AVRASİYA HƏRƏKATININ PROQRAMI


1-Cİ HİSSƏ: AVRASİYA EVİ

AVRASİYA MƏDƏNİYYƏTLƏR DİALOQU – BƏŞƏRİYYƏT TARİXİNİN MAHİYYƏTİ. Avrasiya qitəsi bəşər mədəniyyətinin və sivilizasiyasının beşiyidir. Bu ərazidə insanlıq tarixinin əsas məzmununu təşkil edən rəngarəng sosial, mənəvi və siyasi formalar yaranaraq inkişaf etmişdir.
Avrasiya materikinin iki əsas qütbü var: Avropa və Asiya, Qərb və Şərq.
İnsanlıq tarixi bu iki qütb arasında daimi dialoq prosesi, enerjilərin, dəyərlərin, texnologiyaların, ideyaların və əşyaların dialektik mübadiləsidir.
Qərb və Şərq bir-birini qarşılıqlı şəkildə tamamlayır, öz arasında yüksək məna daşıyan minillik danışıq aparır.
Avrasiya torpaqlarından daim xalqların və mədəniyyətlərin axını keçib – Qərbdən Şərqə, Şərqdən də Qərbə. Müasir avropalıların ulu babaları öz vəhşi ordaları ilə Asiya çöllərində at çaparkən onların müasirləri olan çinlilər, hindlər və farslar inkişaf etmiş fəlsəfələri, mütərəqqi texnikaları, yüksək rahatlıqları ilə nəfis və zərif sivilizasiyaların qoynunda kef edirdilər. Hər bir sivilizasiyanın öz dövranı var və o hər yerdə fərqli şəkildə sürülür. Bu gün burda “vəhşilik” kimi görünən bir şey, sabah başqa yerdə “tərəqqi” etalonu təsiri bağışlaya bilər. Bu gün burda universal həqiqət kimi təqdim olunan sabah başqa yerdə lokal və tamamilə nisbi bir büt ola bilər. Heç vaxt bu gün burda mövcud olanı mütləqləşdirmək lazım deyil. Dünyanın durumu və dəyərləri daim dəyişir. Gərək öz mülahizələrini həmişə zamanın və məkanın geniş miqyası fonunda yoxlayasan.
Avrasiya – həqiqi fikrin layiqli meydanıdır. Biz “Avrasiya ilə düşünməyi”, avrasiyaçı düşünməyi öyrənməliyik – onda Qərb də, Şərq də, tərəqqi də, ənənə də, sabitlik də, dəyişkənlik də, mənbələrə sadiqlik də, irəliyə doğru hərəkət də bizə eyni dərəcədə aydın olacaq.
AVRASİYA XALQLARINA VƏ MƏDƏNİYYƏTLƏRİNƏ QLOBALLAŞMA ÇAĞIRIŞI. Bu gün yaşadığımız qloballaşma şəraitində Qərblə Şərq arasında dialoq yeni aktuallıq qazanır.
Qloballaşma Qərbdən qaynaqlanır, ancaq daha çox Şərqə toxunur. O daim yeni-yeni suallar qoyan (çox zaman dramatik, gərgin) mürəkkəb və ziddiyyətli prosesdir. Avrasiya qitəsi bunu xüsusilə kəskin şəkildə yaşayır, çünki qloballaşmanın əsas səhnəsi sayılır; axı böyük mədəniyyətlərin və bəşər sivilizasiyalarının başlıca güc mərkəzləri, sınma xətləri, sərhədləri məhz burdadır.
Bu gün bizim tarixi kursu, onun məntiqini, gedişatını anlamağa əvvəllər heç vaxt olmadığı qədər ehtiyacımız var. Biz hər gün gələcək nəsillərin taleyinin asılı olacağı qərarlar qəbul edirik. Getdikcə daha çox aydın olur ki, heç bir xalq, heç bir ölkə, heç bir konfessiya, heç bir sosial sinif, hətta heç bir sivilizasiya bu problemi təklikdə həll edə bilməz. Biz bir-birimizlə hesablaşmağa daha çox məcburuq: Avropa Asiya ilə, xristianlar müsəlmanlarla, ağlar qaralarla, müasir demokratik dövlətlərin vətəndaşları ənənəvi cəmiyyətin dayaqlarının qorunduğu ölkələrin sakinləri ilə. Bununçün bir-birimizi yaxşı anlamağı öyrənməli, tələsik mühakimələrdən yayınmalı, əsl tolerantlıq ruhunu əxz etməli və öz dəyər sistemlərimizdən, vərdişlərimizdən fərqlənən şeylərə (çox zaman mahiyyətcə) dərin hörmət bəsləməliyik.
AVRASİYA HƏRƏKATI - SUVEREN SUBYEKTLƏRİN ÇOXTƏRƏFLİ DİALOQ SƏHNƏSİDİR. Biz Avrasiya qitəsi mədəniyyətlərinin, sivilizasiyalarının, konfessiyalarının, ölkələrinin, sosial qruplarının, etnoslarının və millətlərinin yeni tarixi şəraitdə intensiv dialoq mədəniyyətinin gerçəkləşdirilməsi üçün “Beynəlxalq Avrasiya Hərəkatı”nın yaranmasını elan etmişik.
Hərəkatımız qabaqcadan birmənalı qərar və ehkamlar qəbul etdirməyə çalışmır. Qarşımızdakı suallar cavablardan qat-qat çoxdur. Biz həqiqətə yalnız qitəmizin Tokiodan tutmuş Azor adalarına qədər olan bütün əsas qüvvələri ilə birlikdə açıq, ardıcıl dialoqun gedişində çata bilərik.
Biz Avrasiyanın varlığımızın mahiyyəti, tarixi inkişaf yolları, dəyərlər və ideyalar haqqında düşünən bütün məsuliyyətli insanlarını birlikdə gələcəyimizin obrazını qurmağa, birgə səylərlə Avrasiyanın yeni minillikdəki real xəritəsini çəkməyə çağırırıq.
Biz dərindən əminik ki, ümumi vəzifəmiz xalqların, mədəniyyətlərin, konfessiyaların, dillərin, sivilizasiyaların, qitəmizin “çiçəklənən mürəkkəbliyini” (K. Leontyev) təşkil edən dəyər və fəlsəfə sistemlərinin özünəməxsus xüsusiyyətlərini nəyin bahasına olursa-olsun qorumaqdan ibarətdir. Ölkələrin və xalqların yaxınlaşması və dialoqu onların özünəməxsusluğunun itirilməsi hesabına başa gəlməməlidir. Biz təkidlə bildiririk ki, bu özünəməxsusluğun qorunması ali dəyərdir və heç kəsin ona qəsd etməyə haqqı yoxdur. Mədəniyyətlərin və sivilizasiyaların dialoqunda özünəməxsus suveren və azad subyektlər iştirak etməlidir. Bu zaman o ədalətli və məzmunlu olacaq.
Biz qloballaşma prosesinin ideoloji, iqtisadi, siyasi və dəyər “imperializminə” çevrilməsinin qəti əleyhinəyik: heç kəsin istər güc, istərsə də hiylə yolu ilə qitəmizin böyük xalqlarına hansısa xüsusi “həqiqəti”, dəyər sistemini, sosial-siyasi modeli sırımaq haqqı yoxdur. Avrasiya mədəniyyətləri ilə tanışlıq bizi qəti əmin edir ki, bir çox şeyi fərqli anlayırıq; hətta “insan”, “azadlıq”, “həyat”, “hakimiyyət”, “hüquq”, “ədalət”, “cəmiyyət”, “siyasət” və s. anlayışlar müxtəlif mədəni, linqvistik, etnik, dini  kontekstlərdə bir-birindən ciddi şəkildə fərqlənir. Biz bütün bunları öz çoxcəhətli Avrasiya dialoqumuzda nəzərə almalıyıq: “başqa”, “bizimkindən fərqli” şeylər haqqında vicdanlı və məsuliyyətli fikir bizi heç vaxt tərk etməməlidir. Gələcək uğurumuzun, sülh və inkişafın təminatı bundadır.
Avrasiya və onun xalqları azad və müstəqil olmalıdır.
Qərbin və Şərqin öz həqiqətləri var. Bu həqiqət hər bir konfessiyada, hər bir etnosda, hər bir mədəniyyətdə mövcuddur. Bizim bu həqiqəti başqaları ilə bölüşməyə bütün əsaslarımız var, ancaq onu heç bir halda zorla qəbul etdirməməliyik.
“VAVİLON QARIŞIĞININ” VƏ “YENİ KSENOFOBİYANIN” ƏLEYHİNƏ. İnformasiya texnologiyalarının, şəbəkə sistemlərinin, nəqliyyat rabitələrinin və s. inkişafı sayəsində Avrasiya xalqları bu gün bir-birinə yaxınlaşıblar. Ancaq bununla mədəni, linqvistik (dil), dini sərhədlər və manelər də kəskin şəkildə çılpaqlaşıb. Bu isə bizə yeni təhlükələr – “sivilizasiyalar qarşıdurması”, yeni terror dalğası, millətlərarası münaqişələr və müharibələr ortalığa çıxarır.
Qloballaşmanı özünəməxsusluğun və milli kimliyin qorunması ilə necə uyğunlaşdırmaq olar? Necə etmək olar ki, qitə insanlarının obyektiv yaxınlaşması ümumi “Vavilon qarışığına” çevrilməsin, həm də eyni zamanda, yeni ksenofobiya dalğası, xalqlar və mədəniyyətlər arasında düşmənçilik yaratmasın?
Bu mürəkkəb problemi həll etmək bizim Hərəkatın çiyinlərindədir.
AVRASİYA – BİZİM ANAMIZDIR. Avrasiya və onun ərazisi nə çoxdur, nə də az, amma kifayət qədərdir. O planetimizdən kiçikdir, ancaq istənilən, hətta ən iri dövlətdən, istənilən çoxmədəniyyətli, yaxud çoxdinli ərazidən böyükdür.
Bizim vəzifəmiz xalqları bütün qitəmizdə sülh və tərəqqiyə, quruculuğa, ümumi Avrasiya evimizin qayğısına qalmağa yönəltməkdir. 
Biz yalnız güclülərin daşıya biləcəyi böyük bir yükün altına giririk.
Babalarımızdan bizə böyük miras qalıb – fikir inciləri, ruh yüksəkliyi, böyük dövlətlər, işıqlı mənəvi oriyentirlər, nəhəng iqtisadi zənginlik, rəngarəng sosial sistemlər, ictimai quruluşlar, unikal dillər. 
Avrasiya gələcək üçün etibarlı platformadır, bəşəriyyətin min illər boyu böyük əzmlə qurub-yaratdığı fundamentdir. 
Avrasiya bizim anamızdır, ana torpağımızdır, bizə əmanətdir, bizə sadiqdir; o bizə güc verir, ancaq köməyimizi və müdafiəmizi də istəyir. 
Avrasiya Hərəkatı varlıq ağacının (Dünya Ağacı) kökündən tacına, tacından da kökünə qədər əbədi bir hərəkatdır. O bitməyən həyatımızın, tariximizin nəbzidir və nə qədər ki varıq, nəfəs alırıq, düşünürük, görmək üçün gözlərimiz, eşitmək üçün qulaqlarımız, qurub-yaratmaq üçün əllərimiz var, o davam edəcək.


