KONTİNENTAL AVRASİYA İMPERİYASI QURACAYIQ

Hind okeanına geopolitik nöqteyi-nəzərdən nəzarət etmək 21-ci əsrdə planetin geopolitik strukturunu müəyyən etmək baxımından həlledici əhəmiyyətə malikdir. Hind okeanı Atlantik və Sakit okeanlarının arasında yerləşdiyinə görə bir növ “mərkəzi okean” rolunu oynayır. Bu okeana nəzarət etmək həm Atlantikaya, həm də Asiya-Sakit Okean regionuna azad giriş və nəzarət imkanı yaradır. Belə bir nəzarəti əldə etmək Rusiya üçün xüsusilə aktual məsələdir. Axı həm Atlantika, həm də Sakit okean regionu bu gün ABŞ-ın prioritet nəzarəti altındadır.
Rusiya SSRİ-nin süqutundan sonra bir gecənin içində fövqəldövlətdən regional dövlətə çevrildi. Geopolitik konfiqurasiya kimi Avropa Birliyinin yaranması, Çinin inkişaf edərək hamı tərəfindən Asiya-Sakit Okean regionunda Yaponiya ilə birlikdə regional lider kimi tanınması Rusiyanın statusunun daha da aşağı düşməsinə səbəb oldu. Rusiya 90-cı illərin sonlarında “keçmişdən qalan lüksün qalıqlarından” biri olan regional güc statusunu da itirdi. Bu status yalnız 2008-ci ilin avqustunda Gürcüstanda və Osetiyada baş verən hadisələrdən sonra tam bərpa edildi. Beləliklə, hal-hazırda Amerikanın geopolitik baxımdan çox da mənimsəməyi bacarmadığı Hind okeanı uğrunda mübarizədə Rusiyadan başqa Avropa Birliyi və Çin də vardır. Bu məsələ həqiqətən də çox vacibdir.
Hind okeanı Afrikanın şərq sahilləri ilə Yeni Zelandiya, Avstraliya, Yeni Qvineya, Malayziya, İndoneziya, Filippin və Hind-Çin yarımadasını özündə birləşdirən Sakit okean zonasının düz ortasında yerləşir. Hind okeanında dəniz nəzarətini həyata keçirmək, həm də daha üç “böyük məkana” geopolitik təsir göstərmək üçün əsas mövqeyə sahib olmaq deməkdir. Hind okeanına çıxış ilk növbədə Avrasiyanın cənubundakı sahil zonaya nəzarət etmək imkanı yaradır ki, geopolitikada “Rimlənd” adlanan bu ərazi Rusiya üçün vacib əhəmiyyət daşıyır. Bura məhz amerikan geopolitiki Zbiqnev Bjezinskinin “Avrasiya Balkanı” adlandırdığı ərazidir - amerikanlar bu zonada qeyri-stabillik və idarə edilən xaos yaratmaq vasitəsilə Avrasiya kontinentinə cənubdan girmək imkanı əldə edirlər. “Rimlənd” üzərində nəzarəti ələ keçirmək - vəziyyətin ciddi şəkildə kontinental strategiyanın xeyrinə dəyişməsinə səbəb olacaq. Amerikanın ora birbaşa girişini ləğv etmək isə regionun bütövlükdə sakitləşməsi və stabilləşməsinə gətirib çıxaracaq.
Digər tərəfdən, Hind okeanından dəniz quldurlarının “at oynatdığı” və qeyri-stabil zona olan Afrikanın şərq sahillərinə də giriş imkanı yaranır. Bu imkan həm sahil sularında, həm də Afrikanın şərq zonasında təhlükəsizliklə bağlı bir çox problemlərin həlli üçün şərait yaradır. Fars körfəzinə, Aralıq dənizinə, Ərəb dünyasına giriş imkanlarını da bura əlavə etsək, bizə aydın olur ki, Hind okeanı 21-ci əsrin geopolitik mənzərəsini yenidən konfiqurasiya etmək üçün ən vacib geopolitik məkandır. Və burda ən vacib məsələ Hindistanın özünün hansı geopolitik orientasiyada olmasıdır.
Hindistan dünyanın tək-tük güc mərkəzlərindən biridir ki, hələ də heç bir əsas geopolitik güc mərkəzi – nə Rusiya-Avrasiya, nə də atlantizmin mərkəzi ABŞ tərəfindən təsirə məruz qalmayıb. İkiqütblü dünya dövründə belə Hindistan Qoşulmama Hərəkatının avanqardı idi. Nəinki coğrafi, həm də geopolitik mənada materik adlandırılması mümkün olan bu ölkə, öz fundamental və ənənəvi əsasları sayəsində nə sakrallıqdan məhrum olmuş kapitalist dünyasının, nə də marksist SSRİ düşərgəsinin heç birini qəbul etməmişdir. Məhz buna görə də Hindistan 20-ci əsr boyunca öz individuallığını saxlaya bilmişdir.
