Elman Rüstəmov məhkəməyə verilə bilər - Dollar kreditlərinə dair yekun qərarın şərhi

Bu gün Konstitusiya Məhkəməsi xarici valyutada olan kreditlərə dair son qərarını verib. BakuPost xəbər verir ki, dollar krediti götürənlər borclarını bugünkü məcəllə ilə ödəməli olacaqlar. Məsələni şərh edən, ekspert Əkrəm Həsənov deyib ki, qərar gözlənilən idi: "Möcüzə baş vermədi. Məhkəmə dedi ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi borc alan üçün gözlənilməz deyil, çünki o, krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürmüş hesab edilir və buna görə də devalvasiya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Başqa sözlə, borc alan devalvasiya faktına istinad edərək, kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya müqavilənin ləğv edilməsini tələb edə bilməz. Buna görə də borc alanlar xarici valyutada olan borclarını cari məzənnə ilə ödəməlidir”.
Mütəxəssis əlavə edib ki, 2015-ci ilin may ayında da Konstitusiya Məhkəməsi dollar kreditləri məsələsini bir qədər fərqli prizmadan şərh etmişdi. Mahiyyət etibarı ilə yenə eyni qərar verilib: "Fərq yalnız ondan ibarətdir ki, 2015-ci ildə məsələnin Konstitusiya Məhkəməsinə çıxmasında banklar özləri maraqlı idi ki, problemini birdəfəlik həll etsinlər. İndi isə məsələ Konstitusiya Məhkəməsinə sırf məhkəmə sisteminin təşəbbüsü ilə çıxdı (səbəbi müəmmalı olaraq qalır!). Məhkəmə də dərhal Banklar Assosiasiyasına rəy üçün müraciət etdi və faktiki olaraq qərarında bankların mövqeyini təsbit etdi.
Digər fərq ondan ibarətdir ki, əgər 2015-ci ildə qərar yalnız dövlət məmurlarının deyil, həmçinin digər hüquqşünasların da rəyi nəzərə alınmaqla qəbul edilmişdi. Yeni qərarın preambula hissəsindən isə görünür ki, bu dəfə ekspertlərin dairəsi sırf məmurlarla məhdudlaşdı.
2015-ci ildə Konstitusiya Məhkəməsi məsələnin ictimaiyyət üçün geniş anonsunu verdi. Bu dəfə isə "örtülü bazar” idi. İctimaiyyətə açıqlama verilmədi. Hətta Məhkəmənin iclasından sonra belə. Yalnız mənim açıqlamamdan sonra Məhkəmə belə bir işə baxdığını etiraf etdi.
Bizim Konstitusiya Məhkəməmiz isə çox bəsit şəkildə dedi ki, devalvasiyanı "tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Ona görə ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir".
Bu məntiqlə heç bir halı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmək olmaz. Məsələn, qiymətlərin kəskin dəyişməsini və s. Demək olar ki, qiymətin dəyişməsi qanunun müqavilə azadlığı və bazar iqtisadiyyatı prinsiplərindən irəli gəlir. Halbuki xarici təcrübədə qiymətlərin kəskin dəyişməsi şəraitin əhəmiyyətli dəyişməsinin klassik və geniş yayılmış misalıdır. Onda belə çıxır ki, biz aparıcı ölkələrdən daha ağıllı və savadlıyıq?!
Ən maraqlısı isə odur ki, bu yanaşması ilə Konstitusiya Məhkəməsi dolayısı ilə borc alanlara imkan yaratdı ki, Mərkəzi Banka qarşı iddia qaldırsınlar. Əgər devalvasiya sırf Mərkəzi Bankın "əməyinin" nəticəsidirsə, onda niyə də borc alanlar onlara dəyən zərəri Elman Rüstəmovdan tələb etməsinlər? Məsələn, desinlər ki, yaxşı, tutaq ki, biz devalvasiyanı qabaqcadan görməli idik, amma Elman müəllim ondan bir neçə gün əvvəl televiziyada çıxış edib bizi aldatdı ki, devalvasiya olmayacaq, buna görə də yalanına görə cavab versin! Belə olsa, yəqin ki, Konstitusiya Məhkəməsi məsələyə üçünü dəfə də baxmalı olacaq. Bu dəfə Mərkəzi Banka qarşı olan iddialar çərçivəsində”. /bakipost.az/
26-09-2018 15:25 Baxılıb: 530    
Şərh bildir