Rusiyanın siyasi arenasında Putin fenomeni

Rəhim Həsənli
 
SSRİ-nin parçalandığı bir dövrdə Rusiya Federasiyasının daxilində Atlantikaçılar ilə Avrasiyaçılar arasında gərgin bir mübarizə başlandı. Rusiya Federasiyasının 1991-1999-cu illərdə  prezidenti olmuş Boris Yeltsin Sovet dövrünün bütün ənənələrinə dərin nifrət hissi bəsləyir, Sovet qalıqlarına qarşı kəskin mübarizə aparırdı. Rusiya Federasiyasının ilk prezdentindən fərqli olaraq Vladimir Putin Avrasiyaçılıq və Yeni Avrasiyaçılq nəzəriyyələrinə böyük meyl edir və Sovet dövrünə qarşı olan simpatiyasını gizlətmirdi. Putin Sovet dövrünə heç də kortəbii bir münasibət bəsləmir, onu özünəməxsus bir şəkildə qəbul edirdi. 7 may 2000-ci ildə Rusiya Federasiyasının ikinci  prezidenti vəzifəsini icra etməyə başlayan Putinə görə "hər kim ki, Sovet İttifaqının süqutundan görə üzülmür, onun qəlbi yoxdur; hər kim ki, onu qədim şəkildə canlandırmaq istəyir ki, onun ağlı yoxdur". 
Vladimir Vladimiroviç Putin 7 oktyabr 1952-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olmuş, Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq hüquq bölümündən məzun olduqdan sonra SSRİ DTK-də xidmət etməyə başlamışdır. 1975-ci ildən etibarən SSRİ DTK-də çalışan Putin 1985-1989-cu illərdə Almaniya Demokratik Respublikasında xidmət göstərmiş və 1989-cu ildə uğurlu fəaliyyətinə görə medalla təltif olunmuşdur. Almaniyada xidmətini başa vurduqdan sonra Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi vəzifəsində çalışmağa başlamışdır.   
Putin 1997-ci ildə tanınmış alim V.A.Fyodorovun elmi rəhbərliyi ilə "Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi adına layiq görülmüşdür.
O 1998-1999-ci illərdə Federal Təhlükəsizlik Xidmətinin direktoru, 1999-cu ildə Təhlükəsizlik Şurasının sədri, 1999-2000-ci və 2008-2012-ci illərdə Rusiya Federasiyası Hökumətinin sədri, 2000-2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti vəzifəsini icra etmiş, həmçinin 7 may 2012-ci ildən Rusiya Federasiyasının Prezidenti vəzifəsini icra etməkdədir.
Putin 1 dekabr 2001-ci ildə sağ mərkəzçilik ideologiyası əsasında "Vahid Rusiya" (Единая Россия) partiyasını yaratmağa müvffəq olmuşdur. Sosial-mühafizəkar yönümlü partiya kimi təsis edilən "Vahid Rusiya" partiyası müasir dövrdə Rusiyanın ən böyük partiyasıdır. 1993-cü ildə Rusiya Federasiyasında aşağı palatası kimi təsis edilən Rusiya Federasiyası Dövlət Dumasında mövcud olan 450 deputat kürsüsündən 2003-cü ildə 223 yer (37.6%), 2007-ci ildə 315 yer (64.3%), 2011-ci ildə 238 yer (49.3%) və 2016-cı ildə 343 yer (54.2%) "Vahid Rusiya" partiyasına məxsus olmuşdur. 
"Vahid Rusiya" partiyasının geniş spektrdə fəaliyyət göstərməsində Valdimir Putinin oynadığı böyük rolu inkar etmək olmaz. "Vahid Rusiya" partiyasının əsas müddəaları içərisində etatizm, sosial mühafizəkarlıq, mərkəzçilik və populizm ideyaları mühüm yer tutur. Hazırda "Vahid Rusiya" partiyasına üzv olan nümayəndələrin sayı 2 073 772 nəfərdir.
Putinin qısa zaman biçimində siyasətə atılması və özünə bu qədər tərəfdar toplaması təsadüflər nəticəsində meydana gələ bilməzdi. Almaniyada işlədiyi müddətdə özünü tanıtmış Putinin Böyük və Vahid Rusiya ideyası əksər insanlarda əks-səda doğurdu və bu baxımdan insanları Putinin irəli sürdüyü ideyalar cəlb etməyə başladı. Rusiya vətəndaşlarının böyük əksəriyyəti artıq Putini birləşdirici bir lider kimi görür və ona etimad göstərirlər. Bu nöqteyi-nəzrdən də 26 mart 2000-ci ildə baş tutan  Rusiya Federasiyası prezident seçkilərində Putin 52,2 faiz, 4 mart 2012-ci ildə gerçəkləşdirilən Rusiya Federasiyası prezident seçkilərində isə 62,6 faiz səs şoxluğu ilə rəqiblərinə qalib gəlmişdir.
Putinin siyasi baxışlarına görə Rusiyanın xarici siyasətində realizm və praqmatizm ideyaları üstün tutulmalıdır. Putin öz çıxışlarında dəfələrə Rusiyanın güclü bir dövlət olmasının zəruriliyindən söz açmış və Rusiyanın xarici siyasətinin də bu yöndə tənzimlənməsini vurğulamışdır.
Heç şübhəsiz ki, Putin müasir dövrdə beynəlxalq aləmdə ən yüksək reytinqli və avtoritetli prezidentdir, bu baxımdan da Rusiyanı dirçəltmək və keşmiş Sovet Sosialist Respublikaları İttifaqını bərpa etmək əzminə malik bir şəxsdir. Şərq ölkələrində əsasən şiələrə qarşı törədilən genosidin qarşısını müvvəffəqiyyətlə almağı bacaran Putin həmçinin silahlı paramilitar qruplaşma olan İŞİD adlı terror təşkilatına qarşı da uğurla mübarizə apardığı üçün Şərq ölkələri içərisində də yüksək reytinq qazanmışdır.
10-05-2017 21:22 Baxılıb: 4690    
Şərh bildir