Hindistan – atlantistlərin ən böyük arzularından biridir. Onlar Hindistanı sahilboyu zonaya- Rimləndə daxil etmək üçün yüz illərlə mübarizə aparsalar da, bütün cəhdləri boşa getmişdir. Hindistan yenə də kontinental dövlət olaraq qalır. Elə məhz buna görə də Rusiya hələ də Hindistanı öz geopolitik orbitinə daxil etmək üçün böyük şanslara malikdir.
1990-cı illərin əvvəllərinə qədər bizim Hindistanla strateji yaxınlaşmağımız üçün ən böyük maneə keçmiş SSRİ-nin materialist marksist ideologiyası olmuşdur. SSRİ-nin süqutunun ona daxil olan xalqların taleyində böyük faciə olması heç kəsdə şübhə doğurmur, lakin onun süqutunda da müəyyən pozitiv cəhətlər tapmaq mümkündür. Onlardan biri də marksist doqmatikaya kor-koranə əməl olunmasından imtina edilməsidir. Məhz bunun sayəsində materialist məzmunlu Qərbə ehtiyatla yanaşan Hindistanla daha sıx əlaqələr qurmaq şanslarımız yaranıb. Yaranmış vəziyyətdən Hindistanla əlaqələrimizi daha da inkişaf etdirmək üçün istifadə etmək lazımdır.
Hindistanla əlaqələrin əhəmiyyəti barədə daha da irəli gedərək demək olar ki, Rusiyanın dünyadakı mövqeyi bizim Hindistanı öz tərəfimizə çəkə bilib-bilməyəcəyimizdən asılı olacaq. Rusiya Federasiyanı indiki – Ukraynasız, Belarusiyasız, Qazaxstansız – “kəsilib doğranmış” vəziyyətində yalnız regional dövlət kimi xarakterizə etmək olar, baxmayaraq ki, nəhəng əraziyə, nüvə silahına və kolossal enerji resurlarına malikdir. Tam mənada imperiyaya çevrilmək üçün bizim kontinental kütləyə və strateji məkana ehtiyacımız var. Əlbəttə ki bu ehtiyacı MDB dövlətlərinin hesabına ödəmək olardı. Amma bu məkanda baş verən proseslər heç də Rusiya-Hindistan münasibətlərindən yaxşı məcrada deyil, hətta bəzi yerlərdə daha da pisdir. Əlbəttə ki burda MDB ölkələrini və ya Hindistanı Rusiyanın tərkibinə daxil etməkdən söhbət getmir. Söhbət Kontinental Avrasiya İmperiyasından gedir. Kontinental Avrasiya İmperiyası - tarixi, iqtisadi və siyasi maraqları ilə bir məkanda birləşmiş xalqların və dövlətlərin strateji ittifaqıdır.
Rusiyaya 90-cı illərin əvvəllərindən Sovet Blokunun süqutu ilə itirdiyi mövqeni bərpa etmək üçün Hindistan kimi “geopolitik qiqantı” öz təsir orbitinə daxil etmək həyati vacib əhəmiyyət daşıyır. Məhz buna görə bizim üçün Hindistanla strateji alyans qurmaq çox vacibdir. Biz bu ölkə ilə atom sənayesi və energetikadan tutmuş ümumi geopolitik məsələləri həll etməyə qədər sıx əlaqələr qurmalıyıq. Belə bir alyansı qurmaq bizim bütün geopolitik problemlərimizin həll edilməsi demək olardı. Birincisi, tam mənada kontinental imperiyaya çevrilmək üçün vacib olan potensialımızı, o cümlədən maddi-texniki və hərbi potensialımızı artırardıq. İkincisi, Hindistanla alyans bizə isti dənizlərə çıxış imkanı verəcək ki, bunun üçün bir neçə nəsil rus insanı mübarizə aparmışdı, lakin buna nail olmamışdı.
