İqbal Ağazadə Eldar Mahmudovun şəxsi agentidir

Ümid Partiyasının sədri İqbal Ağazadəyə qarşı ağır ittiham irəli sürülüb. 1News.az saytı İqbal Ağazadənin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun şəxsi agenti olduğunu iddia edən yazı ilə çıxış edib. Yazıda bildirilir ki, MTN-in agentura şəbəkəsinin bəzi üzvlərinin ifşa olunmasından ən çox İqbal Ağazadə narahat olub. Yazıda bu narahatlıqların arxasında ciddi səbəblərin dayandığı bildirilir: “İndi İqbal Ağazadənin Eldar Mahmudovun şəxsi sözgəzdirəni olması ilə bağlı məlumatlar öz təsdiqini tapır. O bundan çox narahatdır. Çünki o, birdəfəlik müstəqil siyasətçi imicindən məhrum oluna bilər”.
Sayt iddianı qüvvətləndirmək üçün İ.Ağazadənin E.Mahmudovla əlbir olmasıyla bağlı heç bir ciddi fakt, sübut təqdim etməyib. Müasir Müsavat Pariyasının sədri Hafiz Hacıyev və Milli Şuranın üzvü İbrahim İbrahimlinin bu məsələ ilə bağlı vaxtı ilə etdikləri çıxışlardan sitatlar təqdim edib və qeyd edib ki, H.Hacıyevin fikrincə, məhz Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra İqbal Ağazadə də deputat mandatından məhrum edildi.
Qeyd edək ki, bu günlərdə İqbal Ağazadə BakiPost.az-a geniş müsahibəsində həbs olunan MTN-çilər barədə danışarkən onların qaçaq-quldur olmadığını, dövlət üçün əhəmiyyətli işlər də gördüklərini deyib. O eyni zamanda agentlərin adlarının açılmasının düzgün olmadığını vurğulayıb. Ehtimal edilir ki, bundan cəmi iki gün sonra İ.Ağazadənin özünə qarşı “agent” ittihamının irəli sürülməsi həmin açıqlamasına cavabdır.
Ümid Partiyasının sədri İqbal Ağazadənin saytın iddialarına münasibətini öyrəndik. İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 1News.az saytı hakimiyyətə yaxın saytdır heç bir fakt, sübut ortaya qoymadan yazı yazıb: “Hakimiyyət də, imkanlar da bunların əlində, zəhmət çəkib yazdıqlarını sübuta edən bircə dənə də olsun fakt qoysunlar ortaya. Heç bir fakt olmaya-olmaya bu cür nağıl yazıb insanların düşüncələrini, beynini qarışdırırlar. Onu yazdıran hökumət nümayəndəsi ortaya sübut qoysun! Yazıda nə vaxtsa kimlərinsə hansısa ümumi fikrinə istinad edirlər. Adama deyərlər ki, sən o adamlara istinad edincə, konkret fakt, sübut ortaya qoy, ən azından bir hökumət nümayəndəsi çıxsın danışsın və fakt qoysun ortaya. Bu edilmir, çünki heç bir fakt, sübut yoxdur. Yazıblar ki, guya mən Eldar Mahmudova məlumat verən olmuşam. Bir ölkənin milli təhlükəsizlik nazirinə bir partiya sədrinin, deputatın verə biləcəyi informasiya nə ola bilər? Mən hansısa xüsusi xidmət orqanlarındamı, silahlı qüvvələrdəmi çalışırdım ki, o xüsusi xidmət orqanlarının planları haqda məlumat verim?! İnformasiyanın hamısı onlardadır, onlar dövlətə informasiya verirlər. Mənim verəcəyim nə informasiya ola bilər?! Yəni bu qədər məntiqsiz, ağılsız yazını həmin sayta yazdırıblar. Təəssüf ki, peşəkar insanlar, jurnalistlər bu cür absurd yazıların dalınca düşürlər”.
“Sizə qarşı o cür ağır ittihamı irəli sürən sayt və ya yazı müəllifindən məhkəməyə şikayət etməyi düşünürsünüzmü?” sualına İ.Ağazadə belə cavab verdi: “Heç bir məhkəməyə müraciət etmək fikrim yoxdur. Cavabımı media vasitəsilə verdim”.
“Eldar Mahmudovla nazir işlədiyi dövrdə və ondan əvvəllər şəxsi tanışlığınız, görüşünüz olubmu?” sualını isə belə cavablandırdı: “Eldar Mahmudovla mənim heç vaxt heç bir şəxsi tanışlığım olmayıb. Onu yalnız rəsmi dövlət tədbirlərində görmüşəm. Başqa heç bir halda onunla nə şəxsi görüşlərim, nə ümumi görüşlərim, nə telefon danışığım ömründə olmayıb. Heç vaxt!” /anv.az/
24-05-2017 00:14 Baxılıb: 2150    
Şərh bildir