AVRASİYA HƏRƏKATININ PROQRAMI. 8-Cİ HİSSƏ: NEOAVRASİYAÇILIĞIN ƏSAS FƏLSƏFİ MÜDDƏALARI


Neoavrasiyaçılıq nəzəri olaraq bu hərəkatın klassik prinsiplərinin keyfiyyətcə yeni mərhələdə dirçəlişindən və bu prinsiplərin onun ideoloji, dünyagörüş və siyasi proqramının əsasına çevrilməsindən ibarətdir. Avrasiyaçı klassik irsi postsovet dövründə ideya (siyasi) mübarizəsi üçün dünyagörüş olaraq, “inteqral patriotizmin” mənəvi-siyasi platforması kimi (“qırmızılar” və “ağlar” bölgüsünü adlayan) götürüldü. Bu ideoloji, dünyagörüş və siyasi aktuallaşdırma neoavrasiyaçılığı – avrasiyaçılıqla keçmişin ideya və sosial-siyasi fenomeni kimi məşğul olan tarixçilərin əsərlərindən prinsipial olaraq fərqləndirir. Avrasiyaçılığın “arxeologiyası” və biblioqrafiyası, həmçinin Lev Qumilyovun baxışlarının ciddi şəkildə tarix elmi çərçivəsində inkişafı ilə müxtəlif qruplar məşğul olurdular (Kojinov, Novikova, Sizyamskaya, Şişkin, Klyuçnikov, Balaşov). Lakin avrasiyaçılığı aktiv və ünvanlı surətdə mübarizə vasitəsinə çevirən tək-tük adam idi. Məhz onları ciddi mənada “neoavrasiyaçılar” adlandırmaq lazımdır.
Neoavrasiyaçılar klassik avrasiyaçılığın əsas müddəalarını birləşdirdilər, onları platforma, başlanğıc nöqtəsi, teoretik baza, sonraki inkişaf və praktikada tətbiq üçün əsas olaraq qəbul etdilər. Teoretik sahədə neoavrasiyaçılar klassik avrasiyaçılığın təməl prinsiplərini 20-ci əsrin geniş fəlsəfi, mədəni və siyasi ideyaları kontekstində xeyli inkişaf etdirdilər. Klassik avrasiyaçılığın hər bir əsas müddəası konseptual inkişaf qazandı.
SİVİL YANAŞMA. Knyaz N.S. Trubetskoyun “Qərb (Avropa) insanlığın əleyhinədir” tezisi alman siyasi fəlsəfəsi ilə (O. Şpenqler, V. Zombart, K. Şmitt, A. Müller van den Bruk, L. Frobenius, E. Yunger, F. Yunger, F. Xilşer, E. Nikiş və b.), Avropa tradisionalizmi ilə (R. Qenon, Y. Evola, T. Burkxardt, F. Şuon, Q. da Corco və b.), Qərb kapitalizminin “yeni sol” tənqidi ilə (J. Batay, J. P. Sartr, Q. Debor, M. Fuko, J. Delez), burjua quruluşunun marksist tənqidi ilə (A. Qramşi, D. Lukaç və b.), Avropanın “yeni sağları” ilə (A. de Benua, R. Stoykers və b.) tamamlanır. Qərb burjua cəmiyyətinin sol (sosial) mövqedən tənqidi də elə həmin cəmiyyətin sağ (sivil) mövqeli tənqidinə əlavə olunur. Avrasiyaçılığın “Qərbin rədd edilməsi” ideyası Qərbin tarixi inkişaf yolunun (ən azından son bir neçə əsrdə) məntiqi ilə razı olmayan öz təmsilçilərinin geniş “Qərb tənqidi” arsenalı ilə möhkəmlənir. Neovrasiyaçılar Qərb sivilizasiyasını “normativ” olaraq inkar edən ən müxtəlif konsepsiyaların birləşdirilməsi ideyasını dərhal ortaya qoymasalar da, buna tədricən 80-ci illərin sonları və 90-cı illərin ortalarından meyil etdilər.
