İran ABŞ-a cavab verəcəkmi?

Vüsal Sadıxov

Məlumunuz olduğu kimi İranın Absərd şəhərində İranın nüvə fizikası üzrə tanınmış alimi Möhsün Fəxrizadə qətlə yetirilib. Bu artıq İranda 6-cı nüvə alimidir ki, terror edilərək qətlə yetirilir. Bundan öncə qətlə yetirilmiş alimlərin cinayət işlərində saxlanılanlardan bilindiyi kimi bu cinayətdə başlıca maraqlı olan ölkə İsraildir. Əlbəttə bunlar ABŞ-ın dəstəyi və havadarlığı ilə həyata keçirilir. Amma terror planını yazan və həyata keçirən İsraildir. Toxunmaq istədiyim məsələ İranın buna hansı cavab verəcəyilə bağlıdır.
Bundan öncə qətlə yetirilmiş alimlərin qisası olaraq rəsmi heç bir cavab verilməyib. Ümumiyyətlə İsrailin hansısa görkəmli və tanınmış alimi və ya hərbçsi həyatını sui-qəsdlə itirməyib. Çünki belə bir iş baş vermiş olsaydı, mətbuatda bu haqda məlumat olardı. 10 il ərzində, yəni ilk nüvə aliminin qətlə yetirilməsindən bu günədək belə bir məlumat yoxdur. Düzdür, bir dəfə Sepahın yüksək rütbəli zabiti cavabın verildiyini və İsrailin bunu yaxşı bildiyini ifadə etsə də, hansı cavabın və harda verildiyi haqda heç bir məlumat bildirilməyib.
Dünən qətlə yetirilən alim 2 il öncə İsrailin baş naziri Benyamin Netanyahunun İranı nüvə proqramı ilə bağlı geniş videokonfransında adı hallanmış alimdir. İsraildə onu mətbuatda və xüsusi dairələrdə "İranın nüvə sənayesinin atası" və ya "İranın nüvə sənayesinin Süleymanisi" adlandırırdılar. Bu amil və həmçinin Fəxrizadənin qətlindən sonra İsrail mətbuatında Netanyahunun "bu həftə ifadə edə bilməyəcəyim böyük işlər görmüşük" deməsi bu cinayətdə 1 nömrəli şübhəli İsrailin olduğunu deməyə əsas verir. Bundan başqa ABŞ prezidentinin Tvitterdə cinayətdən sonra Yossi Melman adlı yəhudi jurnalistin ivrit və ingilis dilində olan tvitlərini retvit edərək paylaşmışdır ki, Fəxrizadənin qətlilə bağlıdır. Bu tvitlərdə Fəxrizadənin qətlinin İran üçün böyük bir zərbə olduğu, Fəxrizadənin İranın gizli nüvə proqramının başında durduğu və buna görə illərdir Mossad tərəfindən axtarıldığı deyilir. İsrail mətbuatının bu retvitlərdən gəldiyi qənaət budur ki, bu qətl ABŞ və İsrail işbirliyi nəticəsində baş vermişdir.
Ümumiyyətlə ABŞ-ın İrana hücumu haqda mətbuatda məlumatlar dolaşmaqdadır. Guya ABŞ prezidenti Ağ Evi tərk etmədən İrana zərbələr endirmək istəyir. Və guya generalitet buna razılıq vermir və s. Görünən budur ki, ABŞ prezidentinin İrana maksimum təzyiq etməklə onu danışıqlar masasına otuzdura bilməməsi onu çox qəzəbləndirib. Növbəti 4 ildə daha artıq təzyiq planlaşdırsa da, seçkilərdə məğlubiyyəti onu bu planı həyata keçirə bilmədiyinə görə yaman hiddətləndirib. Odur ki müharibə ilə İrandan qisas almaq fikrinə düşüb. Həmçinin bununla yeni prezidentin İranla yarada biləcək bütün diplomatik əlaqələri kökündən kəsmək istəyir. Görünür generalitetin müharibəyə razılıq verməməsi İsrailli "B" planınd, yəni nüvə alimini qətlə yetirməyə vadar edib. Belə ki bu qətl müharibəyə başlamaqdan kiçik bir iş deyil. Bu qətl hamının Ağ Evə yeni gələcək prezident və adminstrasiyasının İranla yenidən yaxınlaşma edəcəyi gözləntisinə zərbə vurmuş olur. Artıq Avropada və ABŞ-da bir çox tanınmış siyasətçilər İranı təmkinli olmağa və yeni adminstrasiyanın Ağ Evə yerləşməsini gözləməyə səsləyirlər.