2-Cİ HİSSƏ: AVRASİYAÇILIĞIN 7 MƏNASI

1.ANLAYIŞIN EVOLYUSİYASI.
“AVRASİYAÇILIQ” TERMİNİ MƏNASINI DƏYİŞİR. Müəyyən terminlər həddindən artıq çox işləndiyindən öz ilkin mənalarını, tarixi məzmunlarını itirirlər. “Sosializm”, “kapitalizm”, “demokratiya”, “faşizm” kimi anlayışlar fundamental məzmun eroziyasına məruz qalıblar. Hazırda mənaların təhrifi olunması onların həddindən artıq sıx istifadə edilməsindən irəli gəlir. Anlayışların bayağılaşması onları mənasızlaşdırır.
“Avrasiyaçılıq”, “Avrasiya” anlayışlarında da müəyyən qeyri-dəqiqlik var. Ancaq tamamilə başqa səbəbdən. Bu terminlər çox yeni olduqlarından o qədər də çeynənməyiblər. Onlar yenicə formalaşan və tətbiq olunan siyasi dilə mənsubdurlar, formalaşma mərhələsinə yenicə qədəm qoyan intellektual kontekstə aiddirlər. “Avrasiyaçılıq” termini canlıdır, o hansısa ciddi şəkildə uydurulmuş gerçəkliyi deyil, fəal dinamik prosesi əks etdirir. Tarixi və intellektual təcrübənin gedişində öz ciddi mənasına yenicə qovuşur, odur ki bu məna hələ açıqdır və daim dəqiqləşməyə, inkişafa, dərinləşməyə ehtiyac duyur.
AVRASİYAÇILIQ FƏLSƏFİ GÜC KİMİ. Avrasiyaçılıq bəşəriyyətin siyasi, ideoloji, dünyagörüş, etnik və dini tarixinin fundamental baxımdan yenidən dəyərləndirilməsinin nəticəsidir. Avrasiyaçılıq ənənəvi standartları və ümumi ştampları aşan təsnifatların və kateqoriyaların novator-yaradıcı sistemini irəli sürür. Avrasiyaçılıq öz yaradıcı intuisiyasından çıxış edərək, başqa dünyagörüşləri müəyyənləşdirmək əzmindədir, odur ki kənardan verilən sərt xarakteristikalardan yayınmağa çalışır.
Müasir avrasiyaçılığı iki dövrə bölmək olar: 20-ci əsrin əvvəllərində rüs mühacirləri (Trubetskoy, Savitski, Alekseyev, Suvçinski, İlyin, Blomberq, Xara-Davan və b.) arasında yayılan klassik avrasiyaçılıq mərhələsi və aradan təxminən yarım əsr keçdikdən sonra yalnız Lev Qumilyovun tarixi əsərləri ilə tamamlanan yeni avrasiyaçılığın- neoavrasiyaçılığın meydana çıxması (80-ci illərin ikinci yarısı və indiki dövr).
KLASSİK AVRASİYAÇILIQDAN NEOAVRASİYAÇILIĞA. Klassik avrasiyaçılıq, şübhəsiz, keçmişə aiddir və 20-ci əsrin ideologiyalar muzeyi çərçivəsində ciddi təsnif və düzgün təsvir olunmalıdır. Əgər klassiklərin intuisiyalarına yeni aktuallıq, yeni məna, yeni miqyas və yeni məzmin verən neoavrasiyaçılıq olmasaydı, bu hadisə ideoloji arxeologiyanın fraqmenti olaraq qalardı. Klassik avrasiyaçılıq yeni avrasiyaçılıqda yenidən doğdu və bununla “keçmişin” dar çərçivələrini tərk etdi. O yeni həyata qədəm qoyduqdan sonra göründüyü qədər aydın olmadı, yeni gizli potensial, yeni cəhətlər qazandı.  
Beləliklə, bütün avrasiyaçılıq ideyası neoavrasiyaçılıq vasitəsilə tam olaraq yeni müstəviyə çıxdı.
Bu gün artıq neoavrasiyaçılıq ideyasının keçdiyi çox böyük yolu görməmək mümkün deyil, odur ki bu hadisəni tam olaraq müasir kontekstdə dərk etməyə çalışmaq lazımdır.
Bundan sonra haqqında danışdığımız anlayışın müxtəlif aspektlərini təsvir etməyə çalışacağıq.
2.AVRASİYAÇILIQ PLANETAR TREND KİMİ (ALTERQLOBALLAŞMA).
QLOBALLAŞMA- MÜASİRLİYİN BAŞLICA MƏZMUNUDUR. Tam qlobal mənada avrasiyaçılıq və konsept olaraq Avrasiya, coğrafi mənada Avrasiya materikinə sərt şəkildə bağlı deyil. Avrasiyaçılıq qloballaşmanın obyektivliyini və müvafiq olaraq milli dövlətlər (Etat-Nations) epoxasına son verilməsini etiraf edən planetar strategiyadır. Lakin avrasiyaçılıq bununla yanaşı qloballaşmanın keyfiyyətcə fərqli və orijinal ssenarisini təklif edir. Avrasiyaçılıq birqütblü dünya və vahid dünya hakimiyyəti olan vahid dünya dövləti deyil, bir neçə qlobal zona- qütblər varinantını irəli sürür. Bu variant- çoxqütblü qloballaşmadır.
QLOBALLAŞMA PARADİQMASI – ATLANTİZM PARADİQMASIDIR. Qloballaşma mövcud dünyanın başlıca və fundomental prosesidir, o müasir tarixin əsas vektorunu təşkil edir.
Bu gün milli dövlətçilik quruluşu qlobal modelə keçir; biz vahid unifikasiyalı administrativ-iqtisadi sistemi olacaq planetar dövlətin yaranması astanasındayıq.
Lakin nəhəng dünyamızı təşkil edən bütün xalqların, dövlətlərin, sosial istiqamətlərin, siniflərin və iqtisadi modellərin qəflətən, hansısa sehrli çubuğun hərəkəti ilə öz aralarında aktiv şəkildə, vahid planetar məntiq əsasında qarşılıqlı fəaliyyətə başlayacağını düşünmək düzgün deyil. Bu, yanlışlıqdır.
Qloballaşma bu gün çatdırıldığı və sızdırıldığı kimi, birölçülü, birplanlı, biryönlü hadisədir, spesifik Qərb (anqlosakson, amerikan) sivilizasiyası tərzinin universallaşdırılmasıdır. Bu, müxtəlif sosial-siyasi, etnik, dini, konfessional, milli-dövlət quruluşlarının, sosial-iqtisadi aspektlərin (bəzən zorla, süni yolla) vahid şablona salınması, (əsassız olaraq) universal sayılan vahid modelin qəbul etdirilməsidir. Qloballaşma amerikan sistemində öz pik nöqtəsinə çatmış Qərbi Avropanın tarixi trendidir. Qloballaşma atlantik paradiqmanın zorla qəbul etdirilməsidir.
Qloballaşma atlantizmin mütləqləşdirilməsi olsa da, bu cür birmənalı təyinatdan qaçmağa çalışır. Qloballaşma nəzəriyyəçilərinin fikrincə, atlantizm qloballaşanda və böyük alternativi olmayanda, müəyyən mənada “atlantizm” olmağı dayandırır. Amerikalı politoloq F. Fukuyama bunu “tarixin sonu” adlandırır ki, bu həm də “geopolitik tarixin sonu”, atlantizmlə avrasiyaçılıq arasındakı duelin finalı deməkdir (onun geopolitik düşüncəsinə görə). Ancaq indiki halda bu, “atlantizmin qələbəsini” və “dünyanın yenidən qurulmasını” (“yeni dünya nizamı”) nəzərdə tutur. Orda heç bir müxalifət olmayacaq. Buna görə də, atlantizm ikiqütblü sistemin bir qütbü kimi də yox, bundan sonra bütün dünya ərazisini öz ətrafında təşkilatlandıran yeganə qütb kimi nəzərdə tutulur (deməli, onun təbiəti həqiqətən bir qədər dəyişir). Qloballaşmanın arxitekturası iki qütb (Şərq-Qərb, yaxud Şimal-Cənub kəsiyinin iki ucu) arasındakı gərginlikdən mərkəz-əyalət modelinə keçir (burda mərkəz Qərb, “varlı Şimal”, “qızıl milyard”, əyalət isə yerdə qalanlardır). “Yeni dünya nizamının” bu arxitekturasında avrasiyaçlılıq total şəkildə inkar olunur.
BİRQÜTBLÜ QLOBALİZMİN (SUBYEKTİV LAYİHƏ KİMİ) ALTERNATİVİ OLA BİLƏR. Lakin “yeni dünya nizamı” layihədən, plandan, trenddən o yana keçmir. O çox ciddi və əzəmətlidir, ancaq qətiyyən labüd deyil. Qloballaşma tərəfdarları alternativi, gələcəyin fərqli layihəsinin mümkünlüyünü belə, rədd edirlər. Ancaq dünyada getdikcə möhkəmlənən nəhəng bir əks istiqamət – antiqlobalizm də mövcuddur. Avrasiyaçılıq da öz total təyinatı etibarilə elə birqütblü qloballaşmanın əleyhdarlarını inteqrasiya edən və yaradıcı formada ortalığa çıxan proyektdir. Avrasiyaçılıq birqütblü qloballaşmanı təkcə inkar etmir, o alternativ irəli sürür, daha əsaslı çoxqütblü qloballaşma və ya alterqloballaşma layihəsini təklif edir.
AVRASİYAÇILIQ POLİVERSUM (QLOBAL SİYASİ ALTERNATİV) KİMİ. Avrasiyaçılıq sərt “mərkəz-əyalət” modelinə əsaslanan dünya strukturunu rədd edərək, onun yerinə yarımavtonom və bir-birinə münasibətdə açıq olan “böyük məkanlar” bürcündən ibarət planet qoyur. Bu məkanlar ayrı-ayrı milli dövlətlər deyil, kontinental federasiyalar halında yenidən qurulmuş dövlət birlikləri, yüksək dərəcədə daxili avtonomiyaya malik özünəməxsus “demokratik imperiyalar” olmalıdır. Bu kontinental federasiyaların hər biri öz-özlüyündə mürəkkəb etnik, mədəni, konfessional və inzibati vahidlər sisteminə malik olmaqla çoxqütblüdür.
Belə (daha qlobal) mənada avrasiyaçılıq dünyanın bütün sakinlərinə açıqdır- o doğum və yaşayış yerindən, milliyətindən və vətəndaşlığından asılı olmayaraq istənilən insan üçün fikir platformasına çevrilə bilər. Deməli, avrasiyaçılıq süni şəkildə sırınan birqütblü klişeyə alternativ olaraq gələcəyi seçmək üçün ümumbəşəri imkana çevrilir. Avrasiyaçılıq sadəcə status-kvonu, yaxud keçmişi qorumağa çalışmır, dünya nizamının radikal dəyişikliklərinin obyektiv olaraq yetişdiyini, milli dövlətlərin və modern industrial cəmiyyətlərinin öz tarixi potensiallarını tükətdiyini görərək, gələcəyə cəsarətlə baxır, bununla belə hesab edir ki, liberal-demokratik sistem və qlobal bazar əsasında vahid “dünya dövlətinin” yaranması yeni şəraitdə bəşər övladının yeganə çıxış və inkişaf yolu deyil.
21-ci əsrdə avrasiyaçılıq ən qlobal mənada alterqloballaşma layihəsinə sadiqlik, “çoxqütblü dünya”nın sinonimidir.
ATLANTİZMİN UNİVERSALLIĞINDAN İMTİNA. Avrasiyaçılıq atlantizmin və amerikanizmin universallığını, onun totallıq və ümumi vəzifə hüququnu qəti surətdə rədd edir. Qərbi Avropa və Amerika sivilizasiyasının təqlid olunmağa və fəxr etməyə layiq çox sayda cəlbedici cizgiləri və aspektləri vardır, ancaq bütövlükdə onlar məhz öz tarixi konktestlərində digər sivilizasiyalarla və sistemlərlə yanaşı yaşamaq hüququna malik lokal dəyər və mədəniyyət sistemləridir. Avrasiyaçılıq bundan çıxış edərək, yalnız antiatlantik dəyər sistemini deyil, dəyərlər strukturunun rəngarəngliyini, ABŞ və atlantizm üçün də müəyyən mənada layiqli yeri olan (ancaq hökmən digər heç də az layiqli olmayan sivilizasiyalarla bərabər) “poliversumu” da müdafiə edir.
Avrasiyaçılıq təkcə bir sivilizasiyanı deyil, hamını müdafiə edir: həm tarixən Avtasiya materikinin geniş torpaqlarında, həm də digər qitələrdə – Amerikada, Afrikada, Sakit Okean regionunda və başqa yerlərdə formalaşanları.
AVRASİYAÇILIQ QLOBAL İNQİLABİ KONSEPT KİMİ. Avrasiyaçılıq planetar trend səviyyəsində qlobal inqilabi sivilizasiya konseptidir və tədricən dəqiqləşərək yeni qarşılıqlı anlayış dünyagörüşü və atlantik qloballaşmadan imtina edən müxtəlif güclərin, dövlətlərin, xalqların, mədəniyyətlərin, konfessiyaların geniş konqlomeratının əməkdaşlıq platforması olmaq əzmindədir.
Bütün dünyada ən müxtəlif güclərin – siyasətçilərin, filosofların, intellektualların bəyanatlarını diqqətlə oxusaq, əmin olarıq ki, avrasiyaçılar böyük əksəriyyəti təşkil edir. Bir çox xalqların, cəmiyyətlərin, konfessiyaların və dövlətlərin mentaliteti avrasiyaçı mentalitetidir və hətta onlar özləri bunu anlamasalar da belə.
Bizə sırınan “tarixin sonu” ilə razılaşmayan müxtəlif mədəniyyətlərin, dinlərin, konfessiyaların və ölkələrin çoxluğu haqqında düşünəndə bizdə ruh yüksəkliyi yaranır. 21-ci əsrdə isə birqütblü dünya qurulması ilə bağlı amerikan strateji təhlükəsizlik konsepsiyasının reallaşması riskinin ciddiliyi kəskin şəkildə artacaq.
Avrasiyaçılıq birqütblü qloballaşma yolunda bütün təbii və süni, obyektiv və subyektiv maneələrin həm də sadə inkardan pozitiv layihəyə, yaradıcı alternativə qədər yüksəlmiş toplusudur. Bu maneələr hələ ki pərakəndə və xaotik haldadır və qlobalistlər onların öhdəsindən ayrı-ayrılıqda gəlirlər. Ancaq onları inteqrasiya edən, bütövləşdirən, planetar xarakterli ardıcıl dünyagörüş halında birləşdirən kimi, avrasiyaçılığın bütün dünyada qələbə şansı tamamilə ciddiləşəcək.
3.AVRASİYAÇILIQ KÖHNƏ DÜNYA (QİTƏ) KİMİ.
YENİ DÜNYA KÖHNƏ DÜNYANIN BƏHRƏSİ KİMİ. “Avrasiyaçılıq” termininin ikinci, daha konkret və dar mənasını “Köhnə Dünya” adlanan anlayışa tətbiq edək. Bir qayda olaraq Avropaya aid edilən “Köhnə Dünya” məfhumuna qat-qat geniş baxmaq olar. O dialektik taleyin tarixi və coğrafi ümumiliyi ilə bir-birinə bağlı xalqların, dövlətlərin, mədəniyyətlərin, etnosların və konfessiyaların məskunlaşdığı nəhəng bir multi-sivilizasiya məkanıdır.
Köhnə Dünya adətən Yeni Dünyaya- Amerika materikinə qarşı qoyulur, hansını ki avropalılar kəşf etdilər və modern Avropa layihələrini, İntibah dövrünü ifadə edən süni sivilizasiya quruluşu platformasına çevrilib. Yeni Dünya bir sivilizasiya kimi praktiki olaraq boş yerdə qurulub: Amerikanın yerli əhalisi ya mahiyyətcə insan sayılmayıb, ya qırılıb, ya da rezervasiyaya göndərilib. İstənilən halda, Amerika cəmiyyəti süni lekallar üzərində qurulub, tarixi köklər Atlantik okeanının duzlu suları ilə yuyulub. Tarix Köhnə Dünyada qalıb. Yeni Dünyada süni, rafinə olunmuş “modern sivilizasiya” formalaşıb.
Yeni Dünyanın matrisası Köhnə Dünya – Qərbi Avropa olsa da, o öz inkişafının müəyyən konkret mərhələsində “ideal cəmiyyət” süni layihəsini işləyib-hazırladı; əsasən də İngiltərə, İrlandiya və Fransa arealında. Almaniyanın və Şərqi Avropanın Amerika cəmiyyətinin strukturuna təsiri cüzi və fraqmentar oldu. Burda söhbət ilk növbədə Şimali Amerikadan, bir az da konkretləşdirsək, ABŞ-dan gedir. Çünki ispanların və portuqalların istila etdiyi Cənubi və Mərkəzi Amerika bütövlükdə Köhnə Dünyanın adi əyaləti olaraq qaldılar. Təkcə ABŞ-da qeyri-adi, sırf müasir sivilizasiya qurulması eksperimenti tam və açıq şəkildə baş tutdu.
O. Şpenqlerin terminlərində “Köhnə Dünya” ilə “Yeni Dünya” arasındakı dualizmi “mədəniyyət” və “sivilizasiya”, “təbii” və “süni”, “tarixi” və “texniki” cütlüklərlə uzlaşdırmaq olar.
YENİ DÜNYA VƏ ONUN MESSİANİZMİ. Öz inkişafının müəyyən mərhələsində Qərbi Avropanın konkret tarixi məhsulu olan Yeni Dünya, İntibah dövrünün liberal-demokratik ideallarının ifrat protestant esxatologiyası ilə ayrılmaz şəkildə çulğalaşdığı “messian” təyinatını erkən anladı. Həmin messianlıq “Manifest Destiny”, “Aşkar Tale” nəzəriyyəsi adını alıb və bir çox amerikan nəsillərinin etiqadının simvoluna çevrilib. Bu nəzəriyyəyə görə, Amerika sivilizasiyası Köhnə Dünyanın bütün mədəniyyət və sivilizasiyalarına qalib gəlib və bundan sonra planetin digər xalqlarına qəbul etdiriləsi universal normadır.
Yeni Dünyanın bu cür messianlığı tədricən aşkar şəkildə təkcə Şərq və Asiya mədəniyyətlərinin əleyhinə işləməklə kifayətlənməyib, özünü “laboratoriya cəmiyyəti” qarşısında arxaik, xürafatlarla və köhnəlmiş ənənələrlə dolu görünən Avropaya qarşı da qoydu.
Beləcə, Yeni Dünya yavaş-yavaş Köhnə Dünyanın mirasından azad oldu və İkinci Dünya Müharibəsindən sonra Avropanın özündə şəksiz və şəriksiz lider kimi, “son instansiyadakı həqiqət meyarı” kimi çıxış etməyə başladı. Bu, təbii ki etiraz dalğasına səbəb oldu və Avropada okeanın o tayındakı “böyük qardaşın” kobud strateji, iqtisadi və siyasi nəzarətindən geopolitik qurtuluş layihəsi yetişməyə başladı.
MATERİKİN İNTEQRASİYASI. 20-ci əsrdə Avropa özünəməxsus mahiyyətini dərk etdi və yavaş-yavaş öz dövlətlərinin bütün məkana suverenlik, müstəqillik, təhlükəsizlik və azadlıq təmin etməyə qadir Vahid Birlikdə inteqrasiyasına doğru irəlilədi.
Avropa Birliyinin yaradılması Avropanın tarixə qayıdışı məsələsində çox böyük dönüş nöqtəsi oldu. Bu, Köhnə Dünyanın Yeni Dünyanın çox böyük iddilarına cavabı idi. Əgər ABŞ və Qərbi Avropa alyansını (ABŞ-ın dominantlığı ilə) Avropanın inkişafının atlantik vektoru kimi nəzərdən keçirsək, onda Avropa dövlətlərinin inteqrasiyasını da kontinental ölkələrin üstünlüyü ilə (Fransa-Almaniya) Avropaya xas avrasiyaçılıq saymaq olar.
Əgər Avropanın geopolitik olaraq Atlantik okeanından Urala qədər (Şarl de Qoll), ya da Vladivostoka qədər uzanması haqda nəzəriyyəni hesaba alsaq, məsələ daha da aydınlaşar. Başqa sözlə, Rusiyanın ucsuz-bucaqsız ərazisi də tam şəkildə inteqrasiya olunası Köhnə Dünyaya daxildir.
Beləliklə, avrasiyaçılıq bu kontekstdə Avrasiya materikinin şimalının- Avropa tarixinin beşiyi sayılan, bir-birinə sıx bağlı xalqların və mədəniyyətlərin matrisası kimi dərk olunan hissəsinin strateji, geopolitik, iqtisadi inteqrasiyası kimi də müəyyən oluna bilər. 
Amma Rusiya özü (elə bir çox avropalıların əcdadları da) mühüm dərəcədə türk-monqol dünyası, Qafqaz xalqları ilə bağlı olduğundan, Rusiya vasitəsilə (paralel olaraq həm də Türkiyə vasitəsilə) inteqrasiya olunan Avropa, Köhnə Dünya kimi artıq tam olaraq Avrasiyaya daxildir; və indiki halda yalnız simvolik deyil, həm də coğrafi mənada. Burda “avrasiyaçılığı” “qitəçilik” ilə də sinonimləşdirmək olar.
Son əsrlər Böyük Avropanın birləşdirilməsi ideyası Avropa elitasının inqilabi kəsimindən qaynaqlanır. Qədimdə buna bənzər bir şeyi Makedoniyalı İsgəndər Avrasiya torpaqlarının inteqrasiyası vasitəsilə etmək istəyib. Ən böyük dünya səltənətinin yaradıcısı Çingizxan da buna cəhd edib.
4.AVRASİYAÇILIQ MERİDİAN ÜZRƏ İNTEQRASİYA ETMİŞ ÜÇ “BÖYÜK MƏKAN” KİMİ.
ÜÇ AVRASİYA ZOLAĞI (MERİDİONAL ZONALAR). Növbəti səviyyədə inteqrasiyanın üfüqi vektoruna şaquli vektor əlavə olunur.
Dünyanın gələcəyinin Avrasiya planı planetimizin şimaldan cənuba uzanan dörd şaquli zolağa, yaxud meridional zonalara bölünməsini nəzərdə tutur. Hər iki Amerika materiki bütövlükdə ABŞ-a orientasiya olunmuş vahid məkandır və amerikanlar ora bir zamanlar qəbul etdikləri “Monro doktrinası” çərçivəsində nəzarət edirlər. Bu əsas etibarilə atlantik meridian zonasıdır.
Qalan üç meridian zonasını Avrasiyaya aid etmək olar. Bunlara aşağıdakılar aiddir:
✳Avropa Birliyinin mərkəzi funksiyasına tabe olan Avro-Afrika;
✳Rusiya-Orta Asiya zonası;
✳Sakit Okean zonası.
Bu zonalar ərazisində əməyin regional bölgüsü baş verir, inkişaf ocaqları və yüksəliş koridorları öz aralarında qarşılıqlı fəaliyyət göstərirlər.  
Üç Avrasiya zonası bir-birinə münasibətdə olduğu kimi, Atlantik zonaya münasibətdə də balanslaşdırma aparır.
Bu meridian zonaları çoxqütblü dünyanın qütbləri olaraq gələcəyin Avrasiya obrazı kimi nəzərdə tutulur.
Meridian zonaları baxımından çoxqütblülük konkret mahiyyət kəsb edir: burda qütblərin sayı ikidən artıqdır, ancaq formal suveren milli dövlətlərin sayından xeyli azdır. Avrasiya modelində öz geopolitik, strateji, iqtisadi və mədəni özünəməxsusluğunu qoruya bilən real geopolitik qütblər 4-dən az olmamalıdır.
“BÖYÜK MƏKANLAR”. Avrasiya layihəsində meridian zonaları bir neçə “böyük məkandan” və ya “demokratik imperiyadan” ibarət nəzərdə tutulur. Hər bir “böyük məkan” müəyyən muxtariyyata və müstəqilliyə malik olsa da, strateji baxımdan meridional zonaya inteqrasiya edir. “Böyük məkanlar” təxminən “sivilizasiyaların” sərhədlərinə uyğundur və ona öz növbəsində bir neçə dövlət, yaxud dövlətlər bloku aiddir. 
Avro-Afrika – Avropa Birliyindən, Şimali Afrikaya və Yaxın Şərqə inteqrasiya etmiş “böyük ərəb məkanından” və “qara” (Böyük Səhradan keçən) Afrikadan ibarətdir.
Rusiya-Orta Asiya meridian zonası üç “böyük məkanın” varlığını nəzərdə tutur; bəzi hallarda bu “böyük məkanların” ciddi delimilitasiya edilmiş sərhədləri olmur, onlar bir-birinin üzərinə düşür. Birinci “böyük məkan” Rusiyadan və Avrasiya Birliyinə daxil olan bir neçə MDB ölkəsindən ibarətdir. Bundan sonra kontinental islamın “böyük məkanı” gəlir; bura Türkiyə, İran, Əfqanıstan, Pakistan aiddir. MDB-nin Asiya ölkələri bu halda “aralıq sahə” kimi çıxış edirlər.
Ən nəhayət, üçüncü “böyük məkan” müstəqil sivilizasiya sektoru olan Hindistandır.
Sakit Okean meridional zonası şimalda Çin və Yaponiyanın (iki paralel “böyük məkan”) kondominiumudur; ora İndoneziya, Malayziya, Filippin və Avstraliya (digər layihələrdə amerikan zonasına aiddir) daxildir. Bu mozaik geopolitik region müxtəlif kriteriyalar üzrə də differensiasiya oluna bilər.
Amerikan meridional zonasına Amerika-Kanada “böyük məkanından” başqa Mərkəzi Amerika və Cənubi Amerika böyük məkanları da aiddir.
“DÖRDÜNCÜ ZONANIN” VACİBLİYİ. Meridional zonalar bölgüsü ilə müəyyən dərəcədə “yeni dünya nizamı” quran və birqütblü qloballaşma xətti yürüdən atlantist geopolitiklər də razıdır. Lakin avrasiyaçılıq layihəsinin prinsipial fərqi burda Rusiya-Orta Asiya da daxil məhz 4 zolağın varlığıdır. Bu zolağın varlığı və ya olmaması dünya düzəninin şəklini tamamilə dəyişir.
Atlantik futuroloqlar zonalar üzrə bölgünü üç hissəyə ayırır: Amerika qütbü, yaxın əyalət – Avropa Birliyi (qismən Avro-Afrikaya da yer verilir), uzaq əyalət – Asiya və Sakit Okean regionu. Rusiya və Orta Asiya sahəsi xırda, parçalanmış görünür, onun ayrı-ayrı hissələri Avropa və Asiyanın regional dövlətlərinə aid edilir. Məhz “Dördüncü zonasız” birqütblü dünya mənzərəsi yaranır. Ancaq “Dördüncü zonanın” varlığını qəbul etsək, qüvvələr nisbəti tamamilə dəyişir. Məhz Rusiya-Orta Asiya meridional zolağı amerikan təzyiqini müəyyən mənada tarazlaşdırır və digər zolaqlara (Avropa və Sakit Okean) sadəcə onların əyalətləri kimi deyil, müstəqil sivilizasiya qütbü kimi çıxış etməyə imkan verir.
Məhz real çoxqütblü dünyanın, real azadlığın və müstəqilliyin, bütün meridional zolaqların və onlara daxil olan “böyük məkanların” bir-birinə münasibətdə suverenliyinin və avtonomluğunun təminatı “Dördüncü zonanın” yaradılması ilə bağlıdır!
Amerikan zolağı yalnız üç digər kontinental zolaqların birlikdə təması ilə tarazlaşdırıla bilər, onlardan hansısa birinin ayrıca götürülməsi ilə yox. “Dördüncü Rusiya-Orta Asiya zolağının” varlığı planetar masştabda real balansın əldə olunması üçün hökmən lazımdır. Ancaq bu halda da “Dördüncü zona” hətta inteqrasiya formasında, yeni “ikiqütblü sistemin” qütblərdən birinin yerini tutmaq üçün kifayət olmayacaq. ABŞ-ın strateji baxımdan qəfildən sıçraması yalnız bütün üç meridional zolağın geopolitik əməkdaşlığı sayəsində tarazlaşdırıla bilər. 
Məhz “Dördüncü zona” layihəsi avrasiyaçılığı növbəti strateji səviyyədə reallaşdırmaq əzmindədir.
5.AVRASİYAÇILIQ RUSİYA-ORTA ASİYA İNTEQRASİYA PROSESİ KİMİ.
MOSKVA-TEHRAN OXU. Keçək avrasiyaçılığın dördüncü səviyyəsinə. Bu, Rusiya-Orta Asiya meridional inteqrasiyası prosesidir. Burda əsas və mərkəzi rolu Moskva-Tehran oxunun qurulması oynayır.
Bütün Avrasiya inteqrasiya prosesi məhz Rusiyanın Tehranla həm uzun, həm də orta müddətli perspektivdə sıx strateji tərəfdaşlıq formatı tapa biləcəyindən asılıdır. Rusiyanın İranla iqtisadiyyat, hərbi və siyasi resurslar sahəsində potensialını birləşdirməsi meridional inteqrasiya prosesini dönməz və avtonom məcraya salmaq, digər əlavə faktorlardan asılı qoymamaq üçün kifayət edəcək. Moskva-Tehran oxunun qurulmasından başlayaraq Avrasiya layihəsi özünün konkret olaraq geopolitik skelet, “inteqrasiyanın onurğası” halına gəlir. Həm İran, həm də Rusiya öz strateji məkan modellərini təşkil etməyə qadir qüdrətli avtonom regional dövlətlərdir.
ƏFQANISTAN VƏ PAKİSTAN ÜÇÜN AVRASİYA PLANI. Rusiya-İran vektoru həm Rusiyanın isti dənizlərə yolunu açan strateji konstruksiyanın yaradılması, həm də bütün Orta Asiya regionunun (MDB-nin Asiya ölkələrinin, Əfqanıstan və Pakistan zonalarının) siyasi-dini baxımdan yenidən qurulması üçün prinsipial olaraq vacibdir.
İranın Rusiya ilə sıx əlaqələri Əfqanıstan-Pakistan məkanının həm Tehrana, həm də Moskvaya neytral-loyal olan azad islam konfederasiyasına çevrilməsinə hesablanıb. Əfqanıstan və Pakistan yeni gerçəkliyin unitar dövlətləri olaraq, Avrasiya qitəsini bölən daimi təhlükələr və qeyri-sabitlik qövsü yaradacaqlar. Yalnız bütün bu dövlətlərin yeni Mərkəzi Asiya federativ modelini yaratmaq üzrə birgə və həmrəy geopolitik təşəbbüsləri bu mürəkkəb regionu əməkdaşlıq və tərəqqi zonasına çevirəcək.
MOSKVA-DEHLİ OXU. Rusiya-Hindistan əməkdaşlığı materikimizin geniş ərazilərinin inteqrasiyası üçün ikinci çox vacib meridional oxdur. Moskva-Dehli oxundan Avrasiya ümumi kollektiv təhlükəsizlik sisteminin yaradılması üçün əməkdaşlığın güc xətti keçəcək. Bu halda mühüm olan odur ki, Moskva İslamabad ilə Dehli arasında Kəşmir məsələsi ilə bağlı gərginliyin aradan qaldırılmasında fəal iştirak etsin. 
Belə olduğu halda, sponsorluğunu Moskvanın edəcəyi Avrasiya layihəsi Hindistanın özü üçün sikhlər və müsəlmanlar da daxil geniş etnik və dini azlıq spektrinə malik hind cəmiyyətinin bütün rəngarəngliyini əks etdirən və möhkəmləndirən federativ quruluşun yaradılması formulası olacaq.
MOSKVA-ANKARA. Rusiya-Mərkəzi Asiya zolağının inteqrasiyasında ən mühüm regional tərəfdaşlardan biri Türkiyədir. Bu ölkə çoxsaylı avrasiyaçı elementlərə malikdir, orda Qərb tendensiyaları ilə Şərqin xüsusiyyətləri sıx çulğalaşıb. Türkiyə daha çox anlamağa başlayır ki, Avropa Birliyi ilə sivilizasiya fərqi var, regional maraqların spesifikası mövcuddur, suverenliyini itirmək təhlükəsi ilə bağlı qloballaşma riskinə gedir. Odur ki Rusiya və İranın timsalında yeni strateji tərəfdaşlar axtarışı Türkiyənin imperativinə çevrilir. Türkiyə öz quruluşunu yalnız çoxqütblü dünya layihəsində qoruya bilər və türk cəmiyyətindəki müxtəlif qüvvələr – öz məntiqi yanaşması olan dünyəvi rəhbərlik, solçular, fərqli düşünən dindar dairələr, üçüncü mövqedə duran ali hərbi rəhbərlik – bunu anlamaqdadırlar. Uzunmüddətli qarşılıqlı soyuqluğa baxmayaraq, Moskva-Ankara tədricən tam ehtimal olunan geopolitik reallığa qədəm qoyur.
QAFQAZIN FUNKSİYALARI. Qafqaz regionu Avrasiya inteqrasiyasının ağrılı nöqtəsidir, çünki mədəniyyət və etnosların mozaikliyi onu yüksək gərginlik zonasına çevirə bilir və bundan da adətən Avrasiya inteqrasiya prosesini pozmaq istəyən qüvvələr istifadə edir. 
Qafqaz anklavı bəzən müxtəlif dövlətlərə, yaxud sivilizasiya sahələrinə aid xalqlarla məskunkaşıb. Bu region inteqrasiyanın laboratoriyası ola bilər, çünki Qafqaz üçün adekvat olan Federasiyanın Avrasiya modeli bütün Rusiya-Orta Asiya zonasının yenidən adekvat strukturlaşması yolunda üstünlüyünü göstərəcək. Avrasiyaçılıq nəzərində Qafqaz problemi təkmillətli (monoetnik) dövlətlərin yaradılması və ayrı-ayrı xalqların sərt şəkildə bu və ya digər dövlətlərin tərkibinə daxli edilməsi şəklində deyil, meridional zolağın ümumi strateji etno-mədəni və konfessional əlamətləri əsasında çevik federasiya yaradılmasıyla həll olunacaq.
Belə olduğu təqdirdə, inteqrasiya prosesində Moskva ilə Qafqazın mərkəzləri arasında yarımoxlar sistemi yaranır: Moskva-Bakı, Moskva-Yerevan, Moskva-Tbilisi, Moskva-Maxaçqala, Moskva-Qroznı və s.
ORTA ASİYA ÜÇÜN AVRASİYA PLANI. Orta Asiya MDB-nin yerini tutmaq əzmində olan Avrasiya Birliyi çərçivəsində Rusiya ilə vahid strateji və iqtisadi bloka inteqrasiya edir. Bu halda Orta Asiyanın funksiyası kontinental islam ölkələri ilə (İran, Pakistan, Əfqanıstan) Rusiya arasında yaxınlaşma zonası olmaqdır. Ona görə də ilk əvvəl bu meridional zolağın Orta Asiya sektoruna çoxvektorlu inteqrasiya imkanları vermək lazımdır; müəyyən parametrlər üzrə mədəni cəhətdən, iqtisadi və enereji maraqları, təhlükəsizliyin strateji sistemi və digər məsələlər baxımından yaxın Rusiya prioritet tərəfdaş kimi kimi çıxış edəcək – Türk, İran və daha geniş miqyasda İslam dünyası ilə etnik, yaxud konfessional yaxınlığa xüsusi diqqət yetiriləcək.
6.AVRASİYAÇILIQ POSTSOVET MƏKANININ İNTEQRASİYASI KİMİ.
AVRASİYA BİRLİYİ. Avrasiyaçılığın daha dar- 20-ci əsrin 20-30-cu illərinin ilk avrasiyaçılarının bu anlayışa verdikləri məzmunla qismən səsləşən mənası postsovet məkanının lokal inteqrasiyası prosesi ilə məhdudlaşır. 
Analoji inteqrasiyanın müxtəlif formalarını tarixi kontekstdə hunların çöl imperiyasından, digər köçəri imperiyalardan (monqol, türk və hind-avropa) tutmuş Çingizxanın səltənətinə və “orda”lara qədər izləmək mümkündür. Sonra inteqrasiya funksiyasını Rusiya pravoslav monarxiyası, daha sonra isə SSRİ öz üzərinə götürdü. Dövlətçiliyin hər bu cür bir növbəti formulası konkret mərhələnin tarixi spesifikasını əks etdirdi.
Bu gün inteqrasiya ənənəsini davam etdirən Avrasiya Birliyi demokratiya prosedurunu, xalqların hüquqlarını, inteqrasiya prosesinin bütün iştirakçılarının mədəni, dil və etnik xüsusiyyətlərini nəzərə alan xüsusi dünyagörüş modeli hazırlamışdır.
Avrasiyaçılıq qismən dar olan bu miqyasda postsovet məkanının demokratik, qeyri-zorakı və könüllü əsaslarla, hər hansı etnik və ya konfessional qrupun dominantlığına əsaslanmayan inteqrasiya fəlsəfəsi kimi də baxıla bilər.
ASTANA, BİŞKEK VƏ DÜŞƏNBƏ İNTEQRASİYANIN MÜHƏRRİKLƏRİ KİMİ. Postsovet məkanının inteqrasiyası baxımından MDB-nin müxtəlif Orta Asiya respublikaları qeyri-bərabər vəziyyətdədirlər. Bu ideyanı hamıdan fəal Qazaxıstan dəstəkləyir. Qazax xalqının lideri Nursultan Nazarbayev avrasiyaçılığın inamlı və fəal tərəfdarıdır. Qırğızıstan və Tacikistan da layihəyə eyni dərəcədə müsbət yanaşırlar, lakin Nazarbayevlə müqayisədə bu dəstəyin formatı yetərincə təşəbbüskar və möhkəm deyil.
DAŞKƏND VƏ AŞQABAD. Özbəkistan və xüsusilə də Türkmənistan Avrasiya inteqrasiyasından bir qədər məsafə saxlayırlar, yenicə əldə olunmuş milli dövlətçilikdən maksimum dərəcədə müsbət nəticələr əldə etmək istəyirlər. Lakin qlobalist layihələr aktivləşdikcə bu ölkələr dilemma qarşısında qalacaqlar: ya amerikan liberal dəyərlərinin dominantlığı ilə vahid qlobal dünyada əriyib milli dövlətçiliklərini itirməli, ya da Avrasiya Birliyi kontekstində öz milli kimliklərini qorumalıdırlar. Alternativlərin obyektiv ölçülüb-biçilməsi bu ölkələri tarixlərindən və məkan strukturlarından doğan ikinci variantı seçməyə sövq edəcək.
ZAQAFQAZİYA DÖVLƏTLƏRİ. Ermənistan daha çox ətrafındakı islam qövsünə münasibətdə Rusiyanın dəstək və dayağını axtararaq, ardıcıl olaraq Avrasiya Birliyinə meyil edir. Bakı neytral mövqedən çıxış edir, ancaq Ankaranın avrasiyaçılığa daha ardıcıl və dönməz münasibəti çox şeyi dəyişə və bu da dərhal Azərbaycanın mövqeyinə təsir edə bilər. Öz mədəni quruluşu etibarilə Azərbaycanın Rusiyaya, Qafqazın və Orta Asiyanın postsovet respublikalarına yaxınlığı dindar İrana və hətta dünyəvi Türkiyəyə yaxınlığından qat-qat çoxdur. Gürcüstan isə bir neçə səbəbdən daha çox problemlidir. Gürcü dövlətinin mozaik xarakteri yeni milli dövlət qurulması üçün ciddi problemlər yaradır – Abxaziya, Cənubi Osetiya, Acarıstan və başqaları buna ciddi etiraz edirlər. Bundan başqa, Gürcüstanın qonşu dövlətlər arasında etibarlı tərəfdaşları olmadığından, Moskva əleyhinə ABŞ və NATO-nun şəxsində balans axtarır. Bununla da məhz Gürcüstanda ümumi avrasiyaçılıq prosesinin altına daha təhlükəli strateji mina qoyulur. Situasiyanı yalnız Gürcüstanın atlantizmlə heç bir əlaqəsi olmayan, sırf dərin Avrasiya cizgiləri olan pravoslav mədəniyyəti, gürcü cəmiyyətinin ənənəçi dayaqları xilas edə bilər.
MDB-NİN SLAVYAN RESPUBLİKALARI – UKRAYNA və BELARUS. Avrasiya Birliyi yaradılmasının uğuru üçün bu layihəyə Qazaxıstan və Ukraynanın yetərli dəstək verməsi zəruridir. Moskva-Astana-Kiyev yeni yaradılan qurumun bütün konstruksiyalarının sabitliyini təmin edəcək konfiqurasiyadır.
Odur ki Kiyevin Avrasiya inteqrasiya layihəsinə cəlb olunması bütün bu təşəbbüsün birinci dərəcəli vəzifəsidir. Rusiya və Ukraynanı çox şey yaxınlaşdırır: mədəniyyət, dil, etnik ümumilik, din. Ukraynanın müstəqilliyi lap əvvəldə rusofob, dezinteqrasiya xarakteri daşıdığından, Avrasiya layihəsində məhz bu iki ölkəni yaxınlaşdıran aspektləri maksimum dilə gətirmək lazımdır.
Bu prosesdə qlobal strateji baxımdan Şərqi Avropadakı proseslərin harmonizasiyasında maraqlı olan Avropa İttifaqı ölkələri müsbət rol oynaya bilər. Moskvanın Kiyev ilə yaxınlaşmasına Avropa əleyhinə yönəlik jest kimi deyil, hər iki salvyan ölkəsinin Avropayönlü siyasətinin ifadəsi kimi baxmaq lazımdır.
Ukrayna haqqında deyilənlərin hamısı tam olaraq inteqrasiya tendensiyalarının daha qabarıq təzahür etdiyi Belarusa da aiddir. Lakin Belarusun strateji və iqtisadi statusu Avrasiya layihəsi üçün Astana və Kiyevin mövqeləri qədər vacib deyil. Bundan başqa, Moskva-Minsk oxunun digər inteqrasiya marşrutlarından daha prioritet olması müəyyən məqamlarda inteqrasiya prosesinə ziyan vura da bilər. Ona görə də, Rusiya ilə Belarusun yaxınlaşması Avrasiya prosesinin digər vektorları ilə bərabər təbii və orta ritmdə getməlidir.
7.AVRASİYAÇILIQ XÜSUSİ DÜNYAGÖRÜŞ KİMİ.
ORİJİNAL FƏLSƏFƏ. Avrasiyaçılığın son təsnifatı müəyyən dünyagörüşə, özündə orijinal tərzdə ənənəni, müasirliyi, hətta postmodern elementləri birləşdirən bəlli siyasi fəlsəfəyə tətbiq olunur. 
Avrasiyaçılığın bu fəlsəfəsi ənənəvi cəmiyyət dəyərlərinin prioritetindən doğur, texniki və sosial modernizasiyanın (mədəni köklərdən ayrılmadan) imperativlərini qəbul edir və öz ideya proqramını “postmodern” adlanan postindustrial, informasiya cəmiyyətinin şərtlərinə adaptasiya etməyə çalışır.
Postmoderndə ənənə ilə müasirlik arasında formal qarşıdurma aradan qalxır. Lakin atlantist aspektdə postmodernizm onları laqeydlik və mahiyyətin tükənməsi mövqeyindən bərabərləşdirir. Avrasiyaçı postmodern isə əksinə, ənənə ilə müasirliyin alyansını yaradıcılığa və inkişafa sövq edən qurucu, optimist, enejili impuls olaraq mümkün sayır.
Avrasiyaçılıq fəlsəfəsində Maarifçilik dövrünün sıxışdırdığı reallıqlar legitim yerdə durur: bunlar din, etnos, imperiya, kult, miras və s.-dir. Eyni zamanda, moderndən də texnoloji sıçrayış, iqtisadi inkişaf, sosial ədalət, azad əmək və s. götürülür. Ziddiyyətlər aşılaraq, vahid harmoniyada qovuşur, bəşəriyyətin əbədi problemlərinin həlli üçün yeni fikirlər və qərarlar doğuran orijinal nəzəriyyəyə çevrilir.
AVRASİYAÇILIQ – AÇIQ FƏLSƏFƏDİR. Avrasiyaçılığın fəlsəfəsi – açıq fəlsəfədir, ehkamçılığın istənilən forması ona yaddır. Bu fəlsəfə çoxsaylı cərəyanlarla – dinlər tarixi, sosioloji və etnoloji kəşflər, geopolitika, iqtisadiyyat, ölkəşünaslıq, kulturologiya, strateji və politoloji tədqiqatların müxtəlif növləri və s. ilə tamamlana bilər. Bundan başqa, avrasiyaçılıq fəlsəfə olaraq hər bir konkret mədəniyyət və dil kontekstində orijinal inkişafı nəzərdə tutur: rusların avrasiyaçılığı labüd olaraq fransızların, yaxud almanların avrasiyaçılığından, türklərin avrasiyaçılığı iranlıların, ərəblərin avrasiyaçılığı çinlilərin avrasiyaçılığından fərqlənəcək və s. Bununla belə, bu fəlsəfənin əsas güc vektorları bütövlükdə dəyişməz qalacaq.
AVRASİYAÇILIĞIN MADDƏLƏRİ. Avrasiya fəlsəfəsinin əsas nişangahlarını aşağıdakı kimi sadalamaq olar:
✳differensializm, dəyər sistemlərinin plüralizmi hansısa ideologiyanın (ilk növbədə amerikan liberal-demokratiyasının) məcburi dominantlığına qarşı;
✳ənənəçilik ənənəvi cəmiyyətlərin mədəniyyətlərinin, doqmatlarının və ayinlərinin məhvinə qarşı;
✳dövlət-dünya, dövlət-qitə milli-birjua dövlətlərinə, eləcə də “dünya hökumətinə” qarşı;
✳xalqların hüququ “qızıl milyardın” hökmranlığına və “varlı Şimalın” neokolonial hegemoniyasına qarşı;
✳etnos tarixin dəyəri və subyekti kimi xalqların simasızlaşdırılmasına və süni sosial-siyasi konstruksiyalarda yadlaşdırılmasına qarşı:
✳sosial ədalət və zəhmət adamlarının həmrəyliyi istismara, zülmə əsaslanan qazanc və insanın insan tərəfindən alçaldılması məntiqinə qarşı.