“Romano-german sivilizasiyasının tənqidi” ciddi vurğulanır, bu zaman anqlosakson dünyasının, ABŞ-ın tənqidi prioritet götürülür. Qərb dünyası alman Konservativ İnqilabı və Avropanın “yeni sağları” ruhunda atlantik ABŞ üstəgəl İngiltərəyə və kontinental (xüsusən romano-german) Avropaya differensiasiya olunur; burda kontinental Avropa özü neytral və pozitiv əməkdaşlığa qadir olaraq nəzərdən keçirilir. Klassik avrasiyaçılıqdan fərqli olaraq neoavrasiyaçılıqda “romano-german” terminindən istifadə olunmur, daha çox “atlantizm”, “anqlosakson dünyası”, “mondializm” (“qlobalizm”), “yeni dünya nizamı” və “planetar liberalizmdən” danışılır.
MƏKAN AMİLİ. “Yerli inkişaf” və “coğrafi determinizm” tezisləri fundamental baza paradiqmal mənası qazanır, “məkan təfəkkürü” ilə, “sinxronizm” ilə, “universal tarix” ideyasından, bütövlükdə tarixilikdən imtina ilə birləşir. Neoavrasiyaçılıq “məkan” mövqeyindən fəlsəfə tarixinin total reviziyası ideyasını irəli sürür. Burda İ. Danilevskidən tutmuş O. Şpenqlerə, A. Toynbiyə və L. Qumilyova qədər tarixə dövri baxışın ən müxtəlif modelləri ümumiləşir.
Bu prinsip daha dolğun ifadəsini “evolyusiya” və “proqress” ideyalarını radikal surətdə rədd edən ənənəçi fəlsəfə kontekstdə tapır və bu rəddetməni müfəssəl metafizik haşiyələrlə açıq şəkildə əsaslandırır. “Kosmik tsikllar”, “yaşamın çoxluq halı”, “sakral coğrafiya” və s. ənənəçi nəzəriyyələr burdandır. Tsikllar nəzəriyyəsinin əsas prinsipləri R. Qenonun (və onun ardıcıllarının – Q. Jorjel, T. Burkxardt, M. Eliade, A. Korben) əsərlərində geniş şəkildə təqdim olunur. “Tarixi” ya bilməyən, ya da onu öz ayinləri və “əbədi geri qayıdan” mifləri qarşılığında hədər sayan “ənənəçi cəmiyyət” anlayışı tam şəkildə reabilitasiya olunur. Rusiya tarixinə sadəcə yerli inkişaflardan biri kimi deyil, “müvəqqəti” sistemlərə (“Qərb”) qarşı qoyulan “məkan” sistemlərinin (“Şərq”) avanqardı kimi baxılır.
