Müstəqillik bu xalqa nə verdi?

Qəmlo Əsədullah
 
Sovet vaxtı neft də, qaz da, elektirk də xalqın idi
 
Qərbyönlü politoloqlar, siyasətçilər, müxalifətçilər adətən belə tezislər irəli sürür: “Rusiya 200 ildə Azərbaycanda nələr etduyunu yaxşı bilirik”, ya da “işğalçı Rusiya Azərbaycanı 200 il əsarətdə saxlayıb”.
Bəli, mən etiraz etmirəm: Rusiya İmperiyası başqa imperiyalar kimi ərazilər fəth edib və özünə birləşdirib. Bunu kim inkar edə bilər ki? Edib, çünki başqaları da edirdi. Amma bu qərbyönlülər nədənsə heç vaxt Osmanlını, Britaniyanı, Fransanı Almaniyanı belə tənqid etmirlər. Onlara olar, ruslara olmaz.
Burda bir məsələ də var ki Rusiya bu işi görməsəydi, başqaları görəcəkdi.
Əvvəla onu qeyd edək ki vaxtilə Rusiya İmperiyası Qacarlar sülaləsinin ələ keçirdiyi İrana qalib gəlməsəydi, indi Azərbaycanda Respublikası yox idi, indi İranın Şirvan və Aran ostanları var idi. Çünki Qacarlar bütün xanlara qalib gələcəkdi və mərkəzə tabe olmaq istəməyən xanlıqları ləğv edəcəkdi.
Fakt budur ki vaxtı ilə İran şahına tabe olmaq istəməyən xanlar Rusiyanın tərəfinə keçərək ruslardan yardım istəyirdi, ruslara tabe olmağa tərcih edirdilər. Çar vaxtında Rusiya ordusunda Baki, Yelizavetpol, İrəvan qüberniyasından çoxlu zabitlər qulluq edirdi,
Əhalinin Rusiyaya qarşı heç bir narazılığı müşahidə olunmamışdı. Ayrı-ayrı qaçaqların və xanların narazılığını çıxmaq şərti ilə... Hətta Azərbaycan Cumhuriyyətinin qurucuları da ilkin mərhələdə sadəcə muxtariyyət istəyirdilər. Bu haqda ANS TV-də sənədli film də göstərmişdilər.
Onu da qeyd edim ki Azərbaycanda Sovet vaxtında repressiyaları əsasən yəhudi bolşeviklər təşkil edirdi və onlar elə Rusiyanın özündə də bu repressiyaları həyata keçirirdilər. Bununla birgə Rusiya Gürcüstanla mübahisələri olan Zaqatala dairəsini (Balakən, Zaqatala, Qax) 1922-ci ildə Azərbaycana  qaytarır. Bu dairə 1918-ci ildə Azərbaycan Cumhuriyyətinin tərkibində olsa da, 1920-ci ilə bolşeviklər tərəfindən Gürcüstana verilmişdi. Naxçıvanı da Azərbaycanın himayəsinə verir, Qarabağı da Azərbaycanın tərkibinə salır. Dəfələrlə Ermənistan bu əraziləri istəsə də ermənilərin səsini kəsirlər. Hər şey ideal olmasa da, hamımıza məlum olan ərazilər ermənilərə verilsə də, Azərbaycan mübahisəli ərazilərin çoxunu öz nəzarətində saxlayır. Dörd mübahisəli ərazidən üçü Azərbaycana qalır. Qalmaya da bilərdi.
Sovet dövründə Azərbaycan dövləti müstəqil olmasa da, daxildə möhkəmlənir. Dövlət sistemi qurulur. Dövlət maşını qurulur. Azərbaycan SSR ittifaqda tərkibində normal bir dövlət olur. Elə bu dövlət maşını 70 il ərzində güclənir və Sovetlər dağılandan sonra Azəraycan Respublikasına keçir.
Nə isə... Mən bu tarixə dərindən girmirəm. Sadəcə səthi bu məsələyə toxunmaq istəyirəm. Və hər şeyi də ideallaşdırmıram. Tənqidi məsələlər də var. Əsas məqsədim iqtisadi müqayisədir. Nə din, nə ideologiya deyil. Ancaq iqtisadiyyat və xalqın yaşamı.
