Mavi oyuncaq

Doktor Əli Şəriəti

Sizə bir misal gətirmək istəyirəm. Zəmanəmizdə eynən plastik maddəni qoxulu qabların içinə qoyub, sonra da zibil qabı, qənd qabı, stəkan, qab-qacaq düzəldib, bir “illuziya”  bazarlara necə verirlərsə, eləcə də insan və ya nəsil istehsal edirlər. Psixoloq, ictimai psixoloq, tarixçi, sosioloq, antropoloq, iqtisadçı, müəllim bir araya gəlirlər və arxalarında da GÜC:
-Proyekt hazırlayın!
-Baş üstə, lakin nə istəyirsiniz? Siz deyin, biz də istehsal edək!
-Bu afrikalı, asiyalı və latınamerikalı cəmiyyətlərdə başına tez-tez xına yaxan, konservativ, geri düşüncəli nəsil istəmirik! Çünki bizim onlara satacağımız xınamız yoxdur. Biz onların makiyaj vasitələri istehlak etməsini istəyirik. Beynəlxalq standartlara uyğun, şüursuz, amma təmiz və gözəl üzlü bir nəsil istəyirik! Bəli, indi sadəcə buna ehtiyacımız var.
-Baş üstə, cənab. 4 il sonra sizə təqdim edəcəyik. Birdən Tehranda 1945-ci ildən 1955-ci ilə qədər, bu on il içində Avropasayağı makiyaj vasitələrinin və gözəllik salonlarının 500-ə çatdığını görürük. 500-ün “inkişafa” bərabər olduğunu görürsünüz?
-Gözəl, bu nəsli necə istehsal edək?
-Bizə elə bir nəsil lazımdır ki, ənənəvi həyat tərzinə nifrət etsin. Bir az zövqü olsun. Məsələn, ayran deyil, pepsi-kola içsin. Bu qədər, sadəcə bu qədər! Lazımsız olduğunu anlayacaq qədər şüurlanmasın. Biz nə qədər arpa versək, o onu daşımağına baxsın. Önünə hansı bəzəkli zibili qoysaq onu da yesin, mühakimə etməsin. Bizə bax belələri lazımdır!
-Baş üstə. Siz necə əmr edirsinizsə, elə də edəcəyik.
Düzəldirlər. Düzəldirlər. Eskimoya soyuducu satırlar. Bir afrikalı qəbilə başçısına qızıldan bir “renault” markalı maşın satırlar. Yurdunda iki kilometr küçəsi olmayan bir qəbilə başçısına həm də. Renault-u dəvəyə yükləyib gətirirlər, qala qapısının ağzına bağlayırlar. Başqalarına qarşı lovğalansın deyə. Bax belə edirlər. Biz də on il sonra necə oldu bu vəziyyətə gəldik deyə düşünürük. Bütün bu təməl dəyişiklik qarşısında nələri itirdiyimizi anlamırıq.
Bunu bizə nə deyə bilər? Bütün şan-şöhrət yuxarıda dediyim misal kimidir. Diqqətlə düşünsək təbii ki. Nəhayət yolun sonuna gələrik. Axmaq bir dairə! Belə oyuncaq olmağın, başqalarının kuklası olmağın qarşılığında nələri qurban verdiyini sənə kim deyə bilər? Kim, hansı səs və hansı fəryad ona bunu deyə bilər, gözlərini aça bilər? Ən sonda bilirsiniz nə olar? Görməsi lazım gözləri də onlar ona verərlər, hiss etməsi lazım hissiyyatı, bilməsi lazım bilgini ona verərlər. Və onların bütün “rəngləri” xoşuna gələr. Tarix elə təkamül edər ki, yeməyimizin dadını və ləzzətini, içkilərimizin şirinliyini və turşluğunu belə özümüz seçmərik.
Yaxşı, bəs bütün bunlara qarşılıq nələrimizi itirdiyimizi və bizim üçün nələrin məchul qaldığını bizə kim danışacaq? İnsana bu dərəcə təqlidçi olduğunu, bu dərəcə hər istehsal olanı, istehlak etdiyini və qarşılığında nələri itirdiyini ancaq öz şüur deyə bilər.
Cəmiyyətin taleyinin hansı cəngəllər qarşısında əsir olduğunu ona anladacaq olan tək şey ictimai şüurdur. Bunu o öz başına anlaya bilməz. Bəli, onu bu lüks axmaqlığından, gözəllik axmaqlığından, aldatıcı axmaqlığdan ancaq bu iki şüur qurtara bilər: fərdi şüur və ictimai şüur. Nə fəlsəfə, nə elm, nə də texnologiya!

Tərcümə etdi: Sahil Qənbərli

17-06-2018 16:02 Baxılıb: 1630    
Şərh bildir