DÖVLƏT VƏ MİLLƏT. Neoslavyanofillik tezisi Şərq xalqlarının Qərb xalqlarına qarşı qoyulması fonunda dəqiqləşdirilir; qərb slavyanlarından fərqli olaraq velikoruslar xüsusi müsbət vurğu altında nəzərə çarpdırılır. Bu, klassik avrasiyaçıların fikirlərinə zidd deyil, ancaq onların intuisiyalarını inkişaf etdirərək itiləşdirir (bunu artıq Qumilyovda görmüşük). Qərbin müasir xalqları Şərq (və Üçüncü dünya) xalqlarının “sakral” strukturundan fərqli olaraq “profan” başlanğıcın daşıyıcıları kimi kvalifikasiya olunurlar. Slavyanlara, daha dəqiqi Rusiya-Avrasiyanın avtoxton xalqlarına təkcə Avropanın digər xalqları ilə yanaşı “bərabər hüquq” deyil (ilkin slavyanofillər belə hesab edirdilər), Qərb qloballaşmasına qarşı çıxmağa səy göstərən bütün dünya xalqlarının avanqardında getmək üçün mərkəzi yer tələb olunur. Yeni postsovet terminologiyasında bu, milli messianlığın universallaşdırılmasının ifrat həddidir. Neoavrasiyaçılıqda slavyanofillikdən təkcə rus xalqının milli köklərinə sevgi, staroobryadlığa qarşı yüksək duyğular, Pyotr reformalarına tənqidi münasibət qalır. Bununla yanaşı slavyanlar arasındakı irqi yaxınlığın qeyd olunması nəinki alqışlanır, hətta rədd olunur, belə ki slavyanlar mədəni, konfessional, geopolitik və sivil cəhətdən çox fərqlidirlər. Neoavrasiyaçılar K. Leontyevin ardınca qeyd edirlər: “Slavyanlar var, slavizm (inteqrasiya layihəsinin əsası kimi dərk olunan irqi birlik mənasında) yoxdur”. “Slavyanofil” təyinatı bəzən “avrasiyaçı” təyinatının antitezası kimi çıxış edə bilər, bu isə etno-irqi (ksenofob-şovinist) təmayüllü patriotun öz identikliyini geopolitik və sivil baxımdan anlayan patriota qarşı qoyulması deməkdir.
Avrasiyaçı klassiklərin Rusiya dövlətçiliyinin bərqərar olmasında müsbət qiymətləndirdiyi Turan faktoru, ənənəçi və sakral Şərqin Avropa ilə Asiya arasında körpü olan ruslara müsbət təsiri baxımından daha geniş kontekstdə nəzərdən keçirilir. Turanın funksiyası sakral coğrafiya və müqəddəs tarix terminlərində dərk olunur.
Milli tarixin dialektikası “nasional-bolşevizm” tarixi paradiqmasının (N. Ustryalov) və onun mahiyyətinin (M. Aqurski) daxil olmasıyla son “doqmatik” formulaya qədər aparılıb çıxarılır. Model belədir:
✳Kiyev dövrü gələcək milli missiyanın müjdəsi kimi (12-13-cü əsrlər);
✳Monqol-tatar istilası süpürüb yox edən Avropa tendensiyalarından qoruyan qalxan kimi, Ordanın geopolitik və administrativ enerjisinın ruslara keçməsi, rusların qərb və şərq ruslarına ayrılması, mədəniyyət tiplərinin bölünməsi, Orda nəzarəti altındakı “şərq rusları” bazasında velikorusların formalaşması (13-15-ci əsrlər);
✳Moskva Çarlığı Rus Dövlətinin (Üçüncü Rim) milli-dini missiyasının zirvəsi kimi (15-ci əsr -17-ci əsrin sonu);
✳Romano-german əsarəti (Romanovlar), milli birliyin çökməsi, Qərbpərəst elitaya və milli kütlələrə parçalanma (17-ci əsrin sonu – 20-ci əsrin əvvəli);
✳Sovet dövrü, milli kütlələrin revanşı, Moskva vektorunun əsas parametrlərini bərpa edən “Sovet messianizmi” dövrü (20-ci əsr);
✳Yeni avrasiyaçı sıçrayışla yekunlaşacaq qarışıq dövr (21-ci əsrin əvvəli).
SİYASİ PLATFORMA. “Avrasiyaçı seçimi” tezisi V. Pareto məktəbinin metodologiyası ilə dolğunlaşır, “təbii ierarxiyanın” reabilitasiyası məntiqi üzrə hərəkət edir, bəzi Nitsşe motivləri qazanır, “hakimiyyət ontologiyası”, Pravoslavlıqda hakimiyyətin pravoslav “katexonik” mahiyyəti haqda təlim inkişaf edir. “Elita” ideyası qədim cəmiyyətlərin kasta sistemini, onun ontologiyasını və sosiologiyasını araşdıran avropalı ənənəçilərin konstruksiyaları ilə tamamlanır (R. Qenon, Y. Evola, J. Dyumezil, L. Dyumon). Qumilyovun “passionarlıq” nəzəriyyəsi “Yeni Avrasiya elitası” konsepsiyasının əsası üzərinə qoyulur.