3-CÜ HİSSƏ: AVRASİYAÇI BAXIŞ

DÖVRÜN NƏFƏSİ. Hər bir tarixi dövrə onun öz “koordinatlar sistemi” xarakterikdir: siyasi, ideoloji, iqtisadi, mədəni.
Məsələn, 19-cu əsr Rusiyada “slavyanofillərlə” “qərbçilər” arasında qarşıdurma şəraitində keçib. 20-ci əsrdə “qırmızılarla” “ağlar” arasında qarşıdurma olub. 21-ci əsr isə atlantistlər (“birqütblü qlobalizm” tərəfdarları) və avrasiyaçılar arasında qarşıdurma əsri olacaq.
Atlantizm – aşağıdakıları göstərən geopolitik termindir:
✳tarixi və coğrafi baxımdan – dünya sivilizasiyasının Qərb sektoru;
✳hərbi-strateji baxımdan – NATO üzvü olan ölkələr (ilk növbədə ABŞ); 
✳mədəni baxımdan – Qərb media-imperiyalarının yaratdığı unifikasiya olunmuş informasiya mühiti;
✳sosial baxımdan – mütləqləşdirilmiş və iqtisadi həyatın digər çoxçeşidli təşkilat formalarını inkar edən “bazar quruluşu”.
Atlantistlər – Qərb sivilizasiyası strateqləri, eləcə də onların planetin digər hissələrində bütün dünyanı nəzarət altına almaq, Qərb sivilizasiyası üçün xarakterik olan sosial-iqtisadi və mədəni stereotipləri bütün bəşəriyyətə zorla qəbul etdirmək istəyən şüurlu tərəfdarlarıdır. Atlantistlər əvvəllər heç vaxt mövcud olmayan və planetin mütləq azlığına, yəni “qızıl milyarda” sərf edən dünya düzəninin – “Yeni dünya nizamı”nın yaradıcılarıdır.  
Qlobalizm, qloballaşdırma – mərkəzində Qərb siyasi-maliyyə-oliqarxik qruplaşmalarının dayandığı “Yeni dünya nizamı” qurulması prosesidir. Suveren dövlətlər, milli mədəniyyətlər, dini doktrinalar, təsərrüfat ənənələri, sosial ədalət haqqında təsəvvürlər, ətraf mühit, planetin bütün mənəvi, intellektual və maddi rəngarəngliyi – bütün bunlar qloballaşmaya qurban veriləcək. Adi siyasi leksikada “liberalizm” termini məhz “birqütblü qlobalizm” mənasını verir – bu, müxtəlif mədəniyyətlərin, sosial-siyasi və iqtisadi sistemlərin yeni bir formada (bu, “çoxqütblü qlobalizm”, yaxud “Avrasiya qlobalizmi” olardı) qovuşması deyil, bəşəriyyətə Qərb stereotiplərinin zorla sırınmasıdır. Qlobalizm praktikada əslində “kolonializmin” və “imperializmin” yeni formasıdır.
Atlantist dünya nizamına və qloballaşmaya qarşı avrasiyaçılar, yəni çoxqütblü dünya tərəfdarları çıxış edirlər. Avrasiyaçılar prinsipial surətdə dünyanın hər bir xalqının özünəməxsusluğunun, mədəniyyətlərin və dini ənənələrin rəngarəngliyinin, xalqların öz tarixi inkişaf yolunu azad şəkildə seçmək hüququnun qorunmasını müdafiə edirlər. Avrasiyaçılar mədəniyyətlərin və dəyərlər sistemlərinin ünsiyyətini, xalqların və sivilizasiyaların açıq dialoqunu, mədəniyyətdə yaradıcı novatorluğun ənənələrlə üzvi bağlılığını alqışlayırlar.
Avrasiyaçı olmaq – ənənəvi mövcudluq formalarını qorumağa və könüllü azad yaradıcı inkişafa (ictimai və şəxsi) əsaslanan şüurlu seçimdir.
Odur ki avrasiyaçılar təkcə Avrasiya qitəsində məskunlaşan xalqların nümayəndələri deyil. Avrasiyaçılar ənənəvi dəyərləri qəbul edən bütün azad yaradıcı insanlardır- o cümlədən obyektiv olaraq atlantizmin bazasında yerləşən reqionların belə insanları. 
Avrasiyaçılar və atlantistlər bir-birinə qarşıdırlar. Onlar dünyanın iki fərqli, alternativ obrazını və gələcəyini müdafiə edirlər. Məhz avrasiyaçıların və atlantistlərin qarşıdurması 21-ci əsrin tarixi simasını müəyyən edəcək.
DÜNYANIN GƏLƏCƏYİNƏ AVRASİYAÇI BAXIŞ. Avrasiyaçılıq (geniş mənada) aşağıdakıları göstərən əsas termindir:
✳tarixi və coğrafi baxımdan – dünya sivilizasiyasının Qərb sektorunu çıxmaq şərtilə bütün dünya;
✳hərbi-strateji baxımdan – ABŞ-a və onun NATO üzrə müttəfiqlərinin ekspansiyaçı siyasətlərinə qarşı olan ölkələr;
✳mədəni baxımdan – təbii milli, etnik, dini və mədəni ənənələrin qorunması və inkişafı;
✳sosial baxımdan – təsərrüfatçılığın rəngarəng formaları və “sosial ədalət cəmiyyəti”.
Avrasiyaçılıq (məhdud tarixi mənada) 20-ci illərdə rus mühacirəti mühitində yaranmış fəlsəfi istiqamətdir. Onun əsas müəllifləri N.S. Trubetskoy, P.N. Savitski, N.N. Alekseyev, V.Q. Vernadski, V.N. İlyin, P.P. Suvçinski, E. Xara-Davan, Y. Bromberq və başqalarıdır. 50-ci illərdən 80-ci illərədək bu istiqaməti L.N. Qumilyov inkişaf etdirmiş və dərinləşdirmişdir.
Neoavrasiyaçılıq 80-ci illərin sonunda meydana çıxaraq (banisi filosof A.Q. Duqindir), ənənəvi avrasiyaçılıq anlayışını genişləndirib, onu yeni ideya-metodoloji bloklar ilə – ənənəçilik ilə, geopolitika ilə, metafizika ilə, “yeni sağlar”, “yeni sollar”, iqtisadiyyatda “Üçüncü yol” fəlsəfi elementləri ilə, “xalqların hüquqları”, “etnik feodalizm” teoriyaları ilə, ekologiya ilə, ontoloji fəlsəfə ilə, esxatoloji vektor ilə, rus tarixinin universal missiyasının yeni anlamı ilə, elm tarixinin paradiqmatik təsviri ilə və s. birləşdirmişdir.
Avrasiyaçılar atlantistlərin zorla qəbul etdirmək istədiyi birqütblü qloballaşmaya qarşı çıxış edərək, ardıcıl olaraq çoxqütblülük prinsipini müdafiə edirlər.
Bu yeni dünyanın qütbləri kimi ənənəvi dövlətlər deyil, “geoiqtisadi zolaqlarda” (“geoiqtisadi zonalar”) birləşən yeni inteqrasiya olunmuş sivilizasiya quruluşları (“böyük məkanlar”) çıxış edəcəklər.
Çoxqütblülük prinsipindən çıxış edərək, dünyanın gələcəyi 4 geoiqtisadi zolaqda (hər biri öz növbəsində bir neçə “böyük məkandan” ibarətdir) ölkələrin və xalqların coğrafi, mədəni, dəyər və sivil yaxınlığı prinsipi ilə təşkil olunmuş bərabər, dostcasına tərəfdaşlıq əlaqələri kimi təsəvvür edilir:
1.Avro-Afrika zolağı. Bura üç “böyük məkan” – Avropa Birliyi, İslam-Ərəb Afrikası, subtropik (qara) Afrika daxildir;
2.Asiya-Sakit okean zolağı. Bura Yaponiya, Cənubi-Şərqi Asiya və Hind-Çin ölkələri, Avstraliya və Yeni Zelandiya daxildir;
3.Avrasiya kontinental zolağı. Bura dörd “böyük məkan” – “Avrasiya Birliyi” (bura Rusiya, MDB dövlətləri, üstəgəl bəzi Şərqi Avropa ölkələri girir), kontinental islam ölkələri, Hindistan, Çin daxildir;
4.Amerika zolağı. Bura üç “böyük məkan” – Şimali Amerika, Mərkəzi Amerika və Cənubi Amerika daxildir.
Dünya bu cür təşkil olunarsa, insanlığa təhlükə yaradan qlobal konfkliktlər, qanlı müharibələr, ifrat formalı qarşıdurmalar az ehtimal olunur.
Rusiya və onun Avrasiya kontinental zolağı üzrə tərəfdaşları təkcə zolaq qonşuları ilə deyil (Avro-Afrika və Sakit Okean), zidd zolaq olan Amerika ilə də -hansı ki çoxqütblü quruluş kontekstində Qərb yarımkürəsində konstruktiv rol oynamaq əzmində olacaq- harmonik münasibətlər quracaq.
Bəşəriyyətin gələcəyinin belə quruluşu, atlantistlərin Qərbin oliqarxik strukturlarının nəzarəti altında birqütblü stereotip dünya yaradılması qlobalist planlarına ziddir (hansı ki, “Dünya höküməti” yaratmağa gətirib çıxarmalıdır).
DÖVLƏTİN TƏKÜMÜLÜNƏ AVRASİYAÇI BAXIŞI. Avrasiyaçılar milli dövlətləri 15-20-ci əsrlərin tarixi dövrü üçün xarakterik olduqlarından, müasir halda məkan və xalqların köhnə formalı qurumları sayırlar. Milli dövlətlərin yerinə böyük kontinental məkanların mürəkkəb, milli, mədəni və daxili təsərrüfat muxtariyyəti olan çoxölçülü sistemə malik strateji birliklərini təşkil edən yeni siyasi quruluşlar gəlməlidir. Bu cür məkanlar və xalqlar qurumunun müəyyən cizgilərini həm keçmişin böyük imperiyalarında (Makedoniyalı İsgəndərin imperiyası, Roma imperiyası və s.), həm də ən yeni siyasi strukturlarda (Avropa Birliyi, MDB) görmək olar.
Bu gün müasir dövlətlərin qarşısında aşağıdakı perspektivlər durur:
1.Özünü ləğv edərək, ABŞ-ın dominantlığı altında vahid planetar məkana (atlantizm, qloballaşma) inteqrasiya etmək;
2.Qloballaşmaya qarşı çıxaraq öz administrativ strukturlarını (formal müstəqilliyini) qorumağa cəhd etmək;
3.Tarixi, sivil və strateji birlik əsasında regional tipli dövlətüstü qurumlara (“böyük məkanlara”) daxil olmaq.
Üçüncü variant – Avrasiya variantıdır. Məhz belə bir inkişaf yolu avrasiyaçı analiz baxımından müasir dövlətlərin qloballaşma təhlükəsi qarşısında mühafizə etmək əzmində olduğu dəyərli və özünəməxsus hər şeyi qoruyub-saxlamağa qadirdir. Dövlətçiliyi başqa heç cür sırf mühafizəkar cəhdlərlə qoruyub-saxlamaq mümkün deyil. Dövlətlərin siyasi rəhbərliyinin qlobalist layihədə əriməyə şüurlu orientasiyasını avrasiyaçılar tarixi dövlətlərin öz mövcudluqlarına görə borclu olduqları dəyərlərdən imtina kimi qiymətləndirirlər.
21-ci əsr müasir dövlətlərin siyasi elitalarının bu 3 mümkün çıxış yolu ilə bağlı taleyüklü qərarlarına səhnə olacaq. 3-cü inkişaf variantı uğrunda mübarizə avrasiyaçı dünyagörüşünü müdafiə edən siyasi qüvvələrin yeni geniş beynəlxalq koalisiyasının təməlində dayanır.
Avrasiyaçılar Rusiya Federasiyasında və MDB-də gələcək müstəqil siyasi qurumun – Avrasiya Birliyinin nüvəsini və 4 əsas dünya geoiqtisadi zolaqlarından birini (“Avrasiya kontinental zolağı”) görürlər.
Eyni zamanda avrasiyaçılar çoxölçülü avtonomiya (muxtariyyət) sisteminin inamlı tərəfdarlarıdır.
Avtonomiya (yunanca: özünüidarə) – insan kollektivlərinin hər hansı orqanik əlamətlər (milli, dini, soy-kök, peşəkarlıq və s.) üzrə birləşmiş təbii təşkilat formasıdır. Avtonomiya üçün kontinental miqyaslı siyasi quruluşların strateji maraqlarına zidd olmayan sferalarda maksimal azadlıq xarakterikdir. Avtonomiya suverenliyə – xalqların və məkanların milli dövlətlərin müasir halına xarakterik olan təşkilatlanma üsuluna qarşıdır. Suverenlik halında söhbət əraziyə azad və müstəqil sahibliyin proritet hüququndan gedir. Avtonomiya isə insanların əraziyə sahibliklə ilə bağlı olmayan sahələrdə kollektiv həyatının təşkili məsələlərində müstəqilliyini nəzərdə tutur.
Çoxölçülü avtonomiyalar prinsipi RF-də olduğu kimi, “Avrasiya Birliyi”ndə, “Avrasiya kontinental zolağı”nda, bütün “böyük məkanlarda” və “geoiqtisadi zolaqlarda” da xalqların, etnosların, sosial-mədəni qrupların həyatının təşkilinin optimal strukturu kimi nəzərdən keçirilir.
Yeni siyasi-strateji quruluşların (“böyük məkanların”) bütün torpaqları (əraziləri) Vahid Strateji Mərkəzin birbaşa tabeliyində olmalıdır. Avtonomiyaların kompetensiyasında isə kollektivlərin idarə olunmasının qeyri-ərazi aspektlərinə dair məsələlər olmalıdır.
Vahid Strateji Mərkəz – “böyük məkanların” idarəetməsində strateji sahələr üzərində nəzarəti həyata keçirən təmsilçi instansiyanın şərti adıdır. Hərbi, hüquqi və administrativ idarələri birləşdirən ierarxik strukturdur. Geopolitik planlaşdırma və “böyük məkana” rəhbərlik qütbüdür.
HAKİMİYYƏT BÖLGÜSÜNÜN AVRASİYAÇI PRİNSİPİ. Siyasi quruluşun avrasiyaçı prinsipi idarəetmənin 2 müxtəlif səviyyəsini nəzərdə tutur: yerli və strateji.
Yerli səviyyədə idarəetmə müxtəlif tipli icmalardan təbii şəkildə təşkil olunan (çoxmilyonlu xalqlardan tutmuş bir neçə nəfərdən ibarət əmək kollektivlərinə kimi) avtonomiyalar vasitəsilə həyata keçirilir. Bu idartəetmə tamamilə sərbəst şəkildə yerinə yetirilir və heç bir yüksək instansiya tərəfindən tənzimlənmir. Avtonomiyanın hər bir tip modeli azad şəkildə, ənənələrdən, zövqlərdən, təbii kollektivlərin- icmaların, qrupların, etnosların, dini qurumların birbaşa demokratik istəyindən irəli gələrək seçilir. 
Avtonomiyaların idarəsinə daxildir:
✳mülki və administrativ məsələlər;
✳sosial sahə;
✳təhsil və tibbi xidmət;
✳təsərrüfat fəaliyyətinin bütün sferaları.
Bunlar strateji sahələrdən, yəni “böyük məkanın” təhlükəsiziliyinə və ərazi bütövlüyünə aid məsələlərdən başqa bütün sahələrdir.
Avrasiyaçı avtonomiya prinsipi üzrə qurulmuş cəmiyyətdə vətəndaş azadlıqlarının səviyyəsi son dərəcə yüksəkdir. İnsan özünü ifadə etmək və yaradıcı inkişaf üçün bütün bəşəriyyət tarixində görünməmiş imkanlara malik olacaq.
Strateji təhlükəsizlik, vahid kontinental məkan çərçivəsində həyata keçirilən beynəlxalq fəaliyyət, makro səviyyəli iqtisadi problemlər, strateji resurslara və kommunikasiyalara nəzarət – Vahid Strateji Mərkəzin əlində olacaq.
Vahid Strateji Mərkəzin icraatında avtonomiyalar arasındakı mübahisəli məsələlərin həlli, səlahiyyət sərhədlərinin müəyyən olunması, arbitraj mübahisələrinin araşdırılması işləri olacaq.
Strateji və yerli səviyyəli hakimiyyətlərin səlahiyyət sferaları ciddi şəkildə müəyyənləşərək bir-birindən ayrılacaq. Avtonomiyaların Vahid Strateji Mərkəzin səlahiyyətlərinə aid məsələlərə qarışmasının qarşısı alınacaq. Və əksinə.
Beləliklə, idarəetmənin Avrasiya prinsipləri ənənəvi və dini hüququ, milli və yerli ənənələri özündə üzvi şəkildə birləşdirir, tarixən formalaşan ictimai-siyasi zənginlikləri nəzərə alaraq, sabitliyə, təhlükəsizliyə və ərazi toxunulmazlığına etibarlı təminat verir.
İQTİSADİYYATA AVRASİYAÇI BAXIŞ. Atlantistlər dünyanın bütün xalqlarına vahid iqtisadi model qəbul etdirmək, bəşər sivilizasiyanın Qərb hissəsinin 19-20-ci əsrlərdəki təsərrüfat inkişafı təcrübəsinə etalon statusu qazandırmaq istəyirlər. Digər xalqların və dövrlərin təsərrüfat sistemlərinin mövcudolma haqqını atlantistlər rədd edir, bununla təsərrüfat sahəsini konkret tarixi, milli və sosial şərtlərdən ayırırlar.
Avrasiyaçılar isə əksinə, əmindirlər ki, iqtisadi quruluş xalqların və cəmiyyətlərin tarixi və mədəni inkişaf aspektlərindən törəyir; deməli, iqtisadi sahədə müxtəliflik, çoxsistemlilik, yaradıcı axtarış, azad inkişaf qanunauyğun zərurətdir.
Təkcə ümumi təhlükləsizliyin təmin olunmasıyla bağlı olan irimiqyaslı strateji sahələr (hərbi sənaye kompleksi, transport, resurslar, enerji təchizatı, kommunikasiyalar) ciddi nəzarət altında olmalıdır. Qalan iqtisadiyyatın bütün digər sektorları azad və təbii şəkildə, təsərrüfat fəaliyyətinin həyata keçirildiyi konkret avtonomiyaların şərait və ənənələrinə uyğun inkişaf etməlidir.
Avrasiyaçılıq iqtisadiyyat sahəsində heç bir mütləq həqiqətin olmamasında israr edir- liberalizmin və marksizmin reseptləri yalnız qismən və konkret şəraitdən asılı olaraq tətbiq edilə bilər.
Liberalizm – yalnız bazarın maksimal azadlığının və bütün təsərrüfat vasitələrinin özəlləşdirilməsinin iqtisadi inkişaf üçün optimal şərait yaratdığını təkid edən iqtisadi təlimdir. Liberalizm atlantistlərin və qlobalistlərin doqmatik iqtisadi təlimidir.
Marksizm – yalnız iqtisadi proseslər üzərində tam nəzarətin ictimai instansiyalar tərəfindən həyata keçirilməsi, ümumməcburi planlaşdırma və əldə olunan məhsulu cəmiyyətin bütün üzvləri arasında bərabər bölüşdürmə (kollektivçilik) ədalətli dünyanın iqtisadi əsası ola bilər məntiqini təkid edən iqtisadi təlimdir. Marksizm bazarı və özəl mülkiyyəti rədd edir.
Praktikada sərbəst bazar yanaşmasının, strateji sahələr üzərində nəzarətlə və gəlirlərin bütövlükdə cəmiyyətin milli və sosial vəzifələrindən asılı olaraq yenidən bölüşdürülməsi ilə uyğunlaşdırılmasının müxtəlif formaları zəruridir. Beləliklə, Avrasiya iqtisadiyyatında “Üçüncü yol”  modeli dəstəklənir.
“Üçüncü yol” iqtisadiyyatı – bazar yanaşmasını təsərrüfatın müəyyən dərəcədə tənzimlənməsi ilə yüksək iqtisadi meyar və prinsiplər əsasında kombinasiya edən iqtisadi nəzəriyyələrin sintezidir.
Avrasiya iqtisadiyyatı aşağıdakı prinsiplər üzərində qurulmalıdır:
✳təsərrüfatın yüksək mənəvi bəşəri məqsədə xidmət etməsi;
✳makro-iqtisadi inteqrasiya və əməyin “böyük məkanlar” (“gömrük birliyi”) miqyasında bölünməsi;
✳Avrasiya məkanında vahid maliyyə, nəqliyyat, enerji, sənaye, informasiya sistemlərinin yaradılması;
✳qonşu “böyük məkanlar” və “geoiqtisadi zonalar” ilə differensiasya olunmuş iqtisadi sərhədlər yaradılması;
✳mərkəzin sistemi formalaşdıran sahələrə strateji nəzarəti ilə paralel olaraq təsərrüfat fəaliyyətinin orta və kiçik biznes səviyyəsində maksimal azadlığı;
✳təsərrüfatçılıq formalarının (bazar strukturlarının) regionların ictimai, milli və mədəni ənənələrinə təbii surətdə bağlılığı, orta və iri sahibkarlıqda yeknəsəq formalı iqtisadi etalonun olmaması;
✳mal və xidmət bazarının maksimal azadlığı.
MALİYYƏ MƏSƏLƏSİNƏ AVRASİYAÇI BAXIŞ. Avrasiya Birliyinin Vahid Strateji Mərkəzi üçün pul dövriyyəsinə nəzarət məsələsi də strateji baxımdan əhəmiyyətli olmalıdır. Heç bir ödəniş vasitəsi universal dünya rezerv valyutası roluna iddia etməməlidir. Vacidbir ki, Avrasiya Birliynə daxil olan bütün ərazilərdə qüvvədə olan Avrasiya rezerv valyutası yaradılsın. Başqa heç bir valyutadan Avrasiya Birliyində rezerv qısmində istifadə olunmamalıdır.
Digər tərəfdən, bir və ya bir neçə qonşu avtonomiya daxilində işlənəcək yerli ödəmə və mübadilə vasitələrinin yaradılmasını hərtərəfli həvəsləndirmək lazımdır. Bu tədbir kapitalın spekulyativ məqsədlərlə toplanmasını qeyri-effektiv edəcək, onun dövriyyəçiliyini artıracaq. Bundan əlavə, iqtisadiyyatın real sektoruna sərmayə qoyuluşunun həcmi artacaq, həm də vəsaitlər daha çox qazanıldıqları yerlərə qoyulacaqlar.
Avrasiya layihəsində maliyyə sahəsi təsərrüfatın inkişafının keyfiyyətli cəhətlərinə orientasiya olunmuş real istehsal və mübadilə instrumenti kimi nəzərdən keçirilir. Atlantist (qlobalist) layihədən fərqli olaraq, heç bir maliyyə avtonomiyasından (yəni “finansizmdən”) söhbət gedə bilməz.
Finansizm – kapitalist cəmiyyətinin postindustrial fazasındakı iqtisadi quruluşudur, liberal prinsiplərin iqtisadiyyatda hüdudsuz inkişafının məntiqi nəticəsidir. Onunla fərqlənir ki, iqtisadiyyatın real sektoru – virtual maliyyə əməliyyatlarına (maliyyə birjaları, qiymətli kağızlar bazarı, portfel investisiyaları, dövlətlərarası borclarla iş, maliyyə trendlərini sərbəst qiymətləndirən fyuçers müqavilələri və s.) nisbətdə ikinci dərəcəliyə çevrilir. Finansizm istehsalatdan pul sahəsini (dünya rezerv valyutası, elektron pullar) ayıraraq, monetar yanaşmaya söykənir.
Çoxqütblü dünyanın zonal təsəvvürü valyutaların bir neçə səviyyəsini nəzərdə tutur:
✳geoiqtisadi valyuta (ayrıca geoiqtisadi zona çərçivəsində dövriyyədə olan pul vəsaitləri və qiymətli kağızlar - bütövlükdə “böyük məkan”ların strateji mərkəzləri arasında qarşılıqlı maliyyə əlaqələri instrumenti kimi);
✳“böyük məkan” valyutası (ayrıca “böyük məkanda”, xüsusilə də Avrasiya Birliyi daxilində dövriyyədə olan pul vəsaitləri və qiymətli kağızlar - avtonomiyalar arasında maliyyə əlaqəsi instrumenti kimi);
✳avtonomiya səviyyəli valyuta (mübadilə ekvivalentinin digər formaları).
Bu sxemə uyğun olaraq, emissiya və maliyyə-kredit institutları (banklar) – zonal banklar, “böyük məkan” bankları, avtonomiya bankları (və onların analoqları) təşkil olunmalıdır.
DİNƏ AVRASİYAÇI BAXIŞ. Avrasiyaçılar əsl novatorluğun və cəmiyyətin harmonik inkişafının təminatını babalarımızın mənəvi mirasına sadiqlikdə, tam və dolğun dindar həyat tərzində görürlər.
Atlantistlər prinsipial olaraq cılız, ötəri, fani olanlardan başqa nəyisə görməkdən imtina edirlər. Onlar üçün əslində nə keçmiş var, nə də gələcək.
Avrasiyaçılıq fəlsəfəsi isə əksinə, keçmişə dərin və səmimi etibarı və gələcəyə açıq münasibəti özündə birləşdirir. Avrasiyaçı həm miraslara sadiqliyi, həm də azad yaradıcı axtarışı alqışlayır.
Mənəvi inkişaf avrasiyaçı üçün əsas həyati prioritetdir, heç bir iqtisadi və sosail rifah onun yoxluğunu kompensasiya edə bilməz.
Hər bir ən cüzi, lokal dini ənənə, yaxud etiqad sistemi belə, avrasiyaçıların fikrincə, bütün bəşəriyyətin bəhrəsidir. Xalqların ənənəvi dinləri, onlara bağlı dini və mədəni irs diqqət və qayğıya layiqdir. Ənənəvi dinləri təmsil edən strukturlar Strateji Mərkəz tərəfindən dəstəklənməlidir. Təfriqəçi qrupların, ekstremist dini icmaların, totalitar sektaların, qeyri-ənənəvi təriqətlərin və dini doktrinaların təbliğatçılarının, istənilən destruktiv istiqamətli qüvvələrin qarşısı alınmalıdır.
MİLLİ MƏSƏLƏYƏ AVRASİYAÇI BAXIŞ. Avrasiyaçılar hesab edir ki, dünyanın hər bir xalqı qiymətlidir – böyük sivilizasiyalar yaradanlardan tutmuş ta öz ənənələrini göz bəbəyi kimi qoruyan azsaylı xalqlara qədər. Xarici təsirlər nəticəsində assimilyasiyaya uğrama, dilin, ənənəvi yaşamın itməsi, dünyanın istənilən xalqının fiziki yoxolması – bütün bəşəriyyət üçün əvəzolunmaz itkidir.
Avrasiyaçıların “çiçəklənən mürəkkəblik” adlandırdığı xalqların, mədəniyyətlərin, ənənələrin bolluğu – bəşər sivilizasiyasının sağlam, harmonik inkişafının əlamətidir.
Bu mənada velikoruslar 3 etnik qrupun (slavyan, türk və fin-uqor) unikal qarışığından törəyərək, özünəməxsus ənənələri və zəngin mədəniyyəti olan vahid xalqa çevriliblər. Velikorusların 3 etnik qrupun sintezi nəticəsində yaranması faktının özündə xüsusi qiymətə malik olan inteqrasiya potensialı vardır. Məhz buna görə Rusiya dəfələrlə çoxlu sayda müxtəlif xalqların və mədəniyyətlərin vahid sivilizasiya qovşağında birləşməsi üçün özəyə çevrilib. Avrasiyaçılar inanır ki, Rusiya həmin rolu 21-ci əsrdə də oynayacaq.
Avrasiyaçılar izolyasiyaçı deyillər, o cümlədən heç bir halda assimilyasiya tərəfdarı da deyillər. Xalqların həyatı və taleyi – süni müdaxiləyə dözməyən təbii prosesdir. Etnoslararası, millətlərarası məsələlər onların daxili məntiqinə əsasən həll edilməlidir. Dünyanın hər bir xalqına öz tarixi seçimini müstəqil etmək azadlığı verilməlidir. Heç kəsin xalqları, atlantistlərin arzuladığı kimi, “ümumi qazanda qaynadıb” öz unikallığından imtinaya məcbir etmək haqqı yoxdur.
Avrasiyaçılar üçün xalqların hüquqları insan hüquqlarından az əhəmiyyət daşımır.
AVRASİYA PLANET OLARAQ. Avrasiyaçılıq – siyasi qüvvələrin geniş spektrinin dünyagörüşüdür, fəlsəfəsidir, geopolitik layihəsidir, iqtisadi nəzəriyyəsidir, mənəvi hərəkatdır, konsolidasiya nüvəsidir. Avrasiyaçılığa ehkamçılıq, keçmişin avtoritetlərinə və ideologiyalarına kor-koranə itaət yaddır. Avrasiyaçılıq – keçmişin mübahisələrinə, müharibələrinə, konfliktlərinə və miflərinə yalnız tarixi maraq göstərən yeni dünya sakinlərinin ideya platformasıdır. Avrasiyaçılıq – prinsipial olaraq yeni minilliyin yeni nəsli üçün yeni dünyagörüşüdür. Avrasiyaçılıq bəzən bir-biri ilə barışmaz olan və bir-birini istisna edən müxtəlif fəlsəfi, siyasi və mənəvi təlimlərdən ilham alır. Bununla yanaşı, avrasiyaçılığın əsas ideya prinsipləri toplusu var ki, onlardan heç bir halda geri çəkilmək olmaz. Avrasiyaçılığın ən vacib prinsiplərindən biri bürqutblü qlobalist layihəyə qarşı ardıcıl, aktiv və masştablı əks-fəaliyyətdir. Bu əks-fəaliyyət sırf inkardan, yaxud konservatizmdən fərqli olaraq yaradıcı xarakter daşıyır. Biz müəyyən tarixi proseslərin qaçılmazlığını anlayırıq, onları qavramağa, onlarda iştirak etməyə, onlara ideallarımıza uyğun istiqamət verməyə çalışırıq.
Avrasiyaçılığı dünyanın bütün cəmiyyətlərini və xalqlarını hər bir tərkib hissəsi təbii şəkildə tarixi ənənələrdən və yerli mədəniyyətlərdən qaynaqlanan özünəməxsus və orijinal dünya quruculuğunda birləşdirmək əzmində olan çoxqütblü qloballaşma fəlsəfəsi adlandırmaq olar.
İlk tarixi avrasiyaçılıq nəzəriyyələri rus mütəfəkkirləri arasında 20-ci əsrin əvvəllərində yaranıb. Bu ideyalar təkcə dünya xalqlarının mənəvi-fəlsəfi axtarışları ilə səsləşirdi– ən azından bayağı ehkamların məhdudluğunu və yetərsizliyini, ortada olan intellektual klişelərin (liberal və kommunist) məhkumluğunu və dalana dirənəcəyini, adət olunmuş çərçivələrdən yeni üfüqlərə çıxmağa ehtiyac olduğunu dərk edən xalqların. Bu gün isə biz avrasiyaçılığa yeni, qlobal məna verə, avrasiyaçılıq irsimizi təkcə rus məktəbinin əsəri kimi deyil, dünya xalqlarının lap bu yaxınlara kimi (20-ci əsr) danılmaz ortodoksiya (liberal, marksist, yaxud millətçi) hesab etdiyi dar çərçivələrə düşməyən nəhəng mədəni, intellektual layı kimi anlaya bilirik.
Avrasiyaçılıq bu cür son dərəcə geniş qavramada yeni görünməmiş dəyər qazanır. İndi avrasiyaçılıq təkcə yeni postkommunist Rusiyasının milli ideya forması deyil (bu hərəkatın banilərinin və ilk etapdakı müasir neoavrasiyaçıların gördüyü kimi), Rusiyanın, Avrasiya materikinin özünün hüdudlarını çox-çox aşan planetar ümumbəşəri əhəmiyyətli geniş proqramdır. Bu gün Amerika qitəsinin sərhədlərindən də çox-çox uzaqlarda olan coğrafi vilayətlərdə tətbiq edilən “amerikanizm” anlayışı kimi, “avrasiyaçılıq” da planetimizin hansı nöqtəsində yaşamasından, hansı milli və mənəvi mədəniyyətə mənsub olmasından asılı olmayaraq, istənilən insan soyu nümayəndəsinin seçə biləcəyi xüsusi bəşəri, mədəni, fəlsəfi və strateji seçimdir. 
Avrasiyaçılığın bu şəkildə dərkinə real məzmun vermək üçün hələ çox işlər görülməlidir. Nəzərə alsaq ki, bu layihəyə yeni-yeni mədəni, milli, fəlsəfi və dini laylar qoşulacaq – avrasiyaçılığın qlobal məzmunu da genişlənəcək, zənginləşəcək, dəyişəcək... Lakin avrasiyaçılıq platformasının belə məna inkişafı yalnız nəzəriyyə məsələsi olaraq qalmamalıdır – bir çox aspektlər aşkara çıxarılmalı və konkret siyasi praktikada həyata keçirilməlidir.
Avrasiyaçılığın sintezində işsiz söz, sözsüz də iş ola bilməz.
Məna uğrunda söz savaşı və tarixin gedişat meydanı – bütün dünyadır. Öz düşərgəsini seçmək – hər kəsin şəxsi işidir. Qalanını zaman həll edəcək. Gec-tez böyük fədakarlıqlar və dramatik döyüşlər bahasına da olsa, Avrasiyanın dövranı gələcək!


