Nə oldusa fəhlələrə oldu

Rio yay Olimpiadasından yadda qalan anlardan biri. Bəlkədə ən yaddaqalan an... Baxır kim hansı dəyərlərlə yaşayır.
Rusiya idman heyəti. Rusiya qılıncoynatma yığmasının baş məşqçisi azərbaycanlı İlqar Məmmədov və onun komandasının üzvü, olimpiya çempionu erməni Yana Yeqoryan. Bu hadisəni bizim burjua KİV-ləri "erməni qızı azərbaycanlı kişisinin başını qırxtırdı" məzmunlu xəbər kimi yaymışdılar. Halbuki Rusiyanın yığma komandasının daxilində bir zarafatdan danışmaq lazım idi. İlqar Məmmədov zarafatla demişdi ki, qılıncoynadanlar ikinci qızıl medal qazansalar, o saçını dibindən qırxacaq. Rusiya qılıncoynadanları 2-ci qızıl medalı (cəmi isə qılıncoynadanlar Rusiyaya 4 qızıl medal qazandırdılar) aldı və Yana Yeqoryan onun bu "vədini" xatırlatdı... İlqar Məmmədov da zarafatını davam etdirərək "vədinə" əməl edir, saçlarını elə öz idmançılarına qırxdırır... Şəkil Yana onun saçlarını sabunlayanda çəkilib.
Heç kim Robert Koçaryan, Serj Sarqsyan kimi faşistlərə, elə bizim öz faşistlərimizə inanmasın: azərbaycanlı və erməni xalqları genetik və digər səviyyədə düşmən deyil, ola da bilməz. Bu cür faşizan söhbətlər ancaq Azərbaycanda və Ermənistanda daxili sosial problemləri gizlətmək üçün kapitalist elitaların xidmətçiləri tərəfindən edilir.
Bu dünya qan üstə qurulub. Biz yaratmamışıq, amma dünyanı biz dəyişə bilərik. Bizim və erməni faşistlərinin təbliğatına görə iki xalqın qan düşmənçiliyi əbədidir. Lakin bu məntiqlə gərək bütün xalqlar daima müharibə şəraitində yaşamalıdılar. Bütün qonşu xalqlar, qonşu olmayan xalqlar müharibələr ediblər, qan töküblər, qadın zorlayıblar... İllər, on illər keçib, barışdan başqa çıxış yolunun olmadığını anlayıblar.
Yessentuki-Kislovodsk bölgəsində istirahət edirdim, yerli ermənilərlə söhbətlərim oldu, müşahidələrim oldu... İmkan düşdükcə müşahidələrimin nəticələrini yazacam.
Bazarda Ermənistan əriyini tərifləyərək satan azərbaycanlı qadınları gördüm. Azərbaycanlıların restoranında müğənnilik edən erməni gördüm. Azərbaycan dilini eşitmək üçün daima azərbaycanlıları axtarıb yanlarında əyləşən Bakıdan qaçmış erməni qadınını gördüm... Onun kimi daxilində azərbaycanlıları sevən, amma "utandığından" və "el qınağı qorxusundan" bunu gizlədən ermənilər çoxdur. Xüsusilə Azərbaycandan qaçmış/getmiş ermənilərin arasında. Onlar Azərbaycanda xoşbəxt idilər və nankorluq etməyərək o xoşbəxt illər üçün Azərbaycan xalqına daxili minnətdarlıq yaşayırlar.
Yerli ermənilərin, hətta Ermənistandan Kislovodska istirahətə gəlmiş ermənilərin gözündə bir xəcalət hissi oxudum. Vicdanları olduqları üçün özlərinin daha çox günahkar olduqlarını daxilən qəbul edirlər. Özlərindən eşitmədim, amma bir yunan taksiçi ilə söhbət edəndə dedi ki, ermənilərlə oturub söhbətləşəndə heç birindən Qarabağın işğalı üçün razılıq, xoşbəxtlik hissi görməyib.
Erməni burjuaziyası həmin bölgədə güclüdür. Amma çörək pulu üçün parkda səhər 7-dən gecə 12-yə qədər "perajki" satan erməni də var. Taksiçilik edən, qəpiyini sayan, "nə olursa bizə, fəhlələrə olur" deyən erməni də var. Sinfi maraqların hər şeydən üstün olduğunu isbatlamaq üçün dərin analizə ehtiyac yoxdur.
Ermənilər Rusiyada bütün türkdilli xalqlarla, Qazaxstanda, Türkmənistanda, Özbəkistanda, Qırğızstanda rahat və yoldaşcasına yaşaya bilirlərsə, bizlərlə və türklərlə niyə genetik səviyyədə ziddiyyətləri ola bilər?
