Ərəstun Oruclu: Moskva yaxınlarda hərəkətə keçəcək

"Bu gün reallıq budur ki, Azərbaycanda dövlət yoxdur, bütün dövlət institutları darmadağın olub".
 
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, ABŞ-da yaşayan Ərəstun Oruclu AzadlıqRadiosu-na müsahibəsindən ən maraqlı hissələri sizə təqdim edirik.
 
-Bu durumda Azərbaycan hakimiyyəti Rusiyayla mübarizədə dirəşəcək, yoxsa geri çəkiləcək?
-Əslində, İlham Əliyev ölkənin Moskvanın nəzarətinə qaytarılmasına razılaşa bilər. Başqa tərəfdən görünən budur ki, Rusiya bunu istəmir. Rusiya bilir ki, Əliyev İsrailə, ABŞ-ın müəyyən çevrələrinə sıx bağlıdır, Türkiyə ilə birbaşa əlaqəlidir, Səudiyyə Ərəbistanıyla çox ehtiyatlı şəkildə əlaqələr yaratmağa çalışır. Rəsmi mətbuatda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı Azərbaycanın siyasi müttəfiqi kimi qələmə verilir. Bu da acınacaqlı durumdur, bu üç dövlətdən ikisi terroru rəsmən dəstəkləyir. Türkiyə isə elə bir yoldadır ki, bizə verəcəyi heç bir müsbət örnək yoxdur. Azərbaycan dövlət olaraq həqiqətən çox çətin dönəmdədir, bunda da İlham Əliyev və komandasının müstəsna xidmətləri var. İndi də hakimiyyəti itirməmək üçün hər şeyə əl atır. Buna görə də korrupsioner, əliəyri, zorakılığa meylli, terrorçu tör-töküntülərlə əməkdaşlıq edir. Bu da ölkəyə yaxşı heç nə vəd etmir.
 
-Yaxın aylarda proseslər hansı istiqamətdə davam edəcək?
-Trump administrasiyasına bel bağlamaq, onun Azərbaycan üçün Rusiyayla döyüşə girməsini gözləmək düz deyil. Rusiyanın təsir imkanlarını isə sadalamaqla bitməz. Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyi düz anlamışamsa, Moskva yaxınlarda hərəkətə keçəcək və burda müəyyən dəyişikliklər edə bilər. Hətta düşünürəm ki, bu, Azərbaycan üçün də pis olmaz. Bataqlıq çürüməyə doğru gedir, nəsə tərpəniş olmalıdır ki, cəmiyyətdə yeni tendensiyalar yaransın. Əlbəttə, heç zaman arzulamamışam ki, Azərbaycan Rusiyanın təsir dairəsində olsun, 200 ildə Rusiyanın Azərbaycanda nələr etdiyini yaxşı bilirik. Amma çox təəssüf ki, milli azadlıq hərəkatının ilk günlərindən özünün demokratik, hüquqi dövlət yaratmaq istəyini Qərblə bağlamaq istəyən Azərbaycan cəmiyyəti də Qərbin korrupsioner siyasəti sayəsində məyus oldu. 1991-ci ildə Azərbaycanın tarixi şansı yaranmışdı ki, normal dövlət qursun. Amma Azərbaycan xalqının bu səyləri bir qrup qərbli korrupsionerin, lobbiçinin, dələduzun maraqlarına qurban verildi. Əgər Azərbaycandakı siyasi vəziyyəti Rusiya dəyişəcəksə, buna da çox neqativ yanaşmaq lazım deyil. Bu, ictimai inkişaf baxımından müsbət tendensiya kimi dəyərləndirilməlidir.
 
-Bu fikrinizə görə, yəqin ki, tənqid olunacaqsınız.
-Məni tənqid edənlər desinlər görüm Azərbaycan 25 il Qərblə əməkdaşlıqda nə əldə etdi?
 
-Ərəstun bəy, biz işğalçı, Azərbaycanı təxminən 200 il əsarətdə saxlayan dövlətdən danışırıq. Onun burda nəzarəti bərpa etməsi ölkənin süqutu, müstəqilliyin sonudur. Bununla necə barışmaq olar?
-Bunu çox yaxşı anlayıram. Bunu məndən çox danışan, məndən çox antirus mövqeli ekspert olmayıb. Ancaq Qərb bizə nə verdi? Rusiyanın əyaləti olan Ermənistan Azərbaycandan daha demokratikdir. Təbii ki, mən də ürəyimin dərinliyində Azərbaycanın müstəqilliyini itirməsini, Rusiyanın təsir dairəsinə qayıtmasını istəmirəm. Amma etiraf edək ki, müstəqillik azərbaycanlıları çox məyus etdi, azərbaycanlıların fərqli gözləntiləri vardı. Bu gün reallıq budur ki, Azərbaycanda dövlət yoxdur, bütün dövlət institutları darmadağın olub. Kimsə düşünürsə ki, Rusiyanın Azərbaycana siyasi müdaxiləsindənsə, bugünkü status-kvonu qoruyub saxlamaq daha məqbuldur, buyursunlar, xoşbəxt olsunlar. Onlara uğur arzulayıram.
07-06-2017 22:14 Baxılıb: 4260    
Şərh bildir