İranın özündə isə son illər olduğu kimi yenə ikitirəlik mövcuddur. Bir qism bu cinayətə cavab verməyə səsləsə də, digər qism Bayden adminstrasiyasının nə kimi güzəştlər edə biləcəyini gözləməyi istəyir. Düzdür, bunu açıq ifadə etmirlər. Amma qətlə kimi onların dedikləri söz ancaq bu idi. Və bu qətl inanmıram onların fikirlərində ciddi bir dəyişiklik etmiş olsun. Onlar İranın siyasi və iqtisadi vəziyyətində yaxşılaşmanı ancaq bunda görürlər.
İran cəmiyyətinin dediyim kimi ikiyə bölünməsi və Qərb siyasətçilərinin İranı təmkinli olmağa çağırışı mənə onu deməyə əsas verir ki, İran heç bir ciddi cavab verməyəcək. Siyasilər və hərbçilər hər nə qədər rəcəz oxusalar belə. İranın cavab verməsi ümumiyyətlə çox gecikib. Bundan sonra cavab vermək hansı nəticələrə səbəb olacağı baxımdan qeyri-müəyyəndir deyə İrandan ciddi bir cavab gözləmirəm. İran bu cavabı 10 il qabaq, ilk nüvə alimləri qətlə yetiriləndə açıq-aşkar və tutarlı vermiş olsaydı, vəziyyət bu günə gəlib çıxmazdı. Ola bilər müharibə başlayardı və hətta məğlub olardı. Amma bu gün düşdüyü vəziyyətə düşmüş olmazdı. Suriyada İsrail tərəfindən hər ay demək olar ki, İran proksiləri hücuma məruz qalır. Heç birinə cavab verilmir. Bəli, bir dəfə Colanda yaxşı cavab verilib və İsrail tərəfi bunu gizlədir. Amma bundan başqa heç bir cavab yoxdur. Ən son isə Şəhid Qasim Süleymaninin silhdaşları ilə bir yerdə Bağdad aeroportu yaxınlığında terror edilərkən baş verdi. Yalnız bir hərbi bazanın raket atəşinə tutulması və bundan sonra ancaq proksilər vasitəsilə xırda raket hücumları onu göstərdi ki, İran daxilində cavabla bağlı ciddi fikir ayrılığı var. Amma bu fikir ayrılığı təkcə islahatçı və konservator qanadının fikir ayrılığı deyil. Əsasən islahatçı qanad Qərb və ABŞ-la yaxınlaşmaya dəvət etsə də, elə mühafizəkar qanadda da yetərli qədər müharibə istəməyənlər var. Bəziləri açıq bunu bildirməyə ehtiyat etsələr belə. Başlıca səbəblərdən biri hakimiyyətdə olmaları və artıq rəyasət əldə etmələridir. Xalq nə qədər iqtisadi çətinliklərlə qarşılaşsa da, bu kəslər üçün heç bir maddi sıxıntı yoxdur. Yaxşı yerdə evləri, bahalı maşınları, xaricdə təhsil almış övladları və s. Özü də çoxunun övladı elə xaricdə təhsil alan zaman xarici xüsusi xidmət orqanları tərəfindən "verbovka" olunublar. Onların da bir hissəsi vəzifədə olan valideynlərini də qarşı tərəfə çəkməyə müvəffəq olublar. Yəni əlində təsbeh, üzündə "kantovkalı" saqqal olan və hər çıxışının əvvəlində imperializmi və sinonizmi söyənlərin bir hissəsi elə onlara xidmət etməkdədirlər. Bu dediklərim kimlərəsə inandırıcı gəlməyə bilər, amma İran mətbuatını izləsəniz dediklərimin şahidi olarsız. Hətta son dövrlər bu haqda neçə dənə İranın özündə filmlər çəkilib.
Uzun sözümün qısası İranın ciddi bir cavab verməyəcəyi qənaətindəyəm. Amma çox istərdim ki, özünü toparlayıb möhkəm bir cavab versin. Çünki cavab vermədikcə bu qətllər davam edəcək. Və Qərb siyasətçilərinin İranı təmkinli olmağa çağırışı elə düşünülmüş bir siyasətdir. Yaxşı və pis polis rolunu həyata keçirirlər. Buna aldandıqca İran hələ çox zərbələr alacaq.
шаблоны для dle 11.2
30-11-2020 22:34 Baxılıb: 1420    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}