Əlbəttə ki bu gün İranla da münasibətləri qaydasına qoymaq vacibdir. İran da regionda əsas güc mərkəzlərindən biridir. Sovet dövründə İranla normal münasibətlər qurmaq ona görə mümkün olmamışdı ki, SSRİ-də əsas ideologiya marksizm idi. Hazırda isə bizim İranla yaxınlaşmağımıza ABŞ-ın kəskin pressinqi mane olur. Hindistanla əlaqələrimizi möhkəmləndirə bilsək, onda şahmatda olduğu kimi “ferz” ilə vurub birbaşa Hind okeanı sahillərinə çıxa bilərik. Təkcə bunu etməyimiz kifayətdir ki, bizim dünyadakı hadisələrə təsir gücümüz dəfələrlə artsın, Hind okeanına maneəsiz nəzarət edən ABŞ ilə bərabər səviyyədə geopolitik oyunçuya çevrilək.
Geopolitik nöqteyi nəzərdən, qlobal geopolitik ittifaqlar dedikdə tərəflərin hansı ideoloji örtüyə malik olmasından asılı olmayaraq aralarında sosial-siyasi, diplomatik, xüsusən də hərbi-iqtisadi layihələrin olması nəzərdə tutulur. Rusiya rəhbərliyinin Hindistanı geopolitik müttəfiqə çevirmək üçün nə qədər ciddi-cəhdlə çalışdığını anlamaqdan ötrü Rusiya ilə Hindistan arasında bağlanmış müqavilələrin siyahısına baxmaq kifayətdir. Başqa müavilələrlə bərabər “Kudankulam” AES-də 4 enerji blokunun inşası ilə bağlı razılıq da əldə edilib. Biz bu razılaşmanı əldə etməklə hətta amerikanları sıxmağa başladıq. Hindistanın dövlət neft şirkəti böyük ehtimalla Sakit okean şelf zonasında “Saxalin-3” layihəsi çərçivəsində neft çıxarma şansı əldə edəcək. Bunun əvəzində isə bizim “Rosneft” şirkəti Hindistan neft yataqlarının işlənməsinə buraxılacaq. Və bütün bunlar Rusiya tərəfinin amerikanları və avropalıları bizim təbii resurslarımızın kəşf edilməsi və çıxarılması işinə buraxmaması fonunda baş verir.
Bundan başqa, Rusiya Müdafiə Nazirliyi Hindistan şirkətlərinə Rusiyanın qlobal peyk naviqasiya sistemi olan QLONASS-dan istifadə etməyə icazə verib. Aydın məsələdir ki, burda söhbət təkcə kosmosun dinc məqsədlər üçün istifadəsindən getmir. Söhbət daha geniş mətləblərdən gedir: Rusiya müdafiə nazirinin Hindistana səfəri və öz həmkarı ilə görüşü bununla nəticələndi ki, Rusiya və Hindistan “BraMos-2” adlı, dünyada analoqu olmayan, heç bir HHM sisteminin vura bilmədiyi hipersəs surətinə malik raket istehsal etmək üçün birgə əməkdaşlığa başladılar. Raketin sürəti səs sürətini 5 dəfədən çox üstələyir. Bu isə öz raket əleyhinə sistemlərini Avrasiya materiki ətrafında düzməyə çalışan ABŞ-ın bütün səylərini heçə endirir. Atlantikanın super dövləti olan ABŞ-ın Avrasiya kontinentini mühasirəyə almaq cəhdlərinə qarşı Rusiya və Hindistanın raket əleyhinə sistemləri dayanır. Bu isə çox şeyə dəyər.
Nəhayət, biz 2004-cü ildə öz “Admiral Qorşkov” aviadaşıyıcı kreyserimizi Hindistana çatdırdıq. Hindlilər ona “Vikramaditya” adı veriblər. İndi isə onun üçün müasir qırıcı təyyarələr göndərməyə başlamışıq. İlk Rusiya aviadaşıyıcı kreyserinin Hind okeanında döyüş növbətçiliyinə çıxdığı an ABŞ-ın qorxulu yuxusuna çevriləcək. Bu ərazi bizim strategiyamızın cəmləşdiyi zona olmaqla yanaşı, ordan həm Avropaya, həm ABŞ-a, həm də Yaponiyaya təsir göstərmək imkanımız yaranır. Gələcək dünyanın mənzərəsini müəyyən edəcək həlledici geopolitik qarşıdurma məhz bu məkanda baş verəcək.
