"Bilmirdik hara və niyə gedirik" - erməni döyüşçünün Qarabağ müharibəsi xatirələri

İkinci Qarabağ müharibəsi ötən il noyabrın 10-da başa çatsa da, Ermənistan ordusu əsgərlərinin cəsədləri hələ də keçmiş döyüş meydanlarından çıxarılmaqdadır.
Bu arada isə Ermənistanda müharibədə erməni ordusunun məğlubiyyət səbəbləri, ordu sıralarında iddia olunan satqınlıq və səriştəsizlik halları ilə bağlı müzakirələr davam edir.
Tiqran Varaq "Armenian Geographic" səyahət təşkilatının təsisçisidir. O, Yerevandan oktyabrın 17-də Dağlıq Qarabağa müharibəyə bir dəstə döyüşçü ilə yollanmışdı. Onun dəstəsi Hadrut rayonu Moxrenes kəndi və Şuşa yaxınlığındakı Karintak kəndi ərazilərində döyüşüb. Onun sözlərinə görə, üzvü olduğu döyüşçü qrupu Azərbaycan ordusu ilə vuruşmadan geri çəkilib. O bu barədə internet vasitəsilə yayımlanan CivilNet televiziya kanalının aparıcısı Tatul Hakopyana danışıb.
Tiqran ikinci Qarabağ müharibəsinin ilk günlərindən orada döyüşənlər üçün ərzaq, su, siqaret və başqa ilk tələbat malları çatdırmaqla məşğul olub. Bir dəfə isə döyüşənlər üçün "Armenian Geographic" təşkilatının yataq torbalarını yığıb aparıb.
"Bir neçə dəfə gedib gəldik, oktyabrın 17-dən sonra isə artıq əsgər kimi getdim",- o deyir.
Qarabağa yollanan ehtiyatda olan hərbçilərlə könüllülər üçün əvvəlcə hərbi təlim keçirilməliydi, lakin dəstəni birbaşa Qarabağa aparıblar- o danışır.
"İki gün gözlədik - geyim, hərbi sursatla təmin olunmaq üçün, lakin dərhal ön xəttə apardılar... Əvvəlcə Azox, sonra Toğ kəndinə, orada vəziyyət pis idi, top atəşi altında idi... Qərar verildi ki, Moxrenesə gedirik. Getdik Moxrenesə. Bu zaman kənd artıq ön xəttə çevrilmişdi. Səngər yox idi, düşmən üstümüzə gəlirdi, biz geriyə çəkilirdik".
Bir-birini tanımayan 32 nəfərdən ibarət heç bir döyüş təcrübəsi olmayan dəstənin nə döyüş tapşırığı, nə rabitə vasitəsi, nə də komandiri olub.
"O günlər hələ elə bilirdik ki, ordumuz var, könüllü dəstələri yaratmağa ehtiyac yoxdur, elə bilirdik hər şey əlaqələndirilir. Sonradan isə hətta Nikol Paşinyan post yazdı ki, dəstələr yaradın, özünüzdən komandir seçin və s. Dedilər, özünüzdən birini komandir seçərsiniz. 32 nəfər bir-birini ilk dəfə görən adam, heç kəs heç kəsi tanımır, birbaşa döyüş meydanına aparıb, deyirlər: öz içinizdən komandir seçin və hansısa mövqeni qoruyun",- Tiqran xatırlayır.
Onun sözlərinə görə, hamı yalnız onu bilirdi ki, kənd istiqamətində hücum gözlənilir və müdafiə təşkil etmək lazımdır, lakin sərfəli mövqe tutmaq məsələsində fikir birliyi yox idi: "Biri deyirdi, bura qalxmalıyıq, o birisi deyirdi - ora... Dəstəmiz də uzun müzakirədən sonra iki hissəyə bölündü. Bir yarısı dedi gedirik, o biri yarısı deyirdi getmirik. Yanımızda bir zabit də yox idi ki, desin nə etmək lazımdır... Nəhayət qərara gəldik ki, iki kənd arasında ucalan dağın başında mövqe tutaq. Sonradan məlum oldu ki, bu, (Füzulidən) Şuşaya doğru yoldur".
Tiqranın dəstəsi növbə ilə qarovul təşkil edir və gecəni burada keçirir. Deyir: "Hər yandan atəş səsləri gəlirdi. Bilmirdik bizimkilər atəş açır, ya onlar".
İkinci gecə yaxınlıqdakı mövqedə telefonu olan birinə zəng gəlir ki, 10 dəqiqəyə mövqeləri qoyub geri çəkilmək lazımdır. "Tez-tələsik, qutularla müdafiə olunmaq üçün apardığımız silah-sursatın böyük hissəsini qoyub getdik... Gecə ilə apara bilməzdik, bilmirdik hara və niyə gedirik, - deyə o qonşuluqdakı postda da konkret bir xəbər olmadığını bildirir. - Onlar da tez-tez, bizim suallara cavab verməyərək, "türk girib, türk girib, Toğu tutublar" deyirdi".
