Deputat Mirkazım Kazımov: 20 yanvar hadisələrini indiki Rusiya hakimiyyəti törətməyib

"Azərbaycan bütün dövlətlərlə, o cümlədən Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq siyasəti yürüdür. Kimsə Azərbaycanın bu siyasətinə qarşı çıxmaqla heç nəyə nail ola bilməz. Rusiya ilə Azərbaycan arasında bir çox sahələrlə qarşılıqlı əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, Rusiyaya "düşmən dövlət" gözü ilə baxmaq olmaz. Biz Rusiyaya qarşı düşmənçilik siyasəti yürüdə bilmərik. Əksinə, biz Rusiya ilə dostluq, qardaşlıq və tərəfdaşlıq siyasəti aparmalıyıq".
Bu fikirləri olke.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "Qasid"  firmasının prezidenti Mirkazım Kazımov bildirib. 
1990-cı ildə Bakıda törədilən qanlı 20 yanvar hadisələrində Moskva hökumətinin rolunun olması məsələsinə də toxunan Mirkazım Kazımov qeyd edib ki, 20 yanvar faciəsinin günahkarı Rusiya dövləti deyil: "Həmin dövrdə SSRİ rəhbəri olmuş Mixail Qorbaçovun apardığı özbaşınalıq siyasəti nəticəsində Azərbaycanda 20 yanvar hadisələri törədilib. Mixail Qorbaçovun məqsədi də məhz bu cür yollarla SSRİ-ni dağıtmaq idi. Həmin dövrdə 20 yanvar faciəsinə bənzər hadisələr bir neçə keçmiş SSRİ ölkələrində də törədilmişdi. Məqsəd millətçiliyi gücləndirib SSRİ-ni dağıtmaq olub. Yəni, bu hadisələrini törədənlər indiki Rusiya Federasiyası deyildi. Hesab edirəm ki, 1990-cu ilin 20 yanvar hadisələrini indiki Rusiya hakimiyyəti törətməyib".
 
Vasif Həsənli
04-09-2018 15:06 Baxılıb: 1420    
Şərh bildir