Vladimir Putin ilk dəfə Hindistana 2000-ci ildə səfər etmişdir. O zaman cənub qonşumuz ilə münasibətlər Putin tərəfindən prioritet məsələ kimi müəyyən edilmişdi. “İki dövlət arasındakı tam masştablı münasibətlərin inkişaf etdirilməsindən danışarkən -hansı ki biz milli maraqlarımızı təmin etmək üçün çox sahələrdə fəaliyyətimizi effektiv əlaqələndirə bilərik- demək lazımdır ki, bu adi işdən də üstündür. Bu tale də ola bilər” – Putin o vaxt hindli jurnalistlərlə görüşündə bəyan etmişdi. O vaxtdan ölkələrimiz arasındakı münasibətlər yalnız yaxşılaşmağa doğru gedir. 2004-cü ildə Rusiya müdafiə naziri Dehlidə keçirilən Beynəlxalq Quru və Hərbi-Dəniz Qoşunları Silahları Sərgisində iştirak etmək üçün səfər etmişdi. Rusiya müdafiə-sənaye kompleksinin 25 müəssisəsi hazırladıqları 370 növ silah və hərbi texnika ilə həmin sərgidə təmsil olunurdular. O vaxt Rusiyanın Hindistana 1,5 milyard dollar həcmində silah satması kontraktı bağlandı. Ardınca Hindistanın o vaxtkı baş naziri Rusiyaya rəsmi səfər etdi ki, ekspertlər bu səfəri strateji danışıqlardan konkret əməli fəaliyyətə keçid kimi qiymətləndirdilər.
Rusiya-Hindistan münasibətlərində hərbi-texniki əməkdaşlıq xüsusi yer tutur ki, onun əsas punktunu “Admiral Qorşkov” aviadaşıyıcı kreyserinin Hindistana verilməsi təşkil edir. Bura həm də kreyser üçün Miq-29K döyüş təyyarələrinin, gəmi əleyhinə müdafiə vertolyotlarının və “Kamov” firmasının istehsalı olan uzaq radiuslu radiolokasiya sistemlərinin verilməsi daxildir. ABŞ-ın silah-sursatının əsasını təşkil edən, onun dünya okeandakı strateji maraqlarının təminatçısı sayılan aviadaşıyıcılarla bağlı vəziyyət Rusiyada fərqlidir. Rusiyanın həmin gəmilərə kəskin ehtiyacı olduğu halda, özündə olan bir neçə ədəd aviadaşıyıcıdan birini Hindistana satması bu işin arxasında daha vacib strateji perspektivlərin durduğunu xəbər verir.
Hind okeanına dəniz nəzarətini həyata keçirmək eyni anda 3 “böyük məkana” - Afrika, Avrasiyanın cənub sahillərinə və Sakit okean regionuna geopolitik təsir göstərmək üçün vacibdir. Hazırda Hind okeanı ABŞ hərbi-dəniz qüvvələrinin nəzarəti altındadır və deməli, bu zona ilə əlaqədar olan hər şey -dəniz ticarəti yolları və region dövlətlərinin hərbi-strateji maraqları da daxil- ABŞ-ın lütfkarlığının dərəcəsindən asılıdır. Belə bir vəziyyət “öz okeanına” nəzarət edə bilməyən Hindistanı qayğılandırmaya bilməz. Eyni zamanda Rusiya da öz tarixi boyu arzuladığı bu okeana çıxış imkanını əldə edə bilməyib ki, bu da onun geopolitik statusunu zəiflədir. Belə bir vəziyyət dünyanın nəhəng dövlətləri olan, lakin ən vacib regiona təsir imkanlarından məhrum olan Rusiya və Hindistanı qane edə bilməz.
Hindistan özü-özlüyündə bir kontinentdir, baxmayaraq ki, onun geopolitik təsir dairəsi elə Hindistanla və Hind okeanının kiçik bir zonası ilə məhdudlaşır. Bu yerdə qeyd etmək lazımdır ki, hind sivilizasiyası geopolitik dinamikaya və ərazi ekspansiyasına meylli deyil. Lakin biz bu gün Hindistanın dinamik texnoloji inkişafını, onun proqram təminatı sahəsindəki uğurlarını və s. görürük. Bütün bunlar Hindistanın ticari-iqtisadi əlaqələri genişləndirərək ölkə sərhədlərindən kənara sıçrayış etməsini tələb edir.
