İşıq idarəsinin müdiri Aydın Məmmədov vətəndaşı söydü

Cəlilabad İşıq İdarəsinin müdiri Aydın Məmmədov ilə bağlı sosial şəbəklərdə utanverici səs yazısı yayılıb. İdarə rəisi rayondan olan Vüsal Həsənovun ünvanına layiq ifadələr işlədərək onu hədləyib. Abonent məsələ ilə bağlı Cəlilabad rayon poilis şöbəsinə gedərək idarə rəisinin hərəkətləri ilə bağlı şikayət edib. Lakin şöbəyə gələn Aydın Məmmədov orada da vətəndaşı təhqir edərək onun ünvanına layaiq ifadələr işlədib. Vüsal Məmmədovun Dövlət və Media orqanlarına ünvanladığı məktubu sizə təqdim edirik.
 
"Cəlilabad rayon İşıq İdarəsi 24 aprel 2017-ci il tarixdə dükanıma bildiriş verib, işığa olan 78 manat borcumu 5 gün müddətində ödəməyimi istədi. Mən 27 aprel 2017-ci ildə Poçta gedib işıq pulunu ödədim, lakin qayıdanda gördüm ki, İşıq İdarəsinin işçiləri müdir Aydın Məmmədovun əmri ilə dükanımın işığını kəsiblər. Atam nə qədər desə də ki, oğlum Poçta gedib, işıq pulu artıq köçürülmüşdür, məhəl qoymadan elektrik xəttini kəsmişdilər. Beləcə, Cəlilabad İşıq İdarəsi heç bir səbəb olmadan, qəsdən normal iş fəaliyyətimizi pozmuşdu.
Mən atamla Cəlilabad rayon Elektrik Şəbəkəsinin müdiri Aydın Məmmədovun qəbuluna getdik. Aydın Məmmədov bildirdi ki, bildiriş sizə aprelin 21-də verilmişdir. Biz təəccüb içində qaldıq, 24 aprel 2017-ci il tarixli bildirişi və ödəniş çekini Aydın Məmmədova göstərdik. Dedik ola bilsin ki, işçiləriniz sizi aldatmışlar. Bundan sonra Aydın Məmmədov atama müraciət edərək dedi ki, ağsaqqal, onda günah bizimdir, indi elektrik xəttini bağlatdıraram. Biz çıxıb gəldik. Lakin uzun müddət keçməsinə baxmayaraq işığımızı birləşdirmədilər. Aydın Məmmədovun 050 253 15 05 nömrəli telefonuna zəng etdim, soruşdum ki, niyə belə edirsiniz, mənim borcum yoxdur, işıq pulunu da tam ödəmişəm, niyə işimizi pozursunuz və heç nədən get-gələ salırsınız? Lakin bu zaman müdir Aydın Məmmədov mənimlə əsəbi tonda danışdı, təhqir etdi, ölümlə hədələdi, dönə-dönə təkrar etdi ki, sənin arxana bıçağı soxaram. Bundan sonra mən DİN 102 xidmətinə zəng vuraraq ölümlə hədələndiyimi bildirdim, Aydın Məmmədovun hədələrindən ehtiyatlandığım üçün polis idarəsinə getdim. Lakin orada qəribə hadisə baş verdi. Polis şöbəsinə gələn Aydın Məmmədov elə təhqiqatçı Fəridin yanında mənə hədə-qorxu gəlməyə başladı: “Mən sənin başını kəsdirəcəm, sənin arxana bıçaq soxacam. Mən sizin evinizin də işığını indi kəsdirəcəm. Azərbaycanda elə bir kişi varsa, gəlsin mən kəsdirdiyim işığı o qoşsun!..” Mən təəccüb içində qaldım, ona bildirdim ki, əvvəla bizim evdə “Smart” kart sayğacıdır, siz onu hansı əsasla sökürsünüz və kimə arxalanıb belə edirsiniz? Bu sözlərimdən sonra Aydın Məmmədov bildirdi ki, Energetika Naziri və Mehriban Əliyeva özü dayanıb, mən sənin işığını kəsim, sən də bax! Polis məmurunun yanında mənə təhqiredici sözlər desə də, hətta söyüş söysə də, bu qanunsuzluq barədə heç bir tədbir görülmədi. Sadəcə polis məmuru Fərid mənə dedi ki, sən ona baş qoşma, qoy getsin, sonra da sən gedərsən...
Məni hədələyən müdir Aydın Məmmədov polisin yanında verdiyi sözlərə əməl edərək, tabeçiliyində olan işçilərlə birgə elə həmin gün yaşadığım evə basqın etdi. Düz 13 nəfər işçi 4 maşınla gəldilər, həyətimə doluşdular, elektrik xəttini kəsərək, “Smart” kart sayğacını qopardaraq apardılar. Evdə xəstə atam, anam və digər ailə üzvlərim yaranmış hay-küydən həyəcana düşdü. Evimiz işıqsız qaldı.
Hal-hazırda iş Polis Şöbəsində araşdırılır. Aydın Məmmədov cəmi 78 manat məbləğin üstündə dava-dalaş salıb belə konflikt yaratdı. Halbuki mən illər boyu işıq pulunu requlyar ödəmişəm, bu vaxta kimi heç bir problemim də olmayıb. Səbəb də budur ki, bir müddət əvvəl “Smart” kart sayğacı qoyularkən dükançı olduğumu bilib İşıq İdarəsi bizdən 200 manat rüşvət istəmişdi, biz o pulu vermədiyimizə görə Aydın Məmmədov heç nədən başımıza bu oyunu gətirdi. Hələ üstəlik ekspertizadan saxta kağız da alıb ki, guya qardaşım onu vurub. İndi qardaşımı bu cür saxta üsulla tutdurmaq da istəyir.
Hal-hazırda cinayət xarakterli hərəkətlərə, şərəf və ləyaqətimin ləkələnməsinə xidmət edən hərəkətlərə yol verdiyinə, ünvanıma səlahiyyət həddi aşılmaqla əxlaq və qanun çərçivəsinə sığmayan təhqiramiz ifadələr işlətdiyinə, şəxsiyyətimi alçaltdığına görə Cəlilabad İşıq İdarəsinin müdiri Aydın Məmmədovu məhkəməyə vermişəm. Qanunları və Əsas Qanunun tələblərini ciddi pozan bu cür dövlət məmurları qanunun sərt üzü ilə cəzalandırılmalı, vəzifədən kənarlaşdırılmalı, barələrində cinayət qanunvericiliyinin tələbləri səviyyəsində ciddı və sərt tədbirlər görülməlidir. Onlara etimad edilmiş vəzifənin məsuliyyətini dərk etməyən və cavabdehliyin dərəcəsini düşünmək istəməyən belə dövlət məmurlarının qanunsuz hərəkətləri vətəndaşları dövlətdən narazı salan hərəkətlər olub, bu cür hərəkətlərlə nəinki vətəndaşların qanunla qorunan mənafeləri pozulmuş olur, həm də dövlət adından danışdığına görə dövlət mənafeyinin özü  də pozulmuş olur.
Xahiş edirəm ki, Aydın Məmmədov kimi özbaşına və qanunları tanımayan, sırf təsadüf nəticəsində həmin kresloda oturmuş dövlət məmurunun barəsində tədbir görülməsinə köməklik edəsiniz, mənim və ailəmin hüquqlarını müdafiə edəsiniz".
 
xalqxeber.az
29-05-2017 23:45 Baxılıb: 2320    
Şərh bildir