XALQ DEMOKRATİYASININ REALLIQLARI

Ədalət Abdinov,
Azərbaycan Kommunist Partiyası MK-nın katibi           

İlk dəfə yeganə sosializm ölkəsi olmuş SSRI böyük idi – dünyadakı torpağın altıda bir hissəsi və əhalinin təqribən on dörddə bir hissəsi onun payına düşürdü. Sosializm guya Sovet İttifaqı daxilindən kənara çıxmayacaq, leninizm yalnız rus zəminində kök salmış milli hadisədir, başqa ölkələr və xalqlar üçün yaramır – burjua ideoloqlarının bu cəfəngiyyatı özünü doğrultmadı. İkinci dünya müharibəsundən sonra Avropa və Asiyanın bir sıra ölkələrində socialist inqilabının qələbəsi burjua ideoloqlarının fərziyyələrinin çürük olduğunu təsdiq etdi.
Konkret şəraitin müxtəlifliyi – iqtisadi inkişafın səviyyəsi, sinifi qüvvələrin nisbəti, tarixi ənənələr və s. ayrı-ayrı ölkələrin kapitalizmdən sosializmə keçməsinin mütləq çoxlu formalarını yaradır. 
Azərbaycanın inkişaf xüsusiyyətlərini nəzərə almadan, eyni bir forma və metodların kor-koranə təkrar edilməsi sosializm işimizə ziyan vura bilər. Bunu əsas götürən Azərbaycan Kommunist Partiyası öz siyasətini hazırlayır, ölkəmizin xüsusiyyətlərini nəzərə alaraq socialist dəyişikliklərinin sürət və üsullarını müəyyən edir. V.İ.Leninin belə bir öncəgörücülüyü təsdiq olundu ki, tarix sosializmə keçmək üçün çoxlu və ən müxtəlif iqtisadi və siyasi formalar yaradacaqdır.
İstehsal vasitələtinin ictimai mülkiyyətə keçirmək üsullarımız necə olacaq? Zavod və fabriklər əvvəlki sahiblərinə heç bir əvəz verilmədən, dövlət əmlakı elan ediləcəkdir. Başqa cür ola da bilməz, çünki burjuaziya və mülkədarlar heç bir şeylərindən əl çəkməyəcək, heç bir güzəştə getməyə razılıq verməyəcəklər. Hətta sərvət və hakimiyyəti zorla geri almaq ümidində olacaqlar. Bu məsələnin Çin variant da mövcuddur. Məlumdur ki, vaxtilə Çində imperialistlərə satılmış iri burjuaziyadan (komprador adlananlardan) başqa, orada istiqlaliyyət uğrunda mübarizədə iştirak etmiş milli burjuaziya var idi. Kompradorların qarət etdikləri hər şey xalq hakimiyyəti tərəfindən dərhal müsadirə edilirdi. Sahibləri inqilaba qarşı çıxmamış müəssisələr, əvvəlcə qarışıq (yəni, dövlət-xüsusi) müəssisələrə çevrilir, sonra tamamilə dövlət tərəfindən pul ilə alınırdı. Qeyd etmək lazımdır ki, hələ marksizm-leninizm baniləri istehsal vasitələrinin əvəzinin pul ilə ödənilməsi imkanını irəlicədən görmüşlər. Onlar deyirdilər ki, sosializmə qarşı burjuaziyanın fəal çıxışlarını sarsıtmaq üçün ondan pul ilə özünü qurtarmaq proletariata bəzən daha faydalıdır.
