HƏR KƏS HAMI ÜÇÜN, HAMI HƏR KƏS ÜÇÜN

Ədalət Abdinov,
Azərbaycan Kommunist Partiyasının katibi

Sosializm insanlara maddi və mənəvi nemətlər bolluğu gətirir - biz həmin sevincli, fərəhli günləri yaşamışıq. O xoş günləri yeni məzmunda geri qaytarmaq üçün birgə mübarizəmizi davam etdirməliyik. İnsan insana dost və qardaş kimi baxmadıqca bərabərlik bərqərar edilə bilməz. Qarşımızda duran ən təhlükəli problem xüsusi mülkiyyət və insanın insanı istismar etməsinə rəvac verən siyasi qurluşdur. Xüsusi mülkiyyət cəmiyyəti bütün həyat nemətlərini bədxərcliklə korlayan bir ovuc  varlılara və əmək adamlarına- həm maddi, həm də mənəvi cəhətdən talanan, öz yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və ondan istifadə etmək imkanı əlindən alınmış olan adamlara ayırır. Fikir verin, bugünkü sahibkarlıq dünyasında labüd olaraq burjua fərdiyyətçiliyi hökm sürür. 
Bu da adamları bir-birinə qarşı qoyur, yırtıcı burjua əxlaqı qanunlarını: “Hər kəs özü üçündür”, “Ya sən başqasını çapıb talayırsan, ya da başqası səni çapıb talayır”, “İnsan insanın canavarıdır” qanunlarını təsbit edir.
Bir dəfə sovet jurnalistləri söhbət əsnasında amerikalı fermerə demişlər ki, bu il onun məhsulu pis deyildir. Fermer həqiqi bir məyusluq hissi ilə cavab vermişdir: “Elədir, amma qonşularımın da məhsulu boldur, bu isə o deməkdir ki, qiymətlər aşağı düşəcək və mən hektar hesabı ilə yüz dollar itirəcəyəm”. Budur, xüsusi mülkiyyətçinin əxlaqı.
İngilis filosofu Qobbs istismarçı cəmiyyət olan kapitalizmi “hamının hamıya qarşı müharibəsi” kimi xarakterizə etmişdir. Bu vəhşi münasibəti təkcə ictimai həyatın obyektiv şəraiti yaratmır. Buna bütün burjua ideologiyası kömək edir. Burjua ideologiyası öz rəqiblərini xirtdəkləməyi bacaran, hər cür zalımlıq etmək və fırıldaq etməklə hakimiyyətə və sərvətə yiyələnən “güclü şəxsiyyətə” pərəstişi tərifləyir. Bu, irticacı imperialist burjuaziyasının baxışlarını əks etdirən faşizm nəzəriyyələrində daha açıq və həyasızcasına ifadə olunmuşdur. Faşizmin ideya sələfi olan alman filosofu Nitsşe elan etmişdi ki, “fövqəlbəşər”, “sarışın vəhşi” dövrü gəlib çatmışdır və bu vəhşilər dünyanı qan dəryasına qərq edəcək, bütün bəşəriyyəti göləyə döndərəcək.
Bu günkü çürük burjua əxlaqına qarşı yeni insan tərbiyəsi önəmli məsələdir. Bu mürəkkəb proses obyektiv amillərlə, istehsal vasitələri üzərində ictimai mülkiyyətə, sosializm demokratiyasına, bütün xalqın sosializm şəraitində yaranacaq ictimai-siyasi və ideya birliyinə əsaslanır. Sosializm hər bir adamın pulsuz oxuyub təhsil ala bilməsini, ixtisas qazanmasını, öz istedadını inkişaf etdirməsini və bütün bunlardan işdə istifadə etməsini təmin etmək üçün vəsait əsirgəmir. Sosializm cəmiyyəti bunları ona görə etmir ki, onun devizi “hər şey insan üçün” şüarıdır.Axı adamlar nə qədər bilikli olsalar, görüş dairələri nə qədər geniş olsa, cəmiyyətə bir o qədər çox fayda verə bilərlər.
Sosializmdə necə idi? Sovet adamları uşaq yaşlarından elə bir aləmə qədəm qoyurdular ki, orada hər şey yoldaşlıq qanunlarına tabe idi, istismarçılar və istismar olunanlar yox idi, əmək qabiliyyəti olan hər bir adam işləməyə borclu idi. Məktəb, ədəbiyyat və incəsənət, mətbuat, radio, televiziya adamların şüuruna və qəlbinə təsir göstərən digər vasitələr əmək rəşadəti nümunələrini, kollektivçilik və insanpərvərlik ideyalarını yorulmadan təbliğ edir, sovet adamına layiq sifətlər tərbiyələndirirdi.  İndi, bilavasitə sosializmi bərpa etməklə məşğul olduğumuz bir zamanda, insanların sovet tərbiyəsi Azərbaycan Kommunist Partiyasının əsas vəzifəsinə çevrilmişdir.
