İran barədə növbəti dezinformasiya

Ziya Balıyev
 
Son dönəmlərdə bu xanımın fotolarını xəbər saytlarında yayıb, "İranda bu qızı zorlayıb sonra öldürəcəklər, çünki bakirədir" adıyla paylaşırlar.
Növbəti antiİran təbliğatı üçün şərəfsizcəsinə ortaya atılan dezinformasiyadır.
Əvvəla onu deym ki, xanımın fotosunu Google-un foto axtarma bölməsində axtarışa verdim, lakin bizim saytlardan başqa mənbə ortaya çıxmadı. Bir neçə də Cənubi Azərbaycan saytı çıxdı ki, bu saytlar birbaşa pantürkistlərindir və İran rejimi üçün hər cür anti təbliğata hazırdırlar.
Necə ola bilər ki, ölkədə bir qadın edam edilir, təfərrüatlarına qədər bizim saytlar bilir, lakin bir dənə olsun belə İran saytında məlumat yoxdur? Bu mümkünsüz bir şeydir, istənilən halda, bu haqda İran saytlarında məlumat yerləşdirilməliydi.
Qaldı xanımın zorlanma məsələsi, bunun belə olduğunu sizə kim deyib? Hansı mənbədən əldə etmisiniz ki, bakirə qızı İranda edam etmək olmaz? Bu nə qədər absurd bir iddiadır! Güya İslamda belə bir qayda var imiş ki, bakirə qız ölərsə birbaşa şəhid olur və cənnətə gedir. Əvvəla, İslamda bu haqda dəqiq qənaət yoxdur. Bunun belə olacağını deyən çox az, zəif hədislər var ki, buna görə də çoxluq bu fikrə qatılmır. Bu fikri dəstəkləyən azlığın isə qəbul etdiyi hədislərdə "bakirə ölən möminə qadınlar" deyilir. Yəni edam edilən qadın onsuz da möminə ola bilməz, çünki İslamda ölüm hökmü çox nadir hallarda verilir ki, bu da artıq möminlik xüsusiyyətini yox edir.
Dezinformasiyanı yayanlar deyirlər ki, guya zorla kəbin kəsdirib zorlayırlar. Bunu iddia edən insanın sanki həqiqətən heç nədən xəbəri yoxdur. İslamda iki tərəfdən birinin kəbində razılığı olmasa kəbin qüvvədən düşür və bu halda istənilən cinsi yaxınlıq zina sayılır. Bu halda İran höküməti qətiyyən zinaya icazə verməz.
Bir şeyi kor-koranə, mənbəsiz paylaşmaq asandır, araşdırmaq isə düşünmək tələb edir ki, bir çoxuna bu lazım da deyil...
15-06-2018 10:33 Baxılıb: 700    
Şərh bildir