Uşaqlıqda azərbaycanlıların bostanını, böyüyəndə torpaqlarını işğal etdi – Sarkisyanın qanlı portreti

Həmid HERİSÇİ

Koçaryan Azərbaycan DTX-nın agenti olub; “Biz jurnalistlər həyatımızı 350 min dollara sığorta edib, Ermənistana yollandıq”

Ermənistan prezidenti Serj Sarkisyan möhkəmcə şahmat həvəskarıdır. Hələ ölkə prezidenti olmamışdan xeyli əvvəl o Ermənistan Şahmat Federasiyasının prezidenti kürsüsündə əyləşib. Prezident olunca, dinc durmayıb bu sahədə - şahmat fənnini Ermənistan təhsil proqramına daxil edib. İndi Ermənistanda 2-ci sinifdən başlayaraq 5-ci sinfə qədər bütün şagirdlər üçün şahmat dərsi məcburidir. Ölkədə habelə Şahmat Akademiyası fəaliyyət göstərir. Ermənistan ordusunda da şahmat dərsləri kütləvidir - döyüş fasilələrində əsgərlər sığınacaqlara yığılıb orda saatlarla başlarını şahmat taxtası üzərinə sallayırlar.
Yaxşı, kimdi bunun əsl səbəbkarı Serj Sarkisyan- Ermənistanın müasir prezidenti? Kimdi? Hansı məzhəbə qulluq edir o?
Gəlin aşağıdakı yazımızda bu çoxsaylı sualların qısa cavablarını axtaraq.
***
DOSYE: SARKİSYAN SERJ AZAD OĞLU. 1954-cü il 30 iyun tarixində Stepanakertdə (Xankəndidə) dünyaya göz açıb. Atası Azad kişi dəmirçi-nalbənd işləyib Stepanakertdə. Anası yerli toxuculuq fabrikində sıravi fəhlə olub. Qarabağ döyüşləri zamanı valideyn evi ciddi zədələnib. Evin aldığı yaralar ancaq ötən il təmir edilib. Serj bu yaraları öz qonaqlarına vaxtaşırı sərgiləməyi çox sevirmiş axı.
İLK HƏYAT UNİVERSİTETLƏRİ: Məhəllə dostu Suren Qriqoryanla uşaqlıq vaxtları bostan oğurluğuna çox gedib. Azərbaycanlıların şəhər kənarındakı əkin yerlərini, bağlarını qarət edib. Yaşa dolduqca bu adətini bir başqa cür davam etdirib- keçib ərazi qəsbkarlığına.
MƏTBƏX ZÖVQÜ: Mətbəx diplomatiyasına xüsusi önəm verəndi. Həyat yoldaşı Rita Sarkisyan növbəti Moskva səfəri zamanı Vladimir Putinin yeməkləri ilə maraqlanıb. Yediyi blinçiklərin reseptini öyrənib. İndi hər gün səhər 8 radələrində əri yuxudan qalxarkən o yastı tavada bu blinçikləri qızardıb gümüş sinidə ərinə ikram edir.
QORXUSU: Robert Koçaryanla bir bədəndə iki ruh olublar həmişə. Vaxtilə öz düşmənlərindən Stepanakertdəki eyni avtomobil qarajında gizləniblər.
BİZNES HƏDƏFLƏRİ: Xocalı aeroportundan Moskvaya əncir qurusu ixrac etmək. Əncir, yadda saxlayın, oğurluqdu. İşğal edilmiş ərazilərdən oğurlanıb.
ADƏTLƏRİ: Qarabağ döyüşləri zamanı “000-1 NK” nömrəli “UAZ” avtomobili güllə, mərmi yağışı altında ilan kimi qıvrılıb. Sarkisyan hərdən indi də ən vacib, həlledici məxfi əməliyyatlarına, görüşlərinə bu köhnə, sınanmış nömrəni avtomobilinə taxıb gedir.
YUMOR HİSSİ: Sovet zamanı əleyhdarları Sarkisyanı gör necə ələ salıblar. Onu özbəkcə nəşr edilən “Paxtaxor” qəzetinə illik abunə ediblər. Serj, layiqli cavab verib bu zarafata. Düşmənlərini “Donuzçuluq” jurnalına abunə yazdırıb.
MƏXFİ ÇAĞIRIŞ SİQNALI - “61”.
TAKTİKA VƏ STRATEGİYASI: Mülkü erməni əhalisinin döyüş bölgələrindən çıxarılmasına qarşı olub həmişə. Deyib, “əsgərlər gərək mütləq öz yaxınlarını müdafiə etsinlər. Əks halda səngərləri qoyub qaçacaqlar”.
