Uşaqlarımız Rus dili vasitəsilə elmlərə yiyələnirlər

Nadir Qocabəyli
 
Biz uşaqlarımızı, qohum-qardaşımızı sizin kimi xaricə, Türkiyəyə, Avropaya, ABŞ-a oxumağa göndərə, hansısa yollarla vəzifələrə qoydura bilmirik. Rus bölməsinə göndəririk ki, gələcəkdə rus dili vasitəsilə daha çox elmi, ədəbi mənbələrə əli çatsın, iş tapmaqda çətinlik çəkməsin. Vətənində bizim kimi iş-güc tapmayanda, sıxışdırılanda, sizin kimilərə nökərçilik etməkdənsə, böyük Rusiyada sığınacaq, iş tapa bilsin.
Azərbaycan dilində ədəbiyyatın, kitabların, resursların rus dilinə nisbətdə son dərəcə kasad, hətta yox səviyyəsində olduğunu, hamımız çox gözəl bilirik. Rus dilini bilməyənlərə Azərbaycanın özündə belə iş tapmaq müşküldür.
Mənim bir qohumum iqtisadiyyat universitetini və idarəetmə akademiyasının magistraturasını əla qiymətlərlə bitirib. İngilis dilini bilir. Bir ildir iş axtarsa da, tapa bilmir. Deyir ki, iş tapmamağına əsas səbəb rus dilini bilməməsidir.
Rus dilindən dünyanın təxminən üçdə birinə bərabər bir ərazidə istifadə olunur. Rus dilinin verdiyi təhsilin keyfiyyəti də bizimkindən xeyli üstündür. Rus dili dünya dillərindən biridir. O dil olmasaydı, biz hamımız indikindən qat-qat savadsız olardıq. Bizdəki milli təhsilin keyfiyyəti artsa belə, yenə rus dilini öyrənməyə ehtiyacımız olacaq. Amma təəssüf ki, təhsilimizin keyfiyyəti aşağıdır. Ona görə də insanlar uşaqlarına heç olmasa bir dil artıq öyrətmək istəyirlər ki, o dil vasitəsilə elmlərə müstəqil şəkildə yiyələnə bilsinlər. Ana dilimizi onlar gündəlik danışıqdan, televiziyadan, valideynlərindən də öyrənirlər. Rus dili onları öz köklərindən qətiyyən ayırmır.
13-07-2017 12:34 Baxılıb: 2180    
Şərh bildir