Eldar Mahmudovun telefonu əlindən alındı

Artıq 3-cü dəfədir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə istintaq edilən cinayət işi üzrə dindirilmək məqsədi ilə çağırılan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dünən istintaqa gedərkən adıçəkilən qurumun əməkdaşları tərəfindən ciddi şəkildə yoxlanılıb.
Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin adının çəkilməsini istəməyən əməkdaşlarından birinin Gununsesi.info-ya bildirdiyinə görə, sabiq MTN şefi ötən gün xüsusi müşahidə altında ifadə verib.
Verilən məlumatda o da qeyd olunur ki, Eldar Mahmudov dünən idarəyə daxil olarkən nəzarət buraxılış məntəqəsində ciddi şəkildə yoxlanılıb, onun üzərindən mobil telefonu götürülüb.
Eldar Mahmudov mobil telefonunun nəzarət buraxılış məntəqəsində qalmasına etiraz etsə də, lakin polis əməkdaşları onun istəyinə əməl etməyiblər. Dindirilmədən çıxdıqdan sonra isə sabiq milli təhlükəsizlik nazirinin mobil telefonu özünə təhvil verilib.
Xatırladaq ki, bu dəfə Eldar Mahmudov oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı sorğu-sual edilib. Bildirilir ki, sabiq MTN şefinin oğlunun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub.
16-12-2017 19:43 Baxılıb: 2150    
Şərh bildir