ŞAHMAT HƏVƏSKARI: Masası üzərində həmişə bir yarımçıq şahmat oyunu qurulurdu. Abdullah Güllə futbol oyununa tamaşa etməyə gedərkən də o əvvəlcə özünü şahmatda sınayıb. Ağdamı alarkən əməliyyatı şahmat oyunu kimi qurub. Əməliyyatı şahmat taxtası üzərində eynən təkrarlayıb.
NOVATORLUĞA MEYLİ: 1984-cü ildə Stepanakertdəki ilk “disko klubu” məhz onun səyi ilə yaradılıb. Sonra dönüb daşnak yuvasına. Həmin vaxtdan üzü bəri Sarkisyan düşür KQB nəzarətinə. Latviyanın Yurmola kurortunda xüsusi hazırlıqdan sonra çox saylı hədiyyələrlə Qarabağa qayıdır.
İSTEDADI: Fizika müəllimi Qurgen Ayrapetyan onu 500 şagirdi içindən seçib ayırıb. Balaca Serjə partlayıcı qurğuların sirrini öyrədib.
“AT GEDİŞİ”NƏ MEYİLLİDİ. Azərbaycanın “Eurovision”dakı silsilə qələbələrini cavabsız buraxmayıb. Müsabiqənin uşaqlar üçün nəzərdə tutulan hissəsində arvadı Rita Sarkisyanla birgə bizə qarşı bir növ “ikinci cəbhə” açıb. Nəhayət, 2010-cu ildə Vladimir Arzumanyanı “Junior Eurovision Song Contest”-də qalib elan etməyə müvəffəq olub. Bunu bir növ Azərbaycan üzərində öz şəxsi, ailəvi qələbəsi hesab edir.
XARİCİ ƏLAQƏLƏRİ: 1990-91-ci illərdə Ümumittifaq “İnturist” təşkilatının Stepanakert şöbəsini açıb, ona başçılıq edir. Bu məxfi xətt ilə Qarabağa ASALA yaraqlılarını gətizdirir. “61” məxfi çağırış kodundan o zamandan istifadə etməyə başlayır.
Hə... Gəlin bu məxfi əməliyyatın son epizodları üzərindəki qalın pərdəni indi azca yuxarı qaldıraq. Tək deyilik. Tanınmış rus jurnalisti Aleksey Venediktov da bu qorxulu səfərdə bizi müşayiət edəcək.
***
Beş-altı ay əvvəl tanınmış “Exo Moskvı” radiosu öz qısa dalğalarında Serj Sarkisyana aid xüsusi müzakirə keçirib. Verilişin müəllifi Aleksandr Venediktovu xahiş edirəm cibinizə qoymayın – o heç vaxt sadə mövzuları gündəmə gətirmir. Nəyi, hansı nadir faktı efirdə səsləndirirsə, ayıq olun, demək burda mütləq “torbada pişik var”. Dəqiq desək, torbada pişik yox... məxfi informasiya var.
Veriliş əsnasında həmin bax bu Aleksandr Venediktov qəfil dillənib, nə dillənib... Dinləyici “Levon”un adından sensasion bir faktı geniş ictimaiyyətin diqqətinə çatdırıb. Deyib ki, məşhur beynəlxalq terrorçu Monte Melkonyan, habelə onlarla digər adı bədnam ASALA yaraqlısını Qarabağda arxadan atılan atəşlə məhz Serj Sarkisyan qətlə yetirdib.
Az sonra bu Aleksandr Venediktov, açıb sandığı, töküb pambığı. Görün bir nəyi xatırlayıb: “İsveçrə dağ kurortu Davosda Heydər Əliyevlə Robert Koçaryan arasında gərgin danışıqlar zamanı mən bir kənar müşahidəçi idim. Durmuşdum bir kənarda. Növbəti dəfə danışıq masası yaxınlığından yan ötərkən müdrik ağsaqqal Heydər Əliyev qəfil əl atıb pencəyimin ətəyini dartdı. Çəkdi məni masa arxasına. Əmr elədi, ətirli qəhvə gətirsinlər qarşıma. Sonra pıçıldadı qulağıma: “Aleksey, bax bu Robert Koçaryanın namizədliyini mən partiyaya təqdim etmişəm. Xasiyyətnaməni özüm imzalamışam”.
***
Bax, bu xırda, ancaq çox vacib detallar Serj Sarkisyan barədəki verilişdə məncə kor təsadüf nəticəsində səsləndirilməyib. Bilə-bilə səsləndirilib. Göstərilib ki, Robert Koçaryan əvvəlcə Heydər Əliyevin şəxsi agenti olub. Sonra yolunu azıb. Başlayıb gicləməyə. Serj Sarkisyan da eləcənə- əvvəlcə DTK agenti olub. Xüsusi tapşırıq alaraq əvvəlcə ASALA terrorçularını Qarabağ döyüşlərinə qatıb. Sonra arxadan açdığı atəşlə bu yaraqlıları bir-bir dənləyib. Cinayətlərin izini itirib.