Liberallar Sovet dövrünü tənqid atəşinə tuturlar. “Ölkədən neftimizi daşıdılar” deyirlər, amma əvəzində nə oldu- bunu demirlər! Əvəzində ölkədə neft və neft emalı sənayesi, kimya senayesi, qaz sənayesi, maşınqayırma sənayesi, metallurgiya və metal emalı sənayesi, qida emalı sənayesi, ümumiyyətlə ağır və yüngül sənaye quruldu. Daşkəsəndə dəmir və alunit hasil olunurdu. Azərbaycanda neçə-neçə iri hidroelektrostansiaylar quruldu, istiliklə işləyən elektrostansiyalar quruldu. Metallurgiya sənayesi də inkişaf etmişdi. Polad, polad boruları, alüminiy istehsal olunurdu, əlvan metallar prokat olunurdu. Maşınqayırma sənayesi kimyəvi və neft-kimyəyi istiqamətlərə bölünürdü. Səneyenin elektrotexniki və radiotexniki sektorları qurulmuşdu. Ölkədə priborqayırma zavodları qurulmuşdu. Bundan başqa mineral gübrələr, sintetik kauçuk, müxtəlif növ kimya və neft-kimya malları müəssisələri də isetehsalat verirdi. Azərbaycanda tikinti materiallarının istehsalı da yüksək səviyyədə idi. Yüngül sənayedə isə trikotajdan tutmuş xalça istehsalına kimi hər şey var idi. Qida sənayesinin əsas istiqamətləri isə bunlar idi: konserv sektoru, tütün sektoru, çay seyktoru və üzüm emalı.
1986-ci ilə Respublikada 808 sovxoz və 608 kolxoz fəaliyyət göstərirdi. Kənd təsərrüfatının torpaqları 4,1 mln hektar idi. Əkinçilik üçün 1,4 mln. hektar, heyvandarlıq üçün isə 2,1 mln hektar. 1986-cı ilə suvarılan torpaqlar 1,33 mln hektar idi. Əkinçilik kənd təsərrüfatının 70% ümumi məhsulunu təşkil edirdi. 1986-cı ildə Respublika 784 min ton pambıq verirdi. Azərbaycanda yüksək kefiyyətli tütün və çay istehsal olunurdu. Əkin torpaqlarının 31%-i müxtəlif meyvə və tərəvəzlər üçün istifadə olunurdu. Azərbaycan ümumittifaq tərəvəz bazalarından birinə çevrilmişdir (1986-cı ildə 855 min ton). Üzümçülük də tam inkişaf etmişdi (1986-ci ildə 1 539 000 ton). 1987-ci ildə heyvandarlığln vəziyyəti belə idi: iribuynuzlu heyvanlar 2 mln baş, qoyun və keçi 5,7 mln baş. İpəkçilik, balıqçılıq və sektorlar da stabil işləyirdi. Ən əsası: Azərbaycan böyük bazara malik idi. Bütün SSRİ Azərbaycanın mallarını alırdı. Azərbaycanda 2, 07 min km dəmir yolu və 24,4 min km maşın yolu tikilmişdi. Bakıda metro tikilmişdi. Xəzər dənizində iri liman tikilmişdi. Ölkədə gəmiçilik inkişaf etdirilmişdi.
Belə sadalasaq çox yazmaq olar. Ölkədə dünyanın cəmi bir neçə yerində olan zavodlar tikilirdi. 1984-cü ildə Bakıda Dərin Dəniz Özülləri Zavodu tikildi. Dünyada bu zavoddan 8-10 ölkədə var. Azərbaycanda hərbi zavodlar da tikilmişdi. Minlərlə məktəb, universitet, texnikum, bağça, tibb mərkəzi, xəstəxana, hospital tikilmişdi. Ölkədə yüksək səviyyədə təhsil verilirdi. Hamı pulsuz təhsil ala bilirdi, pulsuz müalicə ala bilirdi. Hamısı da keyfiyyətli! Xəzər dənizinin balığını, ikrasını hamı yeyə bilirdi. Dövlət əhali üçün mənzillər tikib pulsuz verirdi. İncəsənt, kinematoqrafiya, teatr- hamısı inkişaf edirdi. Ölkədə bütün istiqamətlərdə yüksək səviyyəli kadrlar hazırlanırdı, alimlər yetişdirdi. Həm də Azərbaycanın hərbi xərcləri tamamilə Moskvanın boynunda idi. Ölkədən nə verilirdisə, artıqlaması ilə əvəzi gəlirdi! Azərbaycan hətta bir vaxt dotasiyalara da yaşamışdı. Azərbaycanda heç nə olmasaydı, hər şey tükənsəydi, respublika mərkəzin hesabına yaşayacaqdı.
Eyni bu proseslər bütün Sovet respublikalarında gedirdi. Hər yerdə! İndiyə kimi respublika nədir bilməyən xalqlar respublikalarını almışdılar. Onlar üçün müasir dövlət qurulmuşdu! Xalq azad şəkildə 15 ölkəni gəzirdi. Böyük bir ərazidə iş də tapılırdı və heç nə heç kəsin monopoliyasında deyildi.
