FÖVQƏLNAZİRİN YENİ MÜAVİNİ - sürücü, baytar, 48 yaşlı tələbə...

Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Nazim Xeyrulla oğlu Məmmədov FHN rəhbərinin müavini postuna təyinat alıb.
Nazim Məmmədov 1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub. 1999-cu ildə Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib.
1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır. Maraqlıdır ki, Nazim Məmmədov Dövlət Gömrük Komitəsində işə başlayanda ali təhsili olmayıb.
2007-cı ilin dekabrından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edib. O, bu gün vəzifəsindən azad edilərək fövqəladə hallar nazirinin müavini təyin edilib. Nazim Məmmədov gömrük xidməti general-leytenantıdır.
Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, bu təyinatadək fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 7 müavini olub: Rəfail Xalid oğlu Mirzəyev, Faiq Cavad oğlu Tağızadə, Etibar Böyükbəy oğlu Mirzəyev, Ragim Əhəd oğlu Lətifov, Orucəli Məmməd oğlu Hacıyev, Teymur Ramiz oğlu Mehdiyev, Tapdıq Əhliman oğlu Əmiraslanov.

10-07-2018 12:04 Baxılıb: 1510    
Şərh bildir