İŞİD və Nüsrə Cəbhəsi fiziki məhv edilməklə yanaşı, beyinlərdə də bu əqidə məhv edilməlidir

Vüsal Sadıxov
 
İraq və Şam İslam Dövləti (İŞİD) son dövrünü yaşamaqdadır. Onunla bərabər Nüsrə Cəbhəsi və digər təkfirçi cərəyanların da hakimiyyəti İŞİD kimi öz məntiqi sonluqlarına çatmaq üzrədir. Bu sonluğu məntiqi sonluq adlandırmaqdan məqsədim budur ki, təkfirçi əqidənin fərd və ya bir dəstə yaxud cəmiyyət şəklində yaşamaq qabiliyyəti olsa da, bir hökumət və ya idarəçilik institutu kimi yaşamaq iqtidarı yoxdur. Bu əqidənin davamçıları hökümət qursalar belə həmin hökümət uzunmüddətli ola bilməz. Bir çox səbəbləri var ki, başlıcası özünə, yəni əqidəsinə müxalif fikir sahiblərini düşmən hesab edən qüvvənin uzun müddətli ömür sürməsi qeyri-mümkündür. Digərlərinə düşmən gözüylə baxmaq və gündən-günə müasirləşən cəmiyyətin yeni üsul-idarəçiliyini qəbul etməyib, 14 əsr bundan öncə olmuş idarəçiliyi indiki dövrə transfer etmək bu hökumətin yaşar olmasını mümkünsüz edir.
İraq və Suriyada öz məğlubiyyətini yaşayan İŞİD aradan getsə də öncə qeyd etdiyim kimi bu fikir aradan getməyincə daim təhlükə olaraq qalır. Bu təhlükəyə təkcə İŞİD-in əlində olan ərazilərin azad edilməsi zamanı hökumət qüvvələrinə terrorçu olduğunu hansısa bir üsulla gizlədərək dinc əhali kimi sırınan İŞİD-çilər deyil, eyni zamanda İŞİD hakimiyyətndə yaşamış insanların bir hissəsi də daxildir. Bu fikirlərim bəzilərinə qəribə gələ bilər. Amma izah etmək üçün əvvəlcə öz ölkəmizdə olan təkfirçi cərəyanlara yaxın olan vahhabilərin timsalında danışıb, sonra Suriya və İraqa qayıdacağam.
Özünə əhli-sünnə deyən vahhabi cərəyanı təbliğatçılarının insanlarımızın beyinlərini necə özlərinə cəlb etməyini xatırlayın. Onların bütün sözləri Quran və sünnə əsasındadır. Əlbəttə ki, öz interpretasiyalarında. Fiqhləri 4 əhli-sünnə məzhəbindən olan həmbəliliyə söykənən vahhabilik bir əhli-sünnə cərəyanıdır. Vahabilik ümumilikdə digər əhli-sünnə məktəblərinin qədim dövrlərdə yaşamış alimlərini və onların yazdıqları əsərləri qəbul edir. Bir sıra alimləri və bir sıra fikirləri çıxmaqla vahhabiliklə əhli-sünnə arasında heç bir baryer yoxdur. Ümumiyyətlə məlumdur ki, bu fikir ayrılıqları vahhabiliklə yanaşı əhli-sünnə məzhəblərinin öz aralarında da var. Yəni demək istədiyim budur ki, acı da olsa vahhabiliyin bu gün əhli-sünnənin bir hissəsi olduğunu qəbul etməliyik. Odur ki, onlar öz əqidələrini təbliğ etməklə insanları asanlıqla öz əqidələrinə yönəldə bilirlər. Öz əqidələrinə yönəltdikləri və onlardan biri olmuş kəs isə öz əqidəsinə sadiq qalır. Bu hal demək olar ki, bütün əqidələrdə belədir, amma vahhabilərlə çox kontaktda olan biri kimi deyə bilərəm ki, bu sədaqət daha çox zombiləşmə və beyin yuyulmasını xatırladır.
Azərbaycan vətəndaşının təkfirçiliyin bir addımlığında olması Suriya, İraq, Misir, Liviya hadisələri fonunda hansı təhlükələrə bais ola biləcəyi ehtimalından yazmayıb qayıdıram yarımçıq qoyduğum Suriya və İraq mövzusuna. Azərbaycandan fərqli olaraq İraq və Suriya əhalisinin əksəriyyəti İslam dinin qayda-qanunlarına riayət edirlər. Ölkələri 100 ilə yaxındır şəriət qanunları ilə idarə edilməsə də, Azərbaycan kimi dövlət əqidəsi ateizm olan bir hökümətləri olmayıb. İnsanlar ibadət etdiklərinə görə təqib edilməyib, məscidlər daim açıq olub, dini təhsil verən məktəb və hətta universitetləri olub.
