Özünü yandıran adamın evini alan bank Elman Rüstəmovun çıxdı

Ulus.Az xəbər verir ki, bankın müştərisi olan şəxs girovda olan evinin əlindən alınmasına etiraz edərək özünü yandırıb.
Hadisə "Bank Respublika"nın Neftçilər prospektindəki filialının qarşısında baş verib. Özünü yandıran şəxs bankın mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.
Musavat.com yazıb ki, hadisə yerinə təcili tibbi yardım çağırılıb. Şahidlərin bildirdiyinə görə, özünü yandıran müştəri banka gələrkən əlində sellofan paket olub. O, bank işçiləri ilə mübahisə etdikdən sonra özünü yandıracağını deyib. Məlumata görə, mübahisəyə səbəb müştərinin banka olan borcunun qarşılığında mənzilinin alınacağımın deyilməsi olub. Daha sonra bankın qarşısına çıxan şəxs özü ilə gətirdiyi benzini üstünə tökərək əlindəki alışqanla özünü yandırıb.  Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşı yanğınsöndürən balonla alovun içərisində olan şəxsi söndürə biliblər. 50-55 yaşlarında olan şəxsin əsas qol, boyun və üz nahiyyələri yanıb. Təcili yardıma özü əyləşə bilən şəxs xəstəxanaya aparılıb.
Ulus.Az araşdırıb ki, adıçəkilən bankın əsl sahibi Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur. Elə bu səbəbdən də son 2 ildə özəl bankların üstünü alan “qara buludlar” sözügedən bankdan yan ötüşə bilib. E.Rüstəmov sahibi olduğu bankı bir çox tanınmış özəl banklar kimi iflas və müflis olmaq təhlükəsindən xilas etməyə nail olub. Ancaq baş banker özü bunu təkzib edir.
Mətbuatda olan ən son məlumata görə, “Bank Respublika”nın səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), “Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), “Sparkassen International Development Trust” (8,33%) və digərləridir.
Devalvasiyalardan sonra Azərbaycanın bir çox bankları kimi “Bank Respublika” ASC-nin də zərəri artmış və bu səbəbdən məcmu kapitalı aşağı düşmüşdür. Nəticədə bankın kapitalının artırılmasına ehtiyac yaranmışdı.
Ulus.Az xatırladır ki, ötən il Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 7, mənzil 10-da yaşayan Məmmədova Zemfira Dostməmməd qızı ölkə başçısı İlham Əliyevə, baş nazir Artur Rasizadəyə, Mərkəzi Bankın sədri Elman Rüstəmova, Heydər Əliyev Fondununun prezidenti Mehriban Əliyevaya və Kütləvi Informasiya Vasitələrinə müraciət edib. Zemfira Məmmədovanın müraciətində dollarla kredit problemindən bəhs edilir. Şikayətçi bildirir ki, oğlu Azər Hüseynov 2015-ci il martın 11-də “Bank Respublika” ASC-nin Sumqayıt filialından 19 400 ABŞ dolları məbləğində kredit götürüb.  Kreditin müqabilində Zemfira Məmmədovanın mülkiyyətimdə olan 16-cı mikrorayon, ev 7-də yerləşən 3 otaqlı, 10 saylı mənzil girov qoyulub. Şikayətçi bildirir ki, 2015-ci ilin dekabr ayına qədər ödənişlərdə heç bir problem olmayıb:  “Vaxtlı-vaxtında krediti ödəmişik. Lakin 2015-ci dekabrın 21-də dolların 1.05 AZN-dən 1.55 AZN-ə qədər bahalaşması bizim işiimiz çətinə salıb. Qeyd edim ki, dollar bahalaşanda həmin bankda dollarla olan kreditlər manata çevrilib. Bu barədə bank özü müştərilərinə xəbər verib. Lakin nədənsə bu güzəşt bizə edilməyib. Əksinə, oğlum dollar bahalaşandan sonra banka gedib. Oradan ona narahat olmamağı bildiriblər. Lakin ödənişin vaxtı çatanda bəlli olub ki, biz krediti yeni kursla ödəməliyik. Biz yenə də krediti ödəməyə hazırıq. Lakin kim zəmanət verə bilər ki, dollar növbəti dəfə bahalaşmayacaq? Ona görə də banka təklifi etmişik ki, bizim krediti də mövcud kursla manata çevirsinlər. Lakin bank iddia edir ki, milli valyutaları yoxdur”.

28-05-2017 22:52 Baxılıb: 2540    
Şərh bildir