Ölkədə rüşvət olsa da, indikinə baxanda bişmiş toyuğun gülməyi gələr. Kimləri tuturdular? Maqazin işlədənləri; hansısa yerdə neçəsə ton mal əskik gəldi, hardasa nəyisə oğurladılar və s. Kiminsə gizli kolbasa sexi var idi, ya da podnos sexi və s. İndi isə milyardlarla dollar ciblərə gedir, camaat da deyir "əşi yeyir yesin, bizə də bir az versin", "neft özlərinə qalsın, qaz özlərinə qalsın, amma xalqa dəyməsinlər, alverimizi edək", "kranı bir az açsalar yaxşı olar", "bircə monopoliyanı yığışdırsalar, heç neft lazım deyil, özlərinə qalsın", "balıq, ikra flankəsdədir amma çörək verən kişidir haaa"... Bax bu cür qul psixologiyası beyinlərdə gəzir! Amma Sovet vaxtı neft də, qaz da, elektirk də xalqın idi. Moskvaya bir şikayətlə məmurun anasını ağlar qoya bilərdin. İndi kimə şikayət edəcəksən? Hamısı eynidir... Susan xalq da elə bu işlərə şərikdir. Heç kəs deyə bilməz ki "əşi camaat neyləsin eee". Məni buna Allahın, Peyğəmbərin, İmamların sözləri ilə cavab verə bilərəm. Ayə ilə, hədislə... Camaat da məsuliyyət daşıyır. Müstəqillik bu xalqa addan başqa heç nə vermədi.
Sadəcə müqayisə aparıram. Özünüzə sual verin. Belə işğal olurmu? İşğalçı bəyəm zavod tikər, fabrik tikər, əhalini savadlandırar, elmini təhsilini artırar? İşğalçı sənin kənd təsərrüfatını, iqtisadiyyatını qaldırar? İşğalçı istəsəydi, sənin Respublikanı da ləğv edərdi, çünki səni tarixən öz ərazisi sayıb, fəth edib, özünkü bilib, sən onun üçün quberniya olmusan və sənin müstəqillik aktını heç tanımaya da bilərdi. Və sən heç nə edə bilməzdın. Heçnə!!! Bunlar ki baş vermədi. Azərbaycan Sovet Sosialist Respublikası daha da inkişaf etdi.
Əgər biz Britaniyanın, Fransanın, Osmanlının və digərlərin istila siyasətinə baxsaq, görərik ki onlar yerli əhalilərin inkişafına yox, onları qul kimi işlətməyə daha çox önəm verirdilər. Zəbt etdikləri yerləri dağıdırdılar.
Müstəqillikdən sonra bütün yuxarıda sadaladğımız nailiyyətlər məhv edildi.
Bura kimi gələn ölkəni qabağa aparmaq daha da asan idi. Bu baza üzərində çox iş görmək olardı. Lakin ölkə bir qrup yad elementin əlinə keçdi. 17 il ərzində ancaq Azəri-Çıraq-Günəşli yatağından 124 milyard dollar pul gəlib. Hanı bu pulların nəticəsi? Bir sadalayın neçə təzə məktəb tikilib, neçə kilometr yol tikilib, neçə zavod və fabrik tikilib? Təhsil səviyyəsi hardan hara düşüb... Heç müqayisəyə gəlmir. Və tikiləndə də beş qat pul yeyilir. Xalqın malı, sərvəti talanır. Hətta əldə olan imkanlardan istifadə etməyə qoymurlar.
Hansıdır işğal? Sovet dövrü, yoxsa indiki yırtıcıların istilası? Tarixdən bilirik ki təcavüzkar tərəf ölkəni dağıdır. Amma Sovet hakimiyyəti ölkəni qurdu, inkişaf etdirdi. Sovet gedəndən sonra ölkəni elə dağıtdılar ki elə bil hakimiyyətə düşmən gəlib. Elə bil Amerika qitəsini istila edən qəddar ispanlar, ingilislərdir bunlar. Elə bil Avropanı dağından barbarlardır bunlar. Xalqa qalan isə boş sözlərdir: "azərbaycançılıq, millət, vətən, bayraq, torpaq, zırt, zurt..." içi boş lozunqlar. Söz var əməl yoxdur. Bu sözlərin əksinə olan əməllər var. Xalqa qarşı düşmənçilik var!
Azərbaycan olduğu potensialdan istifadə edib daha da qabağa gedə bilərdi. Getmədi. İşğal olundu.
10-06-2017 16:33 Baxılıb: 3210    
Şərh bildir