SSRİ-də milli münasibətlər

Ədalət Abdinov,
Azərbaycan Kommunist Partiyasının katibi

Çoxlu millətləri və xalqları böyük bir ailədə sıx, mehriban birləşdirilməsi, milli münasibətlərin inkişafında sosializmin ən üstün cəhətlərindən biri idi. Elə buna görə də qardaş xalqların iqtisadiyyat və mədəniyyəti sürətlə yüksəlir, onlar arasında səmimi yaxınlıq, beynəlmiləlçilik əlaqələri möhkəmlənirdi.
Milli münasibətlərlə bağlı sosializmdə iki meyl: millətlərin inkişafı və bir-birilərinə yaxınlaşması meylləri mövcud idi. Qarşılıqlı surətdə bir-biri ilə əlaqədar olan bu meyllərin hər ikisi mütərəqqi xarakter daşıyırdı.
Keçmişdə geridə qalan milli ucqarlar məhz SSRİ xalqlarının dostluğu, onların qarşılıqlı köməyi sayəsində irəliləyib ölkənin mərkəzi rayonlarının inkişaf səviyyəsinə çata bilmişdir. Lenin milli siyasətinin başlıca məqsədi yerinə yetirilmiş- millətlərin faktik bərabərliyi təmin edilmişdir. Məhz buna görə SSRİ tərkibinə daxil olan bütün milli respublikaların yüksək dərəcədə inkişaf etmiş sənayesi, mexanikləşdirilmiş kənd təsərrüfatı, xalq təsərrüfatının və mədəniyyətin bütün sahələrində yüksək ixtisaslı mütəxəssisləri vardır.
Millətlərin tərəqqisi və bir-birinə yaxınlaşması prosesinin ilk illərində Azərbaycan nə qazandı?  Respublika əhalisinin hər min nəfəri hesabı ilə şagirdlərin sayına və tibbi xidmətin səviyyəsinə görə nəinki Yaxın və Orta Şərq ölkələrindən, habelə Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya kimi kapitalist ölkələrindən də irəlidə gedirdi. Azərbaycanda tələbələrin sayı Fransa, İtaliya və Beliçkadakından çox oldu. Ölkəmiz onlarca xarici ölkəyə neft sənayesi avadanlığı göndərirdi. Neft çıxarılmasında əmək məhsuldarlığının səviyyəsi ABŞ-dakı səviyyəni 1,5 dəfədən çox ötmüşdü.
SSRİ-nin tərkibinə daxil olan respublikaların özlərinin başqa xalqlara və ölkələrə kömək etmələrinə baxmayaraq, Sov.İKP Proqramında qeyd edilirdi ki, partiya “bütün millətlərin və xalqların mənafeyini tamamilə nəzərə almaqla, onların həqiqi bərabərliyini təmin edən siyasəti yenə də əvvəlki kimi yeridəcək, ölkənin daha sürətlə inkişaf etməyə ehtiyacı olan rayonlarına xüsusi fikir verəcəkdir”.
Təbii ki, millətlərin inkişaf etməsi onlar arasında əməkdaşlığın daha da gücləndirilməsini tələb edirdi. Milli respublikalarda sənaye və kənd təsərrüfatı istehsalının yüksəlişi, xalq təsərrüfatının ixtisaslaşdırılması onlar arasında kooperativ əlaqələrin genişlənməsinə səbəb olmuşdu. Elə bir iri tikinti yox idi ki, orada bir çox sovet respublikalarının zavod və fabrikləri iştirak etməsin, xam torpaqlardan istifadə edilməsin. SSRİ-nin şərqində yeni sənaye bazalarının yaradılması kimi çox böyük tədbirlər isə yalnız bütün sovet xalqlarının birgə səyləri ilə həyata keçirilmişdi.
Sovet İttifaqı Kommunist Partiyasının təşəbbüsü ilə müttəfiq respublikaların hüquqları xeyli genişləndirilmiş, respublikaların ərazisində yerləşən sənaye müəssisələrinin böyük əksəriyyətini idarə etmək onların ixtiyarına verilmişdir. Bunun nəticəsində müttəfiq respublikaların təsərrüfat quruculuğunda xalqların səylərinin əlaqələndirilməsini daha da gücləndirmək zərurəti qarşıya çıxmışdı. Deputatların təklifi ilə SSRİ Ali Soveti Millətlər Sovetinin xüsusi İqtisadi komissiyası fəaliyyət göstərirdi.
Bütün milli respublikalarda elmi-tədqiqat aparmaq üçün baza yaradılmış, onların qarşılıqlı əməkdaşlığı sovet elminin vahid cəbhəsini möhkəmləndirirdi.  Bununla yanaşı, millətlərin hər hansı birinin mədəniyyəti digəri üçün doğma,  cəlbedici idi.  Bir sözlə, hər bir millətin daha da inkişaf etməsi bütün cəmiyyətimizə böyük xeyir verir, dərin qarşılıqlı ehtirama səbəb olur, xalqlar dostluğunu möhkəmləndirirdi. Millətlər bir-birinə yaxınlaşmaq yolu ilə tərəqqi edir, millətlərin tərəqqisi isə onların bir-birinə yaxınlaşmasını təmin edir- SSRİ-də milli münasibətlərin inkişaf dialektikası belə idi.
