Əli Həsənovun mülkləri və obyektləri şəhid ailələrinə verilsin - Professordan TƏKLİF

30 il işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusu tərəfindən azad edildi. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə nəticəsində təkcə işğal altında olan ərazilərimiz deyil, həm də Birinci Qarabağ müharibəsindəki uğursuzluqlar üzündən şərəfimiz, qürurumuz, milli heysiyyətimiz üzərinə düşən ləkələrdən azad olduq. Bütün dünya gördü ki, Azərbaycan əsgəri erməni əsgərini komandirləri ilə birlikdə çıxdıqları deşiyə qədər qovub dərsini verməyə qadirdir. Bəli, hər kəs anladı ki, azərbaycanlılar qürurlu xalqdır. Eşq olsun, bu sevinci, bu qüruru xalqımıza yaşadan Azərbaycan əsgərinə rəşadətli Azərbaycan ordusuna! Eşq olsun, bu möhtəşəm qələbənin ilhamçısı və təşkilatçısı olan Xilaskar Prezident və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə! Bu şanlı qələbə idi! Bu, tarixi qələbə idi! Bu, həqiqətən çox böyük qələbə idi. Azərbaycan ordusu düşməni sadəcə məğlub etmədi, onu diz çökdürərək yalvarmağa, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Cənab prezidentin təbirincə desək Ermənistan ordusu artıq yoxdur, o darmadağın edildi, cəhənnəmə vasil edildi.
Bəli, Azərbaycan 44 günlük Vətən müharibəsini böyük zəfərlə başa vurdu, bu münasibətlə Bakıda Zəfər Paradı keçirdi. Artıq bəzi təhlillər aparmaq zamanıdır. Məsələn, bu qələbə asanmı əldə olundu?!..
Qələbə üçün həm də Azərbaycan əsgərinin, Azərbaycan zabitinin, bütövlükdə hərbi strukturların döyüş meydandakı davranışından çox şey asılı idi. Bura artıq cəsarət, şücaət, igidlik, qəhrəmanlıq meydanı idi. Hansı ki, Azərbaycan ordusu, Azərbaycan əsgəri və zabiti bu missiyanı da böyük şərəflə yerinə yetirmiş oldu. Azərbaycan ordusunun həmlələrinə tab gətirməyən düşmən mövqelərini, hərbi texnikasını, yaralı əsgərlərini qoyaraq dovşan kimi qaçdı. Azərbaycan ordusu isə hər gün daha artıq qürur hissi ilə yeni-yeni ərazilərimizi düşməndən təmizləyərək irəliləməkdə idi.
Azərbaycan bayrağı əvvəlcə Cəbrayılda, daha sona isə Zəngilan, Füzuli, Qubadlıda dalğalanmağa başladı. Şuşanın fəthi isə ermənilərin belini qırdı. Düşmən diz çökərək yalvarmaq məcburiyyətində qaldı. Cəmisi bir neçə həftə öncə Cıdır düzündə sərxoş vəziyyətdə yallı gedən və “Qarabağ Ermənistandır” deyən Paşinyan göz yaşları tökə-tökə 10 noyabr kapitulyasiya aktına imza etməli oldu. Bu, Azərbaycanın dövlətçilik tarixinin ən böyük hərbi uğurudur! Bu parlaq tarixi qələbəyə görə biz rəşadətli ordumuza və onun Müzəffər Ali Baş Komandanına minnətdarıq. Bu qələbəyə görə biz Qarabağ uğrunda döyüşlərdə mərdliklə vuruşaraq canlarını fəda etmiş minlərlə şəhidlərimizin ruhu qarşısında borcluyuq! O qəhrəmanları böyüdən valideynlər qarşısında borcluyuq! Onların gözü yolda qalan nakam ailələri, körpə övladları qarşısında borcluyuq!
Sağlamlıqlarını Vətən yolunda qurban verən qəhrəman qazilərimiz və onların ailələri qarşısında borcluyuq! Amma “borcluyuq” deməklə də iş bitmir. Yəni, bu borcları zamanında sahibinə qaytarmaq lazımdır.
Cənab Prezident 44 günlük müharibədə fərqlənən bütün insanları Vətənin yüksək orden və medalları ilə təlif etməklə bu məsələdə də hər kəsə nümunə oldu. Ehtiyacı olan şəhid ailələrinə, qazilərə ev verən, onların qayğılarını çəkən insanlara və təşkilatlara da “sağ ol” deyirik.
Bəs illər uzunu bu dövlətin sərvətlərini oğurluyub altına yığan, gənə kimi yapışaraq bu millətin qanını sovuran o mafioz oliqarxlar indi harada gizlənib?! Əslində məni vicdanımın səsi ilə bu yazını qələmə almağa təhrik edən də məhz bu oldu. Prezidentin sabiq köməkçisi Əli Həsənov indi haradadır? Haradadır onun “tanınmış alim, istedadlı şair, peşəkar jurnalist, bacarıqlı iş adamı, əvəzolunmaz təhsil qurucusu” olan həyat yoldaşı Sona Vəliyeva?! Haradadır onların orduda olmalı oğulları Şamxal bəy?! O Şamxal bəy ki, hələ ağzından süd iyi getməmiş atası onu eyni vaxtda iki televiziya və üç radionun rəhbəri etmişdi. O da “Xəzər” TV-nin dəbdəbəli direktor kabinetində hər gün əyyaşlıqla məşğul ola-ola guya ki, həm də “əsgəri xidmət” keçirdi. Sual olunur, müharibə dönəmində Şamxalı niyə orduya cəlb etmədilər? O kimin oğlundan artıqdır?! O bəlkə xəstədir, orduya yararsızdır. Elə isə o dünyanın bu başından vurub o başından necə çıxır?!
Bu günlər Şamxalın gah Kolumbiyaya, gah da ABŞ-ın Kolumbiya universitetinə getdiyi barədə xəbərlər yayıldı. Müharibə vaxtı, özü də orduya çağırış yaşlı gənc ölkəni necə tərk edə bilər?!
Mən hələ ötən yazılarımda xatırlatmışdım ki, ölkə prezidentinin 2011 və 2013-cü illərdə milli teleseriallar çəkilişi məqsədilə Milli Televiziya və Radio Şurasına ayırmış olduğu 11 milyon manatdan əhəmiyyətli bir hissəsi Ə.Həsənov və oğlu tərəfindən mənimsənilib. Həmin pullara çəkilməli olan “Aydın” serialı hələ də ortada yoxdur. Elə isə həmin pulların aqibəti necə oldu?! Əlaqədar orqanlar niyə bunu araşdırmadı? Araşdırıblarsa, nəticəsi niyə ictimaiyyətə bildirilmədi?!
İstərdim daha bir ciddi faktı yada salım. Özəlləşdirmə başlayanda Ə.Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kurasiyasında olan çoxsaylı obyektləri ələ keçirdi. Niyə soruşmurlar görək, çoxsaylı məktəb, uşaq bağçası, aptek, gözəllik salonları, restoranlar, tikinti və turizm şirkətləri, Bakıda və digər yerlərdəki torpaq sahələri, dəbdəbəli ofislər, mülklər və istirahət məkanları şəbəkəsi hansı pullar hesabına əldə olunub?! Hələ ölkə xaricində olan çoxsaylı olduqca bahalı mülk və obyektlərini demirəm. Neçə illərdir ki, aktiv fəaliyyətdə olan həmin obyektlərin gətirdiyi fantastik gəlirlər haradadır?! Paytaxtdakı çoxsaylı qəzet köşkləri necə oldu ki, bir an içərisində Ə.Həsənovun şəxsi mülkünə çevrildi?! Məlumat üçün bildirək ki, Ə.Həsənov mətbuat yayımının o zamankı rəhbərlərindən birini (Vüqar Səfərli) KİVDF-yə icraçı direktor, digərini isə (Mirkazım Kazımov) deputat etməklə onların nəzarətində olan bütün qəzet köşklərini özəlləşdirdi. Hansı ki indi Ə.Həsənov tərəfindən müxtəlif şəxslərə icarəyə verilmiş həmin köşklərdə nə desəniz satılır.
Bu siyahı çox genişdir. Bəli, Ə.Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni yollarla “özəlləşdirdiyi” obyektlərin sayı-hesabı yoxdur.
Amma nə qədər gec olsa da, həmin siyahı əlaqədar orqanlar tərəfindən dəqiqləşdirilməlidir. Doğrudur, pandemiya və müharibə vəziyyətindən sui-istifadə edərək Ə.Həsənov həmin obyekt və mülklərin xeyli hissəsini artıq satıb. Düşünürəm ki, bu hallara da göz yummaq olmaz. Ən başlıcası, qanunsuz yollarla əldə olunmuş həmin obyekt və mülklər Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq Ə.Həsənov və onun adamlarının əlindən alınaraq şəhid ailələrinə və qazilərə verilməlidir. Haqq-ədalət bunu tələb edir. Azərbaycan qanunları bunu tələb edir. Şəhidlərin ruhu qarşısında borcumuz bunu tələb edir. Vətən uğrunda döyüşlərdə sağlamlığını itirmiş olan qazilərin və onların ailələrinin real durumu bunu tələb edir. Bu məsələyə münasibətdə biganəlik etmək olmaz. Başqalarını bilmirəm, amma mən şəhid ailələrinə və qazilərə münasibətdə biganəlik edənlərlə müharibə dövrü ordudan qaçaraq fərarilik edənlər arasında heç bir fərq görmürəm.