Sosializm yoluna daxil olan bütün ölkələr üçün məcburi olan başlıca qanunauyğunluqlar kommunist və fəhlə partiyaları nümayəndələrinin  Moskvada 1957-ci ildəki Müşavirəsində qəbul olunan Bəyənnamədə ifadə edilmişdir. Ikinci dünya müharibəsindən sonra bir sıra ölkələrdə socialist inqilabı qələbəsinin özü onun sayəsində mümkün oldu ki, Sovet İttifaqı beynəlxalq irtica qüvvələrinin əl-qolunu bağladı, hərbi müdaxiləyə yol vermədi, xalq demokratiyası dövlətlərini imperialistlərin iqtisadi blokada ilə boğmaq planlarını pozdu, bu ölkələrə öz xüsusi sənayesini yaratmaqda kömək etdi. Müharibədən sonrakı birinci illərdə SSRİ ilə digər socialist dövlətləri arasında iqtisadi sazişlər, təcavüzkarlıq ehtimalına qarşı ittifaq və qarşılıqlı yardım haqqında müqavilələr bağlanmışdı. İmperialist dövlətləri alman militarizmini bərpa etməyi, Almaniya Federativ Respublikasını (AFR) Atlantik paktına cəlb etməyi nəzərdə tutan Paris sazişlərini bağladıqda, sosialist dövlətləri 1955-ci ilin mayında öz müdafiə ittifaqını yaratdılar. Bu, Varşava Müqaviləsi təşkilatı idi ki, onun da sərəncamında ümumi komandanlıq altında birləşmiş silahlı qüvvələri vardı. Sosialist ölkələrinin birliyi onların təhlükəsizliyini, deməli, məhz sosializm qurmaq imkanını təmin edirdi. Sosialist dövlətləri dünya siyasətinin ən mühüm məsələlərində bir cəbhədə çıxış edib, sülh işini birlikdə qoruyurdular, ümumi tərksilaha nail olmağa çalışır, məzlum xalqlara öz milli və ictimai azadlığı uğrunda apardıqları mübarizədə kömək edirdilər. Sosialist ölkələrinin xarici siyasətinin nəcib məqsədləri aydın idi, ancaq hər bir dövlətin səsi, qardaş ölkələrin birgə səsinə qoşulduqda, bu səs beynəlxalq meydanda qat-qat güclü olurdu.
Sosializmin məqsədi milliyyətlərindən asılı olmayaraq, bütün zəhmətkeşlər üçün bərabərliyə və ictimai ədalətə nail olmaqdır. Beynəlxalq fəhlə hərəkatı həmişə proletar beynəlmiləlçiliyi prinsipi əsasında inkiıaf etmişdir. Bir neçə ölkələrdə sosialist inqilabının qələbəsi nəticəsində, onların fəhlə sinifi tərəfindən başçılıq edilən xalqları ümumi məqsədlər uğrunda mübarizədə təbii olaraq birləşirdilər: qalib gəlmiş proletariatın sinifi həmrəyliyi öz ifadəsini sosialist beynəlmiləlçilində tapırdı.
Düşmənlərimiz sosialist ölkələrini bir-birindən ayırmağa, onların birliyini pozmağa cəhd edərək burjua millətçiliyinin zəhərli silahından istifadə etdilər. Beynəlxalq irtica, daxili irticacı qüvvələrin qalıqları məhz buna  ümid bağladılar. Məhz millətçilik ideologiyası marksizm-leninizmin təftişçilik və ehkamçılıqla təhrif edilməsini qidalandıran bir zəmindir. Təftişçilik və onun, sosializmi tezliklə, dünya kommunist hərəkatından ayrılıqda qurmaq olar və qurmaq lazımdır- müddəaları böyük bir təhlükə təşkil edir. Ehkamçılıq, sol sektantlıq opportunizmi də təftişçilikdən az təhlükəli deyildi; bu opportunizmi millətçilik qidalandırır, öz növbəsində opportunizm də millətçiliyi qidalandırır.
Millətçilik sosialist birliyinin ümumi mənafeyinə, xüsusən təzahür etdiyi ölkənin mənafeyinə zərər vurur, çünki o, həmin ölkənin inkişafını ləngidir. Təcrübə də subut etdi ki, millətçilik dünya sosializm sisteminin bütün üstünlüklərindən tamamilə istifadə etməyə mane oldu. Buna görə də millətçilik baxışlarına qarşı ardıcıllıqla mübarizə aparmaq kommunist partiyalarının mühüm vəzifələrindən biridir.
