Sensasiya: Bakıda FETÖ-çu məhkəmədən qaçırıldı

Türkiyəli biznesmen, FETÖ-yə mənsub olduğu bildirilən Mustafa Ceyhan ötən gün Bakıda məhkəmə binasının qarşısında naməlum şəxlər tərəfindən qaçırılıb.
Bu barədə məlumatı Mustafa Ceyhanın həyat yoldaşı Tvitterdə paylaşıb. Mustafa Ceyhanın xanımı Məryəm Ceyhan iddia edib ki, 8 nəfər naməlum silahlı şəxs onun ərini mikroavtobusla qaçırıb.
Sensasiya sayılacaq və Bakı üçün heç də xarakterik olmayan məlumatla bağlı DİN-dən axar.az-a bildirilib ki, bu haqda məlumatsızdırlar: “Bu, artıq dövlət təhlükəsizliyi məsələsidir”.
Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.
Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib. Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib. Bu ilin aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası keçirilib. Həm təqsirləndirilən şəxsin vəkili, həm də BMT-in Qaçqınlarla iş Bürosunun Azərbaycan nümayəndəliyinin vəkili vəsatətin təmin olunması istəyib. Onlar həmçinin müvəkkilləri dərhal məhkəmə zalından azadlığa buraxılmasını istəyiblər.

29-04-2018 05:13 Baxılıb: 1050    
Şərh bildir