında İranda İslam dövləti qurmaqla gerçəkləşdirən ilk şəxsiyyətdir. (İmam) Xomeyni dini qüvvələri İslam inqilabı vasitəsi ilə qərb tərəfdarı olan rejimə, yəni şah rejiminə qarşı səfərbər edən şəxsiyyətdir».
«Salzburger naçriçten» qəzetinin ən məşhur islami yazarlarından olan Klaus Berinq qəzetin 1994-cü il 8 aprel sayında Türkiyədə bələdiyyə seçkilərində islamçı Rifah partiyasının qələbə çalması münasibəti ilə «(İmam) Xomeyni nümunəsi bütün dünyada islamçıları hərəkətə gətirmişdir» başlığı altında yazdığı məqalədə deyir: «Quran təlimlərinə və İslam şəriətinə qayıdış təbliğatçılarının tərəfdarları islam cəmiyyətlərinin təkcə məhrum kütlələri deyil. Hətta mütəfəkkir və seçilən şəxsiyyətlərin də çoxu əsl islami dəyərlərə qayıdışı himayə edir və müasir qərb həyat tərzinə qarşı çıxmağı qərbin siyasi və texniki qəyyumluğundan qurtuluş və onlara zülm edən rejimlərin məhv edilmələri yolu sayırlar. Onlar 1979-cu ildə Ayətullah Xomeyninin vasitəsi ilə İranda qurulan İslam dövlətinin yolunu gedirlər. Əslində sünnilərin əksəriyyəti İrandakı şiə növündən olan İslam hakimiyyətini rədd etsələr də, öz ölkələrini siyasi və iqtisadi müstəqilliyə çatdırmaq istəyən (İmam) Xomeyninin və onun canişinlərinin bu istiqamətdəki səylərini alqışlayırlar. Müsəlmanların çoxunun nəzərincə (İmam) Xomeyni islami dirçəlişə çağıran şəxsiyyətlər silsiləsinin yaşadığımız əsrdə son nümayəndəsidir».
Almaniyanın Vürzburq Universitetinin «Əməli İlahiyyat» fakultəsinin müəllimi, professor doktor Ludvinq Haqeman İsveçrənin böyük tirajla nəşr edilən «Neue Zrch Zeitung» qəzetinin 1992-ci il yanvar ayının 21-də çıxan sayında çap etdirdiyi «Dindarlıqla siyasət arasında: islami fundamentalizm önə keçməkdədir» başlıqlı məqaləsində XIX əsrdə və XX əsrin əvvəllərində islami hərəkatların formalaşması tarixini təhlil edərək islami təfəkkürün dirçəlişinin üç əsasını belə qeyd edir:
1 - İslam bir daha dindarlıqla siyasətin vəhdəti şəklində irəli sürülməlidir;
2 - İslam bir daha insan həyatının istisnasız bütün sahələrini əhatə etməlidir;
3 - Dini İslam hökuməti bir daha dövlətin formasını təşkil edən əsas ünsür olmalıdır.
O sonra deyir: «İranda Ayətullah Xomeyninin vasitəsi ilə gerçəkləşdirilən İslam Respublikası bu ideyanın həyata keçirilməsi üçün yeganə münasib və aşkar nümunədir. İranın İslam inqilabının rəhbərləri şiə olmalarına və şiələrin dünya müsəlmanlarının 15 faizini təşkil etmələrinə baxmayaraq, heç vaxt öz inqilablarının şiə və ya iranlı inqilabı olması şübhəsini yaratmayıblar, əksinə İslam ümmətinə vəhdət bəxş edən (panislamist) bir inqilabçılıq göstəriblər. İslami fundamentalizm şiə və ya sünni məzhəbindən asılı olmayaraq, ümumilikdə islami vəhdət hərəkatıdır».