4-CÜ HİSSƏ: AVRASİYA TƏŞKİLATLANMASI

BEYNƏLXALQ AVRASİYA HƏRƏKATININ STRUKTURU. Beynəlxalq Avrasiya Hərəkatının strukturu onun hədəflərinin qloballığı və müasir tarixi şəraitin misilsizliyi ilə şərtlənir.
Beynəlxalq Avrasiya Hərəkatının ən mühüm strateji vəzifəsi bütün avrasiyaçı qüvvələri ümumi siyasi-sosial dünyagörüşü cəbhəsində birləşdirməkdir.
Bu hər hansı səbəbdən “çoxqütblülük”, “rəngarəng mürəkkəblik” tərəfdarı, “birqütblü qlobalizmin” əleyhdarı olan, atlantizmin ekspansiyasına tənqidi yanaşan bütün hərəkatların, cərəyanların, ictimai-siyasi birliklərin, institutların, mərkəzlərin, fondların və s. koordinasiyasını, konsolidasiyasını və inteqrasiyasını nəzərdə tutur.
Bu cür potensial avrasiyaçı (sözün ən geniş mənasında) qüvvələr qüdrətli beynəlxalq təşkilatlardan (məsələn, dünyada birbaşa amerikan hegemonluğunu ləğv və məhv etməyə məhkum olan BMT), iri dövlət qurumlarından, parlament siyasi partiyalarından tutmuş vətəndaşların siyasi, mədəni, milli, dini, peşəkar və hər hansı digər əlamətləri üzrə kompakt birliklərinə qədər ən müxtəlif quruluşlara malik ola bilərlər.
Potensial avrasiyaçı qüvvələrin sırasına bu qədər müxtəlif planlı subyektlərin düşməsi halı Beynəlxalq Avrasiya Hərəkatından tamamilə yeni – siyasi hərəkat, partiya, intellektual mərkəz, dövlət müəssisəsi və ya iqtisadi konsorsium haqqında ənənəvi təsəvvürlərdən mahiyyətcə fərqlənən təşkilat strukturu yaratmağı tələb edir.
Çoxqütblü dünya qurulması – əvvəllər bəşəriyyət qarşısında heç vaxt durmayan qlobal vəzifədir.
Yeni beynəlxalq şərait, insanlığın yeni mövcudolma parametrləri (qlobal kommunikasiya sistemi, yeni texnologiyaların, nəqliyyatın, sosial və iqtisadi strukturların və s. inkişafı) avrasiyaçılardan yeni gözlənilməz, o cümlədən təşkilati qərarlar tələb edir. Qarşıya qoyulan vəzifələrin effektiv həlli üçün Beynəlxalq Avrasiya Hərəkatına müəyyən universallıq vermək lazımdır. Misal üçün, Hərəkatda “xalq diplomatiyası” və aktiv beynəlxalq fəaliyyət ilə yanaşı Avrasiya inkişaf konsepsiyası da həyata keçirilməlidir; dini və dünyagörüş xüsusiyyətlərinə görə yaranan birliklər sırf siyasi strukturlarla qonşuluq etməlidir; Avrasiya iqtisadi əməkdaşlıq mərkəzləri (və onların birləşdirdiyi Avrasiya transmilli korporasiyaları) hərbi-strateji strukturlarla sıx əməkdaşlıq halında fəaliyyət göstərməlidir; informasiya layihələri resurs və enerji sahələrindəki işlərlə uzlaşdırılmalıdır və s.
Beynəlxalq Avrasiya Hərəkatının fəaliyyətinin bütün cəhətləri bir-biriylə sıx qarşılıqlı əlaqədə olmalıdır: iqtisadiyyat siyasətə, texnologiyalar ekologiyaya, informasiya sistemləri mədəniyyətə, dini konfessiya məsələləri təhlükəsizlik problemlərinə, hərbi-strateji potensialın strukturu sənayenin inkişafına və administrativ qurumlara, intellektual inkişaf hakimiyyət elitasının formalaşdırılması prosesinə qırılmaz surətdə bağlı olmalıdır.
Məhz belə (bötüv, insan fəaliyyətinin ən müxtəlif sferalarını birləşdirən) yanaşma ictimai varlığın yeni forması olaraq Beynəlxalq Avrasiya Hərəkatının fərqləndirici xüsusiyyətidir.
Müasir qlobalist və atlantist strukturlarda, “humanitar” fondlarda, intellektual və analitik mərkəzlərdə, dünya KİV-inin səmərəli koordinasiya olunmuş (ictimai rəy formalaşdıran) fəaliyyətində biz, rəqib dünyagörüş düşərgəsinin tək məqsədə – ABŞ və “qızıl milyard” ölkələrinin dominantlığı altında “birqütblü dünya” yaratmağa yönəlik real instrumentlərini görürük.
Bütün əsas parametrləri üzrə avrasiyaçılığa zidd olan atlantist (qlobalist) layihə təkcə “ümumi inkişaf istiqaməti”, “öz-özünə axan spontan proses”, yaxud “teoretik niyyət” deyil, həm də təkmilləşmiş, güclü və effektiv realizasiya mexanizminə malikdir.
Atlantizm təkcə fəlsəfi və futuroloji göstərişlər toplusu deyil. O güclü hərbi-strateji NATO blokudur, inkişaf etmiş ölkələrin, ilk növbədə ABŞ-ın iqtisadi potensialıdır, nəzarət olunan KİV-dir, müxtəlif növ fondlar və ideoloji təminat həyata keçirən intellektual mərkəzlər sistemidir, beynəlxalq təşkilatlardakı, siyasi partiyalardakı, dini konfessiyalardakı və digər qurumlardakı “təsir agentlərinin” müxtəlif qruplarıdır. Bütün bu inkişaf etmiş, nizamlanmış mexanizm bir məqsədə – “birqütblü dünya” qurulmasına və möhkəmlənməsinə xidmət edir.
Avrasiyaçılıq da eynilə bu cür masştablı və effektiv mərkəzləşdirilmiş (dünyagörüşü və koordinasiya baxımından) struktur qurmalıdır ki, qlobalizmi qəbul etməyən, “birqütblü dünyada” özünə layiq yer görməyən əhval-ruhiyyələri, qüvvələri və insan qruplarını seçərək birləşdirir.
Avrasiyaçılığın ən mühüm tarixi vəzifəsi hələ ki dağınıq halda olan bu güclərə ümumi mübarizə platformasını göstərmək və gələcəyin fərqli – çoxqütblü və ədalətli obrazını yaratmaq üçün əsas səyləri koordinasiya etməyə çalışmaqdır.
Avrasiya strukturları “birqütblü qloballaşma” atlantist layihəsinin yaxşıca nizamlanmış reallaşma mexanizminə qarşı səmərəli şəkildə mübarizə aparmalıdırlar.
Müasir dövrdə qlobalizm təkcə ABŞ-ın yox, bütün Qərb dünyasının çərçivələrini aşıb: onun nümayəndələri, tərəfdarları, bələdçiləri və təsir agentləri müxtəlif xalqlardan, siyasi partiyalardan və dini konfessiyalardan cəlb olunur. Bir növ, özünəməxsus “atlantist (qlobalist) internasionalın” mövcudluğundan danışmaq olar.
Avrasiyaçılığın vəzifəsi əsas parametrlər üzrə simmetrik strukturu – “Avrasiya internasionalını” yaratmaqdır. Avrasiya Hərəkatının struktur xüsusiyyətləri məhz bu məqsəd üçün nəzərdə tutulmuşdur. O perspektivdə çoxqütblü dünya üzrə koordinasiya mərkəzinin yerini tutmalıdır.
BEYNƏLXALQ AVRASİYA HƏRƏKATININ “AVRASİYA KONTİNENTAL ZOLAĞI” LAYİHƏSİNİN REALİZASİYASINDA ROLU. Beynəlxalq Avrasiya Hərəkatı strat bazası və əsas plasdarm kimi Rusiyanı görür.
Bu seçim təsadüfi deyil. Bütün tarix boyu, istənilən ictimai quruluşun istənilən formasiyasında Rusiya, Qərb inkişaf yoluna alternativ olan yol axtarıb. Bura həm Pravoslavlıq (xristianlıqda “Avrasiya liniyası”) ilə katoliklik (daha sonra protestantlıq) arasında konflikt, həm orta əsrlərdən başlayaraq 19-cu əsrin sonlarına qədər dövrdəki dövlətçi-mədəni və geopolitik qarşıdurma, nəhayət, 20-ci əsrdəki iki sosial-iqtisadi sistemin ideoloji savaşı da daxildir. Rusiya hər zaman alternativ etik ideal hazırlayıb həyata keçirmək üçün inadkar (bəzən faciəli) mübarizə aparıb.
Rusiyanın tarixi başa çatmayıb, xalq öz tarixi missiyasına sədaqətini qoruyur və buna görə də Rusiya dünya quruculuğunun Qərb versiyasına (”birqütblü dünya”) yeni planetar alternativin (avrasiyaçılıq) lideri olmağa sadəcə məhkumdur.
Rusiya mahiyyətcə Avrasiya ölkəsi olduğundan bu gün həmin xüsusiyyətini heç vaxt olmadığı qədər tam, hər cür dar doqmatik və konfessional formulalardan (sovet, yaxud milli) kənarda anlamaqdadır, məhz ümumdünya missiyası kimi başa düşməkdədir.
Avrasiyaçılıq təkcə Rusiyanın və MDB ölkələrinin inkişafını nəzərdə tutmur. O bütün dünya xalqları üçün yeni ictimai-siyasi quruluşun ümumi layihəsini təklif edir.
Avrasiyaçı nizam quruculuğu prosesi eyni vaxtda düyanın müxtəlif nöqtələrində- atlantist proses olan “birqütblü qloballaşmanın” hər hansı ciddi müqavimətlə üzləşdiyi hər yerdə gedə bilər. “Birqütblü qlobalizmə” qarşı istənilən müqavimət təcrübəsi Rusiya siyasəti və bütün dünyada gedən avrasiyaçılıq prosesləri üçün həyati vacibdir. Və əksinə, Rusiyadakı Avrasiya islahatları təcrübəsi, Rusiyanın sosial inkişaf sahəsindəki uğuru, onun strateji, iqtisadi və siyasi qüdrətinin möhkəmlənməsi, birləşdirici proseslərin MDB çərçivəsində məntiqi sonluğa çatdırılması, Avrasiya strukturlarının fəaliyyəti – bütün bunlar hamısı dünyadakı çoxqütblük tərəfdarları üçün olduqca böyük əhəmiyyətə malikdir.
Avrasiya Hərəkatı konkret siyasi praktikada 4 geoiqtisadi zonanın yaradılmasına hərtərəfli kömək etməlidir.
Dördüncü geoiqtisadi zona olan “Avrasiya kontinental zolağının” yaradılması (digər üç – Amerika, Avro-Afrika və Sakit okean zolaqları ilə yanaşı) Rusiya üçün həyati vacibdir. Atlantik geoiqtisadiyyatı isə cəmi üç zonanın varlığını nəzərdə tutur: Amerika, Avropa və Sakit okean. Atlantik strateqlərinin fikrincə, Avrasiya özünəməxsus “qara dəlikdir” – fraqmentləri digər əsas üç zonanın kənarlarına məxsus olan parçalanmış məkandır. Beləliklə, Avrasiya ərazisində xüsusi dördüncü geoiqtisadi zonanın yaradılması – çoxqütblülüyün geopolitik və geoiqtisadi zəmininin formalaşdırılması üçün mühüm mərhələdir.
Beləliklə, artıq mövcud olan üç zonanı transformasiya etmək, keyfiyyətcə inkişaf etdirmək və avrasiyaçılıq fəlsəfəsi prinsiplərinə müvafiq dəyişmək təklif olunursa, dördüncü zonanı (“Avrasiya kontinental zolağı”) yaratmaq lazımdır.
“Avrasiya kontinental zolağı”nın yaradılması Beynəlxalq Avrasiya Hərəkatının qarşısına qoyduğu prioritet geoiqtisadi vəzifədir.
“Avrasiya kontinental zolağı” Avrasiya kontinentinin əsas massivində yerləşən 4 böyük məkanın hər birinin sürətli iqtisadi və strateji inteqrasiyanı təklif edir. Bu çoxfaktorlu və çoxölçülü prosesdir.
Söhbət ilk növbədə bir və ya bir neçə milli dövlətdən ibarət bu məkanlardan hər birinin siyasi-iqtisadi konsolidasiyasından gedir. Əgər Çinin və Hindistanın timsalında böyük məkanların sərhədləri müvafiq dövlətlərin sərhədləri ilə üst-üstə düşürsə, Rusiyanın, MDB dövlətlərinin və kontinental islam dövlətlərinin (İran, Pakistan, Əfqanıstan, ola bilər Türkiyə, İraq, Suriya) timsalında “böyük məkanların” təşkili siyasi, iqtisadi, strateji, informativ və digər aspektlərdə mürəkkəb inteqrasiya prosesidir.
Bu “böyük məkanların”, ilk növbədə Avrasiya Birliyinin (Rusiya, MDB dövlətləri, bəzi Şərqi Avropa ölkələrinin də daxil olması mümkündür) yaradılması Beynəlxalq Avrasiya Hərəkatının prioritet vəzifəsidir.
Bununla yanaşı, “böyük məkanların” inteqrasiyası ilə “Avrasiya kontinental zolağının” qurulması arasında məntiqi ardıcıllıq və ya zaman ardıcıllığı mövcud deyil. Bu tendensiyalar müxtəlif səviyyələrdə paralel olaraq inkişaf edə bilər. Belə olan halda bir istiqamətdəki uğurlar digərindəki proseslərə stimul verə bilər ki, bu da avrasiyaçı islahatların ümumi tempini itirmədən səviyyələri asanlıqla tənzimləməyə imkan verər.
Bu gün Avrasiya ölkələri birgə aktiv iqtisadi, strateji, siyasi və diplomatik fəaliyyətlər həyata keçirdiklərindən, “Avrasiya kontinental zolağı” gələcək vahid geoiqtisadi zona və ümumqitə strateji təhlükəsizlik sistemi layihəsi kimi artıq indidən elan oluna bilər. 
Əlavə olaraq, bu zonanın bütün əsas iştirakçıları çoxdan “çoxqütblü dünyanın” ardıcıl tərəfdarıdırlar. Onlar yaxın keçmişdə “sosialist düşərgəsinin”, yaxud “üçüncü dünyanın” (“qoşulmayan ölkələr” hərəkatı) özəyini təşkil edirdilər. Hər iki halda liberal-kapitalist, Qərb (atlantist) modelindən fərqli, özünəməxsus yol tapmaq cəhdini görürük.
Müəyyən olunmuş hüdudlarda əməkdaşlıq inersiyasından anlaşıqlı və ardıcıl inteqrasiya siyasətinə keçmək üçün –iqtisadiyyata (əmək bölgüsünə), kontinental müdafiənin ümumi sisteminə və birləşdirici “çoxqütblülük” quruluşuna söykənməklə– çox az şey tələb olunur. Beynəlxalq Avrasiya Hərəkatının vəzifəsi bu prosesi sürətləndirmək, onu adekvat teoretik əsaslarla təmin etmək, müvafiq siyasi, strateji və diplomatik institutların, beynəlxalq iqtisadi strukturların, fondların və korporasiyaların yaradılmasına kömək etmək, tarixi, dini və etnik amilləri nəzərə almaqla qarşılıqlı əməkdaşlığın ziddiyyətli olmayan modelini qurmaqdır.
Böyük məkanda siyasi birləşmənin avrasiyaçı modeli və milli dövlətdən siyasi birliyin daha geniş formalarına tədricən keçid (strateji mərkəzləşdirmənin etno-mədəni çoxqütblülük və çoxsəviyyəli avtonomiyalar sistemi ilə uyğunlaşdırılması) bir çox münaqişəli aspektləri aşmağa imkan verəcək, harmonik əməkdaşlıq üçün ilkin şərait yaradacaqdır.
Avrasiyaçı yanaşmanın etibar qazanması, həm Avrasiyada, həm də bütün dünyada “böyük məkanlar” quruculuğunun iştirakçılarına öz operativ dəyərini sübuta yetirməsi üçün avrasiyaçılar onun Rusiyadakı (ilk növbədə Şimali Qafqazda) və MDB ölkələri ərazisindəki (Qarabağda, Qırğızıstanda, Tacikistanda) daxili konfliktlərin həllində necə işlək və effektiv olduğunu nümayiş etdirməlidirlər. Avrasiyaçı model Rusiyada və MDB-də nə qədər aktiv tətbiq olunacaqsa, Avrasiya Birliyi quruculuğu da bir o qədər intensivləşəcək, digər üç “böyük məkanın” təşkili, “Avrasiya kontinental zolağının” qurulması daha təbii və operativ şəkildə gerçəkləşəcək. 
Bu cür inteqrasiyanın müxtəlif səviyyələrinin eynizamanlılıq, paralellik prinsipinə digər zonalardakı analoji proseslərin gedişatında da riayət olunmalıdır, ancaq onu da qeyd etmək lazımdır ki, bu sahədə analogiya tamamilə şərtidir: hər bir konkret halda söhbət keyfiyyətcə müxtəlif proseslərdən gedir.
AMERİKA ZOLAĞI. “Amerika zolağı” çərçivəsində Şimali Amerika “böyük məkanının” (ABŞ və Kanada) şəksiz dominantlığı Latın Amerikasındakı (iki “böyük məkan” – Cənubi Amerika və Mərkəzi Amerika) inteqrasiya prosesləri ilə uyğunlaşmalı, anqlosakson mədəniyyət tipindən kəskin fərqlənən latın sivilizasiyasının xüsusiyyətlərini əks etdirən və parlaq şəkildə ifadə olunmuş mədəni-tarixi, iqtisadi və siyasi spesifika ilə həyata keçməlidir.
Avrasiyaçılıq prinsipinin “Amerika zolağına” tətbiqi Cənubi və Mərkəzi Amerikanın (Merkasur sisteminə daxil olan) latın arealları üçün böyük sivilizasiya müstəqilliyi nəzərdə tutur (bununla belə, Şimalın geoiqtisadi liderliyi də şübhə altına alınmır). Eyni zamanda, yalnız bir-birinə yaxın sivil-mədəni məkanların strateji inteqrasiyasının avrasiyaçılıq nəzəriyyəsi, etno-konfessional avtonomiyaların çoxçeşidliyi ilə vəhdətdə Latın Amerikası xalqlarına elə inkişaf modeli verə bilər ki, onlar öz geopolitik statuslarını əsaslı şəkildə yüksəldə bilsinlər, millətlərarası, sosial, texnoloji, ekoloji, demoqrafik və iqtisadi problemlərini harmonik şəkildə həll etsinlər.
De-fakto mövcud olan geoiqtisadi “Amerika zolağına” münasibətdə avrasiyaçı pozisiya aşağıdakı aktiv dəstəyi nəzərdə tutur: 
✳birinci mərhələdə ABŞ-ın strateji, siyasi və iqtisadi maraqlarının iki Amerikanın hüdudlarında məhdudlaşdırılması (bu məsələdə avrasiyaçıların müttəfiqləri ABŞ-ın mühafizəkar siyasi dairələridir- həm izolyasiyaçılar, həm də “Monro doktrinası”nın hüdudları ilə kifayətlənən ekspansionizm tərəfdarları); 
✳amerikan sisteminin avtonomiyaların maksimallaşdırılması prinsipinə doğru, demokratik, ekoloji, milli-mədəni hərəkatlar yönündə təkamülü;
✳Latın Amerikası ölkələrinin iki “böyük məkanda” inteqrasiyası və onların sivil-mədəni özünəməxsusluğunun möhkəmləndirilməsi.
Günümüzdə amerikan təsiri amili daha çox neqativ qlobal tendensiyaları, atlantizm konstruksiyasını daşıyan yeni kolonializmi və imperializmi təcəssüm etdirir və gələcəyin mənfi obrazıdır.
ABŞ-ın geopolitik roluna verilən bu qiymət o yalnız “birqütblü qlobalizasiyada” israr edənə və özünü ali instansiya, “dünya jandarmı” kimi aparana qədər qüvvədədir. Nə vaxta qədər belə davam edəcəksə, avrasiyaçılıq layihəsi də dünyanın amerikanlaşdırılmasına və deməli, ABŞ-a qarşı yönələcək.
Avrasiyaçılığın nəzərində gələcəyin belə bir neqativ aspekti yoxdur.
Əgər ABŞ “sivilizasiyanın etalonu” rolundan imtina edərək böyük regional dövlət, nəhəng “böyük məkan” qütbü və “Amerika zolağının” lideri roluna razılaşsa, amerikan amilinin neqativliyi öz-özünə aradan qalxacaq. Belə olan halda dünya xalqları amerikan həyat tərzinin müsbət və mənfilərini obyektiv qiymətlənləndirə biləcəklər. Eyni zamanda istisna etmək olmaz ki, bu həyat tərzinin müəyyən cəhətlərini hətta bu gün ABŞ-a qarşı sərt mövqedə olanlar da müsbət qəbul edə bilər. Beləliklə, ABŞ bu gün zor gücünə can atdığı, get-gedə özünün prinsipial düşmənlərinin sayını çoxaldaraq əldə etməyə çalışdığı nüfuzu sakit və ləyaqətli daxili inkişafı sayəsində asanlıqla qazana bilər.
Avrasiyaçılığın başlıca vəzifələrindən biri ABŞ-ın (geniş mənada Amerikanın) siyasi, iqtisadi, mədəni, sosial, dini, peşəkar və digər qruplarını seçib ayırmaqdır, hansılar ki Avrasiya təsirinin (birbaşa, yaxud dolayısı) yayıcıları ola bilərlər.
AVRO-AFRİKA ZOLAĞI. Avropa Birliyinin timsalında biz “böyük məkanın” siyasi cəhətdən fəal surətdə inkişaf edən, öz strateji və geopolitik statusunun yüksəlməsini planlaşdıran iqtisadi tərkib hissəsini görürük (”Avrokorpus”, Vahid Avropa təhlükəsizlik sisteminin yaradılması layihələri və s.).
Avropadakı inteqrasiya proseslərini avrasiyaçı məntiqin ifadəsi kimi nəzərdən keçirmək olar. İstisna olan isə təbii avtonomiya strukturlarıdır, hansında ki Avropanın demokratik və ənənəvi orientasiyalı dairələri- regionçular təkid edirlər. Hər halda Avrasiya layihəsi indiki Avropa üçün “böyük məkanın” yaradılmasını nəzərdə tutmur, amma onun təkamül və keyfiyyət baxımından dəyişməsini istəyir. Avropa Birliyi örnəyində avrasiyaçılıq üçün vacib olan bir neçə faktor artıq mövcud reallıq kimi qarşıda durur: milli dövlətdən imtina, vahid iqtisadi və valyuta sisteminin (avro) yaradılması, tədricən Amerikanın sərt nəzarətindən geopolitik müstəqilliyə doğru çıxmaq.
Əgər Asiya materik ölkələrində nisbətən zəif maddi (iqtisadi, texnoloji və maliyyə) inkişaf infrastrukturu və çoxsaylı daxili ziddiyyətlər şəraitində çoxqütblülüyə doğru strateji iradə ortadadırsa, Avropa Birliyində biz yüksək inkişaf və inteqrasiya etmiş geoiqtisadi struktur görürük, bununla yanaşı, çoxqütblü dünya qurulmasının zəruriliyi barədə tezislər praktiki olaraq hələ ki səslənmir.
Beynəlxalq Avrasiya Hərəkatı Avropadakı inteqrasiya proseslərinin inkişafında, avropalıların geopolitik şüurunun genişlənməsində son dərəcə maraqlıdır.
Bununla yanaşı, təbii muxtariyyətlər və Avropadaxili orqanik çoxqütblülük prinsipi üzərində israr etmək vacibdir. Bu, müasir Avropada milli dövlətin rudimenti kimi inersial şəkildə saxlanmış quru, sırf individualist, natamam yanaşmanı əvəz etməlidir. Avropa öz qədim köklərinə yenidən qayıtmalı, son zamanlar amerikanizmin primitiv klişelərinin müvəqqəti yuduğu böyük mədəniyyətinin rəngarəngliyini və orijinallığını yenidən təsdiqləməlidir.
Avrasiya layihəsi Avropaya münasibətdə onun regional iqtisadi, siyasi və strateji statusunu gücləndirməyə dəstəkdən ibarətdir.
Avropa Birliyi bütün “Avro-Afrika zolağının”, inteqrasiya edən Avro-Afrika qütbünün siyasi lideri olmaq üçün bütün ilkin şərtlərə malikdir. Bu mövzu iki hissəyə bölünür:
✳Avropa-İslam (daha çox ərəb) münasibətləri;
✳Avropa-Afrika (“qara”, subtropik Afrika nəzərdə tutulur) münasibətləri. 
Yalnız Avropa-Ərəb və Avropa-Amerika münasibətləri məsələsində geopolitik müstəqilliyə nail olmaq Avropaya imkan verəcək ki, çoxqütblü dünyada müstəqil və qüdrətli qütb rolu oynasın.
Avropanın cənubdan strateji təhlükəsizliyi, təbii resursların çatışmazlığı, enerji asılılığı – bu problemlərin həlli müstəqil “Avro-Afrika zolağının” qurulmasından birbaşa asılıdır. Burda Avropa Birliyinə amerikan hegemonluğu ilə möhkəm toqquşmaq lazım gələcək, çünki Avropaya cənub istiqamətində təsirini genişləndirməyə yol verməmək ABŞ-ın onun üzərində enerji-strateji nəzarətinin əsas vəzifəsidir. Avro-Afrika layihəsi Atlantik okeanının hər iki sahilindəki atlantik cəmiyyətlərin gepolitik cəhətdən bölünməsi anlamına gəlir. Praktiki geopolitika nöqteyi-nəzərindən məhz bu dezinteqrasiya prosesi Avrasiya diplomatiyasının Avropa istiqamətində başlıca vəzifəsidir.
Avropanın Afrika ilə yaxınlaşması avrasiyaçılığın maraq dairəsindədir və Beynəlxalq Avrasiya Hərəkatı bu prosesə maksimum kömək etməlidir.
“Avro-Afrika zolağının” ikinci “böyük məkanı” ərəb dünyası, Məğrib ölkələrindən Yaxın Şərqə qədər uzanan islam Şimali Afrikası ərazisidir.
Bura tarixən Osmanlı imperiyası tabeliyində birləşən və müəyyən irqi eyniliyə malik çox mürəkkəb bir regiondur. Bu ərəb məkanı strateji olaraq Avropaya və “qara” Afrikaya iqtisadi və siyasi cəhətdən bağlanmış bütöv geopolitik orqanizmdə birləşməlidir. Həmin məkanda obyektiv olaraq islam ənənəsi hakimdir ki, bu da əlavə inteqrasiya amili ola bilər. Onu da qeyd etmək lazımdır ki, “islam radikalizminin” universallığa iddia edən müəyyən formaları avrasiyaçılığın daxili çoxqütblülük, daxili muxtariyyət (“Avrasiya rəngarəng mürəkkəbliyi”) ilə bağlı baza prinsiplərinə ziddiyyət təşkil edir. Bu mənada ərəb dünyasında avrasiyaçılığa ən yaxın olan o islam dairələrdir ki, müsəlman dininə sadiqliyi lokal yerli ənənələrə hörmətlə bir yerdə qavrayırlar – bunlar şiələr, sufi təriqətləri, öz ənənələri olan etnik qruplar, mənəvi və mədəni rəngarənglik tərəfdarlarıdır. “İslam radikalizmindən” gələn digər təhlükə müəyyən qrupların ərəb təsir dairəsi ərazisini qeyri-ərəb islam regionları hesabına, başlıca olaraq Avrasiya zonası olan Türkiyədən Tatarıstana və Filippinə qədər genişləndirmək cəhdlərindən ibarətdir. Bu daha çox atlantistlərə tərəfdar olan rejimlər (məsələn, Səudiyyə Ərəbistanı) üçün xarakterikdir. Avrasiyaçılar bu tendensiyaya qarşı mübarizə aparmalıdırlar.
Avrasiyaçılığın çox mühüm vəzifələrindən biri “qara Afrikanın” strateji birləşməsi, onun müstəqil “böyük məkana” çevrilməsidir.
İndiki Afrika dövlətlərinin sərhədləri (bir çox Üçüncü dünya ölkələrinin sərhədləri kimi) açıq-aydın postmüstəmləkə xarakteri daşıyır. Bu sərhədlər həmin torpaqlarda yaşayan xalqların tarixi, etnik, mədəni, iqtisadi spesifikasına uyğun deyil. Süni və fraqmentar dövlətçilik kripto-müstəmləkəçilik, çoxlu etnoslararası, tayfalararası problemlər doğurur. Öz psixoloji tiplərinə görə “qara” afrikalılar Avrasiya tipinə daha yaxındırlar, insanların, tarixin, cəmiyyətin, təbiətin bütövlük duyğusuna, orqanik qarşılıqlı münasibətlərinə açıqdırlar. Afrikalıların müstəmləkə tarixindən real qurtuluşları yalnız onların ərəb dünyasına dostcasına yanaşan və birləşmiş Avropaya (“Avro-Afrika zolağının” liderinə) strateji və iqtisadi cəhətdən yönələn vahid strateji sivilizasiyaya inteqrasiyaları vasitəsilə mümkündür.
Bu zonada atlantist strategiyasının mühüm strateji rolunu oynayan İsrail dövlətinə xüsusi diqqət yetirmək lazımdır.
Avrasiyaçılar İsrail-Ərəb münaqişəsinin yeni tənzimləmə modelini işləyib-hazırlamalı, İsrailin “Avro-Afrika zolağında” pozitiv iştirak düsturunu tapmalıdırlar. Avrasiyaçılar İsrailin öz orientasiyasını Avropaya doğru dəyişməsini, ideya-fəlsəfi mənada isə israillilərin xeyli hissəsinin öz Şərqi Avropa köklərinə (yəni əslində Avrasiya) qayıdışını alqışlayırlar.
SAKİT OKEAN ZOLAĞI. Sakit okean arealında strateji, siyasi və iqtisadi liderlik Yaponiyaya məxsus olmalıdır.
O qədər də böyük ərazisi olmayan adalardan ibarət bu unikal sivilizasiya quruluşu analoqu olmayan kontinental, sanki preslənərək kiçik qəlibə salınmış “böyük məkan” nümunəsidir. Yaponiya çox nəhəng ekspansionist potensiala, olduqca yüksək səviyyəli milli nizam-intizama, azman daxili enerjiyə malikdir. Hazırda ABŞ-ın süni şəkildə tutub saxladığı, yaxud dar iqtisadi çərçivələrə saldığı yapon potensialı azad olunmalı və ondan bütün Sakit okean zonasının yenidən qurulması üçün istifadə edilməlidir.
Avropa “Avro-Afrika zolağında” nə dərəcədə obyektiv liderdirsə, Yaponiya da Sakit okeanda eyni statusa malikdir. Yaponiyanın amerikan nəzarətindən çıxarılması, ona geopolitik, siyasi və hərbi-strateji müstəqilliyin qaytarılması real çoxqütblülüyün yaradılması üçün ən mühüm şərtlərindəndir.
Avropa kimi Yaponiya da bu gün atlantik təsir zonasına aiddir, ancaq onun daxilində elə bir iqtisadi infrastruktur yetişib ki, milli psixologiyanın enerji potensialı ilə vəhdətdə öz-özlüyündə çox mühüm aparıcı konstruksiyaya çevrilə bilər.
Bunun üçün Yaponiyaya güclü Avrasiya dəstəyi lazımdır- siyasi, strateji və resurs sahələrində. Yaponiyanın geoiqtisadi və geopolitik müstəqilliyinin istənilən, hətta ən cüzi dərəcədə güclənməsi avrasiyaçılığın ümumi potensialını avtomatik artırır.
“Sakit okean zolağının” digər potensial “böyük məkanları” malaylara, anqlosaksonlara, bir də ola bilər İndokitay ərazisində yerləşən bəzi sahil ölkələrinə bölünür. Bu məkanlarda sənaye-texnoloji inkişaf (Qərb tipli iqtisadiyyatın tətbiqi və dünya kapitalist sistemi çərçivəsində qlobal əmək bölgüsü hesabına) ənənəçi cəmiyyətin çoxsaylı elementləri ilə mürəkkəb şəkildə çulğalaşır.
Vacibdir ki, obyektiv surətdə yaranan belə uyğunlaşma regionun siyasi elitaları tərəfindən “potensial avrasiyaçılıq” kimi qəbul olunsun, çünki avrasiyaçılıq fəlsəfəsi məhz köklərə sadiqliklə texnoloji və sosial tərəqqinin təbii şəkildə uyğunlaşmasına əsaslanır.
Avstraliyaya və Yeni Zelandiyaya münasibətdə avrasiyaçı yanaşma onların məhz Asiya sivilizasiya və iqtisadi kontekstinə daxil olmasını dəstəkləməkdən ibarətdir. Onların təkamülünü kolonializm (“Avropa nizamı” daşıyıcılarının şüuru) qəlpələrindən Ulu Asiyanın təbii tərkibinə doğru təşviq etmək lazımdır.
Avstraliyada “avrasiyaçılıq” termini anqlosaksların ağdərili nəsilləri ilə Asiyadan gələrək durmadan artan emiqrantlar (çinlilər, vyetnamlılar, malaylar və s.) arasında münasibətlərin yeni modelinin qurulması kimi başa düşülür.
AVRASİYA BİRLİYİNƏ AVRASİYAÇI PROSESDƏN KEÇMƏKLƏ (SİYASİ PRAKTİKA VƏ KOORDİNASİYA STRUKTURLARI). Milli dövlət modelindən “böyük məkana” keçid müxtəlif səviyyələrdə getməlidir. Bu keçidin əsasında çoxölçülü inteqrasiya prosesi dayanır:
✳iqtisadi;
✳geopolitik;
✳strateji;
✳siyasi;
✳mədəni;
✳informasiya;
✳dil.
Bu səviyyələrdən hər biri Beynəlxalq Avrasiya Hərəkatının praktik fəaliyyətinə öz modelini təklif edir.
MDB-nin Avrasiya Birliyinə çevrilməsi prosesi xüsusi diqqətə layiqdir.
MDB – milli dövlətlərin asimmetrik qrupunun nümunəsidir ki, burda bir milli dövlətin (RF) nisbi geopolitik suverenliyə iddia etmək üçün əsasları olsa da, başqalarının belə bir əsası yoxdur.
Bu qrupun bazasında yaranacaq “böyük məkan” olan Avrasiya Birliyi – Avropa Birliyinin Avrasiya analoqudur. Yəni vahid mərkəzləşdirilmiş iqtisadi və strateji idarəçilik sistemi olan siyasi qurumdur.
Avrasiya Birliyinin yaradılması Beynəlxalq Avrasiya Hərəkatının əsas vəzifəsidir. Beynəlxalq Avrasiya Hərəkatının bu yolda əsas fəaliyyət istiqaməti Avrasiya prosesinin təşviqi, kontrolu və koordinasiyasıdır. 
Avrasiya prosesi – MDB-yə daxil olan hər bir müstəqil dövlətin hökumət, iqtisadi, siyasi, sənaye, informasiya, nəqliyyat, strateji və mədəni institutlarının yeni siyasi-strateji quruma doğru çöxölçülü təkamülüdür. Avrasiya prosesində keyfiyyət və sürət baxımından müxtəlif dəyişiklik axınları vahid məqsədə – Avrasiya Birliyinin yaradılmasına doğru yönəlməlidir. MDB-dən Avrasiya Birliyinə keçid deklarativ və təkməqamlı olmamalıdır. Avrasiya Birliyinin faktiki və hüquqi möhkəmlənməsindən əvvəl ciddi və uzun inteqrasiya işi getməlidir. Avrasiya Birliyinin beynəlxalq hüququn müstəqil subyekti elan olunması ərəfəsində bütün zəruri infrastruktur yaradılmalıdır.
Avropa ölkələri bu yolla gediblər, biz də bu yolla getməliyik.
Avrasiya prosesinin modulu inteqrasiyanının gedişatına cavab verən çevik strukturların yaranmasından ibarətdir.
Bu modulun özəyini koordinator funksiyasını həyata keçirən dövlətlərarası instansiya təşkil etməlidir. Belə bir instansiya Beynəlxalq Avrasiya Hərəkatının bazasında, onun MDB ölkələrindəki nümayəndəliklərində və ya ən azından Hərəkatın fəal iştirakı ilə yaradılmalıdır. Onu şərti olaraq “Avrasiya prosesinin ştabı” adlandırmaq olar. “Ştab” öz fəaliyyətini dövlət hakimiyyəti orqanları – Prezident, Prezident Administrasiyası, Hökümət, Parlament ilə sıx qarşılıqlı əlaqələr əsasında həyata keçirməlidir.
Belə bir “ştabın” vəzifəsi inteqrasiya layihələrinin işlənib-hazırlanması və reallaşdırılmasıdır; bu layihələrin dövlətlərin formal, hüquqi cəhətdən möhkəmləndirilmiş təşəbbüsü kimi nəzərdən keçirilməsi hökmən deyil. Özünün Avrasiya prosesində iştirak edən hər bir dövlətin nəzarət və milli təhlükəsizlik orqanları üçün şəffaf olan hədəflərini açıq bəyan edən ictimai təşkilatların (Hərəkat, Fond və s.) təşəbbüslərindən də istifadə edilməsi mümkündür.
Avrasiya Birliyinin mahiyyəti bundadır ki, o heç də müxtəlif dövlətlərin eyni tipdən olan yeni bir dövlətin tərkibində sadə birləşməsindən, mövcud administrasiyaların hökmən buraxılmasından, fəaliyyətdə olan bütün institutlarının tam qovuşmasından və hakimiyyət mərkəzlərinin ləğvindən ibarət olmayacaq. Avrasiya Birliyi müasir Rusiyanın hakimiyyət, inzibati və siyasi institutları sistemi ilə birgə genişləndirilmiş versiyası da olmayacaq. Avrasiya Birliyi keyfiyyət cəhətdən fərqli idarəçilik sistemini nəzərdə tutur. Mövcud strukturların təkmilləşməsi tələb olunur – müəyyən strukturlar tədricən ləğv olunaraq yeniləri, daha effektivləri yaradılacaq. Bu səbəbdən RF, yaxud MDB ölkələrində mövcud olan təsisatlarından heç biri nəinki Avrasiya inteqrasiyası (Avrasiya prosesi) vəzifəsinin öhdəsindən gələ bilməz, hətta onu adekvat olaraq formullaşdıra bilməz. Öz sisteminə fondları, konsorsiumları, strateji araşdırma mərkəzlərini və geopolitik ekspertizaları, bank və birja strukturlarını, media-xoldinqləri, elm və təhsil müəssisələrini, mədəniyyət mərkəzlərini və s. daxil edən Beynəlxalq Avrasiya Hərəkatının strukturu isə bu məqsədlər üçün daha münasibdir.
Avrasiya prosesinin koordinasiyasına görə məsul olan Hərəkat adi partiyalardan, humanitar və ictimai birliklərdən, dövlətlərarası komissiyalardan, sırf iqtisadi cəmiyyətlərdən və s.-dən keyfiyyətcə fərqlənməlidir. İndiki siyasi-iqtisadi və administrativ sistemin mövcud elementləri Hərəkatla fəal əməkdaşlıq edə, cürbəcür layihələr həyata keçirə bilərlər, ancaq onu əvəz edə bilməzlər. Yeni prinsipial vəzifələrin həlli üçün prinsipial olaraq yeni siyasi və təşkilati instrument lazımdır. 
İnteqrasiya prosesi öz-özlüyündə labüd olaraq dövlətin və cəmiyyətin mövcud struktur elementlərinin çoxunun transformasiyasını tələb edəcək.