Bax, budu Serj Sarkisyan-Robert Koçaryan tandeminin əsl şahmat oyunu. Yəni bu tandemin hər iki iştirakçısı vaxtilə 70-ci illərin ortalarında Bakının sanballı bir ünvanında- Bakı Ali Partiya Məktəbində təhsil alıblar. O vaxt da necə deyərlər “düşüblər siyahıya”. Heydər Əliyev bu məxfi məlumatı Davosda ikən Aleksey Venediktova üstüörtülü şəkildə çatdırıb. O da, gör neçə illərdən sonra- 2017-ci ildə bu məxfi informasiyanı efirə ötürüb.
***
Bu məqamdan sonra ta axıracan veriliş boyu Aleksey Venediktov bir daha dinc dayanmır: “1997-98-ci illərdə Levon Ter-Petrosyan ilə Heydər Əliyev artıq Qarabağ düyününü öz aralarında həll etmişdilər. Məhz həmin zaman baş nazir Robert Koçaryan, müdafiə naziri Serj Sarkisyan və başqaları bu sazişin əleyhinə çıxaraq Ter-Petrosyanı hakimiyyət kürsüsündən aşırdırlar. Sonrakı hadisələrin inkişafı dönür əsl kriminal filmə. Müəmmalı qətllər, ölümlər, cəsədlər bir-birinin üstünə qalanır”.
***
Serj Sarkisyanın məlum bioqrafiyasını yaxşıca ələk-vələk edin. Bu bioqrafiyada ağ ləkələrin sayı birdir, ikidir? Barmaqla sayılmayacaq qədər çoxdu. Bu şahmat həvəskaranın bütün bioqrafiyalarını oxuyun. Görəcəksiz orda Bakı Ali Partiya Məktəbində təhsil alma faktı nədənsə əsla göstərilmir.
Ancaq şəxsən mən bu faktı Serj Sarkisyanın öz dilindən eşitmişəm. Gəlin Aleksey Venediktovdan sonra indi mən öz xatirələrimə qapılım. Şahmat həvəskarı “Serjik” barədə bildiklərimi bitdə-bitdə diqqətinizə çatdırım.
Demək belə... 1998-ci ildə, Heydər Əliyevlə Levon Ter-Petrosyan arasındakı danışıqlar həllini tapdığı xoş məqamda, Ermənistanda hərbi çevriliş baş verir. Şərqşünas Petrosyan hərbi-səhra komandiri, başkəsən Koçaryanla əvəzlənir.
O vaxtkı Əliyev-Ter-Petrosyan danışıqlarına paralel olaraq Azərbaycan-Ermənistan jurnalistlərinin bir görüşü də gündəmdə idi. Bu görüş iştirakçılarından biri də mən idim- bu sətirlərin müəllifi.
Ermənistanda baş vermiş bu hakimiyyət çevrilişi zamanı tale məni ilk dəfə Robert Koçaryan və Serj Sarkisyanla görüşdürdü.
***
Bizə hələ Bakı aeroportunda dedilər ki, Azərbaycan-Ermənistan jurnalistlərinin görüşündə xoşagəlməz hadisələrin baş verməsi mümkündü. Bu əclaf Koçaryana “küncdən zərbə” endirməsək, həə... ağlı başına gələsi deyil.
“Müşkülləri həll edən”, küncdən solaxay zərbə endirən birisinə deyəsən dərin ehtiyac yaranmışdı. Dəstəmizin üzvləri - tanınmış jurnalistlər Arif Əliyev, Elxan Şahinoğlu, Şahin Hacıyev sükuta dalıb nəzərlərini mənə sancdıqları vaxt məsələnin nə yerdə olduğunu anında dərk etdim. Cilovumu buraxdım burda. Dedim, olacağa çarə yoxdu.
Yadımdadı, “VİP gözləmə otağı”nda bizlərə xüsusi bir sənədi imzalatmışdılar. Sənəddə, heyət üzvlərimizin hamısının, o cümlədən mənim həyatım 350 min ABŞ dolları həcmində sığortalanmışdı. Düzü, ilk dəfə idi ki, həyatımın dəqiq qiymətini öyrənirdim.
***
Koçaryanla görüşümüz zamanı həyəcanlı anlar az olmadı.
Hərbi vərdişlərini hələ tərgitməmişdi. Sərt ifadələrdən çəkinmirdi:
- İndi, 1998-ci ilin avqustunda, neft ixracı sahəsində misilsiz qiymət düşümü qeydə alınıb. Bu, hələ davam edəcək. Qoy Azərbaycan bizlə söhbəti zamanı neft amilinə çox da güvənməsin. Neft ixracatçılarının hamısı bu gün bankrotdurlar, biləsiz...
Gözlərim alışdı bu an. Özümdən ixtiyarsız, Koçaryanın nitqini kəsdim.