Bu gün ona nail olmalıyıq ki, kapitalizmə nifrət edən hər adamın hərəkətində sosializm ideyaları kommunistcəsinə əməllərlə üzvi surətdə əlaqələnsin. Cəmiyyət qarşısında adamların öz borclarını başa düşmələri, onların vətənpərvərlik və beynəlmiləlçilik şüuru kommunist dünyagörüşünə, ideyalılığına  əsaslansın. İnsanın öz xalqı qarşısında daşıdığı mənəvi məsuliyyəti, onun xeyrinə olaraq hər şeyə hazır oması kimi ictimai borc ön plana keçməlidir. F.E.Dzerjinski demişdir: “Borc - vəzifə deyil, zərurətdir, tələbatdır, dərin əqidədir, həyatın mənasıdır”. İctimai borcun dərk edilməsi sosialist vətənpərvərliyi və beynəlmiləlçilik kimi ideya keyfiyyətləri ilə sıx əlaqəli olmalıdır.
Sosializmdə əmək insan üçün gümrahlıq, ruh yüksəkliyi mənbəyidir. Kapitalizmdə isə istismar əməyin gətirdiyi fərəhi öldürür. Vəhşi kapitalist sahibkarlığı maşını şəraitində insan maşının əlavəsinə çevrilir. Onun əməyinin bəhrəsini kapitalistlər mənimsəyirlər. Əmək fəhlə üçün ağır bir yük olur və o, bir təhər güzəranı üçün vəsait qazanmaqdan ötrü bu yükü çiyinlərində daşımağa məcburdur. Ancaq belə bir əmək də hamıya qismət olmur. Özünüz şahidsiniz ki, bu gün milyonlarla sap-sağlam, fiziki cəhətdən qüvvətli adam işləmək kimi adi bəşəri hüquqdan məhrumdur. Buna baxmayaraq, hətta kapitalizm şəraitində də əmək adamları yüksək mənəvi keyfiyyətləri ilə fərqlənirlər. K.Marks fəhlələrin mənəvi xüsusiyyətlərini xarakterizə edərək yazmışdır ki, “onların əməkdən kobudlaşmış üzlərində alicənablıq parlayır”. Ancaq sosializm əməyi istismar buxovlarından xilas etməyə qadirdir.
Maksim Qorki yazırdı: “Hər adamda müdrik bir quruculuq qüvvəsi var, bu qüvvənin inkişaf edib çiçəklənməsinə imkan verilməlidir ki, o, yeri daha böyük möcüzələrlə zənginləşdirsin”. Bu imkanı insanlara sosializm verir.  Böyük yazıçının daha bir maraqlı fikri var: “Dünyada əmək qəhrəmanlığından, yaradıcılıq qəhrəmanlığından daha əzəmətli qəhrəmanlıq yoxdur.” Belə qəhrəmanlıq isə ancaq sosializm şəraitində mümkündür.
Sosializmin uğuru olan kollektivçiliyin: hər kəs hamı üçün, hamı hər kəs üçün qanunu çox böyük əhəmiyyət kəsb edir. Bu qanuna əməl edilməsi şəxsi mənafe ilə ictimai mənafeyi üzvi surətdə əlaqələndirməyə imkan verir. Sovet adamlarının şəxsi mənafeyi kapitalizmin doğurduğu xüsusi mülkiyyətçilik cəhdlərindən əsaslı surətdə fərqlənir. Sosializm şəraitində şəxsi mənafe dedikdə zəhmətkeşlərin fərdi maddi və mədəni tələbatı başa düşülür. Bu tələbat sosializm cəmiyyətinin təsiri altında təşəkkül tapır və istehsalın müvəffəqiyyətlərindən asılı olaraq ödənilir. Deməli, başlıca şəxsi mənafe, yeni cəmiyyət qurmaqdan ibarət olan ictimai mənafeyə uyğundur.
Sosializmdə “insan insanın dostu, yoldaşı və qardaşıdır” prinsipi bütün cəmiyyətin mənəvi prinsipinə çevrilir. Sosialist insanpərvərliyi öz parlaq ifadəsini onda tapır ki, dövlət şəxsiyyətin səadəti və hərtərəfli inkişafı üçün qayğı göstərir, adam Vətənin tərəqqisi və yoldaşlarının qeydinə qalır.
Sosialist cəmiyyəti çox sağlam cəmiyyətdir və kapitalizmə xas olan xəstəliklər ona yabançıdır. SSRİ-də fərdiyyətçilik, qənimətçilik, tüfeylilik və burjua əxlaqının digər təzahürləri üçün ictimai zəmin yox idi. Bu gün burjua fırıldaqçılığı, müftəxorluğu baş alıb gedir. V.İ.Lenin yzırdı: ”...fırıldaqçılara, müftəxorlara, xuliqanlara qarşı uçot və nəzarətdə yalnız fəhlə və kəndli kütləsinin inqilabi əzmkarlıqla yaradılan könüllü və vicdanlı əməkdaşlığı mənfur kapitalizm cəmiyyətinin bu qalıqlarına, bəşəriyyətin bu tör-töküntülərinə, tamamilə çürümüş və ölgünləşmiş olan bu üzvlərə, kapitalizmdən sosializmə miras qalmış olan bu yoluxucu xəstəliyə, tauna, yaraya qalib gələ bilər”.
Və nəhayət, kommunistcəsinə yaşamaq – bizi əhatə edən hər şey üçün məsuliyyət daşımaq deməkdir.

09-04-2014 20:01 Baxılıb: 11750    
Şərh bildir