İradə Cəlil: Depressiyada idim, başıma döyüb ağlayırdım

“Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...
“Bizimkilər”in növbəti qonağı “Sputnik Azərbaycan”ın əməkdaşı İradə Cəlildir.
İradə Cəlil 1982-ci il, avqustun 30-da Bakıda Zabrat qəsəbəsində doğulub. Uşaqlığı Zabratda keçən jurnalist  Xavər Vəliyev adına 75 saylı orta məktəbi bitirib. “Mühasibat uçotu və auditin əsasları” fakültəsinin məzunu olan müsahibimiz hazırda Türkiyədə Atatürk Universitetinin İctimaiyyətlə əlaqələr fakültəsində təhsilini davam etdirir.
“Uşaqlığım Zabrat qəsəbəsində keçib. Uşaqlıqda kifir uşaq olmuşam, bir az da kobud. Yadıma gəlir, ancaq oğlanlarla dostluq edirdim, oğlan kimi idim. Atam Zabratlı, anam Nardaranlıdır. Atam gec evləndiyi üçün məktəbə arxamca gələndə sinif  yoldaşlarım deyirdi ki, “İradə,  baban gəlib səni çağırır”.
Bilmirəm niyə yadıma düşdü. Mənim uşaqlığım müharibə illərinə düşüb. Çörək növbələri, kasıblıq. Çox ağır illər idi. Ən azından çətinliklə böyüdüyümü unutmuram. Atam deyirdi ki, hamıda belə çətinlik var. İşləsən də ərzaq yoxdu. Şəhid xəbərləri, müharibə görüntüləri, könüllü dəstələr... Radioda dinlədiyim müharibə xəbərləri. İndi də yadıma düşəndə vahimə basır məni”.
Jurnalistin hələ uşaq ikən jurnalistikaya marağı olub: “Ailədə 4 uşaq - iki bacı, iki qardaş olmuşuq. Dediyim kimi biz bakılıyıq. Həmin dövrlərdə  bizim kəndlərdə şəhərə gedən qıza yaxşı baxmırdılar. İstər təhsil olsun, istər iş olsun fərqi yoxdur, şəhərə gedib gəlirdinsə, yaxşı deyildin. Əgər geyimlərində şəhərə uyğunlaşmaq istəyirdinsə, sənə “əxlaqsız” kimi baxırdılar.
Mən bu mərhələdən də keçmişəm. Juralistikaya marağım isə uşaq yaşlarından vardı. O vaxtlar bir kanalımız vardı - AzTv. Orada Roza Tağıyeva, Ofeliya Sənani, Sevda Ağazadəyə baxıb aparıcı olmaq istəyirdim. Daim əlimdə dəftər güzgü qarşısında dayanıb, guya ki, xəbərləri oxuyurdum.
Məktəbdə pis oxumurdum. Yadımdadır, ədəbiyyat müəlliməmiz Validə xanım mənə sinifləri gəzidirir, “Dəniz kənarıyla qaçan Alabaş” əsərini bütün siniflərdə danışmağımı istəyirdi. Dediyinə görə, inşalarım maraqlı idi. Şeir də yazırdım. Atam yaradıcılığa maraqlı insan idi. O mənə azadlıq vermişdi.  Buna görə də əlim çatan qəzetləri oxuyurdum.
O vaxtlar “Oxu məni” qəzeti yeni işıq üzü görməyə başlamışdı. Mən orada bütün məqalələri oxuyurdum. Və məqalələrin müəllifi Emil Tahiroğlu ilə də tanış olmuşdum. Ona jurnalistikaya olan marağımdan danışırdım. 18 yaşım vardı o vaxt. E. Tahiroğlu məni redaksiyaya dəvət etdi.  Dedi yazılarını da gətir.  Apardım. Çox da xoşuna gəlməmişdi. Amma təklif etdi  ki, insan talelərindən yazım. O vaxtlar bir yazıya 3 şirvan yarım qonarar yazırdılar.
Aya 3-4 yazı verirdim. Artıq pul qazanmağa başlamışdım. Emil Tahiroğlu mənim yazılarımın üzərində çox əziyyət çəkirdi. Bəzən yazını özümə qaytarır, yenidən yazmağımı tələb edirdi. Sonra orada çalışmağa başladım. Mədəniyyət müxbiri idim, müsahibələr hazırlayır, ara-sıra insan taleləri də yazırdım. Aya 20 şirvan maaş alırdım. Daha doğrusu məbləğlər yadımda belə qalıb. Keçmişlə bağlı çox şeyi unutmuşam. Bir il sonra “Space”də  təcrübəyə getdim.  Xəbərlər departamentində Eldəniz Elgünün yanında təcrübə keçirdim. Efirə bir neçə reportajım da getmişdi. O vaxtlar bu mənim ən böyük arzum idi. Amma sonra müəyyən səbəblərdən davam etdirmədim. Oradan uzaqlaşdım. Və iki ay sonra “Ekpsress” qəzetində işləməyə başladım. Bu işim 2006-cı ilə qədər davam etdi”.
