Belçika sürətlə irəliləyir

Bəhruz Eldostu

Belçika Parlamenti ölümcül xəstə olan uşaqların evtanaziyasına icazə verən qanunu ratifikasiya etdi. Bu qanun layihəsinə görə uşaqların evtanaziyasına bir sıra şərtlərə əməl etməklə icazə verilə bilər: Uşağın sağalmaz ölümcül xəstəliyə tutulmağı və əzab hiss etməyini tibbi üsullarla heç cürə yüngülləşdirmək mümkün olmadıqda. Həmçinin, xəstə, tam psixi sağlam olmaq şərtiylə, öz azad iradəsinə uyğun olaraq bir neçə dəfə evtanaziya üçün müraciət etməlidir. Xəstənin bu müraciətini 3 həkim və 1 psixiatr nəzərdən keçirməli və valideynləri uşağın bu istəyini təsdiq etməlidirlər.
Belçika Parlamentinin qəbul etdiyi qanun layihəsində uşaqlar üçün yaş həddi müəyyən olunmayıb. Səsvermədə bu qanunun lehinə - "84" səs, əleyhinə - "44", 12 nəfər isə səsvermədə iştirak etməkdən çəkinib. 
2013-cü ildə Belçika Senatı bu qanun layihəsi üçün səs vermişdi. Əgər Belçika kralı Filipp qanun layihəsini təsdiqləyərsə, onda Belçika uşaq evtanaziyasına yaş həddi qoymadan qəbul edən ilk ölkə olacaq.
Belçikada böyüklər üçün evtanaziya 2002-ci ildə qəbul edilmişdi və xəstənin bədəninə böyük miqdarda sedativ preparatlar vurmaqla həyata keçirilir. Evtanaziyanın uşaqlar üçün tətbiqində isə bir sıra şərtlərin vacibliyi qeyd olunur.
Bütün bunlara baxmayaraq, bu qanun cəmiyyətdə birmənalı qarşılanmır. Qanuna etiraz edənlər içərisində katoliklər xeyli saydadır.
Həmin qanunun əleyhinə 170 nəfərdən ibarət belçikalı pediatrların imzalayıb göndərdiyi açıq məktubda bildirilir ki, qanun layihəsinə səs verməyə xüsusi ehtiyac yoxdur. Belə ki, müasir tibb elmi sürətlə inkişaf edir və insanların əzabını yüngülləşdirməyə qadirdir. Levensk universitetinin həkim-pediatrı Stefan Van Qol isə bu qanun layihəsi ilə bağlı öz narahatçılığını bidirib. O, düşünür ki, uşağın əqli keyfiyyətlərinin qiymətləndirilməsi qanunda kifayət qədər əks olunmayıb və evtanaziya haqda qərar valideynlərin təzyiqi altında da baş verə bilər.
Belçikada evtanaziyanın monitorinqi və qiymətləndirilməsi üzrə Federal Komissiyanın məlumatlarına görə ölkədə 2012-ci ildə 1432 evtanaziya aktı qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2011-ci ildə 1133 nəfər təşkil etmişdir.
Belçikadan başqa Niderland və Luksemburqda da böyüklər üçün evtanaziyaya icazə verilir. Uşaqlar üçün evtanaziya Niderlandda ölümcül xəstə olan və yaşı 12-dən yuxarı olan uşaqlara tətbiq edilə bilər. Bunun üçün xəstənin və valideynlərin icazəsi kifayətdir. Bu qanun Niderlandda 2002-ci ildə qəbul olunub və təkcə 2011-ci ildə 3695 uşağa evtanaziya tətbiq olunub. 2012-ci ildə isə bu rəqəm 4188 nəfər təşkil etmişdi. Beləliklə, son söz olaraq onu deyə bilərik ki, Avropa dəhşətli tendensiyaya start verilib.
Elə fikirləşməyin ki, insanın mənəvi mutasiyası uzaq gələcəyin bəlasıdır. O artıq başlanmışdır, bunu başa düşmək üçün televizoru açmaq kifayətdir. Ölüm gətirən proses artıq gedir. Tanınmış tədqiqatşı B.P.Filimonov narahatlıqla yazır ki: “Dünya həqiqətən anormal olmuşdur. Hər yerdə yalan həqiqət kimi təqdim olunur. Həqiqi mənəvi dəyərlərə maraq azalır, günah xeyirxah əməl kimi təqdim olunur. Dünya yalnız maddi inkişafa, öz ehtiyaclarının meyllərinin təmin olunmasına can atır. Bütövlükdə demək olar ki, dünya bu gün cəfəngiyyat teatrını xatırladır, bu dünyada xeyir və şər yerlərini dəyişmişlər”. 

16-02-2014 18:27 Baxılıb: 8190    
Şərh bildir