- Cənab prezident, olarmı Sizə bir sual verim?
Koçaryan bircə saniyə tərəddüddən sonra:
- Olar,- deyib, iti gözləri ilə mənə tuşlandı.
- “Neft ixracatı ilə məşğul olan ölkələr indi bankrotdur” elan edərkən, ilk növbədə Rusiyanımı nəzərdə tutursunuz? Ermənistanın baş sponsorunu, baş müttəfiqini. Dünyanın bir nömrəli neft ixracatçısını?
Rusiyanı bankrot elan etmək, bəli, bağışlanmaz səhv idi ölkənin yeni prezidenti üçün. Koçaryanın sir-sifəti, hamının gözü qarşısında anında dəyişdi, dönüb oldu meyit rəngində. Dodaqlarının bir küncü, əsəbdən dartındı. Azərbaycanlıları bir başqa cür görməyə alışmış səhra komandiri, qəfil vurulduğunu, yaralandığını sezdi. Bir saniyə yerində gicəlləndi. Gücü bircə ifadəyə çatdı:
- Yoooooxxxxxx....
Ürəyimdə, “itin dişi, donuzun dərisi” pıçıldasam da, dilimdə başqa kəlmələrdi:
- Beləsə, icazə verin, Sizin sonrakı sözlərinizə şübhə ilə yanaşım.
Koçaryanın dəmir barmaqları -görürdüm,- masanın səthinə sancıldı. Eşdi ey, az qala deşsin bu palıd masanı.
Hirsini birtəhər cilovladıqdan sonra o bir başqa səhvini buraxdı:
- Yaxına gəl...
***
Koçaryan sonra məni öz xüsusi qonağı elan etdi. Yadımdadı, zəng edib məni indiki prezident, o vaxtkı nazir Serj Sarkisyana tapşırdı.
Sarkisyanla çox danışıq... Dedi ki, Bakıda, Ali Partiya Məktəbində təhsil alarkən Xəzər sahillərinə gecələr çox səfər edib. Qara kürü, ağ balıq kababı üçün indi də darıxdığını qeyd etdi. Hətta köksünü ötürdü də... Dedi ki, Xəzərə yaxınlaşınca, həmişə əlini qara “Volqa”nın pəncərəsindən eşiyə çıxarmağı sevərmiş. Sərin dəniz havasını təkcə sinəsi ilə deyil, ovcunun içi ilə də duymaq, bəli, Sarkisyanın unudulmaz xatirələrindənmiş, sən demə...
Bu görüşlərimizdən sonra Koçaryan-Sarkisyan cütlüyü öz cinayətlərini davam etdirdi. 1999-cu ilin 27 oktyabr tarixində xəbər gəldi ki, bəs Ermənistan parlament binasında baş vermiş terror aktı nəticəsində baş nazir Vazgen Sarkisyan, parlament sədri Karen Damirçiyan, habelə digər vəzifə sahibləri, deputatlar müəmmalı şəkildə öz həyatını itirib. 30 oktyabr tarixində Yerevana Vladimir Putinin özü təşrif gətirir. Koçaryan-Sarkisyan tandemi ilə 5 saatlıq görüş keçirib, tez də Ermənistanı tərk edir.
Sarkisyanın arvadı Rita öz xatirələrində bu epizoda xüsusi diqqət yetirib: “Vazgen Sarkisyanın ölüm xəbəri ərimi yamanca sarsıtdı. Başladı ucadan hönkürməyə. Gözlərindən yaş töküldü”.
Görünür Serj Sarkisyan öz rəqiblərini sıradan çıxarıb, məzarı üzərində ağlayan, göz yaşı tökən saxtakarlardandı. Yəni, bu insanın göz yaşlarına qətiyyən inanmaq olmaz.
Akeksey Venediktov “Exo Moskvı” radiosundakı müzakirələrdə bu tarixi hadisəyə də toxunur. Sonra deyir ki, hakimiyyət kürsüsünə gedən yolda Serj Sarkisyan həm də Andranik Markaryanın cəsədi üzərindən adlayıb. 2008-ci il prezident seçkiləri zamanı guya məhz bu Markaryan qələbə çalmalıymış.
***
Bax, budur Sarkisyanın əsl şahmat oyunu. O həmişə ovcunun içiylə... bəli, məhz ovcunun içiylə hiss etmək istəyir öz qələbəsini. Ovcunun içində çox saxlayır şahmat fiqurlarını.
Sonra öz ənənəvi at gedişini edir.
Gəlin əvvəlki səhvləri təkrarlamayaq bu şahmat oyununda. Sarkisyana icazə verməyək ki, qələbəni öz ovuclarının içiylə hiss etsin.

musavat.com
шаблоны для dle 11.2
19-07-2020 14:10 Baxılıb: 5930    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}