Qafar Cəbiyev
Tarix elmləri doktoru, professor, əməkdar jurnalist

P.S. Son sözüm Ə.Həsənov barəsində tənqidi yazılarımla bağlı ünvanıma daş atan bəzi muzdlularadır. Ay məni “əyalətdən gələn jurnalist” deyərək, aşağılamaq istəyən nadanlar, sponsorunuzun olmayan “məziyyətləri” barədə indi niyə yazmırsınız?! Yazın da! Ay nadanlar, əyalətdən gəlmək nə vaxtdan qəbahət hesab olunur?! Siz özünüz haradan gəlmisiniz? Mən əyalətdən gəlsəm də, elmlər doktoru-professoram, əməkdar jurnalistəm, uzun müddət ölkənin rəsmi dövlət qəzetinin xüsusi müxbiri olmuşam. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə 16 il ərzində Milli Televiziya və Radio Şurasının üzvü və sədr müavini işləmişəm.
Ay nadanlar, bəs siz kimsiniz?! Heç bilirsiniz, sizin Əli Bakıya gələndə nə vəziyyətdə idi?! Ələ keçirdiyi o mülklər və obyektlər ona atasından miras qalmışdı?! Özündən soruşun, vəzifəyə keçənədək kimlərin sumkasını daşımayıb, kimlərin maşınını itələyərək “xoda” salmayıb?! Niyə yazmırsınız ki, indi Ə.Həsənov haradadır? Vətəndən, millətdən oğurladığı pulları hansı yollarla xarici hesablarda gizlədir?! Sizi bilmirəm, amma məndə onun və həyat yoldaşı Sona Vəliyevanın vətəndaşlığı və milli mənsubiyyəti ilə bağlı çox ciddi şübhələr var. Görünür, bunları da yaxşı-yaxşı araşdırmağa ehtiyac var.

konkret.az
шаблоны для dle 11.2
23-01-2021 04:46 Baxılıb: 380    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}