Hindistan öz hərbi texnologiyalarını inkişaf etdirməklə yanaşı Rusiyadan ən çox silah-sursat və hərbi texnika idxal edən ölkə olaraq qalır. Misal üçün, NATO-ya üzv olmaq istəyən dövlət gərək öz ordusunu NATO, daha doğrusu ABŞ silah və texnikası ilə təmin etsin. SSRİ-nin Avropadakı keçmiş müttəfiqlərinin çoxu bu şərti artıq qəbul ediblər. Hindistan isə indiyə qədər ardıcıl olaraq Rusiya silahlandırma standartlarına sadiq qalır ki, bu da Atlantika hərbi blokuna qarşı alternativ- Avrasiya hərbi blokunun yaranmasını istisna etmir. Xüsusilə ən müasir T-90S tankları artıq Hindistan ordusuna təhvil verilmişdir. Bundan başqa Rusiyadan silah və hərbi texnikanın alınması ilə bağlı məbləği 2 milyard dollardan çox olan kontrakt imzalanmışdır. Daha əvvəl isə Hindistanda istehsal ediləcək 150 ədəd Su-30MKİ qırıcı təyyarələrinə Rusiyanın lisenziya və texniki sənəd verməsi ilə bağlı müqavilə imzalanmışdır.
Aydın məsələdir ki, Hind Okeanında sərbəst, ABŞ-dan asılı olmayan siyasət yürütmək üçün gərək aviadaşıyıcı kreyserlərlə təchiz edilmiş paritet silah-sursatın və hərbi bazaların olsun. Eyni zamanda ABŞ Rusiyanın Avrasiyanın cənub sahillərində hərbi bazalar qurmasının qarşısını almaqdan ötrü var gücü ilə çalışır və gələcəkdə də çalışacaqdır. Buna yol vermək - ABŞ üçün regionda və ya onun bir hissəsində nəzarəti əldən vermək deməkdir. Hindistanın öz okeanında öz hərbi-dəniz bazasını qurması isə tamamilə başqa məsələ olar. Bu hadisə Qərbdə narazılıqla qarşılansa da, Rusiyadan fərqli olaraq Hindistanın buna tam mənəvi haqqı çatır. Həm də məlumdur ki, Hindistan əvvəl qeyd etdiyimiz kimi geopolitik ekspansiyaya meylli ölkə deyil.
Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq yerində saymır. 2003-cü ildə Rusiya və Hindistan son on ildə ilk dəfə olaraq Ərəb dənizində birgə hərbi təlimlər keçirtdi. Hindistanın 2 flotu - Şərq və Qərb flotları bizim Sakit okean və Qara dəniz flotlarımızın gəmilərindən ibarət hərbi-dəniz flotumuzun təlimlərinə cəlb olundu. Gələcəkdə də belə təcrübələr mütləq davam etdiriləcəkdir.
“Admiral Qorşkov” – artıq Hind flotunun aldığı üçüncü aviadaşıyıcı gəmidir. O cümlədən bir çox başqa hərbi gəmilərin də ixrac edilməsi barədə müzakirələr aparılır. Belə gedərsə, Hindistan tezliklə Hind okeanında böyük hərbi-dəniz donanmaya malik ölkəyə çevriləcək. Onda ortaya belə bir sual çıxır: geopolitik dinamikaya və ekspansiyaya meylli olmayan bir dövlətin aviadaşıyıcı donanma nəyinə lazımdır?
Hindistan mahiyyətinə görə dünya səviyyəli güclü dövlət ola bilməz. Bunun üçün ona öz ərazisini əhəmiyyətli dərəcədə - ən azı iki dəfə böyütmək lazımdır. Hindistanın buna hərbi yolla - qonşu dövlətlərin ərazisini işğal etməklə nail olmasını təsəvvür etmək çox çətindir. Lakin Hindistanın ikinci bir yolu da var ki, bu da bir və ya bir neçə qonşusu ilə hərbi-strateji blok yaratmaqdan ibarətdir. Belə bir hərbi blok artıq tamamilə başqa bir geopolitik subyektdir ki, ona Hind okeanında aviadaşıyıcı donanma hökmən lazımdır.
Bu gün Hindistan hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın ən aparıcı partnyorlarından biridir. Hindistana silah və hərbi texnikanın verilməsi, müəssisələrində Rusiya silahlarının lisenziyalı istehsalı, ərazisində hərbi infrastruktur obyektlərinin yaradılması, hindli hərbi kadrlarının Rusiya hərbi məktəblərində hazırlanması, strateji stabilliyin vəziyyətini də əhatə edən daimi informasiya mübadiləsi buna sübutdur. Əgər Rusiya ilə Hindistan arasında əməkdaşlıq gələcəkdə də bu tempdə inkişaf edərsə, istisna deyil ki, Hind okeanındakı bayraqlar bir anın içində başqa bayraqlarla əvəzlənə bilər.


Müəllif: Valeri Korovin















Tərcümə: Cəmil Şirvanov
шаблоны для dle 11.2
01-06-2021 20:07 Baxılıb: 1510    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}