Sərdar Cəlaloğlu PKK terrorçuları ilə gizli görüş keçirib

Türkiyə Aviasiya Universitetinin rektoru, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun 26 il öncə PKK terrorçuları ilə keçirdiyi məxfi görüşdən danışıb.
olke.az xəbər verir ki, türkiyəli general bu cür hərəkətlərin Türkiyə ictimaiyyəti tərəfindən mənfi qarşılandığını bildirib.
Kürşat Atılgan deyib ki, Türkiyədəki PKK nümayəndələrinin Azərbaycana gələrək orada bəzi müxalifətçilərlə gizli görüşlər keçirməsi xoş hərəkət deyil: “Türkiyədəki bölücü PKK terror təşkilatının Azərbaycanda da fəaliyyət planları qurmaq istəyi qardaş Azərbaycana da zərər vura bilər. Buna görə də dövlətin bəri başdan ilanın başını qaldırmadan onu əzməsi lazımdır”.
General-mayor Azərbaycan siyasətçilərini PKK ilə bağlı diqqətli olmağa çağırıb: “Azərbaycandan olan insanlar PKK terrorçuları ilə bağlı məsələyə qarşı həssas və diqqətli olmalıdırlar. Hər hansı siyasi partiya sədrinin PKK terrorçuları ilə görüş keçirməsi Türkiyəyə xoş deyil. Çünki PKK bölücü fəaliyyətə başlayan zaman onun qarşısını almaq çətin olur. Ona görə də Azərbaycanda bu cür hərəkətlərə imkan verilməməsi vacibdir”.
Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlunun 26 il öncə PKK terrorçuları ilə keçirdiyi məxfi görüşlə bağlı yeni detallar üzə çıxıb. Məlumata görə, ADP sədri Sərdar Cəlaloğlu PKK terror təşkilatının lideri Abdullah Öcalanın Avropa üzrə təmsilçisi, “Dilan” kod adlı xanım terrorçu ilə gizli görüş keçirib. Şərurun Dərəkənd kəndində baş tutan görüş Sərdar Cəlaloğlunun ailəvi dostu olmuş PKK-nın “Kürd Əli” adlı gizli cəsusunun vasitəçiliyi ilə baş tutub.
Sözügedən görüşün olmasını Azad Demokratlar Partiyasının (ADP) sədri, keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər də təsdiqləyib. O, açıqlamasında deyib ki, həmin görüşün olmasını Sərdar Cəlaloğlu özü də etiraf edib.
Onu da qeyd edək ki, Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədovun da xarici kəşfiyyatla əlaqələri haqda mətbuatda müxtəlif zamanlarda xəbərlər dərc edilib.

10-07-2018 01:29 Baxılıb: 1190    
Şərh bildir