“Demotiya” tezisi J.J. Russodan, K. Şmittdən, J. Froynddan, A. de Benuadan, A. Müller van den Brukdan gələn “orqanik demokratiya” siyasi nəzəriyyələri ilə tamamlanır. Demokratiyanın konkret avrasiyaçı mənası olan demotiya – “xalqın öz taleyində iştirakı” kimi başa düşülür. “İdeokratiya” tezisi “mühafizəkar inqilab”, “Üçüncü yol” ideyalarına apellyasiyalarla fundamentallaşdırılır, Sovet, İslam, Faşist ideokratiyalarının təcrübələri nəzərə alınır, onların tarixi iflasının səbəbləri təhlil olunur. 20-ci əsr ideokratiyalarının keyfiyyət məzmunu tənqidi şəkildə yenidən mənalandırılır, Sovet periodunun əsaslı tənqidi işlənib hazırlanır (kəmiyyət yanaşmasının dominantlığı, profanik nəzəriyyələr, sinfi yanaşmanın disproporsiyası).
Klassik avrasiyaçılarn ideyalarının inkişafına aşağıdakı konseptual məsələlər əlavə olunur:
✳Ənənəçilik fəlsəfəsi (R. Qenon, Y. Evola, T. Burkxardt, A. Korben), “müasir dünyanın” radikal çöküşü ideyası, Ənənənin dərindən araşdırılması. “Müasir dünyanın” (mənfi kateqoriya) qlobal konsepsiyası “Ənənəçı dünyası” (müsbət kateqoriya) antitezası kimi Qərb sivilizasiyasının tənqidinə fundamental metafizik xarakter verir, Qərbdən gələn əsas proseslərin –intellektual, texnoloji, siyasi, iqtisadi– esxatoloji, böhranlı, fatal məzmununu dəqiqləşdirir. Slavyanofillərdən tutmuş ta klassik avrasiyaçılara qədər rus mühafizəkarlarının intuisiyaları fundamental nəzəri baza ilə tamamlanır (bax: A. Duqin, “Mütləq Vətən”, Moskva, 1999; “Dünyanın sonu”, Moskva, 1997; A. Dugin, “Julius Evola et le consevatisme russe”, Roma, 1997).
✳Sakral olanın strukturunun tədqiqi (M. Eliade, K. Q. Yunq, K. Levi-Stross), arxaik şüur haqqında təsəvvür mədəniyyətin əsasında dayanan paradiqmal manifestasiyalı kompleks kimi. İnsan düşüncəsinin və mədəniyyətinin müxtəlifliyinin çox qədim psixi qatlara bağlanması, harda ki inisinasiyanın arxaik rituallarının fraqmentləri, miflər, ilkin sakral komplekslər cəmləşiblər. Müasir rasional mədəniyyətin məzmununun rasionallığa qədərki qədim inanclar sistemi vasitəsilə interpretasiyası (A. Duqin, “Elmin paradiqmal əsaslarının təkamülü”, Moskva, 2002).
✳Ayinlərin, dillərin və simvolların əsasında duran məkan-zaman matrisasının başlanğıc simvolik paradiqmasının axtarışı (Q. Virt, paleo-epiqrafik araşdırmalar). Linqvistik (nostratika, Svyatıç-İlliç), epiqrafik (runologiya), mifoloji, folklor, ritual və digər abidələr əsasında bütün qədim Avrasiya xalqları üçün ümumi olan “sakral dünyagörüşün” ilkin təsvirini bərpa etməyə cəhd, ümumi köklərin tapılması (bax: A. Duqin, “Hiperboreya teoriyası”, Moskva, 1993).