5-Cİ HİSSƏ: AVRASİYA DÖVLƏTÇİLİYİ NECƏ OLACAQ

SUVERENLİK, YOXSA AVTONOMİYA? Rusiya Federasiyasının müasir dövlət quruluşunun onun subyektlərinin suverenliyi prinsipinə əsaslanması qüsurludur. Son onilliklərdə subyektlərə maksimal miqdarda dövlətçilik atributlarının verilməsinə yönəlmiş siyasət (Yeltsinin məşhur “İstədiyiniz qədər müstəqillik götürə bilərsiniz” siyasəti) situasiyanı qəlizləşdirib. Yerli elitalar onu özbaşınalığa dəvət kimi qəbul ediblər. Bu yanaşma labüd “müstəqilliklər paradının” gedişatında Rusiyanı faktiki olaraq parçalanmaya düçar edib. Çeçenistan və bir qədər yumşaq formalı Tatarıstan örnəyi bunu açıq şəkildə göstərmişdir.
Məsələ burasındadır ki, suverenlik öz mahiyyəti etibarilə məhdud ola bilməz. O hər zaman durmadan tamlığa can atır (beynəlxalq işlərdə, ordu, milli pul vahidi və s. məsələlərdə müstəqilliyə). Klassik politologiyada hesab olunur ki, suverenlik ayrıca ərazini və onun üzərində tam hakimiyyəti nəzərdə tutur. Rusiya Federasiyası şəraitində bu yanaşma faktiki olaraq Rusiyanın birlik və bölünməzlik prinsipindən imtina anlamına gəlir (bir qədər təxirə salınmış yolla).
Federasiya modeli ümumiyyətlə götürdükdə müstəsna dərəcədə homogen (yekcins) cəmiyyətlərdə effektivdir. Rusiya kimi mürəkkəb, asimmetrik, qeterogen, çoxmədəniyyətli icmaların qeyri-bərabər məskunlaşdığı ölkələrdə tamamilə başqa prinsip tələb olunur. Belə bir prinsip avtonomiya prinsipi olmalıdır.
AVTONOMİYANIN PARAMETRLƏRİ. Avtonomiya suverenliyi (ümumiyyətlə, dövlətçiliyin istənilən atributunu) nəzərdə tutmur. Avtonomiya – özünüidarədir. Vəssalam. Strategiya, beynəlxalq münasibətlər, strateji planlaşdırma məsələləri onun kompetensiyasında deyil. Eyni zamanda, hazırda federal hakimiyyət orqanlarının kompetensiyasında olan, Federal qanunvericiliklə tənzimlənən bir çox məsələlər (mülki və administrativ hüquq, məhkəmə sistemi, iqtisadi və digər fəaliyyətin təşkili) avtonomiyalara göndərilə bilərdi.
Avtonomiyaların Rusiya Federasiyası subyektlərinin indiki halından başlıca fərqi odur ki, avtonomiyada subyekt kimi ərazi kvazi-dövlət qurumu deyil, müəyyən xüsusiyyətlər üzrə birləşmiş icmalar çıxış edir.
Avtonomiyalar istənilən ölçüdə ola bilər (bir neçə ailədən tutmuş bütöv xalqlara qədər). İri avtonomiyaların içərisində daha kiçik avtonomiyalar ola bilər. Bütövlükdə cəmiyyətin təşkilinin əsasında icma prinsipi dayanmalıdır.
AVTONOMİYALARIN TİPLƏRİ.
✳Milli. Tarixi birlik halında formalaşan, müəyyən özünüidarə ənənələrinə malik və eroziyaya məruz qalmamış vahid orqanizm təşkil edən xalqlar (millətlər) çərçivəsində yaranır.
✳Etnik. Millət xüsusiyyətlərinə malik olmayan xalqlar üçün xarakterikdir.
✳Teokratik. Cəmiyyəti dini institutların təşkilatlandırdığı, dini institutların bəzən mövcud sosium çərçivəsində qismən real hakimiyyəti (məhkəmə, administrativ və s.) əvəzlədiyi yüksək dini şüura malik xalqlarda (millətlərdə) yaranır.
✳Dini (sakral). Dini xüsusiyyətlər üzrə birləşmiş icmalar üçün xarakterikdir ki, onlarda din cəmiyyətin özünütəşkilatlandırmasında iştirak etmir. (Yuxarıda göstərilən 4 avtonomiya tipi milli-teokratik, etno-dini və digər avtonomiya tipləri yaradaraq, uzlaşa da bilərlər).
✳Mədəni-tarixi. İnsanların tarixən ümumi mental və mədəni xüsusiyyətləri əsasında formalaşmış ittifaqlarını birləşdirir. Məsələn, kazaklar, yaxud pomorlar.
✳Sosial-sənaye. Avtonomiyaların müəyyən qədər mükəmməl formasıdır ki, bir qayda olaraq şəhərcik əmələ gətirən müəssisələr, yaxud xalq təsərrüfatı kompleksləri ətrafında yaranaraq, qismən yaxın dövrdə məskunlaşan ərazilər üçün xarakterikdir. Perspektivdə digər ənənəvi tiplərin sosial-iqtisadi avtonomiyalarının bazasında yaradılmaları arzuolunandır.
✳İqtisadi. Artıq mövcud olan avtonomiyalara Federal qanunvericiliklə tənzimlənən sahələrdə müəyyən üstünlüklər təmin edən əlavə muxtariyyətdir (ərazilərin xüsusi hüquq rejimi, vergiqoyma, gömrük güzəştlərinə və s. görə fərqləndirilməsi).
✳Dil. Müxtəlif avtonomiyaların nümayəndələrinin linqvistik ümumiliyini nəzərə alan əlavə avtonomiyadır. Digər ənənəvi tiplərin avtonomiyalarını böldüyü kimi, birləşdirə də bilər.
✳İcma. Başqa ümumiləşdirici əlamətləri olmayan, bununla belə, eyni ərazidə birlikdə yaşayan və yaxud eyni sferada çalışan insanları birləşdirən avtonomiyadır. Misal üçün, ənənəvi tayfa-qəbilə quruluşları, yaxud keçmiş şəhərlilərin “ekoloji məskənləri”.
Heç bir icmanın formalaşmadığı bir sıra ərazilər (əsas etibarilə məskinlaşmamış və yaxud az məskunlaşmış) Federal torpaqlar elan oluna bilər- yəni yalnız Federal qanunvericiliyə (və Federal qaydalara) riayət olunduğu ərazilər olar.
AVTONOMİYA VƏ FEDERAL MƏRKƏZ. Avtonomiyalar Rusiya Federasiyasının indiki subyektlərindən fərqli olaraq mədəniyyət, məişət, administrativ, hüquq, təsərrüfat sahələrində qat-qat çox hüquqlara malik ola bilərlər. Faktiki olaraq avtonomiyalara məhkəmələrin, hüquq-mühafizə orqanlarının, idarəçiliyin, nəzarətin funksiyaları verilə bilər. Federal qanunvericilik yalnız bütün avtonomiyalar üçün eyni olan minimum məsələləri tənzimləməlidir. Federal məhkəmələr və federal hüquq-mühafizə orqanları müstəsna olaraq icmalararası səviyyədə münaqişəli məsələlərlə məşğul olmalıdırlar. Bütün icmadaxili məsələlər isə müstəqil, ənənələr əsasında formalaşmış və möhkəmlənmiş yerli qanunlara uyğun tənzimlənməlidir.
Eyni zamanda, avtonomiyalar milli təhlükəsizlik, beynəlxalq münasibətlər və strateji planlaşdırma ilə bağlı məsələlərin həlli hüququnu Federal hakimiyyət orqanlarına həvalə edir. Yerlərdəki bütün mövcud suverenlik rudimentləri likvidasiya olunmalıdır.
Avtonomiyalar prinsipinə əsaslanan yeni Avrasiya dövlət quruluşu federal hakimiyyət orqanlarının da müəyyən mutasiyanı nəzərdə tutur.
Dövlətdə əsas strateji qərarları qəbul edən orqan ölkənin əhəmiyyətli avtonomiyalarının ən yaxşı nümayəndələrini təmsil edən Avtonomiyalar Məclisi olmalıdır. Avtonomiyaların liderləri və daha hörmətli nümayəndələri arasından Federal hakimiyyət orqanı – Avrasiya Administrasiyası formalaşdırılmalıdır. Avtonomiyalar ümumi orduda, federal hüquq-mühafizə orqanlarında xidmət etmək üçün nümayəndələr göndərir. Məsələlərin əksəriyyəti yerlərdə uğurla həll ediləcəyindən, bürokratik aparat son dərəcə azsaylı olacaq.
Beləliklə, Qərbin formal seçki demokratiyası sistemi (hansı ki Rusiyada elektoratı aldadan və pulla alan kriminal sistemi doğurmuşdur) ölkənin ən yaxşı icma nümayəndələri tərəfindən idarə olunmasında yaradıcı iştirakı nəzərdə tutan təbii demokratiya ilə əvəz olunacaq. Belə demokratiya tipi (“plebeylərin” yox, “vətəndaşların” demokratiyası) qədim Yunanıstan və müasir İsveçrə üçün xarakterikdir.
AVTONOMİYALARDA TORPAQDAN İSTİFADƏ. Torpaqdan istifadə prinsipial olaraq vacib məsələdir. Heç bir avtonomiyanın ərazini başqasına vermək hüququ olmamalıdır. Əsas olaraq bu prinsip götürülməlidir: torpağın mülkiyyətçisi Yaradandır (ümumiyyətlə, torpaq sakrallaşdırılmalı, bir növ “doğma torpaq kultu” yaradılmalıdır). Bütün torpaqlar Rusiya xalqlarının kollektiv istifadəsindədir, onlar üzərində Rusiya hakimiyyəti sərəncam verir. Avtonomiyalara hazırda tutduqları torpaq sahələri əvəzsiz istifadəyə verilir. Rusiya dövləti (perspektivdə bütün Avrasiya məkanı) daxilində sərhədlər anlayışı “hüdudlar” anlaşıyı ilə əvəz olunmalıdır. “Hüdud” şərti, hüquqi qüvvəsi olmayan liniyadır- həmin liniya bir icmanın istifadəsində olan əraziləri digər icmanın istifadəsində olan ərazilərlə birləşdirir. Hüdudlar “hərəkətlidir”, qeydiyyata alınmırlar. Sərhədlər bölürdülər, hüdudlar isə birləşdirmək üçündür.
Suverenlik prinsipindən fərqli olaraq avtonomiya prinsipinin özü subyekt olaraq əraziləri (özbaşına, çox zaman münaqişə ilə çəkilmiş sərhədlərə malik) yox, aydın öz milli-dini identifikasiyası, kollektivin bərabərhüquqlu üzvü olan insanı nəzərdə tutur.
Beləliklə, suverenlik prinsipinin avtonomiya prinsipi ilə əvəz olunması separatizmi və Rusiya Federasiyası (o zaman “federasiya” sözü ləğv oluna bilər) daxilində sərhəd mübahisələrini mümkünsüz edir. Dövlət möhkəmlənir, Rusiya xalqları isə ictimai inkişaf üçün unikal imkanlar qazanır.
AVTONOMİYALAR VƏ MEQAPOLİSLƏR. Avtonomiya prinsipinin tətbiqi üçün iri şəhərlər daha problemli zonalar sayılır. Şəhərlilər öz milli və dini ənənələrinə daha az bağlı olurlar. Onlar aktiv təsərrüfatçı deyillər. Onlar daha çox vesternləşmə və qloballaşma prosesləri ilə əhatələnirlər. Bundan başqa, ciddi torpaq qıtlığının olduğu Avropada və Yaponiyada böyük şəhərlərin yaranması, mənimsənilməmiş torpaqların bol olduğu Rusiyada bir qədər gülünc görünür. Bütün bunlar o deməkdir ki, iri şəhərlər yavaş-yavaş seyrəkləşdirilməlidir. Əsas istehsal sahələri şəhərlərdən çıxarılmalıdır. Yaşayış məhəllələrinə münasibətdə “sloboda” prinsipindən istifadə olunmalıdır- şəhərdən sanitar meşə zolaqları ilə ayrılan ekoloji ərazilər yaradılmalıdır ki, onlarda milli, dini, tarixi-mədəni, yaxud digər əlamətlər üzrə (burda “həmyerlilik” təcrübəsi xüsusən diqqətə layiqdir) icmalar formalaşdırılmalıdır. Beləliklə, idarəetmə orqanları, mədəniyyət müəssisələri və xidmət sahələri müasir şəhərlərin ərazisində qalmalıdır.
Artıq Moskvada “sloboda” prinsipinin reallaşdırılmasına dair nümunələrə rast gəlmək mümkündür. Moskva rəhbərliyi ayrıca ev və ya məhəllə çərçivəsində özünüidarəni təşviq edir. Bu, bir çox problemlərin effektiv həllinə imkan yaradır, ən başlıcası isə bu yolla meqapolisin komunallaşmasının təməli qoyulur – insanlar müəyyən icmanın bir hissəsi olmağa, birlikdə hərəkət etməyə öyrəşirlər. Nəticədə “slobodalarda” problemlərin çoxu sərbəst şəkildə həll olunacaq.
AVTONOMİYALR VƏ “QAYNAR NÖQTƏLƏR”. Əgər Rusiyanın əsas ərazisində subyektlərin suverenliyindən avtonomiya prinsipinə keçid hələlik təxirə salınırsa, yaxud ləng həyata keçirilirsə (ancaq bu çox təhlükəlidir), Rusiyanın “qaynar nöqtələrində” (həmçinin MDB ərazisindəki “qaynar nöqtələrdə”) onu dərhal tətbiq etmək lazımdır.
Rusiya ərazisində qan tökülməsinə gətirib çıxaran millətlərarası konfliktlərin səbəblərini analiz etsək (Çeçenistanda, Vladiqafqazın Priqorodnı rayonunda və s.), burda qüsurlu yerli suverenlik prinsipinin faciəvi rolunu aydın görərik.
Xalqların yerləşmə arealları o dərəcədə mürəkkəb təmaslara malikdir ki, onlar arasında düzgün sərhədlər çəkmək praktiki olaraq mümkün deyil. Suverenlik prinsipi yerli elitaları özləri üçün get-gedə daha çox dövlətçilik atributları mənimsəməyə (o cümlədən sərhədləri möhkəmləndirməyə) sövq edir. Bütün bunlar konfliktli situasiyalara gətirib çıxarır ki, bu konfliktləri ilkin paradiqmada həll etmək mümkün olmur. Odur ki keyfiyyətcə fərqli, yeni konsepsiya lazımdır.
Avtonomiya prinsipi, hansı ki, suverenliyi və onun bütün atributlarını inkar edir, subyekt olaraq əraziləri (onların problemli sərhədləri ilə) yox, xalqları götürür və “dalandan çıxmağın” unikal imkanlarını təqdim edir.
***
Rusiya – çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyətli, nəhəng məskunlaşmamış ərazilərə, müxtəlif landşaftlara malik, çoxlu tarixən formalaşmış, mentalitetinə və həyat tərzinə görə bir-birindən fərqlənən icmaları olan unikal məkandır. Yad tarixi kontekstdə formalaşmış prinsiplərin ona tətbiqi ağrısız və effektli ola bilməz. Rusiyada klassik federal modelin həyata keçirilməsi – “gec partlayan mina effekti” verəcək ki, ölkəmizi çoxlu qan daman hissələrə parçalaya bilər. Hökmən Rusiyanın unikal xüsusiyyətlərini nəzərə alan, Rusiyada məskunlaşmış xalqlara tam milli və mədəni tərəqqi, dini dirçəliş, sülh və rifah təmin edəcək model tapmaq lazımdır.
Bu mənada suverenlik prinsipinin avtonomiya prinsipi ilə dəyişdirilməsi son dərəcə vaxtında və alternativsizdir.


6-CI HİSSƏ: AVRASİYAÇILIĞIN MƏRHƏLƏLƏRİ

20-Cİ ƏSRİN 10-30-CU İLLƏRİNDƏ AVRASİYAÇILIQ HƏRƏKATININ QISA TARİXİ. Avrasiyaçılıq rus mühacirətinin ilk dalğasına məxsus ideya və ictimai-siyasi cərəyanıdır ki, Rus mədəniyyəti konsepsiyasını qeyri-Avropa fenomeni kimi özündə birləşdirir. Rus mədəniyyətinə qeyri-Avropa fenomeni ona görə xasdır ki, bu mədəniyyət dünya mədəniyyətləri sırasında Qərb və Şərq cizgilərini unikal şəkildə özündə toplayıb, ona görə də həm Qərbə, həm də Şərqə məxsusdur, eyni zamanda heç birinə aid deyil.
Bu cərəyanın tərəfdarları rus və dünya mədəniyyət və tarixinin “ən son”, metafizik problemlərinə açıq ifadə etdikləri maraqlarına baxmayaraq, mücərrəd düşüncəli mütəfəkkirlər deyildilər və fəlsəfəyə (mədəniyyət və tarixə) olduğu qədər, konkret humanitar biliyin müxtəlif sahələrinə də meyil göstərirdilər.
Beləliklə, avrasiyaçılığın yaradıcıları bunlardır:
✳Knyaz N.S. Trubetskoy (1890-1938), filoloq və linqvist, R.O. Yakobsonla birlikdə Paris Linqvistik Dərnəyinin əsasını qoyub;
✳P.N. Savitski (1895-1965), coğrafiyaçı, iqtisadçı;
✳P.P. Suvçinski (1892-1985), musiqişünas, ədəbiyyat və musiqi tənqidçisi;
✳Q.V. Florovski (1893-1979), mədəniyyət tarixçisi, ilahiyyatçı və patroloq;
✳Q.V. Vernadski (1877-1973), tarixçi və geopolitik;
✳N.N. Alekseyev, hüquqşünas və politoloq, cəmiyyət və fikir tarixçisi;
✳V.N. İlyin, mədəniyyət tarixçisi, ədəbiyyatşünas və ilahiyyatçı.
O cümlədən, ilkin dövrdə avrasiyaçılığa mədəniyyət tarixçisi, filoloq, ədəbiyyatşünas Bitsilli, publisist knyaz D. Svyatopolk-Mirski, tarxçi Erenjen Xara-Davan da qoşulmuşdular.
“Klassik” avrasiyaçılığın (1921-1929) burda adı çəkilən hər bir nümayəndəsi öz konkret mədəni-tarixi materialına və təcrübəsinə (mədəni-tarixi, coğrafi, siyasi-hüquqi, filoloji, etnoqrafik, sənətşünaslıq və s.) əsaslanaraq təhlil və ümumiləşdirmə aparmış, mədəniyyət fəlsəfəsi problematikasına, eyni zamanda, rus və dünya tarixi və mədəniyyətindəki Şərqlə Qərbin dialektikası ilə bağlı tarix fəlsəfəsinə müraciət etmişlər.
“Avrasiya” terminini elmə Humbolt gətirmişdir; alim bununla Köhnə Dünyanın bütün ərazisini – Avropa və Asiyanı nəzərdə tuturdu. Rus dilinə onu coğrafiyaçı V.İ. Lamanski (1833-1914) salmışdır.
Avrasiyaçılar “ümumi Avropalaşdırma kabusuna” qarşı mübarizəyə çağırır, “Avropa əsarətindən qurtulmağı” tələb edirdilər. “Biz romano-german aləminin öz mədəniyyəti ilə birlikdə qəddar düşmənimiz olması fikrinə adət etməliyik”, – 1920-ci ildə Sofiyada nəşr olunan”Avropa və Bəşəriyyət” proqram kitabında N. Trubetskoy aydın və birmənalı şəkildə yazırdı. 
20-ci illərin ortalarında avrasiyaçıların liderlərindən biri Pyotr Savitski Avrasiya ideoloji platforması bazasında Sovet Rusiyasında gizli iş görməyə yönəlmiş siyasi təşkilat yaratmağa cəhd edir. Savitski QPU-nun (Dövlət Siyasi İdarəsi) “Trest Əməliyyatına” cəlb olunur (çekistlər SSRİ-də Avrasiya prinsiplərinə əsaslanan gizli çoxşaxəli antibolşevik təşkilatının mövcudluğu görüntüsü yaratmışdılar). Savitski bir neçə dəfə SSRİ-yə gizli səfər edir. “Trestin” iflası avrasiyaçılığın siyasi təşkilatlanması ideyasına ciddi uzunmüddətli zərbə vurur.
1926-cı ildə Parisdə çıxmağa başlayan “Avrasiya” qəzetində hərəkatın bolşevik istiqaməti açıq-aşkar görünür. Digər tərəfdən, ata baniləri (xüsusən Savitskinin özünü və Alekseyevi) birləşdirən Paris Dərnəyi getdikcə daha çox mühafizəkar mövqeyə meyillənir.
Avrasiyaçılığın başlıca dəyəri həm orijinal, həm də rus tarixinin və dövlətçiliyinin dərin ənənələrinə daxilən doğma olan ideyalarda idi. Avrasiyaçılıq rus mədəniyyətinə sadəcə Avropa mədəniyyətinin bir hissəsi kimi yox, özü üçün həm Qərbin, həm də Şərqin təcrübəsini seçən tamamilə müstəqil sivilizasiya kimi baxırdı. Bu baxımdan rus xalqını nə avropalılara, nə də asiyalılara aid etmək mümkündür – o tamamilə özünəməxsus Avrasiya etnik xüsusiyyətinə malikdir. Rus mədəniyyətinin və dövlətçiliyinin bu orijinallığı (eyni zamanda Avropa və Asiya elementlərinin olması) elə Rusiyanın xüsusi tarixi yolunu, onun Qərbi Avropa ənənəsi ilə üst-üstə düşməyən milli dövlət proqramını müəyyən edir. Yeri gəlmişkən, Asiya kökləri Rusiyaya daxilən Avropa köklərindən daha yaxındır. Avrasiyaçılar Rusiyanın Şərq orientasiyasını hər şeydən öncə geopolitik sfera ilə bağlayır, onu dini sahəyə aid etmirdilər. Onlar, P.N. Savitskinin yazdığı kimi, əsl “pravoslav insanlar” olaraq qalırdılar; onlar üçün “Pravoslav kilsəsi yollarına işıq salan çıraqdır”.
Avrasiyaçılıq parçalanmağa başlayır və 30-cu illərin ortalarına doğru sönür. Sol avrasiyaçılar hərəkatın əzəlki orijinallığından imtina edərək  faktiki olaraq Moskvanın sözəbaxan alətinə çevrilirlər, sağlar isə diqqətlərini dar ixtisas sahələrinə – tarixə, geopolitikaya, iqtisadiyyata və s. yönəldirlər.
KLASSİK AVRASİYAÇILIĞIN ƏSAS YANAŞMALARI.
1.MƏDƏNİ (SİVİL) YANAŞMA.
a)QƏRB (AVROPA) İNSANLIĞIN ƏLEYHİNƏDİR. Romano-german sivilizasiyası prinsip və dəyərlərin xüsusi sistemini işləyib hazırlamışdır ki, onu universal sistem kimi təqdim edir. Həmin romano-german sistemini digər xalqlara və mədəniyyətlərə güc və hiylə yolu ilə sırımağa başladılar. Qərbin bəşəriyyətin digər hissəsini öz mənəvi və maddi müstəmləkəsinə çevirməsi neqativ haldır. Hər bir xalqın və hər bir mədəniyyətin öz məntiqi ilə inkişaf etməyə daxili haqqı var. Rusiya özünəməxsus bir sivilizasiyadır. O təkcə Qərbə qarşı müqavimət göstərərək öz yolunu müdafiə etməklə kifayətlənmir, həm də Yer üzünün bütün xalqlarının və ölkələrinin öz mədəni azadlıqlarını qorumasında avanqard rol oynamaq əzmindədir.
b)ROMANO-GERMAN SİVİLİZASİYASININ TƏNQİDİ. Romano-german sivilizasiyası Qərb xristianlığı (katoliklik, protestantlıq) sekulyarlığına əsaslanaraq, ilk yerə individualizmi, eqoizmi, rəqabəti, materializmi, texniki tərəqqini, istehlak dəyərlərini, zəiflərin güclülər tərəfindən iqtisadi istimarını qoyan xüsusi postxristian sistem qurmuşdur. Bu sivilizasiya təkcə Şərqin və Üçüncü Dünyanın mədəniyyətlərini deyil, xristian aləminin qeyri-Qərb istiqamətlərini də, xüsusən Pravoslavlığı “geridəqalmış” sivilizasiyalara aid edir. Romano-german sivilizasiyası öz qlobal hüququnu mənəvi əzəməti ilə deyil, kobud maddi gücü ilə əsaslandırır; başqa xalqların mənəviyyatını yalnız öz “zəkasının” üstünlüyü haqda təsəvvürləri prizmasından qiymətləndirir (“rasionalizm”). Romano-german sivilizasiyası Maarifçilik dövründən başlayaraq, ümumiyyətlə açıq “allahsızlıq” yolu tutub, ənənələri və Tanrıya itaəti insan lovğalığı, onun tərifinin göylərə qaldırılması ilə əvəz etmişdir. Bu sivilizasiya ağır xəstədir, daxili böhran içərisindədir, onun maddi uğurları mənəvi eybəcərliyini və tənəzzülünü ört-basdır edir. Onun təsirinin dünyanın digər hissələrinə yayılması mənəvi epidemiya dalğasına bərabərdir. Romano-german sivilizasiyası özünün müstəmləkəçi-imperialist ifadəsiylə (başqa yanaşmanı o tarixən tanımır da) bəşəriyyətə təhlükədir və sivilizasiyanın bütün digər modellərinə ziddir, çünki onlara mövcud olmaq haqqı tanımaqdan imtina edir.
2.MƏKAN AMİLİ.
a)YERİNDƏ İNKİŞAF NƏZƏRİYYƏSİ. Coğrafi məkan xalqların mədəniyyətinə və milli tarixinə çox böyük (bəzən həlledici) təsir göstərir. Hər bir xalq müəyyən coğrafi mühitdə inkişaf edərək özünün milli, etik, hüquqi, dil, ayin, təsərrüfat və siyasət formalarını işləyib hazırlayır. Xalqın və ya dövlətin “inkişafının” baş verdiyi “yer” həmin “inkişafın” trayektoriyasını və mahiyyətini xeyli dərəcədə qabaqcadan müəyyən edir. O dərəcəyə qədər ki, onlar bir-birindən ayrılmaz olur. Tarixi yerli şərtlərdən qoparmaq olmaz və sivilizasiyanın təhlili təkcə zaman oxuyla (“əvvəl”, “sonra”, “inkişaf etmiş” millətlər, “inkişaf etməmiş” millətlər və s.) deyil, həm də məkan oxuyla (“şərq”, “qərb”, “səhralar”, “dağlar” və s.) aparılmalıdır. İnkişafın universal modeli yoxdur; Yer landşaftının müxtəlifliyi çoxçeşidli mədəniyyətlər doğurur ki, onlardan hər birinin öz dövrü, öz daxili kriteriyaları, öz məntiqi var. Heç bir inkişaf məkanının başqaları üçün etalon olmaq iddiası irəli sürmək haqqı yoxdur. Hər bir xalqın öz inkişaf modeli, öz “vaxtı”, öz “rasionallığı” vardır ki, öz orijinal daxili meyarlarına əsasən dərk olunmalı və qiymətləndirilməlidir.
b)COĞRAFİ DETERMİNİZM. Avropanın iqlimi, onun məkanlarının kiçikliyi, landşaftlarının təsiri spesifik Avropa sivilizasiyası doğurub ki, burda meşələrin (Şimali Avropa) və sahillərin (Aralıq dənizi) təsiri üstündür. Başqa landşaftlar fərqli tip sivilizasiyalar doğurublar: çöl massivləri – köçəri imperiyaları (skiflərdən türklərə qədər), səhra – ərəb (islam) sivilizasiyasını, dənəvər torpaqlar – Çin sivilizasiyasını, yüksək ada dağları – yapon sivilizasiyasını, meşə və çölün qovuşması – Rus-Avrasiya sivilizasiyasını ərsəyə gətirib. Lanfşaftın izi bu sivilizasiyaların hər birində var, onu heç vaxt aradan qaldırmaq və yox etmək mümkün deyil.
3.DÖVLƏT VƏ MİLLƏT.
a)NEOSLAVYANOFİLLİK. 19-cu əsrin ilk rus slavyanofilləri (Xomyakov, Aksakov, Kireyevski) israr edirdilər ki, rus (slavyan, pravoslav) sivilizasiyası unikal və özünəməxsusdur. Onun bir tərəfdən Qərb, digər tərəfdən liberal modernizm (yenə Qərbdən gələn) qarşısında özünü qoruyub-saxlamağa, möhkəmlətməyə ehtiyacı var. Slavyanofillər ənənələrin dəyərini, qədimliyin əzəmətini, rus ulularına sevgini təsdiqləyir, proqresin mənfi tərəflərini, materializmin və nihilizmin dalana dirəndiyini, Qərb modelinin bir çox aspektlərinin Rusiya üçün yad olduğunu göstərirdilər. Sonrakı slavyanofillər (Danilevski, Leontyev, “Avrasiya” anlayışını elmi ədəbiyyata gətirən V.İ. Lamanski) hesab edirdilər ki, Rusiya təkcə özünəməxsusluğunu qorumaqla kifayətlənməməli, qapılarını Qərbə bağlamalıdır. Çünki Qərbin Rusiyaya ümumi təsir balansı tamamilə neqativdir. Qeyd edək ki, ilk slavyanofillər sələflərindən fərqli olaraq bu məsələyə bir qədər ehtiyatla yanaşırdılar. Avrasiyaçılar bu fəlsəfi məktəbdən sonrakı slavyanofillərin mövqeyini miras alıblar və onların tezislərini Şərqin təsirinin müsbət qiymətləndirilməsi baxımından daha da inkişaf etdiriblər. Avrasiyaçıların (Savitski) fikrincə, rus özünəməxsusluğu təkcə “müdafiəyə və izolyasiyaya ehtiyac duymur”, həm də fəal surətdə romano-german sivilizasiyasına qarşı qoyulmalıdır və bütün bəşəriyyətin azadlıq hərəkatının dayağına çevrilməlidir. Rusiyanın missiyası universallaşdırılır.
b)TURAN AMİLİ. Rusiya öz slavyan kökünü məhz Turanla birləşdirərək müstəqil sivilizasiya kimi formalaşıb. Monqol-tatar dövrünün mirası rus tarixinin vacib elementi olmuşdur ki, bu bir neçə parçalanmış şərqi slavyan əyalət knyazlığını dünya imperiyasının gövdəsinə çevirmişdir. Kiyev Rus dövlətinin 13-cü əsrdə Avropa təsiri altına düşmüş sektorları yavaş-yavaş onun içində əriyərək, siyasi və mədəni müstəqilliklərini itirdilər. Ordanın tərkibinə daxil olan torpaqlar isə sonradan kontinental imperiyanın nüvəsinə çevrildilər. Tatarlar Moskva Çarlığında dirçələn və “Çingizxanın mirası”na (knyaz N.S. Trubetskoyun kitabının adı) daxil olan Qədim Rus dövlətinin mənəvi özünəməxsusluğunu qoruyub saxladılar. Avrasiyaçılar rus filosofları və tarixçiləri içərisində ilk ideoloqlardır ki, Turan amilini müsbət qaynaq kimi dəyərləndirmişlər, rus-tatar münasibətləri dialektikasını Avrasiya dövlətçiliyinin canlı mənbəyi hesab etmişlər.
c)MİLLİ TARİXİN DİALEKTİKASI. Rusiyanın milli tarixi dialektikdir. Kiyev Rus dövlətində biz gələcək messianlığın (mitropolit İllarion) ilk intuisiyalarını görürük, lakin o Bizansın şimal əyalətində yerləşən tipik zəif Şərqi Avropa dövləti idi. Monqol istilası çiçəklənən Rus dövlətini dağıtmayıb, əksinə pərakəndə halda olan və daim çəkişən şərqi slavyan vilayətləri üzərində nəzarəti bərpa edib. Kiyev Rus dövləti haqqında mif monqol epoxasında “qızıl əsrə” nostalgiya kimi yetişib və gələcək dövlətin dirçəlişi üçün “səfərbəredici layihə” xarakterinə malikdir. Moskva Çarlığı rus dövlətçiliyinin ən yüksək inkişaf çağı idi. Milli ideya yeni status aldı: Moskva Florensiya uniyasını tanımaqdan imtina etdikdən sonra (mitropolit İsidorun həbsi və sürgün olunması) və tezliklə Çarqrad çökərkən Rusiya öz üzərinə pravoslav səltənəti estafetini götürdü. Moskva Üçüncü (sonuncu) Rim oldu. Paralel olaraq Orda hakimiyyətinə son qoyuldu. 15-ci əsrin ikinci yarısında Moskva həm siyasi müstəqillik qazandı, həm də yenidən formalaşdırılmış dini missiya əldə etdi. 200 illik Moskva Çarlığı dövrü – Müqəddəs Rus dövlətinin çiçəklənmə çağıdır. 17-ci əsrdəki parçalanma bu dövrün sona çatdığını göstərir. Bu parçalanma təkcə kilsə ilə bağlı deyil, onun həm də geopolitik və sosial mahiyyəti var. Rusiya üzünü Avropaya çevirdi, aristokratiya çox sürətlə xalq kütlələrindən ayrılmağa başladı. Qərbyönümlü (yarıkatolik, yaxud yarıprotestant) zadəganlıq bir qütbə ayrıldı, köhnə etiqada, yaxud sektanlığın milli formalarına meyilli arxaik xalq kütlələri isə digərinə. Avrasiyaçılar Peterburq mərhələsini “romano-german əsarəti” adlandırırlar. Ordanın rusları qoruduğu şey Romanovlar vasitəsilə gətirildi. 200 il davam edən Romanov sistemi dağıldı və dibdəki xalq stixiyası üzə çıxdı. Avrasiyaçılar bolşevizmi “Moskva istehsalı” olan, “parçalanmaya qədərki”, özünəməxsus “avrasiyaçı” Rus dövlətinin “romano-german istehsalı olan” Peterburq üzərində revanş götürməsi kimi qəbul etdilər. Avrasiyaçılar marksizmin ektravaqant ideya fasadı altında rus bolşeviklərinin milli və imperialist idelayalarını gördülər. Avrasiyaçılar Rusiyanın gələcəyini “bolşevizmin aradan qaldırılmasında” və Avrasiya dövlət quruculuğunun magistral yoluna çıxmaqda görürdülər – pravoslav və milli, amma mahiyyətcə Peterburq epoxasından, xüsusilə də Avropa “liberal-demokratiyasının” istənilən kopyasından fərqli.
4.SİYASİ PLATFORMA.
a)İDEOKRATİYA. Dövlət, cəmiyyət, xalq, hər bir konkret insan ali mənəvi məqsədə xidmət etməlidir. Yer üzündəki yaşamın maddi şərtləri məqsəd ola bilməz və olmamalıdır. Zənginlik və tərəqqi, güclü dövlətçilik və səmərəli təsərrüfat, qüdrətli ordu və inkişaf etmiş sənaye yüksək ideallara çatmaq üçün vasitə olmalıdır. Dövlətə və millətə yalnız “hakim ideyanın” varlığı məna verə bilər. Avrasiyaçılar “hakim ideya”nı ali dəyər kimi nəzərdə tutan siyasi quruluşu “ideokratiya” adlandırırlar – yunanca “idea” “ideya”, “kratos” “hakimiyyət” sözündəndir. Rusiya hər zaman Müqəddəs Rus dövləti kimi, xüsusi tarixi missiya həyata keçirən güclü dövlət kimi dərk olunub. Məhz avrasiyaçılıq dünyagörüşü gələcək Rusiyanın milli ideyası, “hakim ideyası” olacaq. Bu hakim ideyaya siyasətin, iqtisadiyyatın, ictimai quruluşun, sənaye inkişafının və s. bütün aspektləri tabe etdirilməlidir.
b)AVRASİYA SEÇİMİ. Kontinental masştablı meşə-çöl imperiyasının ifadəsi olaraq Rusiya-Avrasiya dövləti xüsusi “seçim” əsasında xüsusi idarəçilik metodu tələb edir. Həmin “avrasiyaçı seçim” landşaft şərtlərinə uyğun gələn xüsusi etika əsasında həyata keçirilir. Bu, kollektiv məsuliyyət, təmənnasızlıq, qarşılıqlı yardım, asketizm, iradə, dözüm, rəhbərliyə sözsüz tabeçilik etikasıdır. Yalnız bu keyfiyyətlər Avrasiya meşə-çöl zonasındakı geniş, az məskunlaşmış torpaqlar üzərində nəzarətin saxlanılmasını təmin edə bilər. Avrasiyanın hakim sinfi kollektivçilik, asketizm, döyüşçü ləyaqəti, ciddi ierarxiya əsasında formalaşıb. Çingizxanın qanunlar məcəlləsi olan “Yasa”nın əsasında məhz bu prinsiplər dayanırdı. Sonralar “Avrasiya seçiminin” əsas motivləri Moskva Rus dövlətinin siyasi quruluşunda öz əksini tapdı. İstənilən ideoloji fasadda Rusiyanın-Avrasiyanın real idarəçilik mexanizmi təbii olaraq “Avrasiya seçimi” məntiqinə meyillənir.
c)DEMOTİYA. Qərb demokratiyası qədim Afinanın, uzun əsrlərdən sonra isə ada İngiltərənin spesifik şəraitində təşəkkül tapıb. Bu demokratiya Avropanın “yerli inkişafının” spesifik xarakteristikasını əks etdirir. Bu “demokratiya” universal meyar deyil. Başqa “yerli inkişaflar” xalqların siyasi idarəçilikdə fərqli formalı birgə iştiraklarını təklif edir; onlar hamısı həm formal, həm də məzmun xüsusiyyətlərinə görə bir-birindən fərqlidir. Rusiya-Avrasiya məkanı üçün Avropa “liberal-demokratiyası” normalarını kopyalamaq mənasız, mümkünsüz və zərərlidir. Rusiya xalqının siyasi idarəetmədə birgə iştirakı başqa terminlə – “demotiya” adlandırılmalıdır. Yunanca “demos” sözündəndədir və “xalq” mənasındadır. Bu birgə iştirak ierarxiyaları inkar etmir və partiya-parlament strukturlarında formallaşdırılmamalıdır. “Demotiya” yerli şuralar sistemini, mahal nümayəndəliklərini və milli (kiçik xalqlar olduqda) nümayəndəlikləri nəzərdə tutur. “Demotiya” icma özünüidarəsi, kəndli “dünyası” əsasında inkişaf edir. “Demotiya”nın örnəyini Moskva Rusiyasında prixod üzvlərinin Kilsəyə Baş keşiş seçməsində görmək olar. Əgər “demokratiya” formal olaraq avtokratiyaya ziddirsə, “Avrasiya demotiyası” “Avrasiya avtoritarizmi” ilə tam uyğunlaşdırıla bilər.