İradə Cəlil  2006-cı ildə Nardaranlı biri ilə ailə həyatı qurub: “2007-2008-ci ildə oğullarım dünyaya gəldi. Amma ailə həyatımı davam etdirə bilmədim. Nardaran həyatı mənim üçün deyildi. Nardaranda yaşamaq  böyük qəhrəmanlıq tələb edirdi. Kasıblığın son həddi, evsizlik, insanların dedi-qodusu, ayrı-seçkilik.
Düşünə bilirsiniz, mənə şəhər qızı kimi baxıb “şəhər qızları yaxşı olmur” deyirdilər. Belə düşüncəli insanların arasında yaşamaq çox çətin idi. Mən Naradaran qızı deyildim deyə, ögey münasibəti qaynanamdan da görürdüm. Nə isə. Çox qala bilmədim. Balaca oğlum 9 aylıq olanda ayrıldım. Bu isə həyata sıfırdan başlamaq demək idi. İşləməli, kirayə ev tutmalı, uşaqlarımı böyütməli idim.
Uşaqlarımın atası bir neçə dəfə arxamca gəlib getdi, amma qayıtmadım. Mən o həyatda çox yaşaya bilməzdim. 24 yaşında ailə qurmuşam.
Gözəl olmasam da gözəgəlimli qız idim, 27 yaşında güzgüyə baxanda özümdən qorxurdum. Saçlarımda ağlar vardı, Nardaranın suyu yodsuz olduğu üçün dişlərimi itirirdim. Və özümə baxanda “sən burda qalsan tez məhv olacaqsan” deyirdim.  Ailədə də uyğunsuzluq vardı. Nə isə alınmadı.
Sıfırdan başlamaq çətin oldu. Bəli… İşsiz idim. Ağlıma heç nə gəlmirdi. Qəzetləri vərəqləyib iş axtarırdım. Nəşriyyatda iki iş çıxdı qarşıma. Getdim. Birindən məndən 50 manat depozit istədilər. Guya  belə olmalı imiş. Amma mənim 50 manatım olsaydı, uşaqlarıma yemək alardım. İkinci işdə  isə qadın mənə dedi ki, jurnalımızı aparıb müxtəlif adamlara verəcəksən, reklam edəcəksən, pul qazanacaqsan. Amma  onun dediyi də mənə uyğun olmadı. Çünki onun dediyi yolun yolçusu deyildim. Yadıma gəlir, Mətbuat prospektində yolun ortası ilə gedirdim ağlaya-ağlaya. Əlim hər yerdən üzülmüşdü. Deyirdim kaş bir maşın vuraydı məni, canım qurtaraydı. Yəqin söyürdülər məni. Elə bu vaxt  İlham Tumas zəng elədi. O vaxt  İlham ATV-də Sənədli Filmlər Departamentində çalışırdı. Gördü səsim pisdi. Dəvət elədi, ATV-yə getdim. İş təklif etdi, koordinator olacaqdım guya.  Amma 15 gün qala bilmədim heç. Çünki uşaqlarım evdə ac idi”.
Həmkarımız daha sonra  yoluna “Ekspress” qəzetində  davam edib: “Gəldim “Ekspress”ə, özümü bərbad hiss edirdim. İş yoldaşlarımdan biri dedi ki, niyə bura qayıtmırsan? Bu fikir ağlıma batdı. Redaktor Qəzənfər Bayramovla danışdım, vəziyyətimi dedim. Dedi sabahdan başla. İlk yarım ayda mənə 100 manat pul yazmışdı. Beləcə onun sayəsində ayağa qalxdım. Kənardan çox sayda saytla, qəzetlə işləyirdim. Layihələrdə, müsabiqələrdə yazıb yer tutur, mükafat alırdım. Sevinirdim, daha uşaqlarım ac qalmırdı. Mənim həyatımın 2011-ci ilin noyabrına qədər olan hissəsində yaxşı olan, qazanc hesab etdiyim ancaq iki oğlumdur.
Bilirsiniz, necə çətin idi ayaqüstə dura bilmək?! Arzum idi bir netbuk alım. Evdə netbukumun olması mənim üçün daha çox  işləmək imkanı demək idi. Kompüterim olmadığı üçün saat 8-9-a kimi qəzetin redaksiyasında oturub yazırdım. Orada da redaktorum Qalib Məmmədli mənə dayaq olurdu, yol göstərirdi.
