“Oliqarxlar maaş qalxmadan təxminən 1 həftə qabaq qiymətləri 15 faiz qaldırır” – Deputatdan bahalaşmaya etiraz

Ölkədəki ümumi bahalaşmadan danışarkən millət vəkili, Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə bildirib ki, xaricdən gətirilən mallarla bərabər, ölkəmizdə istehsal edilən məhsullarda da qiymət bahalaşması müşahidə edilir: “Adi bir misal çəkim. Yanvar ayında sümüksüz mal əti 9 manat idi. İndi artıq 16 manata qədər qaldırılıb. Əsas gətirirlər ki, dollar qalxıb, lakin dollar yanvar ayında qalxmışdı. Həmçinin mal əti xaricdən gətirilmir. Daxildə istehsal olunan qidaların dollara nə dəxli var? Yəqin ki, mağazalardakı 70-80 faiz endirimlər çoxlarımızın diqqətimizi çəkib. Sual olunur, xaricdən gətirilən malın üzərinə nə qədər pul qoyulub ki, indi bu qədər endirim etmək olur? Bütün bunlar möhtəkirlikdən irəli gəlir. Ölkəmizdə belə qiymət artımının iqtisadi əsasları yoxdur”.
Bu problemə nəzarət mexanizminə gəlincə, deputat vurğulayıb ki, tənzimlənən bazar iqtisadiyyatına keçilməsi məsələsi ön plana çəkilib: “Çünki bizdə bu gün anormal bazar iqtisadiyyatı hökm sürür. Bu zaman deyirlər ki, iş adamıdır, mal onundur, nə istəyir edir. Başqa ölkələrdə dövlət tərəfindən dotasiya olunan aşağı təbəqələr üçün mağazalar da var. Bu, bizdə yoxdur. Ona görə bazar iqtisadiyyatı tənzimlənən olmalıdır. Bilirik ki, ildə azı iki dəfə ölkə başçısı təqaüdləri və maaşları 10 faiz artırır. Amma bunu bilən, oliqarxlar, möhtəkirlər maaş qalxmadan təxminən 1 həftə qabaq qiymətləri 15 faiz qaldırır. Belə çıxır ki, prezidentin insanlara artırdığı 10 faiz artıq möhtəkirlər tərəfindən yeyilir. Düşünürəm ki, yanvar ayında qiymətlər bir illik dondurulmalı və ildə 20 faiz artırılan qiymətlərə müvafiq olaraq gələn il qiymətlərin 10 faiz artmasına icazə verilməlidir. Nəticədə bu cür tənzimləmə effekt verə bilər. Bu zaman ölkə başçısının xeyirxah addımını möhtəkirlər yeməz”. /palitika.az/

10-10-2017 11:17 Baxılıb: 400    
Şərh bildir