✳Qərbdə geopolitik ideyaların inkişafının uçotu (Makinder, Xausxofer, Loxauzen, Spikmen, Bjezinski, Tiriar və b.). Geopolitika elmi Makinderin dövründən başlayaraq ciddi inkişaf edib. 20-ci əsr tarixində geopolitik qanunauyğunluqların rolu özünü o dərəcə aşkar təsdiqlədi ki, geopolitika müstəqil fənn oldu. Gepolitika çərçivəsində “avrasiyaçılıq”, “Avrasiya” anlayışları yeni, əvvəlkindən daha geniş mahiyyət qazandı. “Avrasiyaçılıq” geopolitik anlamda müəyyən dövrlərdən başlayaraq Rusiya ətrafında və ya onun genişləndirilmiş torpaqlarında yaradılmış və əks geopolitik qütbün – 20-ci əsrin ortalarından etibarən İngiltərənin yerinə ABŞ-ın başçılıq etdiyi “atlantizmin” strateji təşəbbüslərinə qarşı mübarizə aparan strateji blokun (mövcud, yaxud potensial) kontinental konfiqurasiyasını ifadə etməyə başladı. Avrasiyaçı rus klassiklərinin fəlsəfəsi və siyasi ideyası belə bir situasiyada “avrasiyaçılığın” strateji və geopolitik mənada daha ardıcıl və tutumlu ifadəsi (əlavəsi) kimi başa düşüldü. Geopolitik tədqiqatların inkişafı sayəsində (A. Duqin, “Geopolitikanın əsasları”, Moskva, 1997) avrasiyaçılıq inkişaf etmiş metodoloji sistemə çevrildi. Quru-Dəniz cütlüyünün mahiyyəti (Karl Şmitt tərzində), bu cütlüyün din tarixindən tutmuş iqtisadiyyata qədər çoxölçülü hadisəyə proyeksiyası xüsusilə fərqləndirildi.
✳Mondializmə (qlobalizmə) qarşı qlobal alternativ axtarışı – avrasiyaçılıq (və neoavrasiyaçılıq) tərəfindən minus olaraq qiymətləndirilən hər şeyi ümumiləşdirən ultramüasir fenomen kimi. “Avrasiyaçılıq” geniş mənada “antiqlobalizmin”, yaxud “alternativ qlobalizmin” konseptual platformasına çevrildi. “Avrasiyaçılıq” “qlobalizmin” “obyektiv”, o cümlədən “pozitiv” məzmununu tanımaqdan imtina edən bütün müasir tendensiyaları ümumiləşdirdi, antiqlobalist intuisiyaya yeni doktrinal məcmu verdi.
✳Yeni solların sosial tənqidinin “sağ-mühafizəkar interpretasiyada” assimilyasiyası (M. Fuko, J. Deleza, A. Arto, Q. Debora irsinin yenidən nəzərdən keçirilməsi). Müasir Qərb burjua quruluşu əleyhdarlarının tənqidi fikrinin anarxizm, neomarksizm və s. mövqedən mənimsənilməsi. Bu konseptual meydan yeni etapda erkən avrasiyaçılarda da (Suvçinski, Karsavin, Efron) mövcud olan sol (nasional-bolşevik) tendensiyaların inkişafını əks etdirir, o cümlədən antiqlobalizmin sol qanadı ilə qarşılıqlı anlayış metodologiyasıdır.
✳“Üçüncü yol” iqtisadiyyatı, “böyük məkanların avtarkiyası”. “Qeterodoksal” iqtisadiyyat modellərinin Rusiya postsovet gerçəkliyinə tətbiqi. F. Listin “gömrük birliyi” nəzəriyyəsinin tətbiqi. S. Qezzel, F. Şumpeter, F. Leru nəzəriyyələrinin aktuallaşdırılması, Keynsin yeni “avrasiyaçı” oxusu.


Müəllif: Aleksandr Duqin


Tərcümə: Nadir Qocabəyli
шаблоны для dle 11.2
28-06-2021 05:47 Baxılıb: 1870    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}