Moxrenesdə 8 nəfərlik qruplara bölünüb gecə qarovul təşkil edirlər. Səhər günəşli gün açılır və vəziyyətə bələd olduğunu iddia edən bu kənddən olan bir zabit yanlış xəbər yayır ki, Toğ geri alınıb, və döyüşçülər "müdafiə təşkil etmək əvəzinə kabab çəkməyə başlayır, kənddə bekarçılıq edirlər".
"Axşam bizimkilərdən bir neçə nəfər kəndin aşağı hissəsinə endi və gördülər ki, türklər gəlir. Atışma başlandı və zabit generala zəng edir ki, neyləyək, cəmi 30 nəfərik, kəndi necə saxlayaq? Oradan deyirlər ki, tez Tumi istiqamətində çıxın".
Bu kənd də artıq boşalmışdı, cəmi 3-4 sakin qalmışdı. Yüksəklikdən Mets Tağer kəndin raket atəşinə tutulduğu görünürdü.
"Hər zərbədən sonra 10-20 ev partlayırdı. Yəqin "Smerç"lə vururdular. Kənd yanırdı. Düşündük ki, növbəti zərbə Tumi üzərinə olacaq, geri çəkilməyə davam etdik... Çatdıq Kirsavan kəndinə. - Tiqran söyləyir. - Bizdə artıq məlumat var idi ki, Dizapayt dağının qarşı tərəfindəki kəndlər də - Xtsaberd, Hin Tağer - onların əlindədir".
Tiqran Varaq söyləyir ki, onun dəstəsi kimi "yiyəsiz qalmış" bir çox könüllülər silahını təhvil verib Yerevana qayıdıblar. Onun dəstəsini və bir neçə eyni vəziyyətdə olan başqa dəstələri silahlarını təhvil verib Ermənistana qayıtmaq üçün avtobusla Əsgərana aparırlar.
Lakin Əsgəranda hərbi komandanlıq ehtiyat və könüllü döyüşçülərə təlim keçmək qərarına gəlir, ancaq 4-5 gün onlar heç kəsin yadına düşmür. Ondan sonra bir polkovnik gəlib 30 nəfərdən 9 nəfəri seçib özü ilə "Laçın meşələrini düşməndən təmizləməyə" aparır.
"Getdik başqa hərbi hissəyə və orada bu polkovniki biz daha görmədik. Heç bir döyüş hazırlığı keçmədik. 4 gün işsiz-gücsüz bekara keçirdik", - Tiqran Varaq xatırlayır.
Burdan Tiqran başqa döyüşçülərdən tərtib edilmiş dəstə ilə oktyabrın 31-də Şuşanın müdafiəsi üçün Karintak kəndinə göndərilir. Onun sözlərinə görə, o artıq bu zaman müharibənin gedişi haqqında Yerevandan yayılan nikbin informasiyaya inanmırdı: "Mən artıq öz gözümlə görmüşdüm ki, nə baş verir".
Bu zaman Azərbaycan qoşunu artıq Şuşanın bir neçə kilometrliyində, Sığnax kəndinə daxil olmuşdu.
"Hər yandan müxtəlif silahlardan şiddətli atəş altında mövqe tutduq. 10 metr o yana ya bu yana hərəkət etmək təhlükəli idi",- o söyləyir və deyir ki bundan başqa şayiələr dolaşırdı ki, düşmən əsgərləri erməni hərbi paltarı geyinib və təmiz ermənicə danışırlar.
Belə olan halda bir-birini tanımayan erməni hərbçilərin bir-birinə atəş açmaq təhlükəsi də vardı.
"Və belə top atəşləri altında ayın 3-nə kimi... Sığnax tərəfindən top fasiləsiz bizi vururdu. Bizim tərəfdən ilk günü cavab atəş olub, sonra sükut. Bir neçə gün tək onlar bizə atırdılar... Şuşanı və Karintakı vururdular və qoşunun yerləşdiyi yamacları".
O artıq noyabrın 3-də Azərbaycan qoşunları tərəfindən Laçından Şuşaya və Stepanakertə yolun bağlandığını deyir.
"Biz düşməni Sığnax tərəfindən Karintak istiqamətində gözləyirdik, onlar isə Şuşaya Lisaqor tərəfindən yaxınlaşmışdı. Avtomat atəşi səsləri Şuşanın Laçın tərəfindən girəcəyindən gəlirdi",- Tiqrav Varaq xatırlayır.
Noyabrın 4-də onlara bir daha döyüşə girmədən geri çəkilmək əmri verilir, Tiqran deyir.
Ermənistan Baş naziri noyabrın 9-da facebook-da Şuşa uğrunda döyüşlərin davam etdiyini yazmışdı, lakin Tiqran deyir ki, əslində Şuşa noyabrın 6-dan Azərbaycan qüvvələrinin nəzarətində olub. /bbc.com/
шаблоны для dle 11.2
11-02-2021 11:12 Baxılıb: 1930    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}