Biz heç antropoloji cəhətdən türk deyilik

Araz Əlizadə
 
Azərbaycanda türkçülüyü yaydılar. Biz də başladıq türklərdən nümunə götürüb, həyata keçirməyə. Türkiyədə ana-bala birlikdə siqaret çəkir. Türkiyədə olanda mat qaldım. 14 yaşlı qız küçədə anası ilə gedir və anasından “Anne bana bir siqara ver, içim” deyir. Anası da çıxarıb “siqara”nı verdi. Mən də dedim ki, ay xanım siz nə edirsiniz? Gərək o siz o siqareti yandırıb qızınızın dilinin üstündə söndürərdiniz ki, uşaq da bunu etməsin. Qayıdıb mənə deyir ki, bütün Avropa bu cür “yapır”. A bala, bunun sənə nə dəxli var? İndi bizdə də həmin şeydi.
***
Qızıl həmişə suyun dibində olur, çör-çöp isə üstə. Müğənni var ki, onu hec telekanalın qapısının kənarına buraxmaq olmaz, nəinki efirə. Amma Azərbaycanda təqlidçilik baş alıb gedir. Bu, bizdə çox güclüdür. Gənclər yerli telekanallara baxır və görür ki, bütün kanallarda, bütün saatlarda xörək bişirirlər və bayağı müğənnilər göbək atır. Görürülər ki, həmin göbək atanlar yaxşı da pul qazanırlar. Reklamçılar da buna çoxlu pul verir. Əlbəttə, reklamçılar olmasa, televiziya da ola bilməz. Yəni bazar iqtisadiyyatıdır. Tələbat nəyədirsə, telekanallar da onu göstərir. Cəmiyyətdə ziyalı, ağıllı insan və ya mütəxəsisin sözünə sifariş olsaydı, efirlərə onları çağırardılar. 3 manatlıq, amma 1000 manata satılan ucuz müğənniləri dəvət edirlər.
***
Əvvəllər Azərbaycanda hansısa bir kənddə istedadlı, gözəl səsə malik bir qız uşağı olurdusa, onun sorağı Bakıya gəlib çatırdı. Üzeyir bəy, Bülbül, Fikrət Əmirov və başqaları həmin o kəndə gedirdilər. O vaxt qızların oxumasına çox pis baxırdılar. Bu səbəbdən də adını çəkdiyim adamlar gedib həmin qızın ailəsini başa salırdılar ki, bu, pis yol deyil. Onlar da bəzən uşaqlarına icazə verirdilər, bəzən isə yox. İndi isə mahnı müsabiqələri var: Böyük ulduz, Kiçik ulduz, Balaca ulduz, Gözəl ulduz, Təzə ulduz, Köhnə ulduz, Yeni ulduz və s . Yaşlı, cavan demirlər, hamını bu müsabiqələrə salırlar. Onun səsinin olub-olmaması maraq kəsb etmir. Gəlib, yaxşı-pis oxuyurlar. Məqsəd nədir? Onu efirdə görsünlər və heç olmasa, kənddə toya çağırsınlar. Bax, bunun özü də mənəviyyatsızlıqdı.
***
Düşünürəm ki, biz Sovet ittifaqında olan təkminləşmiş təhsil sistemini ləğv etməklə böyük səhvə yol vermişik. Boloniya sisteminə, adını da balon sistemi qoyduq. Boloniya şəhər adıdır. Balonun isə içərisinə turşu qoyurlar. Yəni təhsilimizi balona salıb qıcqırtdıq. İndi kurikulumdu nədi onu çıxarıblar. Heç özləri bilmir bu nə olan şeydi. Bilirsinizmi yaxşı sistemi pisləmək olmaz. İnsanlara ensiklopedik savad verirdilər. O vaxtın şagirdi indinin tələbəsindən çox bilirdi. Biz bunu itirdik. O təhsil müəssələrinə savadlı müəllim də lazımdır. Savadlı müəllim olmayandan sonra savadlı gənc haradan olacaq?
***
Biz yavaş-yavaş öz mənliyimizi, ədəb-ərkanımızı, tərbiyəmizi, əxlaqımızı itiririk. Niyə? Çünki biz millət kimi özümüzü itiririk. Gənclərin beynini türküçülüklə doldurublar. Gənclər Azərbaycançılığın nə olduğunu bilmir. Azərbaycan dövlətinin qalmasını istəyiriksə, gənclərimizə Azərbaycançılığı aşılamalıyıq. Azərbaycanı ancaq Azərbaycançılıq qoruya bilər. Türkçülüyün meydanı Türkiyədir. Bir dəfə də olsun görmüsünüzmü ki, Qazaxıstanda, Türkmənistanda kimsə durub desin ki, mən Türkəm? Yoxdu belə şey. Qazax çalışır, öz qazaxlılığını inkişaf etdirsin, türkmən çalışır ki, öz türkmənliyini inkişaf etdirsin. Onlar türkdillidirlər, amma türk deyillər. Biz onlara türk deyəndə inciyirlər. Biz heç antropoloji cəhətdən də türk deyilik.
18-06-2017 14:05 Baxılıb: 2440    
Şərh bildir