Dünya ölkələri arasında tarixən ərazicə beynəlxalq əmək bölgüsü mövcuddur. Kapitalizm şəraitində  beynəlxalq əmək bölgüsü eybəcər formalar alır. Burjuaziya bu bölgünü varlanma mənbəyinə, zəif inkişaf etmiş ölkələri istismar etmək vasitəsinə çevirir. Sosializm isə beynəlxalq əmək bölgüsünə hüquq bərabərliyi gətirir. İqtisadi əməkdaşlığın mürəkkəb məsələlərini elmi cəhətdən həll etmək məqsədi ilə sosializm ölkələri İqtisadi Qarşılıqlı Yardım Şurasından (QYŞ) ibarət ümumi bir orqan yaratmışdılar.
Hökmran istismarçı siniflər hakimiyyətləri altındakı ərazini nəyin bahasına olurasa-olsun genişləndirmək, başqa xalqları əsarət altına almaq istəyirlər. Bir-birinin  ardınca imperializm tərəfindən törədilən müharibələr saysız fəlakətlər gətirir, qısa müddətli dinc tənəffüslərdən isə yeni hərbi avantüralar hazırlamaq üçün istifadə edilir. Aldatmaq, hiyləgərlik və zorakılıq – bütün bu kimi vasitələrlə qonşuları məğlub etmək, başqa dövlətləri özünə tabe etmək imperializmin mahiyyətindən irəli gəlir. İqtisadi və hərbi güc imperialist dövlətlərinin öz aralarındakı münasibətlərdə, xüsusən onların zəif ölkələrlə olan münasibətlərində həlledici rol oynayır. Beynəlxalq müqavilələr imperialist siyasətçiləri üçün heç bir əhəmiyyəti olmayan bir paça kağıza çevrilib. Bu riyakarlar əllərini “Bibliya”nın üstünə qoyub qonşusu haqqında səmimi niyyətdə olduqlarına and içirlər, sonra isə ona qarşı hər cür fitnə düzəldirlər. Marks demişdir: “Kapitalizm sistemi daxilində bir dövlətin faydası o biri dövlətin uduzması deməkdir”.
İmperialist ittifaqları təcavüzkarlıq məqsədlərinə nail olmaq üçün yaradılır. Lakin, bu cür ittifaqlar möhkəm ola bilməz, çünki hər bir tərəf hər şeydən əvvəl  öz eqoistik mənafeyini təmin etməyə, müttəfiqləri üzərində üstünlük əldə etməyə və onları özünə alət etməyə çalışır.
Sosialist ölkələri arasındakı münasibətlər bunun əksinədir. Bu münasibətlər adi dostluq münasibətləri, adi ittifaq olmayıb, tamamilə yeni tip beynəlxalq münasibətlər idi ki, hər bir dövlətin faydası eyni zamanda bütün yerdə qalan dövlətlərin də faydası demək idi. Düzdür, bu o   deyildi ki, sosialist dövlətləri arasında heç bir zaman mübahisəli məsələlər baş vermir, onların rəhbərlərində həmişə və dərhal eyni nöqteyi – nəzər meydana çıxırdı. Lakin elə iş də onda idi ki, hadisələrə dair vahid bir baxış hazırlamaq, ölkələrinin  kommunist və fəhlə partiyaları bir-biri ilə məsləhətləşir, bir-birinə nümayəndə heyəti göndərir, onları maraqlandıran məsələləri birlikdə müzakirə edirdilər. 1917-ci ildə, geridə qalmış Rusiyada, sosialist inqilabı qalib gəldikdə, bir çox qərb xadimləri bunu səhv hesab edirdilər. 1923-cü ilin martında, sovet xalqı sosialist iqtisadiyyatı təməlinin birinci kərpiclərini qoyduğu coşğun günlərdə ABŞ dövlət katibi K.Y.Xyuz təkəbbürlə demişdi: “Rusiyanın bir də dirçələ biləcəyinə ümid yoxdur, belə düşünməyə əsas da yoxdur.” Ötən əsrin 70-80-cı illərində isə SSRİ dünyanın ən qüdrətli dövləti idi. Bütün xalq demokratiyası ölkələrində sosialist münasibətləri qəti qalib gəlmişdi. Sosializm bütün dünyanı öz müvəffəqiyyətləri ilə heyran edən sosialist ölkələrinin qüdrətli sisteminə çevrilmişdi.

15-04-2014 09:22 Baxılıb: 12210    
Şərh bildir