İslamşünas, xristian teoloqu, «İslamın siyasi məmuriyyətləri» kitabının müəllifi  professor doktor Andrea Meiyer adı çəkilən kitabın 299-cu səhifəsində yazır: «İslam inqilabı nəticəsində İran İslam Respublikasının qurulması ilə indiyə qədər misli görünməmiş şəkildə İslamın siyasi məmuriyyətinin təməli qoyulub. İlk dəfə inqilab üsullu islamçılıqdan doğan siyasi quruluş qərbpərəst qeyri-dini (sekolyar) bir rejimi əvəz etdi. Bu dəyişiklik müsəlmanların çoxunun gözündə imperialist qüvvələrin və imperialistlərdən sonrakıların hegemonluğuna qarşı qələbə idi. Hegemonluq etmək istəyən bu qərb qüdrətindən məqsəd ABŞ-dır. Buna görə də İranda baş vermiş İslam inqilabı bütün dünya müsəlmanları üçün «ideal İslam dövləti»nin tam gerçəkləşdirilməsi üçün örnəyə çevrildi».
1991-ci ildən İordaniyanın Oman şəhərində bir tədqiqat layihəsinin üzərində çalışan islamşünas və ərəbşünas alim doktor Andirey Gerber özünün çox maraqlı «İslam maliyyə və iqtisadi inkişaf mənbəyi kimi» adlı əsərində (bu kitab Avropa universitetlərinin tədris vəsaiti silsiləsi olaraq çap edilmişdir) islami həyatın dirçəldilməsi və onun coğrafi nüfuz dairəsi barədə belə yazır: «İslami həyatın dirçəlişi milli və coğrafi sərhədlərdən xaric bir məsələdir və o, ərazi və ya siyasi, iqtisadi və mədəni şəraitləri nəzərə almadan ərəb və müsəlman ölkələrinin çoxunu bürümüşdür. Bu hərəkat ancaq ərəb dünyasında və ya cəmiyyətlərinin əksəriyyətini müsəlmanlar təşkil edən asiya və afrika ölkələrində məhdudlaşmır, müsəlmanların azlıqda olduqları Hindistan, Çin, Filippin, keçmiş Sovet İttifaqı kimi ölkələri də bürümüşdür. Bundan əlavə İslami həyatın dirçəlişi ancaq hansısa məxsus ictimai və iqtisadi dəstəni əhatə etmir, əksinə müxtəlif təbəqələrə təsir göstərmişdir. Bununla yanaşı, adətən ictimai təbəqələrin ən aşağı pilləsində duran  dəstələr, o cümlədən bu təbəqədə çoxluq təşkil edən evi-eşiyi olmayan yoxsullar və  aşağı peşə sahibləri islami həyatın dirçəlişi hərəkatını səmimiyyətlə təsdiqləyirlər».

İmam Xomeyni (r) və dini təfəkkürün dünya səviyyəsində dirçəlişi

Qərb şərqşünas və sosioloqlarının İmam Xomeyninin dini təfəkkürün dünya səviyyəsində dirçəlişindəki rolu barədə həqiqəti gizlətmək və qərəzli mühafizəkarlıq göstərmələrinə baxmayaraq, onların bəzi etirafları var ki, bəzilərini nəql edəcəyik.
Qərb dünyasının ən məşhur şərqşünaslarından və ən tanınmış iranşünaslardan olan professor doktor Karsten Kople özünün «İslamın problemi» (1989) əsərinin 67-ci səhifəsində İmam Xomeynini (r) beynəlxaq təsirə malik hərəkatın banisi adlandırır: «İslam dünyasından xaricdə yaşayan müsəlmanların çoxunun öz islami mənliklərinə dönmələrinə səbəb olmuş İslam inqilabı və onun rəhbəri (İmam) Xomeyni şübhəsiz milli sərhədlərdən xaric təsir qüvvəsinə malik islami həyatın dirçəlişi hərəkatının banisidir».