7-Cİ HİSSƏ: AVRASİYAÇILIĞIN FORMALAŞMA TARİXİ

Lev Nikolayeviç Qumilyov (1912-1992) rus şairi N. Qumilyovun və şairə A. Axmatovanın oğludur. O etnoqraf, tarixçi, filosofdur. Asiyaya edilən bir çox ekspedisiyalarda iştirakçısı olub. Dəfələrlə həbs edilib. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1965-ci ildə nəşr olunan “Tarixi coğrafiya fənni haqda” əsərində ilk dəfə etnos haqqında nəzəriyyəsini şərh edib. 1976-cı ildə “Etnogenez və Yerin biosferi” əsərini tamamlayıb. 1989-cu ildə “Qədim Rus dövləti və Böyük Çöl” əsəri nəşr olunub. 1992-ci ildə vəfat edib.
Qumilyova kalmık millətindən olan avrasiyaçı E. Xara-Davanın “Çingizxan sərkərdə kimi” kitabı və P.S. Savitskinin əsərləri böyük təsir göstərmişdir. O öz əsərlərində avrasiyaçılığın əsas tezislərini inkişaf etdirmişdir. Ömrünün axırında özünü “sonuncu avrasiyaçı” adlandırmışdır.
QUMİLYOVUN NƏZƏRİYYƏSİNİN ƏSAS MƏQAMLARI.
a)PASSİONARLIQ NƏZƏRİYYƏSİ AVRASİYA İDEALİZMİNİN İNKİŞAFI KİMİ. Qumilyov avrasiyaçıların çıxardığı əsas tarixi-metodoloji nəticələri qəbul edirdi. Lakin onlarda özünün başlıca sualına cavab tapa bilmirdi: etnoslar arasında müsbət və ya mənfi komplimentarlığın (bir-birini tamamlamamağın) səbəbi nədir? Onun fikrincə, məsələ bundan ibarətdir ki, etnoslar təbii yaradılışlar kimi kosmosdan gələn və “passionarlıq effekti” yaradan, yəni yüksək aktivliyə, fövqəlgərginliyə səbəb olan müəyyən “energetik impulslarla” üzləşirlər. Belə hallarda etnoslar “genetik mutasiyaya” məruz qalırlar ki, bu da “passionarların” – xüsusi temperamentli və istedadlı insanların doğuluşuna gətirib çıxarır. Yeni etnosların, mədəniyyətlərin və dövlətlərin yaradıcısı da onlar olurlar.
b)ELMİ DİQQƏTİN ŞƏRQİN “KÖÇƏRİ İMPERİYALARININ” PROTOTARİXİNƏ YÖNƏLMƏSİ. Bu və qədim Avrasiyanın yerli əhalisinin nəhəng etnik və mədəni irsinin kəşfi qədim dövrün möhtəşəm, amma layiq olmadığı halda unudulmuş mədəniyyətləri ilə (hunlar, türklər, monqollar və s.) tamamilə tutuşdurula bilər.
c)ETNİK KOMPLİMENTARLIQ NƏZƏRİYYƏSİNDƏ TÜRKOFİL YANAŞMANIN İNKİŞAFI. Etnos – ümumiyyətlə götürdükdə insanların hər cür cəmi, tarixi taleyin ümumiliyinə əsaslanan “kollektiv”, xalq, kiçik xalq, millət, tayfa, qəbilə birliyidir. Hər bir etnosun əvvəli və sonu var: o doğulur, yetkinləşir, qocalır və ölür. Bununla bərabər heç bir etnos, heç bir xalq “tənha yaşamır”. Onların arasında müvafiq komplimentarlıq, simpatiya, dostluq ilə şərtlənən rəngarəng etnik əlaqələr mövcud olur. Ruslarda belə bir komplimentarlıq “monqoloidlərlə” asanlıqla qurulmuşdur, ancaq avropalılarla, xüsusən də katoliklərlə münasibətdə qorxunc çətinliklər yaranmışdır. Qumilyov yazırdı: “Babalarımız velikoruslar 15-16-17-ci əsrlərdə Volqa, Don, Ob tatarları və rus mədəniyyətini qəbul edən buryatlarla asanlıqla və çox sürətlə qaynayıb-qarışıblar. Velikoruslar özləri yakutların içində asanlıqla əriyiblər, yakutlaşıblar, daim qazaxlar və kalmıklarla yoldaşcasına, dostcasına əlaqədə olublar. Evləniblər, Mərkəzi Asiyada monqollarla problemsiz yola gediblər. Necə ki 14-16-cı əsrlərdə monqollar və türklər də Mərkəzi Rusiyada ruslarla asanlıqla qaynayıb-qarışıblar”. Ona görə də Moskva Rus dövlətinin tarixini rus-tatar etnik əlaqələri kontekstindən, Avrasiya qitəsinin tarixindən kənarda nəzərdən keçirmək olmaz.
YENİ AVRASİYAÇILIĞIN (NEOAVRASİYAÇILIĞIN) MEYDANA ÇIXMASI: TARİXİ-SOSİAL KONTEKST.
1.SOVET PARADİQMATİKASININ BÖHRANI. 80-ci illərin ortalarına doğru Sovet cəmiyyəti refleksiya və özünürefleksiya rabitəsini və adekvatlığını itirməyə başladı. Sovet özünüdərk modelləri dağılırdı. Cəmiyyət orientasiyasını itirirdi. Hamı dəyişikliyə ehtiyac hiss edirdi, amma bu duyğu tutqun idi, heç kəs dəyişiklikləri hardan gözləməli olduğunu bilmirdi. O dövrdə anlaşılmaz bir suayrıcı xətti yaranmışdı: “tərəqqi gücləri” və “reaksiya gücləri”, “islahatçılar” və “köhnəlik tərəfdarları”, “islahat tərəfdarları” və “islahat əleyhdarları”. Məsələ belə qoyulurdu: bəziləri Sovet sisteminin böhran keçirdiyini iddia edir, digərləri isə heç bir böhranın olmadığını söyləyirdilər. Hər şey bu (yetərincə saxta) problemin ətrafında fırlandığından, “islahatların” məzmunu, orientasiyası, onların digər tarixi mərhələlərlə əlaqəsi haqqında heç kəs düşünmürdü. Səciyyəvi haldır ki, “reaksiyaçı” və “islahat əleyhdarı” olan qüvvələr marksizmə və sovetizmə əsaslanan dünyagörüş rabitə sistemlərini çoxdan itirmişdilər və “islahatlara” qarşı əqidə baxımından yox, daha çox inersiya ilə müqavimət göstərirdilər.
2.QƏRB MODELLƏRİNƏ ALUDƏÇİLİK. Belə bir şəraitdə “islahat” termini öz-özünə “liberal-demokratiyanın” sinoniminə çevrildi. Sovet sisteminin böhranı faktından tələsikcəsinə (və həqiqətən müəmmalı şəkildə) Qərb modelinin aşkar üstünlüyü, onun kopyalanmasının zəruriliyi barədə nəticə çıxarıldı. Nəzəriyyə səviyyəsində bu həqiqətən müəmmalıdır, çünki “ideologiyalar xəritəsində” primitiv dualizmdə olduğundan (sosializm yoxsa kapitalizm, Varşava Müqaviləsi yoxsa NATO) daha çox seçim sistemləri vardır. Lakin məhz primitiv ikili məntiq üstünlük təşkil etdi: “islahat tərəfdarları” Qərbin şəksiz məddahlarına çevrildilər, onun məntiq və strukturlarını sürətlə mənimsədilər, “islahat əleyhdarları” isə məntiq və strukturunun get-gedə öz əllərindən sürüşüb çıxdığı postsovet quruluşunun süst müdafiəçiləri kimi çıxış etdilər. Belə bir nataraz durumda enerji potensialı, yeniliklər, dəyişiklik ümidi, yaradıcı impuls və perspektiv islahatçı-qərbçilərin tərəfində idi, “reaksiyaçılara” qalan isə ətalət, durğunluq, vərdişə və məluma müraciət oldu. Məhz belə bir psixoloji və estetik dumanda Qərb liberal-demokratları 90-cı illərin Rusiyasında üstünlüyü ələ aldılar. Hərçənd aydın və şüurlu ideoloji seçim həyata keçirmək üçün heç kəsə imkan verilmədi. Qərbçilik və liberal-demokratiya Rusiyada 80-ci illərin sonu 90-cı illərin əvvəlində “xəlvəti”, son dərəcə ümumi və konkret olmayan “İslahatlar uğrunda!” şüarı altında bərqərar oldu. Məhz hansı islahatların nəzərdə tutulduğu barədə isə heç nə deyilmirdi. “İslahatçıların” bir qrupu tərəfindən bu, şüurlu həyata keçirilən hiylə olsa da, əhalinin əksəriyyəti üçün azad seçkinin səhv başa düşülməsi, yəni manipulyasiya idi.
3.DÖVLƏTÇİLİYİN SÜQUTU. “İslahatların” nəticəsi Sovet dövlətinin süqutu və SSRİ-nin qalığı olan Rusiyanın çöküşünün başlanğıcı oldu. Sovet sistemi və “Sovet rasionallığı” dağıldıqca, milli və tarixi şəraitə adaptasiya olunmuş yeni sistem və yeni rasionallıq yaradılmırdı. Tədricən Rusiyaya və onun milli tarixinə münasibətdə spesifik münasibət üstünlük qazanırdı: Rusiyanın keçmişinə, indisinə və gələcəyinə Qərb prizmasından baxmağa, hər şeyi xaricdən, kənardan, yad kimi qiymətləndirməyə başladılar (“bu ölkə” – “islahatçıların” tipik ifadəsi belə idi). Bu baxış Rusiyadan Qərbə deyil, Qərbdən Rusiyaya idi. Belə bir situasiyada təəccüblü deyil ki, Qərb mexanizmlərinin mənimsənilməsi hətta “islahatçıların” nəzəri baxışlarında milli dövlətçilik strukturlarını yaratmağa və möhkəmləndirməyə deyil, sonuncunu da dağıtmağa yönəlmişdi. Dövlətin dağıdılması “islahatların” təsadüfi nəticəsi deyil, faktiki olaraq Qərbin strateji məqsədlərindən biri idi.
4.POSTSOVET ŞƏRAİTİNDƏ ANTİQƏRB (ANTİLİBERAL) MÜXALİFƏTİN YARANMASI. “İslahatlar” inkişaf etdikcə və dərinləşdikcə adi reaksiyanın qeyri-adekvatlığı çoxları üçün aydın oldu. Bu dövrdə (1989-90) “milli-vətənpərvər müxalifət” yarandı ki, sıralarına minimal refleksiyaya qadir “sovet konservatorları”, “islahatlara” inamını itirmiş, yaxud onların antidövlət istiqamətini dərk etmiş bir sıra “islahatçılar”, hələ yenidənqurma dövründə formalaşan və hökmranlıq emosiyalarını neokommunist kontekstdə rəsmiləşdirməyə çalışan vətənpərvərlər hərəkatının bir sıra nümayəndələri (pravoslav-monarxik, milliyyətçi və s.) daxil oldular. Postsovet vətənpərvərliyinin konseptual modeli ciddi gecikmə ilə, heç bir xarici strateji, intellektual və maddi dəstək olmadan dağınıq şəkildə formalaşmağa başladı.
5.NEOAVRASİYAÇILIQ. Yeni avrasiyaçılıq ideoloji və siyasi hadisə olaraq bu kontekstdə meydana çıxdı, inersial sovetizm (Rusiya Kommunist Partiyası, Rusiya Kommunist Fəhlə Partiyası, “Zəhmətkeş Rusiya” hərəkatı), marginal monarxizm və dumanlı millətçiliklə (Rusiya Liberal Demokrat Partiyası) yanaşı (bəzən də birlikdə) tədricən postsovet Rusiyasının əsas patriotik özünüdərk istiqamətlərindən biri oldu.
NEOAVRASİYAÇILIQ İDEOLOGİYASININ İNKİŞAF MƏRHƏLƏLƏRİ VƏ ƏLAVƏ AXINLAR.
1-Cİ MƏRHƏLƏ (1985-1990-CI İLLƏR): SAĞ AVRASİYAÇILIQ MİLLİ-MÜHAFİZƏKAR MƏCRADA. “Sağ avrasiyaçılıq” bu mərhələdə, neokommunist vətənpərvər dairələr kontekstində formalaşmağa başladı. Həmin mərhələnin polemik meydanında “liberal-islahatçılar” haqqında danışdığımız istiqamətləri “xoxanlaşdırdı”, kommunist isteblişment isə onları dəstəkləmədi. Bu qruplara hakimiyyətin və KİV-in münasibəti bəzən son dərəcə mənfi olurdu, bu səbəbdən onların obrazı güclü təhrifə məruz qaldı. Bununla yanaşı, onu da etiraf etmək lazımdır ki, bu qrupların “ekstremal” görünən xeyli layihəsi tez bir zamanda və tamamilə ciddi siyasi insansiyalar tərəfindən praktikada həyata keçirildi. Məsələn, 80-ci illərin sonlarında milli vətənpərvərlərin Xilsakar İsa Məbədinin bərpası, kilsələrin hər yerdə bərpa olunmasının zərurəti, Çar ailəsinin kilsə tərəfindən övliyalar sırasına keçirilməsi, inqilaba qədərki kilsə-monarxiya mədəniyyətinin qaytarılması, rus tarixinin sovet marksist-materialist ənənələrindən kənar tədrisi, orduda “polk keşişləri” vəzifələrinin tətbiqi və s. ideyaları bu qəbildəndir. Bu cür “mühafizəkar” tendensiyaları həm islahatçılar, həm də sovet konservatorları “qaragüruhçuluq” kimi damğalayırdılar. Buna baxmayaraq, bunlar hamısı tez bir zamanda hamının qəbul etdiyi fakta çevrildi, hərçənd bu təklifləri irəli sürən qrupları “xortdan” kimi qələmə vermək inersiyası bu gün də qalır və onlara qarşı münasibət açıq-aşkar qeyri-obyektivdir.
Bu kontekstdə “milli-mühafizəkar” hərəkatın meydana gəlməsi “neoavrasiyaçıların” ilk qruplarını formalaşdırmağa başladı.
1989-cu ildə “Sovetskaya literatura” jurnalında neoavrasiyaçıların ilk məqalələri peyda oldu (Aleksandr Duqin, “Proletar erasının sonu”), “Kontinent-Rossiya” almanaxının nəşri həyata keçirildi (1989), A. Duqinin “Kontinent-Rossiya”, “Avrasiya təhtəlşüuru” və s. məqalələri çap olundu. İtaliyada A. Dughin “Continente Russia” (1989), İspaniyada A. Dughin “Rusia: Misterio de Eurasia” (1990) kitabları çapdan çıxdı.
Elə həmin dövrdə tradisionalizm klassiklərinin ilk məqalələri dərc olundu. 1990-cı ildə R. Genonun “Müasir dünyanın böhranı” əsərinin 1-ci nəşri A. Duqinin müfəssəl şərhləri ilə və A. Duqinin “Absolyutun yolları” kitabı tradisionalizm fəlsəfəsi əsaslarının şərhi ilə çapdan çıxdı.
Bu dövrdə neoavrasiyaçılıq tarixi ənənəçilərə yaxın olan, pravoslav-monarxik, “etnik zəminli” elementlər daşıyan, sol ideologiyanı sərt tənqid edən sağ-mühafizəkar xarakter daşıyırdı.
Həmin dövrdə Duqinlə avrasiyaçılığı Heydər Camal da bölüşürdü, ancaq sonradan “islamçılığın” xeyrinə bu mövqedən imtina etdi. Qumilyovla (həyatının son illərində) və onun davamçıları ilə birbaşa kəsişmələr yox idi. Neoavrasiyaçılığın bu dövrünün təşəkkülü metafizik, fəlsəfi, nəzəri, dini tədqiqatların, mühazirələrin, məqalələrın çoxluğu ilə müşayiət olunur. Əsas vurğu ənənəçiliyin üzərinə düşürdü.
2-Cİ MƏRHƏLƏ (1991-1993-CÜ İLLƏR): NEOAVRASİYAÇILIQ VƏTƏNPƏRVƏR MÜXALİFƏTLƏ YAXINLAŞIR. Mürəkkəb ideoloji duruma düşən kommunist-mühafizəkarlar təcili olaraq surroqat (əvəzedici) ideologiya axtarmağa başladılar. 1991-ci ilin uğursuz qiyamından sonra Züqanov Duqinlə yaxınlaşır, “Den” qəzetinin baş redaktoru Aleksandr Proxanov isə avrasiyaçılığın bəzi ideyalarını Züqanova təlqin edirdi. Beləcə, yavaş-yavaş “qırmızı-ağ” müxalifət (aşağılayıcı tərzdə “qırmızı-qəhvəyi” adlandırılan) formalaşırdı. O əvvəlcə “Milli Qurtuluş Cəbhəsinin” ideya platforması oldu, sonra isə Rusiya Kommunist Partiyası proqramının əsasını təşkil etdi. İdeyaların bu şəkildə qovuşmasına imkan verən ümumi məxrəc rolunda məhz avrasiyaçılıq paradiqması çıxış edirdi. Bu dövrdə neoavrasiyaçı dairələr “antikommunizmə” nisbi olaraq yenidən baxırdılar (neoavrasiyaçılığın ilk etapının əlaməti) və Sovet dövrünü tarixi milli bolşeviklər (smenovexovçular) və “sol avrasiyaçılar” ruhunda yenidən qiymətləndirirdilər.
Bu dövrdə vətənpərvər “Den”, “Naş sovremennik”, “Sovetskaya Rossiya” qəzet və jurnallarında silsilə məqalələr dərc olunurdu. Geopolitikaya (A. Duqin, “Qitələrin böyük savaşı”, 1992), sakral coğrafiyaya, ənənəçiliyə, mühafizəkar inqilaba həsr olunmuş ilk məqalələr meydana çıxırdı. Bu, neoavrasiyaçılığın qızğın inkişafı, çoxlu məqalələr, seminarlar, mühazirələr, dəyirmi masalar, simpoziumlar, diskussiyalar və s. çağı idi. Neoavrasiyaçılıq istiqaməti ətrafında görünməyən ox ətrafında olduğu kimi ciddi siyasi layihələr sıraya düzülməyə başladı.
Həmin illərdə Moskvaya avropalı “yeni sağçı” nəzəriyyəçilər də gəlirdi (A. De Benua, R. Stoykers, J. Tiriar, K. Terraçano, M. Battara, K. Mutti və s.). Müasir Avropa düşüncəsinin bu mühafizəkar istiqaməti avrasiyaçıların ideya axtarışlarında rezonans oldu. Avropalı “yeni sağçılar” (anqlosaksonlardan fərqli olaraq) mühafizəkar dəyərləri sosial dinamizm və avanqardla birləşdirirdilər, iqtisadiyyatda sol modellərə simpatiya bəsləyirdilər, antikommunist deyildilər və rusofil tendensiyalarla seçilirdilər. Neoavrasiyaçıların bu dairələrlə intensiv dialoqu onların konseptual baqajını əhəmiyyətli dərəcədə zənginləşdirirdi ki, bura “Avropa yeni sağçılarının” ideya laboratoriyalarında fəal surətdə inkişaf etdirilən müasir geopolitik, sosioloji, politoloji, fəlsəfi, dünşünaslıq, iqtisadi nəzəriyyələr inteqrasiya olunurdu. “Yeni sağçılar” kommunist dairələrə də müəyyən təsir göstərirdilər (onlarla birgə seminarlarda G. Züqanov, Y. Liqaçov, V. Çikin və s. iştirak edirdilər).
Bu zaman H. Camal yeni avrasiyaşılıqdan uzaqlaşaraq, sırf islamçı siyasi-dini fəaliyyətə yönəldi və “İslam Dirçəliş Partiyasının” (Tacikistanda qanlı savaş törədən) fəallarından biri oldu, Qafqazdakı “sələfi” (vahhabi) dairələrə cəlb olundu.
Tədricən neoavrasiyaçılıq vətənpərvər müxalifət və ziyalılar arasında populyarlaşdı. Səciyyəvidir ki, bu dövrdə avrasiyaçılığa liberal-demokratik kontekstdə yenidən baxılmasına ilk cəhd edildi. Bir sıra demokratlar “demokratik avrasiyaçılıq” layihəsini irəli sürməyə səy göstərdilər (Q. Popov, S. Stankeviç, L. Ponomaryov). Bunun əsasında terminlərin müəyyən mənada dolaşıq salınması dayanırdı – tanınmış hüquq müdafiəçisi A. Saxarov da Avrasiya haqqında danışırdı, ancaq fəlsəfi, siyasi və və geopolitik deyil, sırf coğrafi mənada (qatı atlantist olduğu üçün heç vaxt avrasiyaçılığa bu cür yanaşa bilməzdi). Saxarov “Avrasiya” anlayışına öz antikommunist fəaliyyəti məcrasında praqmatik yanaşırdı. O zaman SSRİ-nin tamamilə dağılması ağlasığmaz sayıldığından, Saxarov SSRİ-ni sovet ideologiyasından imtina etməklə sırf ərazi, coğrafi statusda qəbul etməyə çağırırdı. Bunun 20-ci əsrin ilk yarısındakı ideoloji avrasiyaçılığa və yeni avrasiyaçılığa heç bir aidiyyatı yox idi. “Demokratik avrasiyaçılar” sovetizmin çox tez dağılmasının postsovet məkanda radikal millətçilik və arxaik mühafizəkarlıq ocaqları doğuracağından qorxduqları üçün həmin təfəkkür gedişlərdən istifadə etməyə çalışırdılar. Bu yanaşma müəyyən “sosial-demokratik” cizgilərə malik idi. “Demokratik avrasiyaçılığa” elə bu yöndən “Qorbaçov Fondu”nun bəzi fəalları da (xüsusən Q. Şaxnazarov) yanaşırdılar. Ancaq bu xətt ciddi nəzəri və praktiki inkişafa nail ola bilmədi.
Səciyyəvi haldır ki, 1993-cü ildə “Ağ Ev” gülləbaran olunmamışdan qabaq Parlamentin sədri R. Xasbulatov və Konstitusiya Məhkəməsinin sədri V. Zorkin “Den” qəzetinə müsahibələrində məhz avrasiyaçılıq tərəfdarı olduqlarını (Duqin-Proxanov-Züqanov üslubunda) bəyan etdilər.
O dövrdə O. Lobov, O. Soskoves, S. Baburin kimi siyasətçilər də öz avrasiyaçılıqları haqda danışırdılar.
1992-93-cü illərdə “Avrasiya İcmalı Elementləri” teoretik jurnalının ilk 3 sayı çıxdı. Jurnalda neoavrasiyaçılıq teoriyasının nəzəri əsasları, geopolitika, ənənəçilik, “yeni sağçılıq” teoriyaları haqqında çoxsaylı materiallar və tərcümələr dərc olunurdu.
Elə həmin dövrdə ali təhsil müəssisələrində, çoxsaylı seminar və mühazirələrdə geopolitika və avrasiyaçılığın əsasları tədris olunmağa başladı.
3-CÜ MƏRHƏLƏ (1994-1998-Cİ İLLƏR): NEOAVRASİYAÇILIQ ORTODOKSİYASININ TEORETİK İNKİŞAFI. Milli-vətənpərvər müxalifət 1993-cü ildə ciddi məğlubiyyətə uğradıqdan sonra neoavrasiyaçılıq yavaş-yavaş müstəqil istiqamət götürməyə başladı. Yeni avrasiyaçılıq mövzularının milli-vətənpərvərlik siyasəti məcrasında (Rusiya Kommunist Partiyası, Rusiya Liberal Demokratik Partiyası və s.) praqmatik və fraqmentar mənimsənilməsinin yetərli olmaması, əsas güc istiqamətlərinin və təşkilatlarının Avrasiya Layihəsini tam şəkildə reallaşdırmaq üçün zəruri və qənaətbəxş səviyyədə tarixi subyektliyə malik olmaması haqqında ciddi nəticələr çıxarıldı.
Belə bir şəraitdə neoavrasiyaçılar başlıca səylərini əsas teoretik istiqamətlərin – geopolitikanın, fəlsəfə tarixinin, dinşünaslığın daha dəqiq təkmilləşməsi üzərində cəmlədilər. Bu illərdə A.Q. Duqinin əsas əsərlərinin – “Konspirologiya” (1994), “Mühafizəkar inqilab” (1994), “Avrasiya Misteriyaları” (1996), “Xoş Müjdə Metafizikası” (1996), “Geopolitikanın əsasları. Rusiyanın geopolitik gələcəyi” (1997), “Proletariatın tampliyerləri” (1997) nəşri həyata keçirildi, N.S. Trubetskoyun, Q.V. Vernadskinin, N.N. Alekseyevin, P.N. Savitskinin (1995-1998-ci illər) əsərləri “Aqraf” nəşriyyatında A.Q. Duqinin şərhləri ilə nəşr olundu.
1996-cı ildən avrasiyaçılar internetdə aktiv fəaliyyətə başladılar. Avrasiya fəlsəfi portalı “Arktogey”, sonralar isə evrazia.org əsas saytı yaradıldı.
Bu dövrdə Rusiya Kommunist Partiyasının, Rusiya Liberal Demokrat Partiyasının, “Bizim evimiz - Rusiya” hərəkatının, yəni solçuların, sağçıların və mərkəzçilərin proqram sənədlərində avrasiyaçılığa birbaşa və dolayı müraciətlərini, həmçinin avrasiyaçılıq mövzusuna dair məqalələrin artdığını görürük. Mühüm məqam odur ki, Avrasiya mirasına maraq bir qayda olaraq istorioqrafiyanın səviyyəsi ilə məhdudlaşırdı. Avrasiyaçılığın dünyagörüş, fəlsəfə, siyasi təlim, tarixi metod olaraq yenidən aktuallaşdırılmasına isə praktiki olaraq heç kəs cəhd etrmirdi.