Anadoluda erməni burjuaziyasının iddialarından Fransa, Britaniya və ABŞ öz imperialist maraqları üçün istifadə etdilər. Bəli, "nə oldusa fəhlələrə oldu". Eyni qüvvələr və SSRİ-ni yuxarıdan dağıdan, Qorbaçovun burjua islahatlarından sonra cücərən, yaranan, yaranmaq istəyən postsovet burjuaziyası Qarabağ problemini bərpa etdilər. Tarix bir növ təkrar olundu. Mən orada bir erməniyə "SSRİ-ni dağıtmaq üçün ABŞ-ın MKİ-si oranın erməni diasporasını istifadə edərək Qorbaçovun əli ilə daşnakları qızışdırdı, bizdə də musavatçıları...." deyəndə, sözümü yarımçıq kəsib ABŞ erməni diasporasına və Qorbaçova lənət oxudu.
Kimsə düşünəcək ki, mən sadəlövhəm və ermənilərin şirin dilinə aldanıb gəlmişəm. Qətiyyən. Ermənilərin məni aldatmağa ehtiyacı yoxdur. Mən kiməm ki! Məni aldatmaqda nə əldə edəcəklər? Və onların heç biri "Qarabağı bizə verin, barışaq" demədi. Tam əksinə, gözlərində "Qarabağı götürün, barışaq" vardı. İndi biz "götürmürüksə" bunun günahı kimdədir? "Götürməyin" yolları var, lakin nə YAP burjua elitası, nə də SSRİ-nin dağıdılması üçün Qarabağ probleminin dərinləşməsini istəyən qərbçi musavatçılar bu yolları qəbul etmək istəmirlər. Ən əsası - "götürməyə" böyük güclər, güclü kapitalist elitalar qoymur. Olan isə xalqlara, sadə insanlara, işçilərə olur.
Yessentukidə yerli bir orta yaşlı qadın (atası erməni, anası rus) dedi ki, Azərbaycanı da sevir, azərbaycanlıları da. Bakıda olmaq istəyir, qorxur ki, erməni soyadına görə buraxmasınlar. Mən də söz tapmadım açığı, bircə onu dedim ki, azərbaycanlıları da Ermənistana buraxmırlar, indi təəssüf ki, belədir.
Azərbaycanlılar isə... hamımızın bildiyimiz gördüyümüz... əksəriyyəti həmişəki kimi özünü apara bilmir. Ərəblər bizim üçün burda nədirsə, biz də Rusiyada oyuq... Gələndə Minvodun aeroportunda bizim 4 qadın rus qızının başını xarab eləmişdilər... Söhbətə baxın! Deyir "biz baqaj üçün pul vermişik, bizə ən yaxşı yerləri verin"... Bilmirsən güləsən, ya ağlayasan... Yarım saat onları başa sala bilmədilər ki, sərnişinlərin çoxu qeydiyyatdan keçiblər, qalan yerlər budu... 30 yaşlarda olan azərbaycanlı qadın mənim artıq əsəbləşdiyimi görüb bizim dildə dedi: "Bu rusların gözü biz azərbaycanlıları götürmür daa, daşımız düşüb başlarına..." 1990-lardan başlayan rusofobiyanın manqurt qurbanlarından sadəcə biri... Ədaləti yox, dərrakəsi yox, savadı yox... Tam bir cahil. Azərbaycandakı rusofobiyanın və antisovetçiliyin kökü cahilliyə dayanır. Ona dedim ki, özünüzü apara bilmirsiz, sonra şikayət edirsiz ki, bizi xoşlamırlar, bu rus qıza nə fərqi var hansı yerdə Həsən, Məmmədhəsən, hansı yerdə Fatma, Fatmanisə oturacaq.... İndi "yaxşı yer" dediyniz yerlərdə oturan azərbaycanlıların daşı kimin başına düşüb...
Bu dəfə rusiyalıların əhvalı xoşuma gəldi. Qısa desəm: indi bu saat sosialist inqilabı etməyə hazır xalq kütləsi yoxdur, lakin Moskvada kimsə iqtidarı götürüb sosializm elan etsə, 90 % bunu sevinclə qarşılayacaq. Rusiyanın başqa bölgələrində vəziyyət başqa cür ola bilər. Bir şey dəqiqdir ki, sağçıların və liberalların sovet sosializmini tarixə basdırmaq cəhdləri boşa çıxdı.
 
https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/photos/a.176832712454475/748033892001018/?type=3&theater
02-12-2018 09:42 Baxılıb: 340    
Şərh bildir