O həmin kitabın müqəddiməsində Avropanın müxtəlif ictimai təbəqələri arasında dini təfəkkürün dirçəlməsini etiraf edərək, İslamın və İslam inqilabının həqiqətlərini öyrənmək şövqləri barədə belə yazır: «1979-cu ildə İranda inqilab qələbə çaldıqdan sonra siyasi vəziyyət elə dəyişdi ki, müxtəlif qruplar – müsəlman kişi və qadınlar, şagird və tələbələr, dini təlim müəllimləri, polis, dövlət işçiləri, dini cəmiyyət üzvləri, katolik və protestant kilsələri, həmçinin siyasi partiyalar tərəfindən daim bu barədə (İslamın və İslam inqilabının hərtərəfli və kamil tanıtdırılması) tələblər irəli sürülürdü.»
Professor doktor Klaus Kienzler özünün «Dini fundamentalizm» kitabında (səh.2) belə etiraf edir: «Neçə müddətdir fundamentalizmdən və «fundamentalist meyllərdən» danışmaq özü də bütün – ictimai, mədəni, siyasi sahələrdə  güclənmişdir. 1980-cı illərdə İslam inqilabı vasitəsi ilə İranda baş verən və dini köklərə qayıdış olaraq İslam dininin sərhədlərini də aşan dramatik dəyişikliklər dünya ictimaiyyətinin fikrini bu həssas hadisəyə yönəltdi».
Sonra xristianlıq və yəhudilik dinlərində, eləcə də hindu, buddist və digər dinlərdə yeni dini fundamentalizmin formalaşmasından danışır ki, onların hamısı İmam Xomeyninin dini təfəkkürün dirçəlişi üslubu ilə dinlərin təməllərinə qayıdışı və öz dini təfəkkürlərini dirçəltməyi hədəf seçiblər. Bu barədə tarixi baxımdan «klassik fundamentalizm» terminini «yeni fundamentalizm» termini ilə əvəz etmişdir. 
İmam Xomeyninin «İslam hökuməti» kitabının alman dilinə mütərcimləri müqəddimədə belə yazıblar: «Düz 1977-ci ilin yanvar ayında müqəddəs Qum şəhərində ilk güllə atılanda və ondan bir az sonra Təbriz əhalisi öz izdihamlı mitinqi ilə şah rejimi ilə mübarizəyə qalxanda «İslam hökuməti» kitabına – İslam inqilabının mühüm sənədi sayılan bu kitaba maraq yarandı. 1979-cu ilə kimi daxili ictimai-siyasi qarşıdurmalara əhəmiyyət vermədən «sabitlik yarımadası» adlanan şah rejiminin devrilməsi və İranda İslam respublikasının qurulması ilə dünyanın hər yerində Ayətullah Xomeyninin əsərlərinə maraq artdı».
«Yaxın şərqdə və Afrikanın şimalında ordu qüvvələri» kitabının müəllifləri həmin kitabın 285-ci səhifəsində belə yazırlar: «70-ci illərdə islami həyatın dirçəlişi (İmam) Xomeyninin müvəffəqiyyətinin əsası olmaqla yanaşı, həm də «yeni fundamentalizm»in siyasi zühur və doğuşuna da şərait yaratdı. İslam siyasi ideologiyaya çevrilməklə millətlərdə yeni özünüdərk yaratmaq qüdrəti əldə etdi».
Fransalı sosioloq və Paris Beynəlxalq Tədqiqatlar Mərkəzinin ərəb araşdırmaları bölməsinin müəllimi doktor Gilles Kepel Vyanada keçirilən «Dinlər avropası» konfransındakı çıxışında belə demişdir: «Fransada xüsusilə müsəlmanlar arasında dini təfəkkür dirçəlmişdir və Avropada dünyaya gəlmiş gənclər dəstələr şəklində yeni qüvvələr yaradıblar və onlar var olmaq iradəsi və ayrı-seçkilik arasında hərəkətdədirlər».