Bununla bərabər, avrasiyaçılığın millətçilər, pravoslav “fundamentalistlər” və kommunist-ortodokslar tərəfindən tənqidi güclənirdi. Vətənpərvərlər hərəkatı çərçivəsində avrasiyaçılığa qarşı tədricən üç münasibət formalaşırdı: 1.Avrasiyaçılıq ideologiyası ilə uyğunlaşma (neoavrasiyaçılığın özü); 2.Avrasiyaçılıq ideologiyasının ayrı-ayrı müddəalarının fraqmentar mənimsənilməsi (Rusiya Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası); 3.Avrasiyaçılığın sərt inkarı – ifrat solçularda ortodoksal kommunist, ifrat sağçılarda pravoslav-monarxik və irqçi, “vətənpərvər-demokratlarda” isə (S.Y. Kurqinyan) Qərb humanizmi mövqeyindən.
Elə bu zaman yumşaldılmış “akademik” neoavrasiyaçılıq (professor A.S. Panarin) maarifçilik paradiqmaları elementləri ilə (Avrasiya ortodoksiyasında inkar olunan) meydana çıxaraq, anti-Qərb, anti-liberal, anti-qlobalist mövqelərin radikallaşması istiqamətində təkamül etdi. A.S. Panarinin əsas əsərləri bu vaxt çap olundu.
Bu dövrdə avrasiyaçılığın müxtəlif dərəcəli rusofob çalarlara boyanmış əsas türk-Turan istiqamətləri formalaşdı. Avrasiyaçılığın kalssik irsindən yalnız türkofiliya (orda həqiqətən mövcud olmuş) götürülür, ancaq panturanizm və federal mərkəzdən maksimal muxtariyyət səyləri ilə birləşdirilirdi. Səciyyəvi haldır ki, Tatarıstanda avrasiyaçılığı millətçi, antirus, separatçı təşkilat olan Tatar İctimai Mərkəzinin keçmiş ideoloqları inkişaf etdirirdilər.
Avrasiyaçılıq Qazaxıstanda da populyarlaşdı. Qazaxıstan prezidenti Nursultan Nazarbayev özü bu ideyanının daşıyıcısı kimi çıxış etdi. Bu məcrada əlamətdar hadisə baş verdi – Astanada L.N. Qumilyov Universiteti açıldı. 1994-cü ilin aprelində Nursultan Abişoviç Nazarbayev Moskva Dövlət Universitetində Avrasiya Birliyi yaradılması ideyasını elan etdi. Avrasiyaçılığın tarixində ilk dəfə belə masştabda bir siyasi xadim bu dünyagörüşə dəstək verdi və onun həyata keçirilməsi üçün konkret addımlar təklif etdi. Bu hadisənin mühüm əhəmiyyətini A.Q. Duqin sonradan özünün “Nursultan Nazarbayevin avrasiyaçılıq missiyası” kitabında (2004) hərtərəfli və məzmunlu şəkildə təhlil etmişdir.
Elə həmin illərdə bəzi neoavrasiyaçılar (smenovexovçuluq və N. Ustryalovun sol avrasiyaçılığı ruhunda olan) ifrat solçu gənclərin siyasi  layihəsi olan Milli Bolşevik Partiyasının yaradılmasında və “Limonka” gənclər qəzetinin buraxılmasında iştirak etdilər. Məqsəd rus gəncliyinə (itirilmiş nəslə) yaradıcı özünüifadənin qeyri-Qərb, yerli formalarını təlqin etmək idi. 1996-1997-ci illərdə Milli Bolşevik Partiyası qəfil deqradasiyaya uğrayaraq, estetik-intellektual cərəyandan “siyasi xuliqanlığa” çevriləndə, yeni avrasiyaçılar tam ayrılmaya getdilər və müstəqil mövqedən çıxış etməyə başladılar.
4-CÜ MƏRHƏLƏ (1998-2001-Cİ İLLƏR): NEOAVRASİYAÇILIĞIN MƏRKƏZÇİ SİYASİ MÖVQEYƏ ÇEVRİLMƏSİ, KƏNAR SİYASİ-MƏDƏNİ VƏ PARTİYA TƏZAHÜRLƏRİNDƏN QURTULMA PROSESİNİN BAŞA ÇATMASI VƏ MÜSTƏQİL İSTİQAMƏT GÖTÜRÜLMƏSİ (“ARKTOGEYA”, “YENİ UNİVERSİTET”, “AVRASİYA MÜDAXILƏSI”). 4-cü mərhələnin neoavrasıyaçı düşüncəsi geopolitik metodologiyanın inkişafına və bu metodologiyanın konkret siyasi və beynəlxalq təzahürlərin analizinin tətbiqinə istiqamətlənmişdi. Geopolitik intizamın ayrı-ayrı nəzəri tərəflərinin dəqiqləşdirilməsi ilə paralel olaraq, daha konkret tətbiqinin sxemləri və modelləri işlənib hazırlandı. Bu mərhələdə dini sferada rus Prasvoslavlığı məcrasında staroobryad (qədim təriqət) irsinin dərindən öyrənilməsi baş vermiş, bütün milli tarixin daxili qanunauyğunluğu naminə “rus raskolunun” fundamental əhəmiyyəti haqda ideya inkişaf etmişdir.
Siyasətdə bu mərhələ mərkəzçi mövqeyə tam keçidlə əlamətdardır ki, bu da praktiki olaraq Y.M. Primakovu dəstəkləməkdə özünü göstərib. 1998-ci ildə avrasiyaçıların lideri A.Q. Duqin Dövlət Dumasının spikeri Q.N. Seleznyovun müşaviri təyin olunub.
1998-ci ildə A. Duqinin “Bizim Yol” adıyla nəşr olunan avrasiyaçı broşurası, 2002-ci ildə “Avrasiya Yolu” kimi yenidən çapdan çıxdı. “Zavtra” qəzetinin əlavəsi olan “Avrasiya Müdaxiləsi”nin müntəzəm nəşri reallaşdı, hərçənd “Zavtra” redaksiyasının RFKP-çi və çox zaman ekstremist mövqeyi getdikcə yeni avrasiyaçılarla daha çox haçalanırdı (həm əsas, həm də xüsusi məsələlərdə). A.Q. Duqinin 2001-ci ildə çapdan çıxan iki cildlik “Rus tərzi” əsərində ən müxtəlif sahələrə – politologiyaya, iqtisadiyyata, din tarixinə, ədəbi tənqidə, sənətşünaslığa, geopolitikaya, sosiologiyaya və s. dair yeni avrasıyaçı yanaşmanın geniş panoraması verildi. Duqinin mətbuatda – “Nezavisimaya qazeta”da, “Moskovskiye novosti”də, “Literaturnaya qazeta”da çoxsaylı məqalələri və müsahibələri dərc olundu. Duqin 1998-ci ildə “Finis Mundi” radiosunda musiqili-fəlsəfi silsilə proqramlar yaydı, 1998-1999-cu illərdə “Svobodnaya Rossiya” radiosunda yeni avrasiyaçılıq və geopolitika üzrə həftədə bir saatlıq proqram apardı.
2000-ci ildə A.Q. Duqin neoavrasiyaçılıq dünyagörüşü paradiqmasını paralel siyasi layihə etmək üçün sonuncu cəhd göstərir- o “Rossiya” sol-mərkəzçi hərəkatının (lideri Q.N. Seleznyov) teoretik proqramının hazırlanmasında fəal iştirak edir, ilkin mərhələlərdə hərəkatın Mərkəzi Şurasında təmsil olunur. Amma Q.N. Seleznyovun avrasiyaçılığa simpatiyasına baxmayaraq, bu təşəbbüs ciddi siyasi nəticələr vermir. “Rossiya” hərakatının yaradılmasının gedişində daha çox formal əsaslarda təşkilatlanan Avrasiya strukturları bu andan etibarən müstəqil siyasi kurs götürərək özünü göstərməyə başlayır.
V.V. Putin Baş nazir səlahiyyətlərini yerinə yetirməyə başladığı andan avrasiyaçılar onun siyasi kursunu dəstəklədiklərini bəyan etdilər. Mərkəzçi tendensiyalar möhkəmlənməyə başladı və tarixi perspektivsizliyi artıq şübhə doğurmayan müxalifətlə uzunmüddətli və sıx əməkdaşlıq prosesində əldə olunmuş ciddi nəticələr sayəsində bir az da mətinləşdi. Hazırkı şəraitdə avrasiyaçılıq kursunun inqilabi deyil, yalnız təkamül formatında gerçəkləşə biləcəyinə əminlik hasil oldu.
2001-ci ildə Putin Gömrük Birliyi ölkələrinin rəhbərləri ilə birlikdə Bişkekdə Avrasiya İqtisadi Əməkdaşlığı təşkilatını elan etməklə avrasiyaçıların ümidlərini doğrultdu. Bunun davamı olaraq Putin Bruneydə “Rusiya – Avrasiya ölkəsidir” deyərək ciddi bəyanat verdi.
2000-ci ildə islamçı-vahhabi qruplar avrasiyaçı ideologiyanı uzurpasiya etməyə ilk cəhd göstərdilər (A.V. Niyazov). 2001-ci ildə efemer Rusiya Avrasiya Partiyasının yaranması elan olundu. Bir tərəfdən Heydər Camal radikal islamizm mövqeyindən avrasiyaçılığın tənqidini formalaşdırdı.
5-Cİ MƏRHƏLƏ (2001-2002-Cİ İLLƏR): RADİKAL MƏRKƏZÇİ MÖVQEYİNDƏ “AVRASİYA” ÜMUMRUSİYA SİYASİ-İCTİMAİ HƏRƏKATININ YARADILMASI, RF PREZİDENTİ V.V. PUTİNƏ TAM DƏSTƏK HAQQINDA DEKLARASİYA. 2000-ci ilin oktyabrında neoavrasiyaçılar öz hərəkatlarına “Avrasiya” Ümumrusiya Siyasi-İctimai Hərəkatı statusu verilməsi haqqında yekun qərar qəbul etdilər, 2001-ci ilin yanvarından etibarən bu qərar yekun təşkilati tədbirlər mərhələsinə keçdi.
21 aprel 2001-ci ildə Moskvada “Avrasiya” Ümumrusiya Siyasi-İctimai Hərəkatının təsis qurultayı keçirildi. Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin rəhbəri şeyxülislam Talqat Tacuddin “Avrasiya”ya daxil olduğunu bəyan etdi. “Avrasiya” Ümumrusiya Siyasi-İctimai Hərəkatı öz mərkəzçi orientasiyasını (radikal mərkəz) və RF Prezidenti V.V. Putini dəstəklədiyini elan etdi. 2001-ci ilin mayında Ədliyyə Nazirliyi “Avrasiya” Ümumrusiya Siyasi-İctimai Hərəkatını rəsmən qeydiyyata aldı.
“Avrasiya İcmalı” qəzetinin müntəzəm nəşrina start verildi. 2001-ci ilin iyununda “Avrasiya” Ümumrusiya Siyasi-İctimai Hərəkatı Moskvada “Prezident-otel”də “İslam təhlükəsi – İslama təhlükədirmi?” adlı beynəlxalq konfrans keçirdi. Konfransda ənənəvi (Rusiyaya və avrasiyaçılığa loyal) islamla, əksinə, ideyaca və geopolitik olaraq terror, sabitliyi pozma mənbəyi olan, Rusiyaya qarşı təxribatçı fəaliyyətlər göstərən radikal islam arasındakı ziddiyyət geniş şəkildə aşkara çıxarıldı. Konfransın gedişində “Əl-Qaidə”nin strukturlarına, Bin Ladenə, Taliban hərəkatına xüsusi diqqət ayrıldı, həmçinin bu radikal istiqamətin Rusiyada qollarının olması haqda informasiya aşkar edildi.
2002-ci ildə “Aqraf” nəşriyyatı ilə birlikdə avrasiyaçı klassiklərin əsərlərinin nəşri davam etdirildi. E. Xara-Davanın “Monqol Rus Dövləti”, Y. Bromberqin “Yəhudilər və Avrasiya” kitabları A.Q. Duqinin və digər müasir avrasiyaçıların şərhləri ilə çap olundu. 2001-ci ilin dekabrında “Avrasiya” Ümumrusiya Siyasi-İctimai Hərəkatının siyasi partiyaya çevrilməsi prosesinə başlanılmasıyla bağlı qərar qəbul olundu. Bu qərar “Avrasiya” Ümumrusiya Siyasi-İctimai Hərəkatının 1 mart 2002-ci ildə Moskvada “Prezident-otel”də keçirilən Siyasi Şurasının genişləndirilmiş yığıncağında rəsmi şəkildə təsdiqləndi.
Bu mərhələdə “Avrasiya”nın teoretik materialları nəşr olundu: “Avrasiyaçılıq: nəzəriyyədən praktikaya”, “Avrasiyaçı baxış”, “Terrorun geopolitikası”, “Avrasiya məkanında Rus Pravoslav kilsəsi” (6-cı Ümumdünya Rus Xalq Məclisinin materialları), “Avrasiya Yolu” və s.
Regional təşkilatların və onların üzvlərinin sayı artdı. Bir çox regional şöbələr öz internet və çap nəşrlərini yaratdılar, həm teoretik, həm də praktiki-siyasi xarakterli aktiv müstəqil fəaliyyətə başladılar.
6-CI MƏRHƏLƏ (2002-2003-CÜ İLLƏR): “AVRASİYA” SİYASİ PARTİYASININ TƏSİS OLUNMASI. 30 may 2002-ci ildə Moskvada Svyato-Danilov monastırında “Avrasiya” siyasi partiyasının təsis (islahat) qurultayı baş tutdu. Proqram və nizamnamə qəbul olundu, partiyanın lideri (A.Q. Duqin) və Siyasi Şuranın üzvləri seçildi.
“Avrasiya” siyasi partiyası avrasiyaçılıq ideyalarının təbliği ilə məşğul olur, A.Q. Duqinin rəhbərliyi altında Avrasiya tematikası üzrə monoqrafiyalar silsiləsi nəşr edirdi: “Avrasiya siyasi partiyasının Proqramı”, “Avrasiyaçılığın əsasları” və s. Avrasiya informasiya-analitik portalı – evrazia.org yaradıldı. A.Q. Duqin Rusiyanın mərkəzi nəşrlərində avrasiyaçılıq mövzusunda çoxsaylı məqalələr dərc etdirdi. “Rossiyskaya qazeta”, “Komsomolskaya pravda”, “Arqumenti i faktı”, “Literaturnaya qazeta”, “Nezavisimaya qazeta”, “Trud” kimi mərkəzi qəzetlərdə müntəzəm materiallar çıxdı. Duqin “Vremya”, “Vremena” (Birinci kanal), “Çto delat?”(Kultura kanalı), “Russkiy vzqlyad” (Üçüncü kanal), “Moment istinı” (TVS) və digər publisistik yönümlü televiziya verilişlərində çıxışlar etdi. Avrasiyaçılıq tərəfdarlarının sayı artdı, yeni regional şöbələr yaradıldı.
7-Cİ MƏRHƏLƏ (2003-2004-CÜ İLLƏR): BEYNƏLXALQ AVRASİYA HƏRƏKATI. İlk avrasiyaçıların da əvvəlcədən bildirdiyi kimi, partiya formatı müasir dövrdə avrasiyaçılıq ideologiyasının inkişafını məhdudlaşdırır, belə bir təşkilati forma ilə bağlı ümidləri doğrultmurdu. Avrasiyaçılıq həm MDB ölkələri xalqlarının çoxuna, həm də uzaq xarici ölkə vətəndaşlarının bir çoxuna yaxın olan internasional dünyagörüş xarakteri daşıyır. Bundan başqa, Rusiyada formalaşan siyasi sistem siyasi partiyalarla siyasi dünyagörüşləri bir-birindən qəti surətdə ayırıb: parlament partiyalarının əksəriyyətinin heç bir dünyagörüşü yoxdur, ideoloji qruplar isə qeyri-partiya xarakteri daşıyırlar. Avrasiyaçılığın partiya formasının minuslarının uçot və analizi avrasiyaçıları Rusiya siyasi partıyası formatından uzaqlaşmağa və “Avrasiya Hərəkatı” Beynəlxalq İctimai Hərəkatı şəklində transformasiyaya sövq etdi.
Beynəlxalq Avrasiya Hərəkatının qurultayı 2003-cü ilin noyabrında Moskvada Jurnalistlər Evində keçirildi və 2003-cü ilin dekabrında Hərəkat rəsmi qeydiyyata alındı. Bu andan etibarən avrasiyaçılığın inkişafının 7-ci mərhələsi başlandı. 
Bu mərhələdən etibarən “Avrasiya”nın partiya özəklərinin Avrasiya Hərəkatı şöbələrinə transformasiyası baş verdi. Bir çox yeni kollektiv üzvlər və ayrı-ayrı şəxslər hərəkatın sıralarına daxil oldular. Avrasiya Hərəkatının başqa ölkələrdə – Qazaxıstanda, Belarusda, Tacikistanda, Qırğızıstanda, Ukraynada, Azərbaycanda, Ermənistanda, Gürcüstanda, Bolqarıstanda, Türkiyədə, Livanda, İtaliyada, Almaniyada, Belçikada, İngiltərədə, İspaniyada, Serbiyada, Polşada, Slovakiyada, Macarıstanda, Kanadada, ABŞ-da təşkilat strukturları yaradıldı.
Rusiyadakı şöbələrin partiya özəklərindən Hərəkat filiallarına transformasiyası prosesi və digər ölkələrdə Moskvadakı ümumi qərargaha bağlı təşkilatların yaradılması 2004-cü ildə başa çatdı. 2004-cü ilin dekabrında “Avrasiya” partiyası öz fəaliyyətini dayandırdı. Bu vaxtdan etibarən avrasiyaçılığın təşkilati strukturu əvəzolunmaz lider A.Q. Duqinin rəhbərliyi altında Beynəlxalq Avrasiya Hərəkatı oldu.
2004-cü ildə Beynəlxalq Avrasiya Hərəkatı Ali Şurasının tərkibinə aşağıda adı çəkilən şəxslər daxil oldular:
✳Sokolov A. S. – RF mədəniyyət naziri;
✳Toroşin A. P. – RF Federasiya Şurası Federal Məclisinin vitse-spikeri;
✳Aslaxanov A. A. – RF Prezidentinin köməkçisi;
✳Margelov M. V. – Federasiya Şurası Beynəlxalq Komitəsinin sədri;
✳Tacuddin T. S. – Rusiyanın və MDB-nin Avropa ölkələri müsəlmanlarının Mərkəzi Dini İdarəsinin baş müftisi;
✳Saqalayev E. M. – Tele-radio Verilişləri Milli Assosiasiyasının prezidenti, Rusiya Televiziya Akademiyası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor (Rusiya);
✳Borisov A. S. – Saxa (Yakutiya) Respublikasının mədəniyyət naziri, Arktika Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rektoru, “Avrasiya Yaradıcılıq Birliyinin” sədri, akademik;
✳Qallua Pyer-Mari – general, strategiya və geopolitika üzrə mütəxəssis (Fransa);
✳Kalyujnıy V. İ. – RF-in Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri;
✳Abdımanapov S. A. – Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru (Qazaxıstan, Astana);
✳Cumaqulov A. C. – Qazaxıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, “Postnoff” şirkətinin direktorlar şurasının sədri;
✳Çernışev A. S. – RF-in fövqəladə və səlahiyyətli səfiri, “RF Səfirlər Şurasının” sədri, “Rutam” rus-türk dostluq cəmiyyətinin prezidenti;
✳Yefimov N. N. – “Krasnaya zvezda” qəzetinin baş redaktoru;
✳Matuseviç Y. V. – Belarus Respublikası Prezidenti yanında İdarəetmə Akademiyasının direktoru, Belarus Respublikası Dövlət İdarəçiliyi elmi-tədqiqat nəzəriyyə və praktika institutunun direktoru;
✳Nifadyev V. İ. – Qırğızıstan-Rusiya Slavyan Universitetinin rektoru (Qırğızıstan, Bişkek);
✳Masov R. M. – Tacikistan Respublikası Akademiyası Əhməd Doniş adına tarix, arxeologiya və etnoqrafiya institutunun direktoru (Tacikistan);
✳Esenov M. K. – “Mərkəzi Asiya və Qafqaz” sosial-siyasi araşdırmalar mərkəzinin direktoru (İsveç), politologiya doktoru;
✳Rısbekov T. Z. – Maxambet Utemisov adına Qərbi Qazaxıstan Dövlət Universitetinin rektoru, professor (Qazaxıstan);
✳Qraç L. İ. – “Boqdan Xmelnitskinin varisləri” Ümumukrayna Birliyinin sədri, Ukrayna Ali Radasının xalq deputatı (Ukrayna);
✳Vitrenko N. M. – Ukrayna Tərəqqipərvər Sosialist partiyasının lideri (Ukrayna);
✳Jafyarov A. Q. – RF Ədliyyə Nazirliyi siyasi partiyalar və ictimai hərəkatlar şöbəsinin rəisi;
✳Tsaqarişvili S. A. – Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Gürcüləri Cəmiyyətinin vitse-prezidenti;
✳Bedyurov B. Y. – Dağlıq Altay Xalqları Konqresinin sədri, Rusiya Yazıçılar İttifaqının katibi;
✳Perinçek Doğu – Türkiyə Fəhlə Partiyasının sədri (Türkiyə);
✳Yukiko Kuraiva – İvato prefektura Universitetinin doktoru (Yaponiya);
✳Parvulesko Jan – yazıçı, geopolitik (Fransa);
✳Qrasiani Tiberio – “Avrasiya Geopolitik Araşdırmaları” jurnalının baş redaktoru (İtaliya);
✳Aleksiç Mila Nikoliç – Avropa və Avrasiya Serbləri Konqresinin sədri (Fransa – Serbiya və Çernoqoriya);
✳Və bir çox başqa görkəmli ictimai-siyasi xadimlər.
Avrasiya Hərəkatı çərçivəsində Saxa (Yakutiya) Respublikası mədəniyyət naziri A.S. Borisovun sədrliyi və RF mədəniyyət naziri A.S. Sokolovun hamiliyi ilə “Avrasiya Yaradıcılıq Birliyi”, o cümlədən “Avrasiya İqtisadi Klubu”, analitik idarə, nəşriyyat departamenti, Avrasiya təhsili departamenti və digər struktur bölmələr yaradıldı.
2004-cü ildə Beynəlxalq Avrasiya Hərəkatının lideri A.Q. Duqinin ranqında Avrasiya problematikasına həsr olunmuş aşağıdakı monoqrafiyalar nəşr olundu: “Siyasətin fəlsəfəsi”, “Avrasiya proyekti”, “Nursultan Nazarbayevin Avrasiya missiyası” və “Müharibə  fəlsəfəsi”. Duqinin “Geopolitikanın əsasları” dərslik kitabı ərəb dilində Beyrutda, serb dilində Belqradda nəşr olundu, “Rusiyada konservativ inqilab” monoqrafiyası isə İtaliyada çapdan çıxdı. Rusiyanın mərkəzi mətbuatında və xarici KİV-də fəal iş aparıldı.
2004-cü il aprelin 2-sində A.Q. Duqin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə birlikdə Avrasiya Birliyi dövləti ideyasının Nazarbayev tərəfindən elan olunmasına həsr edilmiş konfransda çıxış etdi. 2004-cü il iyunun 18-ində Duqinin “Avrasiya inteqrasiyası: müasir inkişaf tendensiyaları və qloballaşmanın çağırışları” beynəlxalq konfransının plenar iclasında proqram xarakterli tarixi çıxışı baş tutdu. Konfransda Avrasiya İqtisadi Birliyi ölkələrinin prezidentləri iştirak edirdilər. Avrasiya Hərəkatı bir il ərzində konfranslar, forumlar, simpoziumlar, “İqtisadi Klubun” iclasları, konqreslər daxil olmaqla 32 tədbir keçirdi. Avrasiya Hərəkatının nümayəndələri Qazaxıstandakı, Belarusdakı və Ukraynadakı seçkilərdə rəsmi müşahidəçilər kimi iştirak etdilər. 19 mətbuat konfransı təşkil olundu.
A.Q. Duqin 16 təhsil müəssisəsində – akademiyalarda, universitetlərdə, məktəblərdə avrasiyaçılıq, geopolitika və siyasi fəlsəfə haqqında mühazirələrlə çıxış etdi. Elə həmin il A.Q. Duqin Rostov şəhərində siyasi elmlər üzrə “Ənənəvi cəmiyyətlərin modernləşməsi prosesində siyasi strukturların və institutların transformasiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi və Astanadakı L. Qumilyov adına Avrasiya Universitetinin fəxri professoru rütbəsinə layiq görüldü.
2004-cü ilin dekabrında keçirilən Avrasiyaçı İntellektual Gənclərin Konqresində Beynəlxalq Avrasiya Hərəkatı çərçivəsində Avrasiya Gənclər Birliyi yaradılması haqqında qərar qəbul olundu.


