Duqin: Rusiyada Azərbaycanla yaxınlaşmaq barədə göstəriş var

Rusiyanın iqtidar dairələrinə yaxın məşhur ictimai-siyasi xadim, filosof və publisist Aleksandr Duqin virtualaz.org-a verdiyi müsahibədə Rusiya XİN rəsmisinin Nikol Paşinyanın Qarabağla bağlı söylədiklərinə reaksiyası və sonradan bu reaksiyanın məzmununun dəyişdirilməsi ilə əlaqədar baş verənləri şərh edib.
“Əlbəttə, Rusiya böyük ölkədir. Lakin siyasi və geosiyasi strategiya sona qədər müəyyənləşdirilməyib. Xarici İşlər Nazirliyində və digər qurumlarda fikir ayrılıqları mövcuddur. Buna misal kimi elitada Avrasiya meylli şəxslərlə Qərb meylli şəxslərin qarşıdurmasını göstərmək olar”,- Duqin bildirib.
“Bilirik ki, Rusiyada erməni lobbisi güclüdür və o, öz xəttini yürüdür. Bununla belə, Azərbaycanla yaxınlaşmaq barədə göstəriş mövcuddur!”- həmsöhbətimiz qeyd edir.
Aleksandr Duqinin fikrincə, Moskvada bir çox məsələlər üzrə ümumi mövqe yoxdur. “Bircə Krım istisnadır”,- o vurğulayıb.
Ekspertin fikrincə, buna təəccüblənmək lazım deyil, reallıq belədir. “Lap bu günlərdə rusiyalı jurnalist və analitik Maksim Şevçenko “Exo Moskvı” radiostansiyasının efirində bildirdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov RF-də əsas erməni lobbiçisidir. Ola bilsin ki, bu şişirdilmiş ifadədir, lakin Şevçenkonun bu cür kəskin ümumiləşdirmələri bəzən hədəfi vurur”,- Aleksandr Duqin deyib.
“Düşünürəm ki, Lavrov ifadələrini dövlət başçısı ilə razılaşdırır. Bir diplomat kimi o, kəskin bucaqları hamarlaya bilər, lakin çətin ki, öz xəttini yeridə bilsin. Bir daha təkrarlayıram ki, Rusiyada güclü erməni lobbisi var, Azərbaycanınkı isə yoxdur”, - müsahibimiz bildirib.
Paşinyanın hakimiyyətə gəlməsi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində gözləntilərlə bağlı Duqin deyib: “Yaranmış vəziyyətdə Azərbaycanın, Rusiyanın və Ermənistanın yeni rəhbərliyinin nə etməli olduğunu bilmirəm. Moskva hazırda münaqişənin həlli variantları ilə bağlı çaşqınlıq içindədir”.

05-06-2018 10:24 Baxılıb: 1630    
Şərh bildir