Azərbaycanın ən böyük düşmənləri elə İsgəndər kimilərdir!

Ataxan Əbilov

Dünən İsgəndər Həmidov "Azərbaycan Xalq Hərəkatı" adlandırılan bir məclisdə talışlardan danışıb. Həmişəki kimi yuxarıdan aşağı formada, dərs demək iddiasıyla.
Azərbaycan çoxmillətli bir cəmiyyətdir və burada talışlar köklü xalqlardan biridir, say etibarıyla Azərbaycanın ikinci böyük xalqıdır. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, hüquqi dövlət quruculuğu bu məmləkətdə yaşayan bütün xalqların bərabər təminata malik olmasından, qarşılıqlı tanınmadan və bir-birinə hüquq və azadlıqlar baxımından qarşılıqlı hörmətdən keçir. Bunu dərk etməyənlərin, ümumiyyətlə, demokratiyadan danışmağa haqları yoxdur.
İsgəndər Həmidov danışıb. Kimdir o? Azərbaycan dilli vikipediyada onun hansı təhsilə malik olması barədə heç bir məlumat yoxdur. Amma o bizim çiynimizdə müstəqil Azərbaycan Respublikasının Daxili İşlər naziri olub.
İsgəndər Həmidov ultra-sağ təmayüllü ideyaların daşıyıcısıdır. O bunu açıq şəkildə izhar etməkdən belə çəkinmir. Onun ultra-sağ təmayüllü ideyaları milli müstəsnalığa söykənir. Çoxmillətli cəmiyyətlər üçün bu öldürücü bir xətdir. Həm də faşizmin sosialist, kommunist, demokrat, milli, dini və digər formalarından asılı olmayaraq faşizm elə faşizimdir, onun hələ ki, heç bir məmləkətə xeyri dəyməyib.
Talış mövzüsünda danışmağa mənəvi haqqı çatan insanların siyahısı tutularsa, İsgəndər Həmidov o siyahıda axırdan birinci yerdə dayanmalıdır. Bunun çox sadə səbəbi var. Elə onun təbirincə desək, İsgəndərin əli talış xalqının qanına batıb.
Ultra-sağ ideya daşıyıcılarının digər adı populistlərdir. İsgəndər vaxtı ilə populistcəsinə, özünü reklam edərək deyirdi ki, güya o, sıradan bir zabit ola-ola xidmətində durduğu sistemə rəhbərlik edən SSRİ Daxili İşlər naziri Bakatinə görüşmək üçün əl verməyrək ona, "Sənin əlin mənim xalqımın qanına batıb", - deyib. İsgəndərin bu sözləri Bakatinə hansı dildə, necə, deyib-deməməsi barədə bir şey bilmirəm. Amma onun dəqiq bilirəm ki, İsgəndər Həmidvun  öz əli Azərbaycan xalqının qanına batb.
...İsgəndər hələ ki, talış xalqının qanına əl batırdığına görə heç bir məsuliyyət daşımayıb. Bu məsələ hələ ki, açıq qalır.
Məsuliyyətsizlik daha ağır cinayətlərə yol açır, vəsilə olur, onu həvəsləndirir. İsgəndər Həmidov da belə bir məsuliyyətdən hələ ki, qıraqda dayandığına görə ölkənin ikinci böyük xalqına qarşı istehza, yuxarıdan aşağı baxmaq, lətifələr qoşma, ona sarkazm etmək, imkan və səlahiyyət alacağı təqdirdə yenidən qanını tökmək iştahasıyla yaşayır.
Adam talışlara nifrət püskürür, onu özünə düşmən kimi görür. Dörd bir tərəfində: Şuşada, İrəvanda, Moskvada, Tehranda bu düşmənlərin mərkəzlər qurmasından vahimələnir, talışa vətənpərvərlik, Azərbaycanı necə sevmək dərsi keçir.
Hər bir talış talışın mərkəzlərini sadalanan yerlərdə deyil, Vətənində - Azərbaycanda, Talışda, Lənkəranda görmək istəyir. Biz hələ ki, bundan yanayıq.
Azərbaycanı sevməyənlər kimlərdir? Azərbaycanı sevməklə çoxmillətli bir cəmiyyətdə faşizmi əkib-becərmək, milli müstəsnalığı təbliğ etmək bir araya sığa bilməz. Azərbaycanın ən böyük düşmənləri məhz belələridir.
İsgəndər Həmidov iddia edir ki, hansısa Azərbaycan talışı İrana birləşməyi təklif edib. İsgəndər kimilərin fəaliyyətinin nəticəsi olaraq bu gün ən barışmaz mövqedə duran hansısa talışın dilində belə bir iddiaya, təklifə, arzuya rast gəlinmir. Bununla İsgəndər nəyin qabaqdangəlmişliyini edir?
İsgəndər və onun kimi düşünənlər bir dəfəlik başa düşməlidir ki, heç bir talış Azərbaycanı, dədə-baba yurdunu qoyub heç bir yerə getməyəcək. Hər bir talış Azərbaycan Respublikasında sivil dünya qaydaları çərçivsində öz haqqını almaq üçün, Azərbaycanın həm də talışın dövləti kimi formalaşması üçün töhfəsini verməyə hazırdır. Bu sadə və aydın bir həqiqətdir! Bütün digər təfərrüatlar bu haqqı görməməzlikdən gəlir. İsgəndərin təfərrüatları da bu mənada istisna deyildir.
Talış bir talış olaraq qalmaqla Azərbaycanı sevə bilməzmi? O, özgələşməlidirmi, etnik mənsubiyyətini danmalıdırmı? Cavabı məlum olan bu suallar qarşısında İsgəndər Həmidovun istəyi nədir? Adamın 70 yaşı var. Normalda gedib nəvələrilə vaxt keçirməli, Allah qarşısında etdiyi günahları yumaq naminə axirəti üçün ibadət etməlidir...

08-02-2019 20:15 Baxılıb: 450    
Şərh bildir