İlk olaraq Suriyadan başlayaq. Qeyd etdiyim kimi din heç zaman tətil olmayan Suriya əhalisinin əksəriyyəti əhli-sünnə məzhəbinin davamçılarıdırlar. Lakin son 40 ildə ölkəyə rəhbərliyini ələvi olan Əsəd ailəsi həyata keçirir. Sünnilik ölkədə təqib olunmasa da, sünnilərin bir hissəsi qısqanclıqdan, bir hissəsi isə ələvilərə düşmənçilikdən bunu həzm edə bilmirdi. İran xaric Suriyada da digər müsəlman ölkələrində olduğu kimi vahhabiliyin təbliğatına heç bir maneə olmayıb. Ölkənin rəsmi dini cərəyanı vahhabilik olan Səudiyyə Ərəbistanına təhsil almağa getmək və həmçinin oradan qayıdan kəs öz dini təbliğatını sərbəst apara bilirdi. Bütün dünyada getməkdə olan proses, yəni ortodoksal sünniliyin vahhabilik tərəfindən həzm edilməsi Suriyada da cərəyan edirdi. Bura Suriyada münaqişələr başlamamışdan öncə kənd təsərrüfatının zəifləməsi və bunun nəticəsi olaraq urbanizasiyanın baş verməsini əlavə etmək olar. Bununla yaşayışı və güzəranı kənd təsərrüfatı olan xalqın maddi vəziyyətinin pisləşməsindən istifadə edən vilayətlərə göndərilmiş vahhabi emissarları camaat içərisində təbliğatları ilə böyük uğurlar əldə edə bildilər. Daha sonra məlum hadisələr baş verdi və xaricdən xüsusi adamlar dəstəkləndi ki, onlar da bu əqidənin əsas təbliğatçıları idilər. Əvvəlcə eyni əqidə davamçıları bir yerə toplaşaraq mübarizə apardılar. Daha sonra hökumət qüvvələrinə qarşı müharibələrilə rəğbət qazandılar və digər həmfikirləri də onlara qoşuldu. Bu qoşulma hökumətə qarşı mübarizə niyyətilə olsa da qoşulanlar orada qaldıqca təkfirçi əqidəsində olmasalar da tədricən o əqidəni qəbul etdilər. Hökumətin əlindən alınmış torpaqlarda hökmranlıq etmələri həmin ərazilərdə öz əqidələrini rəsmiləşdirməklə yekunlaşdı. İşğal nəticəsində şəhəri tərk edə bilməyən, yaxud hansısa bir səbəbdən tərk etməyən şəxslər bu əqidəni məcburən, yaxud sağ qalmaq üçün qəbul etsələr də bir qism insan zaman müddətində həmin əqidəyə sahibləndi, əlinə silah alıb vuruşmasa belə həmin təkfirçi əqidəni mənimsədi.
Əvvəldə yazdığım kimi əhli-sünnə məzhəbilə aralarında böyük bir baryer olmadığı üçün əhli-sünnə məzhəbində olan kəs asanlıqla vahhabi və təkfirçi əqidəsinə keçə bilir. Yaxud da köhnə məzhəbində qalmaqla yanaşı təkfirçi əqidənin bəzi fikirlərini mənimsəmiş olur.