Sonra Azvison.az saytı açıldı. Vüsal Məmmədov məni ora köşə yazarı kimi dəvət elədi. Sözün əsl mənasında imzamın üzərində işlədi. Etiraf edim, elə yazılarım olub bəyənməmişəm, onu Vüsal elə düzəldib ki, yazını sevmişəm. Köşə yazmağı mənə Vüsal öyrədib desəm, yalan olmaz. Sonra elə Modern.az saytı ilə də əməkdaşlığım olub. Sağ olsun Elşad müəllim, gözəl isandır, mənə yazmaq üçün şərait yaradıb. Və o dövrlərin bəzi redaktorlarından fərqli olaraq qonararımı heç vaxt kəsməyib.
Lent.az saytı ilə iki illik əməkdaşlığımız olub. Allaha şükürlər olsun ki, jurnalistikada hər zaman qarşıma yaxşı redaktorlar çıxıb. Yəni heç vaxt məni işimdən bezdirən redaktor olmayıb. Bir ara “Bizim yol” qəzeti ilə də əməkdaşlıq etmişəm. Bahəddin Həzidən də jurnalistikaya dair çox şeylər öyrənmişəm. Onun yazılarını oxumaq insana bəs edir ki, tərzi, üslubu tutasan. Ona müəllimim deyə bilərəm. Həm də çox mülayim müəllim, tənqid etmədən, incitmədən, nəzakətlə “bəlkə belə demək istəmisən yazıda” deyə sənə düz yolu göstərən bir insandır”.
Və… Sputnik.az... “2015-ci ildə uğursuzluqlar üst-üstə düşdü. Əməliyyat olundum, heç bir ay keçməmiş atamı itirdim. Həyat o qədər mənasız idi ki, niyə yaşadığımın önəmi yox idi.
Depressiyada idim. Ölümü dərk etmişdim. Başıma döyüb ağlayırdım, uşaqlarım da az qala dəli olurdu mənim bu halıma. Daha qəzetə də getmək istəmirdim.
Kompüterdə yazmağa başlayanda atamın gülüşləri gəlirdi göz önünə. Məlum qəzetdə iş az olurdu, düşünməyə vaxt çox. 2016-cı ilin martında sağ olsun Tural Ağatlı, məni Sputnik.az-a əvvəlcə kənar müxbir kimi dəvət etdi. Bu həm həyatımın maddi tərəfini rahatlaşdırdı, həm də mənəvi.
Bir il kənar müxbir kimi işlədim. Deyəsən bəyənmişdi yazılarımı. Bir gün dedi ki, biz səni daimi işə götürmək istəyirik, çalışmaq istərsən? Turalın gözəl xasiyyəti var. Dost olmağı bacarır. Məni də bu bir il də az-çox tanımışdı. Razılaşdım. Və 2017-ci ilin yanvarından “Sputnik Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyində çalışmağa başladım. Mən burada özümü tapmışam. Bütün günü bacardığım qədər işləyirəm, çünki düşünməməyə böyük ehtiyacım var. İnsan itirmək çətindi, bununla barışmaq uzun zaman alır”.
Müsahibimiz  jurnalistika ilə bağlı  reallaşdırmaq istədiyi arzularından da söz açıb: “Deyirlər zaman unutdurur, yox, zaman sadəcə insanı keyidir. Bəzən düşünürəm ki, mən işimi dəyişməsəydim, Sputnik.az-ı seçməsəydim, yəqin düşünməkdən dəli olardım. Bura mənim iş yerim deyil, hüzur yerimdir. Qeyd etdiyi kimi Türkiyədə təhsil alıram. Bu gün Azərbaycanda yaşaya bilməsəm, maddi şərtlər uyğun olmasa yəqin ki, gedəcəyəm burdan.
Deyilənə görə, kənardan təkəbbürlü insana bənzəyirəm. Amma elə deyil. Həyat onsuz da qısadır, təkəbbürlü olub nə qazanacağam. Bir avtomobilim var. 2014-cü ildə almışam. Yaxşı ki, almışam, işlərimdə əlimdən tutur.  Kirayədə yaşayıram. Şükür olsun Allahın verdiyi hər şeyə.
Bu gün jurnalistikada kifayət  qədər professional insanlar var. Eləcə də gənclərimiz gəlir. Yeni saytlar açılır. Çox sayda dostlarımız var. Əslində bu barədə danışmaq istədiyim çox şey var. Amma bu yerdə “susmaq qızıldır” prinsipinə riayət etmək istəyirəm.
Jurnalistika ilə bağlı reallaşdırmaq istədiyim yeganə arzum sayt yaratmaq olub. Şükür olsun Allahıma onu da etmişəm. Shefeq.az saytım var.
Güclü qazancım yoxdur, amma o dostlarım var ki, “İradə mümkünsə bunu sayta qoy” deyirlər, onları “mümkün  deyil” deyib qırmıram.  Bu elə yetər mənə”. /modern.az/
шаблоны для dle 11.2
22-08-2020 21:17 Baxılıb: 8430    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}