Azərbaycanda hər şey məzhəkədir, elə müstəqilliyimiz də...

Zərdüşt Əlizadə
 
Azərbaycan hakimiyyəti dünyanın məşhur idman oyunlarına ev sahibiliyi etməsi ilə öyündüyü bir vaxtda 75 yaşlı qarı əlindəki süpürgə ilə paytaxt Bakının mərkəzi küçələrindəki yağışın suyunu ölüm-zülümlə süpürür.
***
Böyük maliyyə tələb edən islam həmrəylik oyunlarının Azərbaycanda keçirilməsi alqışlanası deyil. Çünki Azərbaycanın sənayesi, iqtisadi durumu çox ağır vəziyyətdədir. 200 milyon xərcləyib, bir-neçə milyon qazanmaqla turizimi inkişaf etdirmək olmaz. Ölkədə turizimi inkişaf etdirməkdən ötrü birinci növbədə, qiymətlərin ucuzluğu vacibdir. Türkiyədə və ya Gürcüstanda turizmin inkişafına da bu ucuzluq əsas rol oynayır. Eyni zamanda Azərbaycanda inhisarlar imkan vermir ki, turizm sahəsində rəqabət güclənsin. Hamı yaxşı bilir ki, Azərbaycan bir-neçə oliqarxın arasında bölünüb. Onlar da yalnız və yalnız yüksək gəlir haqqında düşünürlər bu yüksək gəliri də bahalı qiymətlər hesabına əldə etmək istəyirlər. Buna görə də Azərbaycanda turizm yaxın vaxtlarda inkişaf etmiyəcək.
***
Azərbaycanda hər şey məzhəkədir. Azərbaycanın müstəqilliyi də məzhəkədir. Azərbaycan kimi kiçik ölkələrdə müstəqillik olmur. Kiçik dövlətlər hər zaman böyük dövlətlərdən asılı olub. Ən əsası isə beynəlxalq maliyyə oliqarxiyasından aslıyıq. Çünki bizim dövlətin başçılarının bütün pulları Qərbdədir. Öz övladlarının da gələcəyini Azərbaycanla deyil, Qərblə bağlayıblar.
***
1992- ci illərin əvvəlində İslam Təşkilatı Ölkələri İranın təklifi ilə Ermənistanı təcəvüzkar dövlət elan etmişdi. O zaman Səudiyyə Ərəbistanı bu bəyanatda iştirak etməmişdi. Amma bizim media iddia edir ki, İran Ermənistan münasibətləri nə qədər sıx olsa da Səudiyyə Ermənistan münasibətləri çox soyuqdur və Səud rejiminin bu soyuqluğu məhz Azərbaycana görədir. Bütün bunlar xalqı aldatmaq üçün uydurulmuş cəfəngiyyatdır. İran Azərbaycana Qarabağ müharibəsinin ilk günlərindən silahla, canlı qüvvə ilə, yardım edirdi. Eyni zamanda siyasi cəhətdən kömək edirdi. Amma İran gördü ki, Azərbaycan hökuməti xalqı, torpağı, islamı deyil cibini düşünür, üstəlik, Qərbə xoş gəlmək üçün İranı pisləyir. İran da buna görə gedib Ermənistanla normal iqtisadi ticari münasibətlər qurdu. Elə münasibətlər qurdu ki, Ermənistanın ağır günlərində Ter Petrosyan demişdi ki, İran bizim üçün bir nəfəslikdir. Bunun isə səbəbi Əbülfəz Elçibəylə Heydər Əliyevin apardığı anti İran siyasəti idi. Biz İranın bizim hökumətin şıltaqlıqlarına sonsuza qədər dözəcəyini gözləyirdik. Bu mümkün deyil.
18-06-2017 13:57 Baxılıb: 2040    
Şərh bildir