O, üstüörtülü şəkildə İmam Xomeyninin Avropa müsəlmanlarında dini təfəkkürün dirçəldilməsinə təsir göstərməsini təsdiqləyərək yazır: «Avropa müsəlmanları Salman Rüşdü və islami hicab hadisələrinə görə əxlaqi və ictimai bir hərəkata başlayıblar».
Dünya xristianlarının çox tanınmış simalarından olan və Vyananın keçmiş baş yepiskopu, kardinal, doktor Franz Koniq də «Dinlər Avropası» konfransında dini təfəkkürün beynəlxalq xarakter almış dirçəldilməsi işlərinin davam etməsinin dinə zidd təfəkkürlərlə, o cümlədən Allahın varlığını inkar etmək və dinsizliklə ciddi mübarizədən asılı olmasını vurğulayaraq belə demişdir: «Bu gün tovhid dinlərinin davamçıları arasındakı dialoqun ən mühüm vəzifəsi firqə yaradanlarla, eləcə də tək Allaha imanı olmayanlarla və bütün dinlərin düşmənləri ilə mübarizə aparmaq üçün vahid blokun yaradılmasıdır».
Xristian İlahiyyatının Əsasları İnstitunun direktor müavini, müxtəlif tədqiqat əsərləri və məqalələrin müəllifi, filosof, avstryalı şərqşünas Qotfrid Şayber özünün «Aydın cavab» (1984) adlı əsərində yazır: «İslami fundamentalizm bəhsləri təkcə tarix və siyasi elm alimlərinə çoxlu məqamlar təqdim etməyib, hətta mövzuya dini sxolastika baxımından yanaşan dini elm həvəskarlarına da çoxlu nöqtələr vermişdir». 
O kitabının digər bir yerində yazır: «Bu gün İranın vəziyyətini diqqətdə saxlayan müşahidəçiləri çox heyrətləndirən məqam xalqın Ayətullaha qeyd-şərtsiz vəfadarlıq nümayiş etdirməsidir. Əlbəttə bu həqiqət belə bir hakimiyyət üçün sxolastik əsaslar olmadan yozula bilməz. Qeyd etmək yerinə düşər ki, bu nöqtədə fundamentalizm yaxud bu gün işlənən mənada fundamentalizm yoxdur. Çünki bu gün fundamentalizm zamana uyğun gəlməyən təfəkkürü qeyd-şərtsiz qəbul etmək mənası verir, halbuki (İmam) Xomeyni mövcud təfəkkürün dəyişdirilməsini zamanın şəraitini nəzərə alaraq və İslamın sxolastik  meyarları ilə müqayisə edərək yerinə yetirmişdir».
Bunlar Qərb şərqşünaslarının, sosioloqlarının və mütəfəkkürlərinin bir çox səhv baxışların, Avropayönümlülüyün, tarixi zəminələrdə texniki səhvlərin mövcudluğuna və İslam, İslam inqilabı və İmam Xomeyni  barədə dəqiq və həqiqi məlumatın olmamasına baxmayaraq, İİR banisinin İslam dünyasında və dünyada dini təfəkkürün dirçəlişindəki rolu barədəki sözləri və nəzərləri idi. Mən tam əminliklə deyə bilərəm ki, əgər İslamın, Əhli-beytin (ə), İslam inqilabının, xüsusilə İmam Xomeyninin şəxsiyyəti və əbədi əsərlərinin yenidən tanıtdırılması istiqamətində dəqiq, hərtərəfli və elmi-tədqiqat müəssisələrinin, dünyanın elm adamlarının ehtiyaclarına uyğun strateji layihə hazırlanaraq həyata keçirilsə, şərqşünasların və dünyanın elm-mədəniyyət simalarının münasibəti həm kəmiyyət, həm də keyfiyyət baxımından nəzərə çarpacaq dərəcədə yaxşılaşacaqdır.

Doktor Mirməhəmmədhüseyn Huda
шаблоны для dle 11.2
31-05-2021 07:24 Baxılıb: 9240    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}