İraqa gələk. İraqda da eynilə Suriyada olduğu kimi heç vaxt din və dini ayinlər tətil olmayıb. Dini mədrəsələr və universitetlər fəaliyyət göstərib. Vahhabiliyin təbliğatı də qadağan edilməyib. Lakin Suriyadan fərqli olaraq İraqda şiələr ölkənin əksəriyyətini təşkil edib. Amma heç vaxt hakimiyyətdə olmayıblar. Səddam Hüseynin rəhbərlik etdiyi BƏƏS rejiminin ABŞ-ın başçılıq etdiyi koalisiya tərəfindən süquta yetirilməsi və 8 il ərzində Amerikanın ölkəni talan etməsi və minlərlə günahsız insanı qətlə yetirməsi camaatda işğalçılara qarşı nifrət oyatdı ki, bəzi din alimlərinin onlara qarşı cihad fətvaları verməsi bu narazıçıları bir neçə dəstə olaraq birləşdirə bildi. Şiələrdən yalnız Müqtəda Sədrin başçılıq etdiyi "Mehdi ordusu" adlanan silahlılar işğalçılara qarşı döyüşürdüsə, əhli-sünnə şəhərlərində bu mübarizə daha geniş şəkildə olub. İşğalçılara qarşı bu mübarizə həm də indiyədək mühüm dövlət postu tutmayan şiələrin işğaldan sonra ölkənin baş nazir postu daxil olmaqla mühüm vəzifələrə yiyələnmələrinə şərait yaradıldığı üçün daha da əzmləşdi. Əsasən keçmiş BƏƏS-çilərdən ibarət və əhli-sünnə məzhəbindən olanlar üçün bu bir növ şərəf mübarizəsinə çevrildi. Amerika və Böyük Britaniya ordusu və xüsusi xidmət orqanlarının agentləri isə sünni-şiə konfliktinin xalqın bütün təbəqələrində vüsət alması üçün əlindən gələn hər vasitəyə əl atdı. Sünni adı altında şiə evlərinə, məhəllələrinə və ya şiə adı altında əhli-sünnə qəsəbələrinə hücumlaradək etdilər. Amerika ordusunun İraqdan çıxarılmasından sonra əhli-sünnə yaşayan bölgənin camaatının bir hissəsində artıq baş nazir olmaqla ölkədə söz sahibi olan şiələrə qarşı qısqanclıqdan nifrətləri var idi.
İşğaldan yeni qurtulan dövlətin iqtisadi problemlərdən yaxa qurtarmaq üçün göstərdiyi səylər ləng getdiyindən və ölkədə çoxalan korrupsiya sıravi camaatın onsuz da hökumətə qarşı isti olmayan münasibətini daha da alovlandırdı. Xaricdən təbliğ edilən təkfirçi əqidə və əhval-ruhiyyə yavaş-yavaş qəbilə üsul-idarə sistemi mövcud olan ərazilərdə muxtar yaşamalarına gətirib çıxartdı. Fəllucə və Ənbar vilayətlərində əsasən keçmiş BƏƏS-çilərdən ibarət qruplaşmalar əməlli güc sahibi idilər. İŞİD-in Mosulu işğal etməsindən 1 il öncə Mosulda keçirilən hökümət əleyhinə kütləvi nümayişdə əl-Qaidənin bayraqları dalğalanırdı. Mosul valisinin satqınlığı nəticəsində şəhər İŞİD tərəfindən işğal edildikdə çox az bir qism əhli-sünnə məzhəbindən olanlar Mosulu tərk etdilər. Düzdür, zaman keçdikcə çoxları İŞİD hökumətinin necə qaragüruh və qorxulu olduğunu anlasalar da artıq iş işdən keçmişdi. Qeyd edim ki, İŞİD-in vəhşi olması bütün mosullular tərəfindən qəbul edilməyib. Yəni narazılarla yanaşı Mosulda İŞİD əqidəsində olanlar da var idi. Əgər əvvəllər şiələrə yalnız sırf qısqanclığına görə nifrət edirdilərsə, bu nifrət daha sonra əqidə müstəvisinə keçmiş oldu. Bu isə İŞİD-in apardığı təbliğat nəticəində baş verdi. Və bu gün Suriya və İraq hökümətinin İŞİD-dən azad etdiyi ərazilərdə hələ də təkfirçi təfəkkürdə yaşayan insanlar var.
Əvvəldə qeyd etdiyim kimi bu təfəkkür bir növ zombiləşmə, beyin yuyulması olduğu üçün onun aradan aparılması üçün hələ çox işlər görmək lazımdır. Bu işlər görülməsə bir müddət sonra təkfirçilər yenidən baş qaldırmaq istəyəcəklər və ya qaldıracaqlar. Yəni İŞİD və Nüsrə Cəbhəsi fiziki məhv edilməklə yanaşı, beyinlərdə də bu əqidə məhv edilməlidir. Bu isə o deməkdir ki, Suriya və İraqda təkfirçi cərəyanlar məhv edilsə də hələ görülməli çox işlər var.
10-10-2017 13:39 Baxılıb: 1020    
Şərh bildir