Belə tapşırıq gəlib, bu cür danış!

Qəmlo Əsədullah
 
Kim daha çox və daha şiddətlə ermənini söysə, Qarabağ üçün ağlasa o daha çox vətənpərvər və vətənsevərdir
 
Bir dəfə rayonların birinin getməsi ilə bağlı iki müharibə veteranının müsahibəsinə baxırdım. Biri dedi ki filan yerdən ruslar girdi, daha bizim gücümüz çatmadı və s. bu kimi sözlər. Mən digər müharibə veteranı ilə əlaqə saxladım və soruşdum ki bu hadisə olub, ya yox? O da komandir heyyətindən idi. Müharibədə kifayət qədər uğurlara imza atmış hərbiçilərdən idi. Dedi yox, orda ruslar olmayıb. Soruşdum ki, bəs niyə belə deyir? O da cavab verdi ki, belə tapşırılıb o da deyir. Propaqanda bu cür getməlidir ona görə. Bəs günahı kimin üstünə atsınlar? Həqiqəti desələr, ikisini də işəri basacaqlar.
Başqa bir komandirdən də maraqlandım. O da təsdiq etdi ki orda ruslar olmayıb.
Ümumiyyətlə demək istəyirəm ki xalqın dərdi ilə, bəlası ilə çox spekulyasiya edib özlərini vətənpərvər kimi göstərirlər. Kim daha çox və daha şiddətlə ermənini söysə, Qarabağ üçün ağlasa o daha çox vətənpərvər və vətənsevərdir. Birinin üstünə beşini də qoyub danışanlar daha çox vətənpərvərdir. Onlara hardasa etiraz edənlər isə xain ermənipərəst elan olunurlar. Bax belə robot düşüncəli nəsil yetişməkdədir. İstefada olan yüksək rütbəli hərbiçi çıxır yalan danışır. İnanmadın xainsən! Müxalifətdə olanları da var. Bir həqiqəti deyir, o birisini gizlədir. Nə var nə var Amerikanın adamıdır, belə tapşırıq gəlib, bu cür danış.
Buna oxşar yalanlardan birisini rusiyalı jurnalist Nevzorov yaymışdı. O çıxışlarının birində dedi ki filan yerdə Rusiya desantçıları ermənilərin yerinə döyüşürdü və orda çox cəsarətli azərbaycanlı var idi Vəzir adlı. Elə bu Vəzirə olan təriflə də ardıyca gələn yalanı da kütləyə yedizdirdi. Bizimkilər də şad oldu ki "axı deyirdik axı, erməniyə uduzmamışıq, rusa uduzmuşuq, uraa!". Hörmətli veteranlarımızdan birisi də buna əsaslı təkzib yazmışdı. O qeyd eləmişdi ki heç bir rus desantçısı o döyüşdə olmayıb. Bax belə.
Hamı eyni cürə düşünməyə başlayıb: dindarı da, dinsizi də. Daha doğrusu düşünmək istəmirlər. Hazırını de, qəbul edəcəklər. Heç həvəs də yoxdur nəyisə araşdırsınlar.
26-02-2018 16:00 Baxılıb: 2580    
Şərh bildir