DEPUTAT BANKLARI "TOPA TUTDU": 100 MİNLƏRLƏ AİLƏ VAR Kİ, ALDIĞI PULU KREDİTƏ VERİR, YEMƏYƏ ÇÖRƏK TAPMIR

"Bir ailəni dolandırmaq üçün adi qidaya xərclənən pulları kreditə verib, əzab çəkirlərsə, intiharlara niyə təəccüblənməliyik?!". Bu sözləri sherg.az-a kredit borclarına, sosial problemlərə görə, intiharların artmasından və bundan çıxış yollarını izah edərkən millət vəkili Tahir Kərimli deyib. Deputat bildirib ki, intiharlar cəmiyyətdəki mənfi proseslərin nəticələrindən biridir: "Təəssüf ki, Azərbaycanda bu hallar səngimir. Başqa sosial problemlərə, borc və kreditlərə görə, insanlar canına qıyır. Statistik rəqəmlərə görə, Azərbaycan vətəndaşlarının ödənməmiş 2 milyard manata yaxın krediti var. Ödəyə bilmədiyinə görə, insanlar əzab-əziyyət çəkir. Dəfələrlə Milli Məclisdə həmkarlarım və mən bu məsələləri qaldırmışıq. Hər bir insan özünü borclunun yerinə qoymalıdır ki, axı insan ödəyə bilmir. Hətta vətəndaşın özünün təqsiri olmadan, inflyasiya nəticəsində kredit borclarına düşürlər. Bunun günahkarı vətəndaşlarda deyil. Az qala 100 minlərlə ailə var ki, aldığı pulu kreditə verir. Yeməyə çörək belə tapa bilmirlər, valideynlər övladını geyindirə bilmir. Bunları anlamaq lazımdır. Azərbaycan xalqının böyük hissəsinin maddi imkanı yoxdur ki, ailəsini saxlaya bilsinlər. Bir ailəni dolandırmaq üçün adi qidaya xərclənən pulları kreditə verib, əzab çəkirlərsə, intiharlara niyə təəccüblənməliyik? Bəzən aldıqları təqaüdü belə kreditə ödəyirlər. Dolanma pulunu çatdıra bilmirlər. Bir yandan da məhkəmələr vətəndaşları təhdid edir. Məhkəmələrdə 7 mindən yuxarı kredit işi var. Bank rəhbərləri, məsul şəxslər insanların bu çıxılmaz vəziyyətini düşünməlidirlər”.
T.Kərimli problemli kreditlərlə bağlı Milli Məclisdə səsləndirdiyi təkliflərini də diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin kreditlər 3 hissəyə bölünməlidir: "Borcların bir hissəsi vətəndaşın, digər hissəsi bankların, qalanı isə dövlətin üzərinə düşsün. Belə olarsa, vətəndaş ödəmədə bir qədər yüngüllük hiss edər. İndiki şəraitdə isə faiz günü-gündən artır, vətəndaşların güzəranı ağırlaşır. İntihar o deməkdir ki, yüzlərlə borclu insan bu fikri beynində qaynadır və istənilən çətinlikdə bu addımı ata bilər. Ona görə bu, çox ağrılı məsələdir. Kredit borcları piramidadır. Görünür, beynəlxalq banklar da Azərbaycan banklarından kredit borclarını tələb edir. Nəticədə piramida şəklində bu proses davam edir. Hesab edirəm ki, Qazaxıstanda, Ukraynada kreditlərlə bağlı vətəndaşlara edilən güzəştlərdən Azərbaycanda da tətbiq edilsin. Nə qədər gec deyil, imkanı olmayan ailələrin kreditlərini öz üzərinə götürməlidir. Heç olmasa, insanların əzab çəkib, çıxış yolu tapmadan intihara əl atmasının qarşısı alınar”.
Qeyd edək ki, daha bir intihar hadisəsi dünən Abşeron rayonunda baş verib. 1964-cü il təvəllüdlü taksi sürücüsü Məmmədov Elşən Mahmud oğlu kredit borclarını ödəyə bilmədiyinə görə özünü asaraq intihar edib”.
 
Aysel Aslan
05-10-2017 19:43 Baxılıb: 710    
Şərh bildir