8-Cİ HİSSƏ: NEOAVRASİYAÇILIĞIN ƏSAS FƏLSƏFİ MÜDDƏALARI

Neoavrasiyaçılıq nəzəri olaraq bu hərəkatın klassik prinsiplərinin keyfiyyətcə yeni mərhələdə dirçəlişindən və bu prinsiplərin onun ideoloji, dünyagörüş və siyasi proqramının əsasına çevrilməsindən ibarətdir. Avrasiyaçı klassik irsi postsovet dövründə ideya (siyasi) mübarizəsi üçün dünyagörüş olaraq, “inteqral patriotizmin” mənəvi-siyasi platforması kimi (“qırmızılar” və “ağlar” bölgüsünü adlayan) götürüldü. Bu ideoloji, dünyagörüş və siyasi aktuallaşdırma neoavrasiyaçılığı – avrasiyaçılıqla keçmişin ideya və sosial-siyasi fenomeni kimi məşğul olan tarixçilərin əsərlərindən prinsipial olaraq fərqləndirir. Avrasiyaçılığın “arxeologiyası” və biblioqrafiyası, həmçinin Lev Qumilyovun baxışlarının ciddi şəkildə tarix elmi çərçivəsində inkişafı ilə müxtəlif qruplar məşğul olurdular (Kojinov, Novikova, Sizyamskaya, Şişkin, Klyuçnikov, Balaşov). Lakin avrasiyaçılığı aktiv və ünvanlı surətdə mübarizə vasitəsinə çevirən tək-tük adam idi. Məhz onları ciddi mənada “neoavrasiyaçılar” adlandırmaq lazımdır.
Neoavrasiyaçılar klassik avrasiyaçılığın əsas müddəalarını birləşdirdilər, onları platforma, başlanğıc nöqtəsi, teoretik baza, sonraki inkişaf və praktikada tətbiq üçün əsas olaraq qəbul etdilər. Teoretik sahədə neoavrasiyaçılar klassik avrasiyaçılığın təməl prinsiplərini 20-ci əsrin geniş fəlsəfi, mədəni və siyasi ideyaları kontekstində xeyli inkişaf etdirdilər. Klassik avrasiyaçılığın hər bir əsas müddəası konseptual inkişaf qazandı.
SİVİL YANAŞMA. Knyaz N.S. Trubetskoyun “Qərb (Avropa) insanlığın əleyhinədir” tezisi alman siyasi fəlsəfəsi ilə (O. Şpenqler, V. Zombart, K. Şmitt, A. Müller van den Bruk, L. Frobenius, E. Yunger, F. Yunger, F. Xilşer, E. Nikiş və b.), Avropa tradisionalizmi ilə (R. Qenon, Y. Evola, T. Burkxardt, F. Şuon, Q. da Corco və b.), Qərb kapitalizminin “yeni sol” tənqidi ilə (J. Batay, J. P. Sartr, Q. Debor, M. Fuko, J. Delez), burjua quruluşunun marksist tənqidi ilə (A. Qramşi, D. Lukaç və b.), Avropanın “yeni sağları” ilə (A. de Benua, R. Stoykers və b.) tamamlanır. Qərb burjua cəmiyyətinin sol (sosial) mövqedən tənqidi də elə həmin cəmiyyətin sağ (sivil) mövqeli tənqidinə əlavə olunur. Avrasiyaçılığın “Qərbin rədd edilməsi” ideyası Qərbin tarixi inkişaf yolunun (ən azından son bir neçə əsrdə) məntiqi ilə razı olmayan öz təmsilçilərinin geniş “Qərb tənqidi” arsenalı ilə möhkəmlənir. Neoavrasiyaçılar Qərb sivilizasiyasını “normativ” olaraq inkar edən ən müxtəlif konsepsiyaların birləşdirilməsi ideyasını dərhal ortaya qoymasalar da, buna tədricən 80-ci illərin sonları və 90-cı illərin ortalarından meyil etdilər.
“Romano-german sivilizasiyasının tənqidi” ciddi vurğulanır, bu zaman anqlosakson dünyasının, ABŞ-ın tənqidi prioritet götürülür. Qərb dünyası alman Konservativ İnqilabı və Avropanın “yeni sağları” ruhunda atlantik ABŞ üstəgəl İngiltərəyə və kontinental (xüsusən romano-german) Avropaya differensiasiya olunur; burda kontinental Avropa özü neytral və pozitiv əməkdaşlığa qadir olaraq nəzərdən keçirilir. Klassik avrasiyaçılıqdan fərqli olaraq neoavrasiyaçılıqda “romano-german” terminindən istifadə olunmur, daha çox “atlantizm”, “anqlosakson dünyası”, “mondializm” (“qlobalizm”), “yeni dünya nizamı” və “planetar liberalizmdən” danışılır.
MƏKAN AMİLİ. “Yerli inkişaf” və “coğrafi determinizm” tezisləri fundamental baza paradiqmal mənası qazanır, “məkan təfəkkürü” ilə, “sinxronizm” ilə, “universal tarix” ideyasından, bütövlükdə tarixilikdən imtina ilə birləşir. Neoavrasiyaçılıq “məkan” mövqeyindən fəlsəfə tarixinin total reviziyası ideyasını irəli sürür. Burda İ. Danilevskidən tutmuş O. Şpenqlerə, A. Toynbiyə və L. Qumilyova qədər tarixə dövri baxışın ən müxtəlif modelləri ümumiləşir.
Bu prinsip daha dolğun ifadəsini “evolyusiya” və “proqress” ideyalarını radikal surətdə rədd edən ənənəçi fəlsəfə kontekstində tapır və bu rəddetməni müfəssəl metafizik haşiyələrlə açıq şəkildə əsaslandırır. “Kosmik tsikllar”, “yaşamın çoxluq halı”, “sakral coğrafiya” və s. ənənəçi nəzəriyyələr burdandır. Tsikllar nəzəriyyəsinin əsas prinsipləri R. Qenonun (və onun ardıcıllarının – Q. Jorjel, T. Burkxardt, M. Eliade, A. Korben) əsərlərində geniş şəkildə təqdim olunur. “Tarixi” ya bilməyən, ya da onu öz ayinləri və “əbədi geri qayıdan” mifləri qarşılığında hədər sayan “ənənəçi cəmiyyət” anlayışı tam şəkildə reabilitasiya olunur. Rusiya tarixinə sadəcə yerli inkişaflardan biri kimi deyil, “müvəqqəti” sistemlərə (“Qərb”) qarşı qoyulan “məkan” sistemlərinin (“Şərq”) avanqardı kimi baxılır.
DÖVLƏT VƏ MİLLƏT. Neoslavyanofillik tezisi Şərq xalqlarının Qərb xalqlarına qarşı qoyulması fonunda dəqiqləşdirilir; qərb slavyanlarından fərqli olaraq velikoruslar xüsusi müsbət vurğu altında nəzərə çarpdırılır. Bu, klassik avrasiyaçıların fikirlərinə zidd deyil, ancaq onların intuisiyalarını inkişaf etdirərək itiləşdirir (bunu artıq Qumilyovda görmüşük). Qərbin müasir xalqları Şərq (və Üçüncü dünya) xalqlarının “sakral” strukturundan fərqli olaraq “profan” başlanğıcın daşıyıcıları kimi kvalifikasiya olunurlar. Slavyanlara, daha dəqiqi Rusiya-Avrasiyanın avtoxton xalqlarına təkcə Avropanın digər xalqları ilə yanaşı “bərabər hüquq” deyil (ilkin slavyanofillər belə hesab edirdilər), Qərb qloballaşmasına qarşı çıxmağa səy göstərən bütün dünya xalqlarının avanqardında getmək üçün mərkəzi yer tələb olunur. Yeni postsovet terminologiyasında bu, milli messianlığın universallaşdırılmasının ifrat həddidir. Neoavrasiyaçılıqda slavyanofillikdən təkcə rus xalqının milli köklərinə sevgi, staroobryadlığa qarşı yüksək duyğular, Pyotr reformalarına tənqidi münasibət qalır. Bununla yanaşı slavyanlar arasındakı irqi yaxınlığın qeyd olunması nəinki alqışlanır, hətta rədd olunur, belə ki slavyanlar mədəni, konfessional, geopolitik və sivil cəhətdən çox fərqlidirlər. Neoavrasiyaçılar K. Leontyevin ardınca qeyd edirlər: “Slavyanlar var, slavizm (inteqrasiya layihəsinin əsası kimi dərk olunan irqi birlik mənasında) yoxdur”. “Slavyanofil” təyinatı bəzən “avrasiyaçı” təyinatının antitezası kimi çıxış edə bilər, bu isə etno-irqi (ksenofob-şovinist) təmayüllü patriotun, öz identikliyini geopolitik və sivil baxımdan anlayan patriota qarşı qoyulması deməkdir.
Avrasiyaçı klassiklərin Rusiya dövlətçiliyinin bərqərar olmasında müsbət qiymətləndirdiyi Turan faktoru, ənənəçi və sakral Şərqin Avropa ilə Asiya arasında körpü olan ruslara müsbət təsiri baxımından daha geniş kontekstdə nəzərdən keçirilir. Turanın funksiyası sakral coğrafiya və müqəddəs tarix terminlərində dərk olunur.
Milli tarixin dialektikası “nasional-bolşevizm” tarixi paradiqmasının (N. Ustryalov) və onun mahiyyətinin (M. Aqurski) daxil olmasıyla son “doqmatik” formulaya qədər aparılıb çıxarılır. Model belədir:
✳Kiyev dövrü gələcək milli missiyanın müjdəsi kimi (12-13-cü əsrlər);
✳Monqol-tatar istilası süpürüb yox edən Avropa tendensiyalarından qoruyan qalxan kimi, Ordanın geopolitik və administrativ enerjisinın ruslara keçməsi, rusların qərb və şərq ruslarına ayrılması, mədəniyyət tiplərinin bölünməsi, Orda nəzarəti altındakı “şərq rusları” bazasında velikorusların formalaşması (13-15-ci əsrlər);
✳Moskva Çarlığı Rus Dövlətinin (Üçüncü Rim) milli-dini missiyasının zirvəsi kimi (15-ci əsr - 17-ci əsrin sonu);
✳Romano-german əsarəti (Romanovlar), milli birliyin çökməsi, Qərbpərəst elitaya və milli kütlələrə parçalanma (17-ci əsrin sonu - 20-ci əsrin əvvəli);
✳Sovet dövrü, milli kütlələrin revanşı, Moskva vektorunun əsas parametrlərini bərpa edən “Sovet messianizmi” dövrü (20-ci əsr);
✳Yeni avrasiyaçı sıçrayışla yekunlaşacaq qarışıq dövr (21-ci əsrin əvvəli).
SİYASİ PLATFORMA. “Avrasiyaçı seçimi” tezisi V. Pareto məktəbinin metodologiyası ilə dolğunlaşır, “təbii ierarxiyanın” reabilitasiyası məntiqi üzrə hərəkət edir, bəzi Nitsşe motivləri qazanır, “hakimiyyət ontologiyası”, Pravoslavlıqda hakimiyyətin pravoslav “katexonik” mahiyyəti haqda təlim inkişaf edir. “Elita” ideyası qədim cəmiyyətlərin kasta sistemini, onun ontologiyasını və sosiologiyasını araşdıran avropalı ənənəçilərin konstruksiyaları ilə tamamlanır (R. Qenon, Y. Evola, J. Dyumezil, L. Dyumon). Qumilyovun “passionarlıq” nəzəriyyəsi “Yeni Avrasiya elitası” konsepsiyasının əsası üzərinə qoyulur.
“Demotiya” tezisi J.J. Russodan, K. Şmittdən, J. Froynddan, A. de Benuadan, A. Müller van den Brukdan gələn “orqanik demokratiya” siyasi nəzəriyyələri ilə tamamlanır. Demokratiyanın konkret avrasiyaçı mənası olan demotiya – “xalqın öz taleyində iştirakı” kimi başa düşülür. “İdeokratiya” tezisi “mühafizəkar inqilab”, “Üçüncü yol” ideyalarına apellyasiyalarla fundamentallaşdırılır, Sovet, İslam, Faşist ideokratiyalarının təcrübələri nəzərə alınır, onların tarixi iflasının səbəbləri təhlil olunur. 20-ci əsr ideokratiyalarının keyfiyyət məzmunu tənqidi şəkildə yenidən mənalandırılır, Sovet periodunun əsaslı tənqidi işlənib hazırlanır (kəmiyyət yanaşmasının dominantlığı, profanik nəzəriyyələr, sinfi yanaşmanın disproporsiyası).
Klassik avrasiyaçılarn ideyalarının inkişafına aşağıdakı konseptual məsələlər əlavə olunur:
✳Ənənəçilik fəlsəfəsi (R. Qenon, Y. Evola, T. Burkxardt, A. Korben), “müasir dünyanın” radikal çöküşü ideyası, Ənənənin dərindən araşdırılması. “Müasir dünyanın” (mənfi kateqoriya) qlobal konsepsiyası “Ənənəçı dünyası” (müsbət kateqoriya) antitezası kimi Qərb sivilizasiyasının tənqidinə fundamental metafizik xarakter verir, Qərbdən gələn əsas proseslərin –intellektual, texnoloji, siyasi, iqtisadi– esxatoloji, böhranlı, fatal məzmununu dəqiqləşdirir. Slavyanofillərdən tutmuş ta klassik avrasiyaçılara qədər rus mühafizəkarlarının intuisiyaları fundamental nəzəri baza ilə tamamlanır (A. Duqin, “Mütləq Vətən”, Moskva, 1999; “Dünyanın sonu”, Moskva, 1997; A. Dugin, “Julius Evola et le consevatisme russe”, Roma, 1997).
✳Sakral olanın strukturunun tədqiqi (M. Eliade, K. Q. Yunq, K. Levi-Stross), arxaik şüur haqqında təsəvvür mədəniyyətin əsasında dayanan paradiqmal manifestasiyalı kompleks kimi. İnsan düşüncəsinin və mədəniyyətinin müxtəlifliyinin çox qədim psixi qatlara bağlanması, harda ki inisinasiyanın arxaik rituallarının fraqmentləri, miflər, ilkin sakral komplekslər cəmləşiblər. Müasir rasional mədəniyyətin məzmununun rasionallığa qədərki qədim inanclar sistemi vasitəsilə interpretasiyası (A. Duqin, “Elmin paradiqmal əsaslarının təkamülü”, Moskva, 2002).
✳Ayinlərin, dillərin və simvolların əsasında duran məkan-zaman matrisasının başlanğıc simvolik paradiqmasının axtarışı (Q. Virt, paleo-epiqrafik araşdırmalar). Linqvistik (nostratika, Svyatıç-İlliç), epiqrafik (runologiya), mifoloji, folklor, ritual və digər abidələr əsasında bütün qədim Avrasiya xalqları üçün ümumi olan “sakral dünyagörüşün” ilkin təsvirini bərpa etməyə cəhd, ümumi köklərin tapılması (A. Duqin, “Hiperboreya teoriyası”, Moskva, 1993).
✳Qərbdə geopolitik ideyaların inkişafının uçotu (Makinder, Xausxofer, Loxauzen, Spikmen, Bjezinski, Tiriar və b.). Geopolitika elmi Makinderin dövründən başlayaraq ciddi inkişaf edib. 20-ci əsr tarixində geopolitik qanunauyğunluqların rolu özünü o dərəcə aşkar təsdiqlədi ki, geopolitika müstəqil fənn oldu. Geopolitika çərçivəsində “avrasiyaçılıq”, “Avrasiya” anlayışları yeni, əvvəlkindən daha geniş mahiyyət qazandı. “Avrasiyaçılıq” geopolitik anlamda müəyyən dövrlərdən başlayaraq Rusiya ətrafında və ya onun genişləndirilmiş torpaqlarında yaradılmış və əks geopolitik qütbün – 20-ci əsrin ortalarından etibarən İngiltərənin yerinə ABŞ-ın başçılıq etdiyi “atlantizmin” strateji təşəbbüslərinə qarşı mübarizə aparan strateji blokun (mövcud, yaxud potensial) kontinental konfiqurasiyasını ifadə etməyə başladı. Avrasiyaçı rus klassiklərinin fəlsəfəsi və siyasi ideyası belə bir situasiyada “avrasiyaçılığın” strateji və geopolitik mənada daha ardıcıl və tutumlu ifadəsi (əlavəsi) kimi başa düşüldü. Geopolitik tədqiqatların inkişafı sayəsində (A. Duqin, “Geopolitikanın əsasları”, Moskva, 1997) avrasiyaçılıq inkişaf etmiş metodoloji sistemə çevrildi. Quru-Dəniz cütlüyünün mahiyyəti (Karl Şmitt tərzində), bu cütlüyün din tarixindən tutmuş iqtisadiyyata qədər çoxölçülü hadisəyə proyeksiyası xüsusilə fərqləndirildi.
✳Mondializmə (qlobalizmə) qarşı qlobal alternativ axtarışı – avrasiyaçılıq (və neoavrasiyaçılıq) tərəfindən minus olaraq qiymətləndirilən hər şeyi ümumiləşdirən ultramüasir fenomen kimi. “Avrasiyaçılıq” geniş mənada “antiqlobalizmin”, yaxud “alternativ qlobalizmin” konseptual platformasına çevrildi. “Avrasiyaçılıq” “qlobalizmin” “obyektiv”, o cümlədən “pozitiv” məzmununu tanımaqdan imtina edən bütün müasir tendensiyaları ümumiləşdirdi, antiqlobalist intuisiyaya yeni doktrinal məcmu verdi.
✳Yeni solların sosial tənqidinin “sağ-mühafizəkar interpretasiyada” assimilyasiyası (M. Fuko, J. Deleza, A. Arto, Q. Debora irsinin yenidən nəzərdən keçirilməsi). Müasir Qərb burjua quruluşu əleyhdarlarının tənqidi fikrinin anarxizm, neomarksizm və s. mövqedən mənimsənilməsi. Bu konseptual meydan yeni etapda erkən avrasiyaçılarda da (Suvçinski, Karsavin, Efron) mövcud olan sol (nasional-bolşevik) tendensiyaların inkişafını əks etdirir, o cümlədən antiqlobalizmin sol qanadı ilə qarşılıqlı anlayış metodologiyasıdır.
✳“Üçüncü yol” iqtisadiyyatı, “böyük məkanların avtarkiyası”. “Qeterodoksal” iqtisadiyyat modellərinin Rusiya postsovet gerçəkliyinə tətbiqi. F. Listin “gömrük birliyi” nəzəriyyəsinin tətbiqi. S. Qezzel, F. Şumpeter, F. Leru nəzəriyyələrinin aktuallaşdırılması, Keynsin yeni “avrasiyaçı” oxusu.


9-CU HİSSƏ: YERLİ ŞÖBƏLƏRİN YARADILMASI İLƏ BAĞLI TƏLİMAT

1. BİRİNCİ MƏRHƏLƏ: KOORDİNATORUN MEYDANA ÇIXMASI.
1.1.Beynəlxalq Avrasiya Hərəkatının ölkədə, şəhərdə, rayonda, digər yaşayış məntəqəsində regional strukturunun yaradılmasının ilk addımı Avrasiya ideyalarına maraq göstərən, Avrasiya strukturunun yaradılması üzrə fəaliyyətlə sıx məşğul olmaq üçün iradəyə, enerjiyə və təşkilatçılıq qabiliyyətinə malik entuziast-koordinatorun ortaya çıxmasıdır.
1.2.Bu koordinator müəyyən hallarda Hərəkatın aşağıda nəzərdən keçiriləcək strukturlarının yaradılması ssenarilərindən asılı olaraq artıq mövcud olan ictimai, inzibati, kommersiya və ya partiya təşkilatları strukturları içindən də çıxa bilər.
1.3.Avrasiya Hərəkatının daimi koordinatoru meydana çıxan kimi, Avrasiya Hərəkatının şəbəkə strukturunun təşkilati baxımdan qeydiyyata alınmasının birinci mərhələsi başlayır.
1.4.Daimi koordinator ya internet şəbəkəsi, ya da telefon vasitəsilə Avrasiya Hərəkatının Moskvadakı mənzil-qərargahı ilə əlaqəyə girir, onlayn rejimdə hər bir növbəti fəaliyyət mərhələsi barədə məsləhətləşir, üzvləri fərdi qaydada və kollektiv şəkildə hərəkata qəbul edir, tədbirləri, konfransları, görüşləri, kollokviumları, avrasiyaçılıq fəaliyyətinin digər formalarını razılaşdırır.
2. İKİNCİ MƏRHƏLƏ: KOORDİNASİYA MƏRKƏZİNİN YARADILMASI.
2.1.İkinci mərhələdə koordinator insanları, enerjiləri, imkanları və vəsaitləri cəlb edərək koordinasiya mərkəzi yaradır; mərkəzə koordinator özü, ofis, katib, başlanğıc üçün maliyyə, nəqliyyat və rabitə, müntəzəm yığıncaqlar, seminarlar, mühazirələr, görüşlər və s. üçün yer daxildir.
2.2.Regionda yaradılımış koordinasiya mərkəzi Avrasiya Komitəsindən regionda nümayəndəliyin açılması haqqında hüquqi cəhətdən rəsmiləşdirilmiş vəsiqə alır, struktur tam olaraq – həm kəmiyyətcə, həm də keyfiyyətcə tam oturuşduqdan sonra nümayəndəlik Beynəlxalq Avrasiya Hərəkatının rəsmi filialına çevrilir.
2.3.Regional nümayəndəlik və ya filial öz fəaliyyətini aşağıdakı istiqamətlərdə inkişaf etdirir:
✳Avrasiyaçı metodikasını geopolitika, sosiologiya, politologiya, din tarixi, iqtisadiyyat, konfliktologiya, etnologiya, fəlsəfə, tarix və s. sahələrdə regional problemlərin tədqiqinə tətbiq edən Avrasiya regional “fikir fabrikinin” (think tank – Azərbaycanda avrasiya.info saytı) yaradılması;
✳Regional məktəblərdə, ali təhsil müəssisələrində, universitetlərdə, akademiyalarda və digər yerlərdə Avrasiya təhsil proqramlarının təşkili (“Avrasiya İnstitutu”, “Yeni Universitet”, geopolitika, fəlsəfə, politologiya, milli ideya, iqtisadiyyat, postmodern nəzəriyyəsi, strategiya və s. üzrə avrasiyaçı kursları);
✳Regionlararası və beynəlxalq biznes əlaqələrinin inkişafı, Hərəkatın, onun regional filial və nümayəndəliklərinin fəaliyyətinin maliyyələşdirilməsi üçün region iqtisadçılarını və biznes elitasını birləşdirən Avrasiya İqtisadi Klubunun açılması;
✳Hərəkatın gənc passionar kadrlarından Avrasiya Gənclər Birliyi özəklərinin təşkili;
✳Regionun yaradıcı, artistik və mədəni elitasının, intelligensiyasının birləşdirilməsi üçün Avrasiya Yaradıcılıq Birliyi nümayəndəliyinin açılması;
✳Regional Avrasiya mətbuat mərkəzinin, saytın bazasında informasiya agentliyinin və gələcəkdə bu əsasda Avrasiya media-holdinqinin yaradılması, avrasiyaçı ədəbiyyatın nəşri və yayımı, yerli KİV-lərlə avrasiyaçı ideyanın, şəbəkənin və strukturun genişlənməsi yolunda əməkdaşlıq;
✳Beynəlxalq Avrasiya Hərəkatına daxil olan fərdi və kollektiv üzvlərin, ictimai təşkilatların, birliklərin, fondların və s. qeydiyyatı.
3. ÜÇÜNCÜ MƏRHƏLƏ: EFFEKTİV FƏALİYYƏT.
3.1.Tam oturuşmuş nümayəndəlik və ya filial vahid təşkilatın bir hissəsi olaraq Beynəlxalq Avrasiya Hərəkatının bütün aktivliyi ritmində fəaliyyət göstərir, ümummilli və beynəlxalq konfranslarda, simpoziumlarda, qurultaylarda, festivallarda, çıxışlarda, mitinqlərdə, yığıncaqlarda, toplantılarda, master-klaslarda, maarif və təhsil proqramlarında, avrasiyaçı kadrların hazırlanması kurslarında və s. səmərəli iştirak edərək, avrasiyaçı ədəbiyyatı, musiqini, audio və video informasiyaları yayır, elmi, analitik və intellektual işlər həyata keçirir, avrasiyaçılıq ruhunda və avrasiyaçılıq çalarında avtonom təşəbbüslər təklif edir və gerçəkləşdirir.
3.2.Hər bir regional nümayəndəlik, yaxud filial şəbəkə prinsipi məntiqi üzrə Hərəkatın Avrasiya Komitəsi, aparatı və katibliyi, həmçinin Rusiyadakı və xaricdəki regional nümayəndəlikləri ilə daim qarşılıqlı informasiya mübadiləsi aparır.
3.3.Beynəlxalq Avrasiya Hərəkatının bütün strukturlarının fəaliyyəti Avrasiya ideologiyasının təntənəsinə, milli, kontinental və dünya miqyaslı qələbəsinə, avrasiyaçılığın 21-ci əsrdə insanlığın dominant ideyasına çevrilməsinə, bəşəriyyətin birgə yaşayışının avrasiyaçılıq prinsipləri və dayaqları üzərində qurulmasına yönəlib.
4. BİRİNCİ SSENARİ: YUXARIDAN TƏŞKİLOLUNMA.
4.1.Beynəlxalq Avrasiya Hərəkatının strukturlarının təşkilinin ölkələrdə, regionlarda, şəhərlərdə, rayonlarda və yaşayış məntəqələrində bir neçə ssenarisi var – “yuxarıdan”, “aşağıdan” və “ortadan”.
4.2.Yuxarıdan təşkilolunma. Yüksək vəzifəli və nüfuzlu siyasi xadim, məsuliyyətli rəhbər, iri məmur, böyük biznes təmsilçisi, yaxud digər hakimiyyət nümayəndəsi və ya bu cür şəxslərdən ibarət qrup avrasiyaçılıq ideyaları ilə maraqlanaraq, onları öyrənməyə başlayır və öz regionunun praktikasına tətbiq etmək istəyir.
4.3.Konkret fəaliyyətin başlanğıcı üçün onlar Beynəlxalq Avrasiya Hərəkatının Moskvadakı aparatı ilə əlaqə saxlayır, bundan sonra həmin qrupdan olan nisbətən tanınmış regional şəxslərin namizədliyi Avrasiya Komitəsi tərəfindən Ali Şuraya, yaxud Hərəkatın digər rəhbər strukturlarına kooptasiya üçün nəzərdən keçirilir və onlar regionda Hərəkatın strukturunun yaradılmasına başlamaq üçün hüquqi cəhətdən rəsmiləşdirilmiş razılıq alırlar.
4.4.Partiya, milli, konfessional, peşəkar mənsubiyyətlər, digər ictimai hərəkat və təşkilatlara üzvlük heç bir əhəmiyyət daşımır. Avrasiya ideyalarını istisnasız olaraq hər bir şəxs bölüşə bilər və qanun da istənilən peşə sahiblərinə bu cür ictimai təşkilatlarda iştirak etməyə yol verir – ölkə prezidentindən tutmuş işsizlərə qədər hər kəs, hərbçilər və bütün ordu növlərinin xüsusi təyinatlıları, dövlət qulluqçuları, müxtəlif partiya funksionerləri, iş adamları, ənənəvi konfessiyaların nümayəndələri və s. daxil olmaqla Avrasiya Hərəkatına qatıla bilərlər.
4.5.Avrasiyaçılıqla maraqlanan və yetərli administrativ imkanları olan şəxs regionda koordinasiya mərkəzinin yaradılması üçün müəyyən təşkilati resurs ayırır – ilk növbədə regional koordinatoru təyin edir və birinci mərhələdə müəyyən zəruri fəaliyyətlərin həyata keçirilməsi üçün ilkin maddi vəsait (ofis, rabitə və s.) təşkil edir.
4.6.Bundan sonra 1-ci, 2-ci və 3-cü mərhələlərdə və onların bütün alt bəndlərində göstərilənlər gəlir.
5. İKİNCİ SSENARİ: AŞAĞIDAN TƏŞKİLOLUNMA.
5.1.Bu halda regionda Avrasiya strukturu yaradılmasının təşəbbüskarı kimi mükəmməl koordinasiya mərkəzi yaratmağa administrativ və maliyyə imkanları olmayan, ancaq Avrasiya Hərəkatının fəaliyyətində ürəkdən, həvəslə iştirak etməyə can atan, onun prinsip və ideallarını bölüşən, regiondakı işin təşkilində əzm və iradə göstərən insan və insanlar qrupları çıxış edir. Bu cür insanlar çox zaman gənclər və tələbələr olur, ancaq hökmən təkcə onlar olmur.
5.2.Onlar bu ssenari ilə fəaliyyət göstərərək, Hərəkatın Moskvadakı aparatı ilə əlaqə yaradırlar, öz inisiativlərini qeydə aldırırlar, əlaqə üçün öz koordinatlarını qoyurlar, potensialları və imkanları haqda məlumat verirlər, həmçinin regiondakı ümumi atmosferi avrasiyaçılıq mövqeyindən təsvir edirlər. Sonrakı fəaliyyətdə Avrasiya Komitəsindən müvafiq təlimatlar alırlar.
5.3.Bəzi hallarda regionda Hərəkatla əməkdaşlıq edən müəyyən modullar artıq mövcud olur. Bu halda Hərəkatın mərkəzi aparatı regional avrasiyaçıların öz aralarıında münasibət və əlaqə qurmasına kömək edir ki, potensialı birləşdirərək koordinasiya mərkəzinin yaradılmasına çıxsınlar (bundan sonra 1-ci, 2-ci və 3-cü mərhələlər bütün alt bəndləri ilə birlikdə gəlir).
5.4. Başqa hallarda da Hərəkatın aparatı regional strukturların yaradılması işində konkret addımlar üzrə tövsiyələr verir. 
5.5.Nəhayət, Hərəkatın mərkəzi aparatında özünün Avrasiya şəbəkəsində iştirak niyyətini qeydə aldırmış hər bir avrasiyaçı entuziast mükəmməl koordinasiya mərkəzi yaradılması üçün çatışmayan elementləri müstəqil axtara, bu zaman öz enerjisinə, fantaziyasına və iradəsinə arxalana bilər. Hər bir avrasiyaçı bilməlidir ki, onun arxasında Avrasiya Hərəkatının bütün milli, kontinental və dünya Avrasiya şəbəkəsi özünün sərhədsiz, daim yüksələn potensialı, gücü və qüdrəti ilə dayanıb. O lazımi anda köməyə gələcək, dəstək və instruksiya verəcək, optimal qərarlar çıxarılmasına yardımçı olacaq.
5.6.Burda və bütün digər ssenarilərdə ən başlıcası bir şeydir: Avrasiya şəbəkəsinə qoşulmaq, Avrasiya Hərəkatının mərkəzi aparatı ilə daimi onlayn əlaqədə olmaq (ən rahatı internet şəbəkəsi vasitəsilədir). Bu ən əsas və mühüm məqamdır – bütün digər mərhələlər təbii məntiq üzrə inkişaf edəcək. Təşkilatı baxımdan avrasiyaçı olmaq – Avrasiya şəbəkəsinə qoşulmaqdır.
6. ÜÇÜNCÜ SSENARİ: ORTADAN TƏŞKİLOLUNMA.
6.1.Üçüncü ssenari Avrasiya Hərəkatı regional strukturunun təşəbbüskarı kimi müəyyən təşkilati resurslara malik, ancaq resursları mükəmməl koordinasiya mərkəzinin yaradılması üçün yetərli olmayan insan və insan qruplarını nəzərdə tutur. Bu bir qayda olaraq ali məktəb və üniversitet müəllimləri, dini və ictimai xadimlər, orta səviyyəli məmurlar, yaxud orta və kiçik biznes nümayəndələri, hərbi qulluqçular və ya veteran təşkilatları nümayəndələri və s. timsalında olur.
6.2.Bu halda regional strukturun yaradılmasının məntiqi Hərəkatın mərkəzi aparatı ilə daimi əlaqəyə girmək və yerli səviyyədə çatışmayan elementləri axtarmaqdan ibarətdir.
6.3.Bu halda ən başlıca prinsip avrasiyaçı kadrların diversifikasiyası, avrasiyaçılıq praktikasına cəlb olunmuş sosial və peşəkar tiplərin genişlənməsinə orientasiyasıdır. Bir qayda olaraq bu ssenaridə maneə avrasiyaçıların həmfikirlərini öz mühitlərində axtarmasıdır – müəllimlər müəllimlər və tələbələr arasında, biznesmenlər iş adamları arasında, din və mədəniyyət xadimləri özləri kimilər arasında, hərbçilər orduda və s. axtarırlar. Belə halda avrasiyaçı tərəfdarların sayını çoxaltmaqla Avrasiya strukturunun keyfiyyəti artmır. Bunun əvəzində tiplərin maksimal diversifikasiyasına orientasiya etmək lazımdır: alim biznesmeni, məmur gənc intellektual-passionarı, biznesmen din xadimini, hərbçi alimi və s. axtarmalıdır. Bu, təşkilati əlaqələrin keyfiyyətini artırmağa, eyni sənətə sahib, eyni yaşlı, eyni mədəniyyətə malik insanlar arasında qıt olan təşkilati, intellektual və maddi dəstək mənbələrinə çıxmağa imkan verir. Avrasiyaçılıq struktur olaraq öz üzvlərinin imkan və əlaqələrinin maksimum genişlənməsinə orientasiya edir – yalnız bu bütün Hərəkatın durmadan böyüməsini, inkişafını və möhkəmliyini təmin edən zəruri potensialı verir.
6.4.Təşəbbüs qrupu əlaqələrin keyfiyyətli diversifikasiyasını yaratdıqdan və zəruri əlavə imkanlar tapdıqdan sonra Avrasiya şəbəkəsinin koordinasiya mərkəzinin yaradılmasının klassik ssenarisi üzrə hərəkət edə bilər (bax: 1-ci, 2-ci və 3-cü mərhələlər bütün alt bəndləri ilə birlikdə).
7. AVRASİYA TƏŞKİLATÇILIQ PRAKTİKASININ QISA DÜSTURU.
Regionlarda Avrasiya strukturlarının yaradılması haqqında Avrasiya Hərəkatının təlimatını qısa düsturla belə ümumiləşdirmək olar:
Avrasiyaçılıqla maraqlandın – avrasiyaçılığı sevdin – Avrasiya Hərəkatı strukturunda fəal iştirak etməyi arzuladın – Hərəkatın mərkəzi aparatı ilə əlaqə yaratdın – təlimat aldın – təşkilatlanmağa səy göstərdin – şəbəkənin hərəkətdə olan elementinə çevrildin – milli, kontinental və dünya Avrasiya prosesinin tamdəyərli iştirakçısına çevrildin – enerji, iradə, fəaliyyət, əməllər, nailiyyətlər, görüşlər, ideyalar, fikirlər, qələbələr və macəralar dolu yeni həyat yaşadın – əməlinlə dünyanın daha yaxşı olmasını yaxınlaşdırdın – həyatına məna verdin və boş yerə yaşamadın.


Müəllif: Aleksandr Duqin


Tərcümə: Nadir Qocabəyli
шаблоны для dle 11.2
03-07-2021 23:25 Baxılıb: 5240    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}