Ramiz Tağıyev İqbal Ağazadənin MTN-lə əlaqələrindən nə yazdı

Milli Azadlıq Hərəkatənın tanınmış simalarından olan, siyasətçi Ramiz Tağıyev sensasiya doğuran yazı ilə çıxış edib. Ulus.az-ın məlumatına görə, o, ləğv edilmiş MTN-in onun başına gətirdiyi oyunlar, Eldar Mahmudovun komandasına hansı siyasətçi və jurnalistlərin yaxından kömək etməsinə aydınlıq gətirən yazılar yazmağa başlayıb. Başına gələnləri, həbsini, MTN vəzifəlilərinin ona verdiyi işgəncələri detallı şəkildə qələmə alan R.Tağıyev Ümid Partiyasının sədri İqbal Ağazadəni Mahmudova işləməkdə ittiham edib.
Bəri başdan deyək ki, artıq bu, Ümid sədrinə növbəti dəfə ittihamdır. Keçmiş deputat MTN-lə əməkdaşlıqda suçlanır.
Sitat: “Görüşümüz paytaxtın adlı-sanlı restoranlarından birində baş tutdu. Elçin Quliyevi əvvəllər tanımamışdım. Aramızda “körpü” salmaq istəyən, 2 saylı cəzaçəkmə müəssisəsində birgə əziyyət çəkdiyim Ümid partiyasının sədri İqbal Ağazadə oldu. İqbal Elçini imkanlı iş adamı kimi təqdim edib, onun AXCP sədri Əli Kərimli ilə ciddi problemi olduğunu və həmin səbəbdən də məni ona rəqib etmək istədiklərini söylədi. Elçinin hərəkətləri, danışıq tərzi nədənsə məndə tam başqa hisslər yaradır onun iş adamı olmasına inana bilmirdim. Əli Kərimli ilə görüşüb İqbal və dostu ilə söhbətimi anlatdım. Belə razılığa gəldik ki, onlarla görüşləri davam etdirib məqsədlərinin nə olduğunu sonunacan öyrənməliyəm. Etiraf edim ki, həmin hadisələri yenidən yaşıya bilsəydim, Əliyə inanıb belə ağır davaya girməzdim. Elçin milyonlardan dəm vurduqca, gözümün önünə Nabranda ayaqlar altında təpikləndiyim, qol-qabırğamın sınması, MTN-nin istintaq təcridxanasında sızıldaya-sızıldaya “çarpayı” adlanan döşəksiz narahat dəmir parçasının üstündə ağrılı-acılı keçirdiyim günlər, həftələr, aylar gəlirdi. Qərarım qəti idi. Bunlara elə bir zərbə vuracaqdım ki, ömürlük dərslərini alsınlar, günahsız insanların həyatları ilə məzələnməyin nə demək olduğunu anlasınlar”.
Ulus.Az-ın məlumatına görə, İ.Ağazadənin onu MTN-çilərlə görüşdürməsi, Əli Kərimliyə seçkidə alternativ namizəd olması və s. həmin məqalədə yer alıb.
Bəzi məlumatlara görə, İ.Ağazadənin partiyası əlindən alına bilər. Onun siyasi səhnədən silinməsi üçün addımlar atılır. Gözlənti ondan ibarətdir ki, Ümid sədri küncə sıxışdırılıb və “qələmi qırılıb”.
Hökumətyönümlü 1news.az sayt siyasətçinin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun şəxsi agenti olduğunu iddia edən yazı ilə çıxış edib. Yazıda bildirilir ki, MTN-nin agentura şəbəkəsinin bəzi üzvlərinin ifşa olunmasından ən çox İqbal Ağazadə narahat olub. Keçmiş deputatın hökumət mediasında MTN şefinin adamı kimi göstərilməsi ssenarinin davamıdır. Bunun davamının gələcəyi gözlənilir.
Artıq sosial şəbəkələrdə bəzi agentura üzvlərinin adları çəkilir. F.Yusifov və İ.Ağazadədən sonra bir neçə adın açıqlanacağı da istisna edilmir.
Bir az əvvəl Akif Çovdarov demişdi ki, elə adalar çəkərəm, ölkə qarışar. Sonra sabiq deputat Gültəkin Hacıbəyli də 2 deputatın E.Mahmudovla işlədiyini yazdı. 
 
ulus.az
05-06-2017 23:03 Baxılıb: 2480    
Şərh bildir