Sosializmdə milli məsələyə münasibətdə mühüm bir cəhəti xatırlatmaq istəyirəm. Həmin dövrdə milli mədəniyyətin ən yaxşı, mütərəqqi cəhətləri, sağlam adət və ənənələri unudulmurdu. Buna baxmayaraq, hər millətdə keçmiş məişətin qalıqları, zərərli ənənələri var idi. Əlbəttə, bu cür ənənələrin, məsələn gəlin üçün başlıq vermək və ya digər patriarxal adətlərin mövcudluğu qəbuledilməz idi. Bu cür ənənələrə qarşı mübarizə aparılırdı, bunları aradan qaldırmaq ilk növbədə  həmin ənənələrin təzahür etdiyi millətlərin özlərinin şərəf işi idi.
Hər bir sovet adamı bilirdi ki, millətçilik baxışlarının qalıqları çox zərərlidir. Sovet vətəndaşı qəti əmin idi ki, milli lovğalıqdan, digər millətlərdən olan adamlara qarşı etinasızlıq göstərməkdən daha iyrənc, sovet cəmiyyətinin ruhuna daha yad bir şey yoxdur. Sovet qanunları hər cür ayrıseçkilik halları üstündə, milli və irqi mənsubiyyət üzündən  adamların hüquqlarının pozulması halları üstündə şiddətli cəzalandırırdı. Kommunist Partiyası sovet adamlarını beynəlmiləlçilik ruhunda, xalqların hüquq bərabərliyi və dostluğu ruhunda tərbiyələndirirdi. Buna görə də özünün fikir və əməllərində bu ideyalara sədaqətli olmaq – hər bir sovet adamının müqəddəs borcu idi.  SSRİ qüdrətləndikcə, milli münasibətlərin inkişafı da yeni mərhələyə daxil olurdu. Bu mərhələnin ən xarakter xüsusiyyəti ondan ibarətdir ki, millətlərin bir-birinə yaxınlaşmasının, onların bir-birlərini qarşılıqlı surətdə zənginləşdirilməsinin sürətlə artması sayəsində adamların mənəvi simasının ümumi cəhətləri inkişaf edir, yeni ictimai quruluşun doğurduğu bu keyfiyyətlər SSRİ xalqlarının ən yaxşı ənənələrini təcəssüm etdirirdi. Əqidənin ümumiliyi, ictimai həyat şəraitinin eyni olması admların mənəvi simasına müsbət təsir etmişdir. Milli xarakter son dərəcə davamlı idi. İşgüzar və vüsətli olmaq, alicənablıq və səxavətlilik, səmimilik və prinsipiallıq, habelə yeni, kommunist əxlaqının qərarlaşması nəticəsində yayılan bir çox digər xüsusiyyətlər sovet adamının ümumi sifətləri idi.
Milli dillərin inkişaf etdirilməsi məsələsi- milli münasibətlərin bu çox mühüm məsələsi SSRİ-də ardıcıl beynəlmiləlçilik nöqteyi- nəzərdən həll edilirdi. SSRİ-də hər bir millətin öz dilini inkişaf etdirmək, onu milli mədəniyyətin qüdrətli silahı kimi zənginləşdirmək üçün bütün imkanlar vardı.  Bununla bərabər qardaş xalqlar ailəsində  millətləarası ünsiyyət vasitəsinə böyük ehtiyac vardı. Rus dili belə bir vasitəyə çevrilmişdi. Bu barədə heç kəs dekret verməmişdir. Kommunist Partiyasının Proqramında müəyyən millətin ana dili ilə yanaşı rus dilini öyrənməyin müsbət əhəmiyyəti göstərilməklə bərabər, qətiyyətlə qeyd edilir ki, “bu və ya digər dillərin işlədilməsində heç bir imtiyaza, məhdudiyyətə və ya məcburiyyətə yol” verilməməlidir. Xalqlar rus dilini millətlərarası ünsiyyət vasitəsi kimi könüllü surətdə qəbul etmişlər.
Burjua ideoloqların iddia etdiklərinin əksinə olaraq, milli münasibətlərin idarəolunan məcraya salınması, birtipli sosial, o cümlədən milli etnik sistemin bərqərar olması, ümumi məqsədə xidmət edən insanların xeyrinədir. İndiki mənfur kapitalizmdə SSRİ-də milli məsələlərə aid tədqiqatlar real situasiyanı əks etdirmir, burjua hakim rejiminə və onun çürük ideologiyasına yönəldilmiş əsassız müddəalara üstünlük verilir.  Sovet adamlarının haqlı olaraq fəxr və qürur duyduğu  “xalqlar dostluğu”, “millətlərin çiçəklənməsi və yaxınlaşması”, “proletar beynəlmiləlçiliyii”, “sovet xalqının  insanların  yeni tarixi birliyi olması”  və s.  milli münasibətlər sistemində işlədilən anlayışlar və nəzəri terminlərə indi istismarçı burjuaziya şübhə ilə yanaşır. Unudurlar ki,  vahid  ictimai-iqtisadi, siyasi-ideoloji və mədəni mühitdə yaşamış bir cəmiyyətdə ümumi və oxşar   düşüncə tərzinin, həyat tərzinin   formalaşması təbii və uğurlu proses idi.

06-04-2014 21:24 Baxılıb: 13800    
Şərh bildir